- Daxili siyasət
- 09:43 19.09.2024
Silahlı Qüvvələrimizin 23 saat 43 dəqiqə davam etmiş lokal antiterror tədbirləri ölkəmizin suverenliyini bərpa etdi. Çox qürurluyuq. Doğma torpağa sahiblənməyin fəxarət dolu anlarını yaşayırıq. Xoşbəxt xalqıq ki, Uca Tanrı bizə bu günləri nəsib etdi. Böyük türk şairi Mithat Camal Kuntayın dili ilə desək, “Bayrakları bayrak yapan üstündeki kandır,Toprak, eger uğrunda ölen varsa, Vətəndır”. 44 günlük mübaribədə olduğu kimi, antiterror tədbirləri zamanı da şəhidlərimiz oldu. Allah hər birinə rəhmət eləsin, nur içində uyusunlar. Onların Vətən qarşısındakı xidmətləri unudulmazdır. Qədirbilən xalqımız həm torpaqlarımızın azadlığı yolunda, həm də suverenliyimizin bərpası naminə canlarını fəda etmiş igid övladlarını daim qəlbində yaşadacaqdır.
Qədirbilənliyimizi göstərmək üçün şəhid dəfnlərinə gedir, onların ata-analarının, qohum-əqrəbalarının, əzizlərinin və yaxınlarının dərdlərinə şərik çıxmağa çalışırıq. Çalışırıq ki, bu kateqoriyadan olan şəxslər, heç olmasa, bir anlığa, soyuq divarlar qarşısında tək qalanadək, acı-ağrılarını unutsunlar. Təsəlli üçün söz axtarıb tapmağı bacarmadığmız anlar da olur. Bilmirik nə deyək. İçimizdə sarsıntı keçirir, susuruq...
Övlad itkisi böyük dərddir. Xarakterinə həm də mübhəmliyin kəsildiyi dərd. Şəhidlik məqamından söhbət düşəndə isə dərd, müəyyən mənada müqəddəsdir. Müqəddəslik həm də toxunulmazlıqdır. Bəlkə başqa cür ifadə etməliydik, amma gördüyümüz bəzi mənzərələr onu deməyə əsas verir ki, övladı şəhid olmuş şəxslərin dərdinə, acısına toxunanlar da var.
Yəqin, şəhid dəfnlərindən paylaşılan videogörüntülər çoxlarınızın qarşısına çıxıb. Əlbəttə, bu görüntülərdə ibrətamiz epizodların olduğunu danmırıq. Amma həmin mərasimlərdən ürəkdağlayan məqamların paylaşıldığına da şahidik. Ana, ata, qardaş ya bacı hərbçi tabutunun üstünə sarılır, ah-nalə çəkir, huşunu itirir və sair. Hələ onu demək istəmirik ki, belə epizodlar insanlarda ruh düşkünlüyü yarada bilər. Yəni məsələnin bu tərəfini, hələlik bir kənara qoyuruq. Üstəlik, bir qalib xalq olaraq dərdlə sınmamağımızın vacibliyindən də söz açmırıq. İndilik, heç şəhidlik məqamının yüksəkliyindən danışmaq niyyətindən də uzağıq. Sadəcə, bir valideyn üçün övlad itkisinin mübhəmliyini, fərdiliyini vurğulamaq fikrindəyik.
Sual olunur: şəhid dəfnlərindən paylaşılan video görüntülərdəki ah-nalə epizodları övlad itirmək dərdini ictimailəşdirirmi? Bu görüntülər, hansısa formada dərdi fərdilikdən çıxarıb toplumsal məcraya yönəldirmi? Nəhayət, bu ürəkdağlayan səhnələr cəmiyyətə nə isə fayda verirmi? Nə qazanır cəmiyyət? Qədirbilənlikmi öyrənir? Əsla, yox!
Bəli, şəhid dəfnlərindən, onlarca vida mərasimlərindən, onların hüzür yerlərindən paylaşılan ürəkdağlayan videolarda heç bir ictimai motiv yoxdur. Sanki kimlərsə belə görüntüləri mazaxistcəsinə həzz alırmış kimi yayır. Hələ bəziləri paylaşımlarına pafoslu başlıqlar seçir, öz aləmlərində, təqdimat verir. Ən pisi isə budur ki, məsələyə məhz bu formada yanaşan media orqanlarımız da tapılır. Onlar sosial şəbəkələrdəki səhnələri xəbərə çevirirlər. Həqiqətən dəhşətdir.
