- Daxili siyasət
- 09:43 19.09.2024
Ermənistandakı anti-Rusiya isteriyası kulminasiya nöqtəsinə çatıb. İkinci Qarabağ müharibəsində ağır məğlubiyyəti həzm edə bilməyən Ermənistandakı millətçi siyasi dairələr və ayrı-ayrı analitik qruplar, hətta sıravi vətəndaşlar şimal qonşumuza açıq-aşkar nifrət püskürürlər. Azərbaycanın uğurla həyata keçirdiyi antiterror tədbirlərindən sonra isə erməni radikallarının xoruna rəsmi nümayəndələr də qatılırlar. Rusiya bu hücumların arxasında Qərb ölkələrinin dayandığını deyir və zəruri nəticə çıxardığını vurğulayır.
Ermənistan Rusiyanın azsaylı rəsmi müttəfiqlərindən biridir və ölkələr arasında münasibətlərin ən yüksək səviyyəsi 2000-ci il sentyabrın 26-da prezident Vladimir Putin və sabiq prezident Robert Köçəryanın “Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında müttəfiqlik əməkdaşlığı haqqında Bəyannamə”ni imzaladığı zaman qurulub. Lakin son illər Ermənistanda, ilk növbədə, rəsmi dairələrdə və anti-Rusiya ideyalarını təbliğ edən mediada Rusiyadan narazılıq durmadan artır. Ermənistan hakimiyyəti açıq-aydın ölkə əhalisini Rusiyaya qarşı qoyur. Bəs Ermənistanın Rusiyaya qarşı olması nəyə lazımdır? Ermənistan Rusiyadan nə istəyir və nə ilə hədələyir? Ən əsası, bu isteriya Ermənistan hara qədər aparacaq?
Hər iki ölkədə etiraf edilir ki, Rusiya–Ermənistan münasibətləri özünün kritik dövrünü yaşayır. Xüsusilə də Nikol Paşinyan Ermənistanın baş naziri postunu aldığı andan Rusiya–Ermənistan münasibətlərində soyuqlaşma pik həddinə çatıb. Əgər Robert Köçəryan və digər sabiq prezident Serj Sarkisyan klanı xarici mühitdə, ilk növbədə, Rusiyadakı erməni diasporuna arxalanırdısa, N.Paşinyanın və onun komandasının Rusiya erməniləri ilə ciddi əlaqələri olmayıb. Rusiyadakı erməni diasporu və müəyyən siyasi dairələr anladılar ki, N.Paşinyan Qərbə üstünlük verir. N.Paşinyanın ümidlərinin əsas dəstəyi də Fransa prezidenti Emmanuel Makron və erməni diasporunun fransız icması, ikincisi isə erməni diasporunun Amerika icması idi. Lakin elə ilk anti-Rusiya addımından – KTMT-nin baş katibi Yuri Xaçaturovun həbsindən sonra Kremldaxili kanallar vasitəsilə gənc, təcrübəsiz Ermənistan rəhbərliyinə Rusiya–Ermənistan dövlətlərarası əlaqələrinin dərinliyi və sərtliyi barədə məlumat vermişdi. Sonradan aydın oldu ki, N.Paşinyanın komandası şimaldan əsən küləyin gücünü yaxşı hiss etməyib, ya da özünü elə göstərməyə çalışıb.
