- Daxili siyasət
- 09:39 08.12.2023
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 20 min azərbaycanlı həlak olub, 4 min 866 nəfər itkin düşüb, 100 min nəfər yaralanıb, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarətlər alaraq əlilə çevrilib.
Respublikamızın çoxsaylı maddi-mədəni nümunələri, o cümlədən 44 dini məbəd, 18 məscid qəddarcasına dağıdılıb. İşğal altında qalan ərazilərdə 12 muzey və 6 şəkil qalereyası, tarixi əhəmiyyətli 9 saray yerlə bir edilib, 40 min tarixi-etnoqrafik əhəmiyyətə malik eksponat işğalçı ölkəyə daşınıb. 927 kitabxanada 4 milyon 600 min nüsxə kitab və xüsusi əhəmiyyətli əlyazma nümunələri yandırılıb.
Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sənaye və kənd təsərrüfatı obyektləri də tamamilə sıradan çıxarılıb. Əkin sahələrinin müəyyən hissəsi işğalçı tərəfindən əkilib-becərilərək əldə olunan məhsul hesabına qazanılan böyük həcmdə vəsait mənimsənilib. Beynəlxalq Qiymətləndiricilər Assosiasiyasının hesablamalarına əsasən, (mal və mülkün bazar iqtisadiyyatına uyğun olaraq qiymətlərin müntəzəm şəkildə dəyişilməsinə baxmayaraq) Azərbaycan iqtisadiyyatına 300 milyard ABŞ dollarından çox maddi ziyan vurulub.
Azərbaycan Baş Prokurorluğu və Xarici İşlər Nazirliyinin birgə məlumatına əsasən, 1988-ci ildən etibarən Ermənistanın işğalı nəticəsində Qarabağ və Şərqi Zəngəzurda faydalı qazıntı yataqlarından qanunsuz istifadə, eləcə də ekoloji terror nəticəsində ölkəmizə 16,2 milyard manat məbləğində ziyan dəyib. Bundan əlavə, 6 şirkət işğal olunmuş ərazilərdə qanunsuz təsərrüfat fəaliyyəti həyata keçirərək Azərbaycana 306,8 milyon manat məbləğində ziyan vurub.
Yeri gəlmişkən, Prezident İlham Əliyev çıxışlarının birində bu məsələyə toxunaraq bildirib ki, rəsmi Bakı Ermənistanın Qarabağdakı qanunsuz istismarı ilə bağlı bütün hüquqi prosedurlara start verib: “Mən bu haqda Azərbaycan ictimaiyyətini məlumatlandırmışdım. Bir cinayət də cavabsız qalmayacaq. Birincisi, biz dəymiş bütün ziyanı hesablayırıq, bütün şəhər və kəndlərimizin pasportlaşdırılması prosesi gedir. Hər bir binanın, yaxud da ki, o binadan qalan dağıntıların video-foto çəkilişi aparılır. Bu, sübutdur və biz beynəlxalq məhkəmələrə də müraciət etmək əzmindəyik, hazırlıq işləri gedir. Həmçinin Vejnəli qızıl yatağının xarici vətəndaşlar tərəfindən, o cümlədən erməni əsilli xarici vətəndaşlar tərəfindən qanunsuz istismar edilməsi onlara baha başa gələcək. Biz o adamların adlarını bilirik. Biz onları dünya qarşısında ifşa edəcəyik və bizə təzminat ödəyəcəklər. Vurulmuş ziyanın təzminatını mütləq ödəyəcəklər”.
İkinci Qarabağ müharibəsinin başa çatmasından ötən dövr ərzində 300-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Eyni zamanda, beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır. Bütün çətinliklərə baxmayaraq, hazırda işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi davam etdirilir.