Dərdin ictimailəşməsindən danışırdıq. Bu, jurnalistikanın üzərinə düşən işdir. Jurnalistlərimiz elə etməlidirlər ki, şəhidlərlə bağlı məsələlərin təqdimatı, o cümlədən, şəhid dəfnləri anlamlı olsun, əsl qədirbilənlik nümunəsi olsun. Axı, cəmiyyəti formalaşdırmaq missiyası, ilk növbədə, medianın üzərinə düşür. Deməli, dərd ictimailəşirsə, bu, cəmiyyətin formalaşmasına dəstək mahiyyəti daşımalıdır. Bəs, şəhid dəfnləri fonunda medianın göstərdiyi ah-nalə içərisində olan cəmiyyət bizə lazımdırmı? Şəhid ruhları necə, bu səhnədən şad olarmı? Axı, “ağlama, şəhid anası, ağlama” deyən də bizik. Niyə o şəhid anasının ağlar gününü, saçını yolmasını, fəryad qoparmasını yaymaq kimi iş görülməlidir? Budurmu şəhidlik məqamına hörmətimiz?
***
Məsələyə başqa aspektdən yanaşaq. Allah qismət eləməsin, övladını itirməyən heç kəs o ağrının nə olduğunu bilməz, anlamaz. Heç kəs də övlad itkisinə hansı reaksiyanı verəcəyini proqnozlaşdırmaq iqtidarında deyil. Reaksiyalar isə müxtəlifdir. İtki hər bir şəxsə müxtəlif cür təsir göstərir. Tam mümkündür ki, kimlərsə övlad itkisinə göstərdiyi reaksiyanın ictimailəşməsini istəmir. Sonradan həmin səhnələri görüb daha pis duruma düşənlər tapılır. Onlara yenidən dərd yaşatmaq istəyirik? İstəyirik ki, fəryad qopardıqları anlara tamaşa etsinlər və dərddən özlərinə gələ bilməsinlər? Görəsən, bəziləri bunları düşünürmü?
Gərək düşünsünlər. Onu da nəzərə alsınlar ki, kimlərsə yaşadıqları ağrı-acı anının nümayişə çıxarılmasına, sadəcə, razı deyil. Tam mümkündür ki, özlərinin düşdükləri faciəli durumu görməkdən əsəb keçirənlər tapılsın. Axı, dərd dediyimiz həm də fərdi xarakter daşıyan məsələdir. Niyə bunu nəzərə almır və düşünmürük ki, dəhşət səhnələrini yaymaqla həm də şəxsi həyata müdaxilə etmiş oluruq? Bilmirikmi ki, fərdin şəxsi həyatına müdaxilə halı, eyni zamanda, böyük qanun pozuntusudur?
İndiki halda şəhid dəfnlərində ictimai motivlər gözlənilmirsə, yəni təqdimatlarda ibrətamizlik amili əsas götürülmürsə, yalnız ürəkdağlayan səhnələr gözə girirsə, deməli, heç kəs deyə bilməz ki, bunların yayılması qədirbilənlikdir, ehtiram nümunəsidir. Belə qədirbilənlikmi olur? Hər halda, ananın, atanın şəhid övlad tabutunu qucaqlamasını çəkib yayımlamaqda hansısa məna yükü yoxdur.
***
Əvvəldə bildirdik ki, dəhşət səhnələri cəmiyyətdə ruh düşkünlüyü yaradır. Söhbətimizin bu bölümündə həmin deyimin üzərinə gələk. Həm də ona görə ki, ümumən Azərbaycan insanını ruhdan düşmüş, pessimist görmək istəyən xarici qüvvələr var. Əksəriyyəti də ermənipərəst mövqe tutanlardır. Uzun müddət onların daxilimizdəki “pasifistləri” öyrədib xalqımızı haqq davasından yayındırmaq yolu tutduqlarının şahidi olmuşuq. Bu cinahın təmsilçiləri istəyiblər ki, torpaq itkisini unudaq. Belələri indi də “iş” başındadırlar. Çalışırlar ki, ölkəni şəhid ah-naləsi çəkən məmləkət olaraq göstərsinlər. Ona görə dəhşət saçan görüntüləri yayırlar. Bu yolla cəmiyyətə bədbinlik gətirməyi hədəf seçirlər. Bəzilərimiz bilməyərəkdən onların qurduqları “ssenari” üçün vasitəyə çevrilirik. Yaxşı olar ki, məsələ ciddi şəkildə nəzərə alınsın. Nəzərə alınsın və düşünülsün ki, belə mənfur məqsəd güdənlər istəklərinə çatmasınlar. Axı, hər bir halda cəmiyyətin sarsılmasına yol verilməməlidir. İnsanlarımız ayaqda qalmalı, yeni gün uğrunda mübarizə aparmalıdırlar.
***
Bəli, cəmiyyətimiz mübarizə aparmalıdır. Mübarizənin hədəfi isə güclü, qüdrətli, inkişafı, tərəqqini həyat amalına çevirən Azərbaycan olmalıdır. Elə bilirik, şəhidlərimizin ruhuna ən böyük ehtiramımız da elə budur. Onlar bu torpaq, bu Vətən uğrunda canlarından ona görə keçiblər ki, xalqımızın və dövlətimizin parlaq gələcəyi olsun.
Əvəz RÜSTƏMOV