USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Rusiyanın anti-Paşinyan məntiqi: Qarabağda hər şeyi edəcəkdik, imkan vermədi

Ermənistanın baş nazirinin xalqa müraciətindəki fikirlər hiddət doğurub


https://img.baki-baku.az/news/2023/09/photo_8504.jpg

Rusiya Ermənistanla, o cümlədən ölkənin baş naziri Nikol Paşinyanla dialoqu davam etdirəcək. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın xalqa 24 sentyabr 2023-cü il tarixli müraciətində səsləndirdiyi fikirlərə cavab olaraq bildirib. Qeyd edək ki, N.Paşinyan Azərbaycanın Qarabağda, guya, etnik təmizləmə siyasəti apardığını və bölgədəki Rusiya sülhməramlılarının buna biganə yanaşdığını bildirmişdi. O, eyni zamanda Moskvanın Ermənistanın təhlükəsizlik maraqlarını ödəmədiyini vurğulamışdı. Ümumən, Nikolun müraciəti anti-Rusiya manifesti xarakteri daşımışdı. Baş nazir, faktiki olaraq, Kremli Ermənistanın təhlükəsizliyinə təhdid kimi qiymətləndirmişdi. 

D.Peskov isə açıqlamasında, ilk növbədə, onu bildirib ki, Rusiya sülhməramlılarını nə­dəsə günahlandırmaq cəhdləri ilə qəti şəkildə razılaşmır. Rus hərbçiləri Qarabağda əsl qəh­rəmanlıq göstərirlər. Heç kim onları heç nəyə görə qınaya bilməz. “Birincisi, Ermənistan­la müxtəlif səviyyələrdə dialoq davam edir, xüsusən də bu çətin günlərdə. Bilirsiniz, bu yaxınlarda Putin Paşinyanla telefon danışığı apardı. Biz bu anın emosional intensivliyini başa düşürük. Lakin məsuliyyəti üzərimizə qoymaq cəhdi ilə qəti şəkildə razılaşmırıq”, – deyən D.Peskov Rusiya sülhməramlılarının Qarabağda öz mandatlarına uyğun fəaliyyət göstərdiklərini vurğulayıb: “Biz öz funksiya­larımızı yerinə yetirməyi, erməni tərəfi ilə, Pa­şinyanla dialoqu davam etdirəcəyik”.

Peskov Rusiya sülhməramlı kontingetinin Qarabağda qalma müddəti ilə bağlı sualı ca­vablandırarkən iki məqama toxunub. Birincisi, o deyib ki, bu barədə dəqiq məlumatı yoxdur. İkincisi və maraqlısı isə budur ki, Prezident Putinin sözçüsü Rusiyanın Bakı ilə əlaqələrini davam etdirdiyini vurğulayıb. Bu isə o demək­dir ki, sülhməramlılarla bağlı üçtərəfli Bəya­nat məntiqi, faktiki olaraq, sıradan çıxıb. Yada salaq ki, həmin bəyanatda rus hərbçilərinin Qarabağda qalma müddətinə dair razılıq veri­lib-verilməməsi məsələsi həm Azərbaycanın, həm də Ermənistanın üzərində idi. Peskovun cavabından gəlinən qənaət isə budur ki, artıq məsələ ilə bağlı İrəvanın legitimliyi qalmayıb: “Hələlik kiminsə bunu deyə bilməsi ehtimalı azdır. Çünki onlar (sülhməramlılar – red.) indi, faktiki olaraq, Azərbaycan ərazisindədirlər. Biz Bakı ilə əlaqələrimizi davam etdiririk”.

Rusiya Prezidentinin mətbuat katibinin fikirlərindən bu qənaət də hasil olur ki, Ermə­nistan, Qarabağ da daxil olmaqla, Azərbayca­nın ərazi bütövlüyünü tanıyıbsa, o zaman Ni­kolun bölgə ermənilərinin köçündə Moskvanı günahlandırmağa heç bir əsası yoxdur. Digər tərəfdən, Peskov Rusiya sülhməramlılarının hazırda Qarabağ erməniləri ilə Azərbaycan ha­kimiyyətinin nümayəndələri arasında başlamış danışıqlarında iştirak etdiklərini də diqqətə çatdırıb. 

***

Qeyd edək ki, Paşinyanın fikirlərinə Rusi­yanın Xarici İşlər Nazirliyi də reaksiya verib. Nəinki reaksiya verib, qurum Ermənistanın baş nazirinin söylədiklərini yetərincə böyük həcmli bəyanatla cavablandırıb. Bəyanatın ilk cümləsində bildirilib ki, Ermənistanın baş na­ziri Nikol Paşinyanın 24 sentyabr 2023-cü il tarixli müraciətində Rusiyaya qarşı qəbuledil­məz hücumlar var. Nazirliyin yaydığı sənəddə, habelə, Paşinyanın daxili və xarici siyasətdəki uğursuzluqlara görə məsuliyyətdən uzaq dur­maq, günahı Moskvanın üzərinə atmaq niyyəti önə çəkilib. Bildirilib ki, Qərbdən ilhamlanan erməni baş nazirin dedikləri Rusiya və onun müttəfiqlik münasibətlərinə qarşı dağıdıcı ya­naşmanın epizodik yox, sistemli xarakter daşı­dığının təsdiqidir.