Bəs bu vəhşilikləri törətmiş Ermənistana ölkəmizə vurduğu maddi-mədəni, iqtisadi zərər nə vaxt ödətdiriləcək? Sualın cavabı ilə bağlı əvvəlcə onu deyək ki, hazırda 30 ilə yaxın müddətdə erməni işğalı altında saxlanılaraq vəhşicəsinə dağıdılan, talan olunan torpaqlarımızda sürətlə geniş miqyaslı quruculuq işləri həyata keçirilir. Erməni vəhşilikləri nəticəsində dağıdılan şəhər və kəndlərimiz hazırda Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə ən müasir şəkildə bərpa olunur. Bununla yanaşı, beynəlxalq ekspertlərin iştirakı ilə Azərbaycana dəyən ziyanın qiymətləndirilməsi aparılır və bu proses artıq yekun mərhələsindədir. Yalnız qiymətləndirmə tamamlandıqdan sonra təzminat ödənilməsi ilə bağlı beynəlxalq məhkəməyə müraciət ediləcəyi bildirilir.
Onu da qeyd edək ki, Azərbaycanın üzləşdiyi belə vandallıq, vəhşilik dünya miqyasında baş verən yeganə hal deyil. Bir sıra ölkələrə qarşı aparılan müharibələrdə də bu cür barbarlıqlar, rəzilliklər müşahidə olunub və həmin qətllər, talanlar, dağıntılarla bağlı təzminatın hesablanması və ödənilməsi ilə bağlı təcrübələr var. Məsələn, Polşa İkinci Dünya müharibəsində Almaniyanın bu ölkəyə vurduğu 1,3 trilyon avro dəyərində zərərə görə təzminat tələbini rəsmiləşdirib. BMT-nin 687 saylı qətnaməsi ilə Körfəz müharibəsindən sonra İraqın Küveytə vurduğu ziyanın ödənilməsi də reallaşdırılıb. Xatırladaq ki, həmin vaxt BMT-nin Kompensasiya Komissiyası tərəfindən dəyən ziyanın məbləği 52,4 milyard dollar həddində müəyyənləşdirilib. Artıq bu vəsaitin 48,7 milyard dolları ödənilib. Suriya münaqişəsi zamanı da dəyən iqtisadi ziyanın kifayət qədər böyük həcmdə–226 milyard dollar olduğu hesablanıb.
Yaxud, başqa bir misal. İkinci Dünya müharibəsində Almaniya və müttəfiqlərinin üzərinə reparasiya (təcavüzkar dövlətin təcavüzə məruz qalan dövlətə (dövlətlərə) vurduğu zərəri pul və ya maddi formada ödəməsini nəzərdə tutan maddi-hüquqi məsuliyyət) yükü qoyulub. Bu qərar 1945-ci ildə Yalta konfransında qəbul olunub. Nəticədə, Almaniyadan keçmiş SSRİ-yə təxminən 400 min dəmir yolu vaqonu yük, 2885 fabrik, 96 elektrik stansiyası avadanlıqları, 340 min maşın, 200 min elektrik mühərriki, 1 milyon 335 min baş heyvan, 2,3 milyon ton taxıl, bir milyon ton kartof və tərəvəz, yarım milyon ton yağ və şəkər, 20 milyon litr spirt, 16 ton tütün göndərilib. Bundan başqa, Humboldt Universitetinin astronomik rəsədxanasından teleskoplar, Berlin metro vaqonları və kruiz laynerləri və digər texnoloji avadanlıqlar reparasiya məhsulu olaraq SSRİ-yə ödənilib. Almaniya tərəfindən digər ölkələrə də reparasiya ödənişi mərhələlərlə həyata keçirilib.
Yuxarıda qeyd etdiyimiz kimi, bütün bunlar Azərbaycanın da beynəlxlaq məhkəməyə müraciət edərək işğalçı Ermənistandan təzminat ödənilməsini tələb etmək hüququna malik olduğunu deməyə əsas verir. Təzminatın isə necə, nə qədər ödəniləcəyi, yaxud nə ilə əvəzlənəcəyi məhkəmənin qərarından sonra müəyyənləşdirilən məsələdir. Hazırda Beynəlxalq Arbitraj tərəfindən Ermənistanın Azərbaycana vurduğu zərərin dəyərinin dəqiq hesablanması və işğalçının təzminat ödəməsi ilə bağlı məsələlər üzərində iş aparılır.