İkinci Qarabağ müharibəsindən sonra Rusiya–Ermənistan münasibətləri yeni böhrana girdi. 2020-ci ilin payızında İrəvan “yeni müharibə – yeni ərazilər” hərbi doktrinasından istifadə edərək, Azərbaycanla 44 günlük müharibəyə səbəb olanda hər şey dəyişdi. Həmin günlərdə Nikol Paşinyan hər gün Vladimir Putinə zəng edərək hərbi əməliyyatların dayandırılması üçün köməklik istədi. O günlərdə İrəvanın əsas istəyi KTMT qüvvələrini döyüşlərə cəlb etmək idi, lakin həm Kreml, həm də təşkilatın katibliyi hərbi əməliyyatlar teatrının Azərbaycan ərazisində yerləşdiyini vurğuladı və ermənilərin oyunlarına qatılmadı. Nəticədə Ermənistan Qarabağ müharibəsində uduzdu, Azərbaycan öz torpaqlarını işğalçılardan azad etdi və Ermənistan rəhbərliyini təslim olmaq haqqında sənədi – Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9-10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyannaməsini imzalamağa məcbur etdi. Rusiya-Ermənistan münasibətləri üçün bu tarix, demək olar ki, geri dönüş nöqtəsi oldu. Köçəryan və Sarkisyan klanının Rusiyanın köməyinə olan bütün ümidləri puça çıxdı: Rusiya Qarabağın Ermənistan tərəfindən işğalı üçün Azərbaycanla vuruşmadı.
Rəsmi İrəvan, təbii ki, dərhal siyasi elitanın məyusluğu üzərində oynamağa başladı. “Ermənistan Rusiyanın müttəfiqidirsə, onda bizim müttəfiqimiz niyə bizi tərk etdi?” – ritorikasını gücləndirdi. Müharibədən sonrakı ilk ayda Ermənistan hakimiyyəti Parisdən simvolik yardım aldı – erməni diasporunun fransız icması hökumətə Qarabağdakı separatçı layihənin “müstəqil dövlət” kimi tanınmasını tövsiyə edən parlament qətnaməsi üçün lobbiçilik etdi. Fransa Xarici İşlər Nazirliyi tövsiyəni dərhal rədd etdi, lakin bu, siyasi jesti daha da zəiflətmədi: Paris İrəvanın müttəfiqi olduğu yerə öz hüquqlarını açıq şəkildə bəyan etdi. İndi N.Paşinyan Qərblə yeni və daha təhlükəli siyasi tanqo oynamağa girişib.
Ermənistanın ayrı-ayrı mütəxəssisləri iddia edirlər ki, Ermənistanda anti-Rusiya təbliğatına külli miqdarda vəsait xərclənir. Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan deyib ki, yalnız bir təşkilat hər il bu məqsədlər üçün 5-6 milyon ABŞ dolları ayırır: “Bu təbliğat effektiv mexanizmdən istifadə edir: həqiqətin yalnız bir hissəsi alınır, onun haqqında daim danışılır, lakin ümumi kontekstdən təcrid olunur. Nəticədə heç kim Qərbin Ermənistan üçün tamamilə heç nə etmədiyini demir. Eyni zamanda, yeganə bu vurğulanır ki, ruslar nəsə edib, amma bunu zəif ediblər”. O qeyd edib ki, qərbyönlü təbliğatçılar insanları Rusiya regiondan çıxacağı təqdirdə Qərbin dərhal Ermənistanın müdafiəsinə qalxacağına inandırmağa çalışır: “Onlar bizi inandırmağa çalışırlar ki, Amerika qoşunları 8 dəqiqəyə (Rusiya getdikdən sonra) burada olacaq, göyərtəsində Makron və Pelosi olan fransız donanması dərhal Sevan gölündə olacaq. Gəlin, bunu uşaqlarımıza yatmazdan əvvəl söyləyək”. A.Xaçikyan qeyd edib ki, Ermənistanda son 5 ildə onlar yalnız Qərbə arxalanıblar, lakin “Qərb bizə xəyanət edib və bu, göz qabağındadır”.
Amma Ermənistanın Rusiyadan qopması asan məsələ deyil. İki ölkə uzun illər ərzində siyasi-iqtisadi tellər vasitəsilə bir-birilərinə bağlanıblar. Xüsusilə də Rusiyanın Ermənistan üzərində iqtisadi dominantlığı mövcuddur. Moskvanın hər hansı bir iqtisadi qadağasının gücünə haylar yaxşı bələddirlər. Buna görə də, anti-Rusiya isteriyası Ermənistanı geriyə dönüşü olmayan dalana dirəyə bilər. Amma görünür, hazırda N.Paşinyan hökumətini belə perspektiv o qədər narahat etmir.
S.ELAY