- Daxili siyasət
- 09:39 08.12.2023
Azərbaycan Ordusunun sentyabrın 19-da Qarabağda keçirməyə başladığı və bir sutka ərzində separatçı xunta rejiminin təslim olması ilə başa çatan lokal xarakterli antiterror tədbirlərinə Ermənistanın münasibəti diqqəti cəlb edir.
Ordumuz əvvəlki dövrlərdə özünün suveren ərazilərinin digər hissələrində qanunsuz silahlı dəstələrə qarşı antiterror tədbirləri keçirərkən Ermənistanın baş naziri özünü oda-közə vurur, dünyanın böyük dövlətlərinin rəhbər şəxslərinə zənglər edir, haray-həşir salır, necə deyərlər, daş atıb başını tuturdu. Bu dəfə isə biz bunun şahidi olmadıq.
Əlbəttə, normalda elə bu cür də yanaşma sərgilənməli idi. Çünki Qarabağ Azərbaycanın suveren ərazisidir və burada baş verənlər ölkəmizin daxili işidir. Sadəcə olaraq, Ermənistan rəhbərliyinin Azərbaycanın daxili işlərinə o qədər müdaxilə etməsini görmüşük ki, indi bunun əksi nümayiş etdiriləndə, bizə qəribə təsir bağışlayır.
Ermənistanın mövqeyi ilə bağlı Prezident İlham Əliyev də fikirlərini bildirib. Dövlət başçımız sentyabrın 20-də xalqa müraciətində bu barədə deyib: “Ermənistan bu dövr ərzində – dünən, bu gün deyə bilərəm ki, gözlənilmədən siyasi səriştə göstərib və biz bunu qiymətləndiririk. Bunu önəmli amil kimi görürük və hesab edirəm ki, dünən və bu gün baş vermiş hadisələr, eyni zamanda, Azərbaycanla Ermənistan arasında gedən sülh prosesinə də müsbət təsir göstərəcək”.
Əslində, bizim hər zaman Ermənistandan tələbimiz də İrəvanın Azərbaycanın daxili işlərinə qarışmaqdan əl çəkməsi, ölkəmizin Qarabağ bölgəsində etnik separatizmi qızışdırmaqdan kənar durması ilə bağlı olub. Nikol Paşinyan 2018-ci ilin mayında Ermənistanı zəli kimi soran Qarabağ klanını devirib hakimiyyətə gələndə məsələnin sülh yolu ilə tənzimlənməsinə dair müəyyən ümidlər yaranmışdı. Hətta elə həmin ilin mayında keçirilən uğurlu Günnüt əməliyyatı barədə məlumatlar da üstündən bir müddət keçdikdən sonra açıqlanmışdı. Əfsuslar olsun ki, Paşinyan iqtidarı başqa yol tutdu. Onun davakar ritorikası İkinci Qarabağ müharibəsinin başlanmasına səbəb oldu. Nəticədə, Ermənistan məğlubiyyətə uğradı, baş naziri təslimolma sənədinə imza atdı.
Prezident İlham Əliyevin xalqa müraciətində dediyi kimi, müharibədən bir müddət sonra biz status haqqında cəfəng ifadələri eşitmədik. Amma görünür ki, bu qorxu onların canından yavaş-yavaş çıxdıqca yenidən revanşist qüvvələr baş qaldırır. Bu ayın 9-da Qarabağda saxta “prezident seçkiləri” keçirildi. Özünü “prezident” adlandıran şəxs dərhal bəyan etdi ki, onlar statusun dalınca qaçacaqlar. Həm bu, həm də digər səbəblərdən Azərbaycan lokal xarakterli antiterror tədbirləri keçirmək məcburiyyətində qaldı. Nəticədə, separatçı xunta rejimi ağ bayraq qaldıraraq təslim oldu. N.Paşinyan isə bütün bu proseslər zamanı adekvat mövqe sərgilədi.
Ümid edək ki, Ermənistan bundan sonra da proseslərə normal yanaşma sərgiləyəcək, rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü təkcə şifahi deyil, yazılı şəkildə də tanıyacaq və iki ölkə arasında sülh müqaviləsi imzalanacaq. Azərbaycan Cənubi Qafqaz ölkələrinin gələcəyinin sülhə, əmin-amanlığa, inkişafa söykənməsini təklif edir. Zənnimizcə, bu məqamda yenə Prezident İlham Əliyevin xalqa müraciətindəki fikirlərdən iqtibas gətirmək yerinə düşər: “Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər bizdən əl çəksinlər. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq! Biz bunu tələb edirik və bir daha demək istəyirəm, Ermənistan dövlətinin dünən və bu gün sərgilədiyi mövqe ümidlər verir. Ümidlər verir ki, o gün uzaqda deyil – Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar. Ancaq bununla bərabər, onu da bildirməliyəm ki, bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”
Bununla belə o da qeyd olunmalıdır ki, sentyabrın 19-u günortadan etibarən İrəvanın mərkəzindəki “Respublika” meydanında N.Paşinyana qarşı kütləvi etiraz aksiyası keçirilir. Aksiya zamanı iştirakçılarla polis arasında toqquşmalar baş verir. Etiraz aksiyasında 30 nəfər saxlanılıb, 28 nəfər cinayət məsuliyyətinə, 2 nəfər inzibati məsuliyyətə cəlb edilib. “Hraparak” qəzeti isə baş nazirin istefa verməyəcəyini yazıb. Nəşr qeyd edib ki, Paşinyan etiraz aksiyası fonunda ailə üzvlərini paytaxtdan çıxarıb. Bunun ardınca bir qrup tərəfdarı ilə görüşüb. O, silahdaşlarına açıq şəkildə bildirib ki, nəyin bahasına olursa-olsun hakimiyyətdə qalacaq və istefa verməyəcək.
S.HƏMİD