Maraqlıdır, beynəlxalq hüquq bu məsələ ilə bağlı Azərbaycana hansı imkanlar tanıyır? Ermənistanın Azərbaycana vurduğu ziyanı ona ödətdirmək mümkün olacaqmı? Bunun üçün Azərbaycan tərəfi hansı mexanizmdən istifadə etməlidir?
Qeyd edək ki, işğal olunmuş ərazilərdə erməni vandallarının özbaşınalığı, tarix və mədəniyyət abidələrinin qəsdən məhv edilməsi silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyasına, 1992-ci Avropa Konvensiyasına, UNESCO-nun 1972-ci il Konvesiyasına ziddir. Ermənistanın Qarabağı işğal etməklə dövlətimizə vurduğu maddi ziyanı tam şəkildə hesablamaq mümkün olmasa da, ilkin bir rəqəm əldə olunub.
Enerji Xartiyası Müqaviləsinə uyğun olaraq, Azərbaycanın Ermənistana qarşı dövlətlərarası iddiasının əsasını Qarabağ bölgəsinin zəngin hidroenergetika ehtiyatlarının işğalçı dövlət tərəfindən qanunsuz istismarı təşkil edir. Respublikamız bu əsasda 2023-cü il fevralın 27-də işğalçı ölkəyə qarşı dövlətlərarası arbitraj prosesini başladıb. Xatırladaq ki, arbitraj işinin məqsədi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisində Ermənistan tərəfindən enerji ehtiyatlarının 30 ilə yaxın bir dövr ərzində qeyri-qanuni istismarı və qəsb edilməsinə cavab olaraq haqqı-ədaləti və qəsbkarın təzminat ödəməsini gerçəkləşdirməkdən ibarətdir.
Xarici İşlər Nazirliyinin bununla bağlı yaydığı məlumata görə, Azərbaycan tərəfi Ermənistana təqdim edilmiş Arbitraj Bildirişində 1991-ci ildən 2020-ci ilə qədər Ermənistanın ərazilərimizin 30 ilə yaxın qanunsuz işğalı dövründə ölkəmizin enerji resursları üzərində suveren hüquqlarını pozduğuna görə bu dövlətdən təzminat və maliyyə kompensasiyası tələb edib.
Məlumatda, həmçinin bildirilir: “Azərbaycanın Enerji Xartiyası Müqaviləsinə uyğun olaraq, Ermənistana qarşı dövlətlərarası iddiasının əsasını Qarabağ bölgəsinin zəngin hidroenergetika ehtiyatlarının Ermənistan tərəfindən qanunsuz istismarı təşkil edir. Qarabağ bölgəsində Azərbaycanın daxili su ehtiyatlarının 25 faizinin cəmlənməsi, buranı su elektrik enerjisi istehsalı üçün optimal məkana çevirib.
Ermənistanın qeyri-qanuni şəkildə istismar etdiyi hidroenergetika obyektlərinin ən böyüyü Tərtərçayın üzərində inşa edilmiş Sərsəng su anbarında yerləşən Tərtər su elektrik stansiyasıdır (Tərtər SES). Ermənistan Azərbaycanın suveren ərazilərinə hərbi təcavüzünün tərkib hissəsi kimi, 1994-cü ildə Sərsəng su anbarını və Tərtər SES-i ələ keçirib. Ermənistan, həmçinin işğal zamanı Azərbaycanın suveren ərazisində icazəsiz, ən azı, əlavə 37 su elektrik qurğusu tikib”.
Xarici İşlər Nazirliyinin məlumatında, həmçinin Ermənistanın işğal zamanı İrəvan istilik elektrik stansiyasından istifadə məqsədilə Azərbaycanın Tərtər rayonunun Çardaqlı kömür mədənini qanunsuz istismar etdiyi bildirilib. Qeyd olunub ki, Ermənistan Azərbaycanda Yevlaxı Naxçıvan ilə birləşdirən təbii qaz kəməri kimi mövcud enerji tranzit qurğularını sıradan çıxarıb. Beləliklə, işğal nəticəsində Naxçıvana qaz təchizatı kəsilmişdir.