XİN hesab edib ki, Paşinyan öz fikirləri ilə ölkəsinin bilərəkdən Rusiyadan üz dön­dərməyə hazırlaşdığını göstərdi. Nazirliyin qənaətincə, o, Ermənistanın inkişafı naminə yeni Qərb vektoru təyin etmək üçün addımlar atır, durumu Rusiya və KTMT-nin səhvləri ilə inandırıcı şəkildə əsaslandırmağa çalışır. An­caq unudur ki, Moskva və İrəvanın təhlükə­sizlik və inkişaf məsələlərindəki maraqları, əsasən, oxşardır. ABŞ və digər NATO ölkələri isə Rusiyaya nəinki strateji ziyan vurmağı, həm də Avrasiya məkanında ümumi sabitliyi pozmağı qarşılarına məqsəd qoyublar. 

Moskvanın həmişə müttəfiqlik öhdəlik­lərinə sadiq qaldığının, erməni dövlətçiliyinə hörmətlə yanaşdığının, respublikanı heç vaxt seçim qarşısında qoymadığının vurğulandığı bəyanatda, eyni zamanda bildirilib ki, 2020-ci ilin payızında Rusiya və şəxsən Prezident Vla­dimir Putinin səyləri Ermənistanın tam məğlu­biyyətinin qarşısını almağa imkan verdi. Əgər N.Paşinyan bundan həftələrlə əvvəl atəşkəsə razılaşsaydı, itki daha az olardı.

Kremlin baş diplomatiya idarəsi, həmçinin Rusiya sülhməramlılarının Qarabağdakı fəa­liyyətinə də yer verib. Qurum da Peskov kimi bildirib ki, rus hərbçiləri bölgədə bəzən öz həyatları bahasına fədakarlıq göstərirlər, Azər­baycan və Ermənistan arasında sülhün əldə olunması naminə son dərəcə çətin missiyasını yerinə yetirməkdə davam edirlər.

Bəyanatdakı maraqlı məqamlardan biri də Ermənistanda Rusiya şirkətlərinə süni çətinlik­lərin yaradılması barədədir. Sənəddə bununla bağlı siqnalların artdığı vurğulanıb. Mövcud xüsusda Rusiyanın Ermənistan iqtisadiyya­tındakı rolu qabardılıb. Regional məsələlərə gəlincə, Rusiya XİN bildirib ki, Paşinyan Ru­siya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci ilin noyabrından Qarabağın statusu məsələsini gələcək nəsillərin öhdəsinə burax­maq barədə centlmen razılaşmasına (?) əməl etmək əvəzinə, Qərbin öyüd-nəsihətlərinə bo­yun əydi. Nikol Praqa və Brüsseldə Azərbay­canın Qarabağ üzərində suverenliyini tanıyan 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında hərəkət etmək qərarına gəldi. Bu, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalan­dığı şərtləri, eləcə də Rusiya sülhməramlı kon­tingentinin mövqeyini əsaslı şəkildə dəyişdi. Ermənistan rəhbərliyinin “uzaqgörənliyi” sə­bəbindən ölkənin təhlükəsizliyinin möhkəm­ləndirilməsi sahəsində bir sıra sazişləri həyata keçirmək mümkün olmadı. Xüsusən, Paşinyan altı ölkənin bütün xarici işlər nazirləri tərəfin­dən artıq razılaşdırılmış qərarı imzalamadı və KTMT-nin müşahidə missiyasını respublika­nın Azərbaycanla həmsərhəd rayonlarına gön­dərilməsinə imkan yaratmadı.

Deməli, belə aydın olur ki, rəsmi İrəvan 10 noyabr 2020-ci il tarixindən sonra Ermə­nistan silahlı qüvvələrinin Qarabağda möv­cudluğunun davam etdirilməsini israrlı şəkildə təkzib etməklə də durumu qızışdırıbmış. Daha doğrusu, Rusiyanın onun xeyrinə çalışmasına imkan verməyibmiş. Hər halda Rusiya XİN-in bəyanatından belə aydın olur. O da aydın olur ki, İrəvanın belə mövqeyi bir neçə gün əvvəlki eskalasiyanın əsas səbəblərindən biridir. Nəti­cədə yerdə qalan erməni birləşmələrinin çıxa­rılması və “Dağlıq Qarabağ Müdafiə Ordusu”­nun ağır texnika və silah-sursat çıxarılmaqla tam tərksilahı ilə bağlı əldə edilmiş razılaşma real mənzərəni üzə çıxardı. Bu isə davamlı tərksilah üçün ilkin şərtlər yaratdı. 

