- Daxili siyasət
- 09:39 08.12.2023
Azərbaycan siyasi müstəqilliyini bərpa etdikdən sonra qarşılaşdığı ədalətsiz Qarabağ probleminin ağırlığına baxmayaraq, xarici siyasətində hər zaman qarşılıqlı hörmətə əsaslanan və bərabərhüquqlu dövlətlərarası münasibətlərin inkişafına yönələn kursa üstünlük verdi. Tarixi düşmənliyi zərərli amil hesab edən rəsmi Bakı dinlərarası və mədəniyyətlərarası dialoqun aparılmasını və davam etdirilməsini sivil xalqın ən doğru seçim yolu hesab etdiyini açıqladı. Amma təəssüf ki, ötən müddət ərzində bəzi ölkələr Azərbaycanın haqlı mövqeyinə tələb olunan münasibəti sərgiləmədi və zaman-zaman açıq-gizli dost olmayan siyasət yürütdü. Belə ölkələrdən biri də Maltadır. BMT divarları arasında son 1 ayda Qarabağla bağlı keçirilən dinləmələrdə ermənipərəst mövqe sərgiləyən ada dövlət...
Bəs Maltanın anti-Azərbaycan mövqe sərgiləməsinin arxasında nə dayanır? Təbii ki, erməni diasporunun bu işdə birbaşa əli var. Açıq informasiya resurslarından öyrənmək olur ki, Maltada ermənilərin sayı bir neçə min nəfərə çatır, lakin cəmi 300-350 nəfər özünü erməni hesab edir. Əksəriyyəti özlərini maltalı sayırlar. Adadakı erməni diasporunun maraqlarını “Malta Erməni İcması” təmsil edir. İcmanın üzvləri könüllülük əsasında birləşmiş ermənilər və onların ailə üzvləridir. 22 dekabr 2009-cu ildə Valletta şəhərinin mərkəzində Malta ordeninin iqamətgahı ilə üzbəüz (Maltadakı əsas iqamətgah) “erməni xaçkarı”nın təntənəli açılışı olub. Açılış mərasimində Malta parlamentinin üzvləri, Valletta şəhərinin meri və digər yüksək vəzifəli qonaqlar iştirak ediblər. Xaçkarda quraşdırılmış xatirə lövhəsinin üzərindəki yazıda deyilir: “Malta və erməni xalqları arasında dostluq əlaməti olaraq. Ermənistan 1375 və 1915-ci illərin erməni xalqı üçün faciəli günlərində bu adada sığınacaq tapmış ermənilərə göstərdiyi dəstəyə görə Maltaya təşəkkür edir”.
Göründüyü kimi, ermənilər adada fəaldırlar və uydurma nağıllarını Maltada da yaymaqla məşğuldurlar? Bəs ada ölkəni BMT-də Qarabağla bağlı keçirilmiş son dinləmələrdə anti-Azərbaycan mövqe sərgilənməsinin arxasında tək erməni “sevgisi” dayanır? Əslində, maltalılar bizə qarşı belə qeyri-konstruktiv davranış sərgiləmələri onların, ümumiyyətlə, türkə olan mənfi münasibətlərindən qaynaqlanır. Malta 25 il Osmanlı dövləti ilə müharibə aparıb. Buna görə də, adada türkləri sevməyənlər çoxdur. Türkiyənin “Yeni Asır” qəzetinin yazarı Şenol Yazarın bununla bağlı maraqlı qeydləri var: “25 il Osmanlı ilə vuruşublar. Türkləri sevməyənlər çoxdur, hər hansı hadisəyə şərait yaratmamaq üçün qayığımızın bayrağını asmırıq. Biz fanatiklərin hücumundan qorxuruq. Adada Osmanlı düşmənçiliyi haqqında kitablar paylayan kilsə var. Kitabın sonunda yazılıb: Onları AB-yə buraxmayın. Kilsənin girişində Osmanlılarla döyüşərək həlak olanların sümüklərinin sərgiləndiyi muzey var. Kilsənin keşişi və müqavimət göstərənlər Osmanlıların kilsəyə girəcəyini anlayınca sursat anbarını partladıb intihar ediblər”. Başqalarında təəssürat oyatmaq üçün bilinən fənddir. Amma həmin insanların türklər tərəfindən qətlə yetirildiyi hələ də isbatlanmayıb.
Maltadakı türklərlə əlaqəli ən əhəmiyyətli hadisə 1565-ci ildə baş vermiş Malta mühasirəsidir. Həmin tarixdə türk donanması 40 minlik ordu ilə Maltaya yaxınlaşmış və adanı mühasirəyə almışdı. Mühasirə altı ay çəkmişdi, cəngavərlərin yarıdan çoxu və maltalıların əksəriyyəti mühasirədən sağ çıxa bilməmişdi. Sentyabr ayına qədər davam edən döyüşlərdən uğur əldə olunmadığına görə Qızıləhmədli Mustafa Paşa 1565-ci il sentyabrın 11-də mühasirəni dayandırmaq və geriyə qayıtmaq qərarını vermişdi. Maraqlıdır ki, Maltada yerli sakinlər əcdadlarının mühasirədən sağ çıxdıqları günü “barbarlar” üzərində bayram kimi hələ də qeyd edirlər. Yəni, bu ada sakinlərinin hələ də türklərlə bağlı stereotipləri var və bu önyarğı müxtəlif səviyyələrdə özünü göstərir. Elə BMT-də Malta nümayəndələrinin Ermənistana göstərdikləri dəstəyin kökündə məhz bu tarixi travmanın da payı var, bu gün nə qədər qəribə səslənsə də...
Səbuhi MƏMMƏDOV