Azərbaycanın Ermənistandan təzminat tələb etmək haqqı İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən ənənəvi olaraq hər il keçirilən sessiyalarda qəbul olunan müvafiq qətnamələrlə bölgədəki son vəziyyət nəzərə alınmaqla yeni müddəalar əsasında da təsdiqlənib. Elə təşkilatın ötən il martın 22-23-də Pakistan İslam Respublikasının İslamabad şəhərində reallaşan 48-ci iclasında da bu məsələ diqqət mərkəzində saxlanılıb. Sessiyada Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri ilə bağlı siyasi, iqtisadi və mədəni məsələləri əhatə edən “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi”, “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycanın ərazilərində İslam mədəniyyətinə aid tarixi və mədəni abidələrin dağıdılması” və “Xocalı qırğınının qurbanları ilə həmrəylik” adlı dörd qətnamə qəbul edilib. Tədbirdə Ermənistanın beynəlxalq hüququ pozaraq bütün minalanmış ərazilərin dəqiq xəritələrini və minalanan sahələrin yerləşdiyi yerlərə dair digər məlumatları təqdim etməkdən davamlı boyun qaçırması da pislənilib.
Təəccüblüdür ki, Ermənistanın torpaqlarımızı işğalda saxladığı 30 il ərzində dünya gücləri və beynəlxalq təşkilatlar tərəfindən bu qəsbkarlığa ikili standartla yanaşıldığı kimi, erməni faşizminin törətdikləri dəhşətli vandallıqlara da bir çox hallarda laqeyd münasibət bəslənilib. Hətta Avropa İnsan Hüquqları Məhkəməsi də bu məsələdə ədalətin müdafiəsinə ikili standartlarla yanaşmaqdan belə çəkinməyib. Belə ki, 2017-ci il dekabrın 12-də adıçəkilən məhkəmə Ermənistandan azərbaycanlı qaçqınların (Çıraqov və başqaları), habelə ölkəmizdən erməni qaçqın Sarkisyanın şikayətləri üzrə qərar çıxarıb. Avropa Məhkəməsi Laçın rayonunun sakinləri Çıraqov, Cəbrayılov, Həsənov, Paşayev və digər iki şəxsin hüquqlarının pozulduğu qənaətinə gəlib, iddiaçıların 1992-ci ildə mülkiyyətlərinin ermənilər tərəfindən ələ keçirildiyini, bundan sonra vətənlərinə qayıda bilmədiklərini təsdiqləyib. Bununla da Ermənistan hakimiyyəti təqsirli bilinib və üzərinə hər bir iddiaçı mənəvi ziyana görə 5 min avro və bütün iddiaçılara ümumi xərclərə görə 28,642 funt sterlinq ödəmək öhdəliyi qoyulub. Eyni zamanda, məhkəmə həmin vaxt maddi ziyanı hesablamağın mümkünsüzlüyünü vurğulayıb.
Yeri gəlmişkən, 1992-ci il mayın 18-də qəsbkarın işğalına məruz qalan Laçında Qayğı qəsəbəsi, 120 kənd, 13 min 745 fərdi yaşayış evi, 300-dən artıq tarixi abidə, 217 mədəniyyət ocağı, 150 təhsil müəssisəsi, 142 səhiyyə obyekti, 48 sənaye, 63 kənd təsərrüfatı, 460 ticarət şəbəkəsi qəsbkar tərəfindən yer üzündən silinib. İşğal zamanı şəxsi və ictimai təsərrüfatların 135 min başa yaxın mal-qarası Ermənistana aparılıb. Hesablamalara əsasən, rayona, ümumiyyətlə, 7,1 milyard ABŞ dolları məbləğində maddi ziyan vurulub.
Nə qədər qəribə səslənsə də, Avropa Məhkəməsi elə həmin gün ailəsi 1992-ci ildə Qarabağ münaqişəsi zamanı Gülüstan kəndindən qaçmaq məcburiyyətində qalan ərizəçi Sarkisyan barəsində də, demək olar ki, eyni qərar çıxarıb, Azərbaycan hakimiyyətinin Sarkisyanın ailəsinə mənəvi ziyana görə 5 min avro və ümumi xərclər üçün 30 min avro ödəməli olduğu barədə qətnamə qəbul edib.