Bəyanatda o da bildirilir ki, Rusiya və Azərbaycanla birgə ritmik işdən çəkinib Qər­bə tərəf qaçmağa üstünlük verən Ermənistan rəhbərliyinin qeyri-ardıcıl mövqeyi nəticə­sində 2020-2022-ci illər üçün ən yüksək sə­viyyədə üçtərəfli sazişlər kompleksinin icrası dalana dirəndi. Qiymətli vaxt itirildi. Halbuki bu müddət ərzində Ermənistan üçün əlavə təh­lükəsizlik faktoruna çevriləcək sülh müqavilə­sinin razılaşdırılması, sərhədlərin delimitasi­yası və regional kommunikasiyaların açılması baxımından əhəmiyyətli irəliləyiş əldə oluna bilərdi. 

Rusiya XİN bildirib ki, Avropa İttifaqının vasitəçiliyi ilə keçirilmiş Praqa və Brüssel gö­rüşlərində Ermənistanın baş nazirinin Azər­baycanın ərazi bütövlüyünü tanımaqla yanaşı, Qarabağ ermənilərinin hüquq və təhlükəsizli­yini xatırlamaması da diqqət çəkir. “Bu gün də biz rəsmi İrəvanda Qarabağın aktual problem­lərinin həllinə güclü maraq görmürük. Söhbət atəşkəsə riayət etmək, humanitar vəziyyətin yaxşılaşdırılması, Bakı ilə Xankəndi arasında davamlı dialoqun qurulması üçün əlverişli şə­raitin yaradılmasından gedir”.

Sənəddə o da bildirilib ki, Paşinyanın ko­mandasının məsuliyyətsiz yanaşması erməni cəmiyyətinin bir hissəsində anlaşılan narazılı­ğa səbəb olub, bu, xalq etirazlarında ifadəsini tapıb və həmin etirazların Rusiyadan ilham al­ması ilə bağlı iddiaların reallıqla heç bir əlaqə­si yoxdur. 

***

Onu da bildirək ki, baş nazir Nikol Pa­şinyanın müraciətindəki anti-Rusiya motivi Ermənistanda da geniş diskussiya predmetinə çevrilib. Əlbəttə, görünən mənzərə budur ki, ölkədə Rusiyadan böyük narazılıq var. Hər halda Paşinyan administrasiyası bu narazılığı körükləyən tərəfdir. Doğrudur, erməni me­diasının, elə ekspert cameəsinin bildirdikləri fərqli ovqat yaradır. Belə rəy formalaşır ki, Nikol müraciətindəki fikirlərə görə qınanır, ittiham olunur. Mövcud istiqamətdə çoxsaylı hiddət dolu bəyanatlardan və açıqlamalardan söz açmaq mümkündür. Lakin onların yalnız birinə diqqət yetirmək istərdik. Məsələn, po­litoloq Suren Surenyants bildirib ki, baş na­zirin söylədikləri yeni eranın başlanğıcı ola bilər. Lakin yeni dövr Ermənistanın və er­məni xalqının maraqlarına əsaslanmayacaq. “Vətənpərvərlik əclafların son sığınacağıdır” ifadəsi üzərində dayanan Surenyants bu de­yimi Paşinyanın əl atdığı metod kimi dəyər­ləndirib. Onun sözlərinə görə, ölkəni fəlakət və kapitulyasiya, vətəndaş toqquşmalarının astanasına gətirən adam özünü suverenliyin müdafiəçisi kimi göstərməyə çalışır. Polito­loqun fikrincə, baş nazirin söylədiklərinin əksinə olaraq, müstəqillik illərindəki Ermə­nistan regionda, guya mühüm oyunçu olub, öz mövqeyi ilə seçilib, Paşinyanın gəlişi ilə ölkə potensialını sıfıra endirib. “Paşinyan gələnə qədər bizim Rusiya, ABŞ, İran və Gürcüstanla əla münasibətlərimiz var idi. Lakin Paşinya­nın ritorikası və hərəkətləri vəziyyəti dəyişdi. Bu şəxs təkəbbürü müstəqilliklə qarışdırıb və bu, son dərəcə təhlükəli bir səhvdir. Çünki re­surslar olmadan “xoruz döyüşü” yaxşı bir şeyə səbəb olmur. Mən dəfələrlə qeyd etmişəm ki, Rusiya ən yaxşı dost yox, ən təhlükəli düşmən ola bilər və Paşinyanın hərəkətləri bu düşmən­çiliyi daha da gücləndirir”, – deyən Surenyants fikrinə aydınlıq gətirib.

Ə.CAHANGİROĞLU




Redaktorun seçimi

“Makroniada”nın növbəti seriyası
  • Siyasi təhlil
  • 10:43 20.07.2024
“Makroniada”nın növbəti seriyası
“İki pərdəlik” ifşa
  • Daxili siyasət
  • 09:36 18.07.2024
“İki pərdəlik” ifşa
Mirzoyan “sülh göyərçini” qiyafəsində
  • Daxili siyasət
  • 09:32 18.07.2024
Mirzoyan “sülh göyərçini” qiyafəsində
“Freedom House” ciddiliyini itirib
  • Daxili siyasət
  • 11:16 17.07.2024
“Freedom House” ciddiliyini itirib

Əvəz RÜSTƏMOV