Əslində, bu, Avropa İnsan Hüquqları Məhkəməsinin məsələyə ikili standartlarla yanaşmasının bariz ifadəsidir. Başqa sözlə, Avropa Məhkəməsinin, ümumiyyətlə, digər nüfuzlu beynəlxalq təşkilatların da müəyyən qərar və qətnamələrində təcavüzkar Ermənistanla ərazilərinin 20 faizi işğal altında qalan, bir milyon 200 min nəfər qaçqın və məcburi köçkünü olan Azərbaycana eyni münasibət (əslində, təcavüzkarın tutduğu qeyri-konstruktiv mövqenin dolayısı ilə dəstəklənməsi) bəslənilir.
Ekspertlər onu da bildirirlər ki, “Çıraqov və digərləri Ermənistana qarşı” adlı şikayət Azərbaycandan olan məcburi köçkünlərin Avropa Məhkəməsinə göndərilən yeganə müraciət deyil. 2005-ci ildən başlayaraq Avropa Məhkəməsinə azərbaycanlı qaçqın və məcburi köçkünlərin Ermənistana qarşı irəli sürdüyü xeyli sayda ərizə təqdim olunub. İddiaçı və onların nümayəndələrinin ərizələri yalnız mülkiyyət hüququ, özəl və ailə həyatına hörmətlə bağlı deyil, həm də işgəncələrin qadağan olunması və yaşamaq hüququnun pozulması, eləcə də insanlığa qarşı cinayət kimi tanınan Xocalı soyqırımı ilə bağlı olub. Lakin sözügedən ədalət institutu tərəfindən soydaşlarımızın pozulmuş insan hüquqlarının bərpa olunmasına dair müraciətlər müxtəlif bəhanələr əsas gətirilərək baxılmayıb.
İkili standartlarla yanaşmaya dair digər bir misal. Özü də bu misal dünya güclərinin erməni faşizminin törətdiyi vəhşiliklərə tamaşa edib susmaları, laqeyd qalmaları, dolayısı ilə vəhşilikləri təsdiqləmələri, həm də ölkələrinin qərəzli mövqeyini bir daha nümayiş etdirmələrinin ifadəsidir. Azərbaycandaki diplomatik korpusun nümayəndələri, o cümlədən səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri, Prezident Administrasiyasının rəsmisinin müşayiəti ilə işğaldan azad edilən rayonlara səfərləri zamanı dəfələrlə bunun şahidi olmuşuq.
Belə səfərlərin birində ermənilərin törətdiyi əməlləri şərh etməkdən yayınanlar arasında fransalı attaşe polkovnik-leytenant Flavien Lane jurnalistlərin sualları qarşısında susmaqla həm ermənilərin vəhşiliklərini təsdiqləyib, həm də ölkəsinin qərəzli mövqeyini bir daha nümayiş etdirib. Yaxud Avropa İttifaqı nümayəndəsinin erməni vandalizminə, sadəcə, müharibə donu geyindirməklə bu vəhşiliyi şəxsən vurğulamaması, eləcə də ABŞ hərbi attaşesinin fürsətdən istifadə edərək münaqişənin həllində ölkəsinin həmsədr olduğu Minsk Qrupunu önə çıxarması və erməni vəhşiliyinə tamamilə göz yuman fransalı hərbi nümayəndənin mövqeyi bir sual doğurur: Erməni vandalizmini beynəlxalq miqyasda sübuta yetirməyə çalışdığımız halda, beynəlxalq təşkilatların nümayəndələrinin birmənalı olmayan mövqeləri nəyə işarədir? Yaxud, bu müəmmalı mövqe və susqunluq erməni vandallığı üçün tələb etdiymiz kompensasiyanın ödənilməməsi üçün ilkin ismarıcdırmı? Ümumiyyətlə, bu sükut və qeyri-müəyyən mövqe Azərbaycan üçün nə vəd edir?
Əslində isə Fransa kimi neçə-neçə ölkə 30 ilə yaxın müddət ərzində münaqişənin həlli ilə bağlı heç bir əməli addım atmayıb, Ermənistanın tərəfini saxlayıb və özünün beynəlxalq missiyasına kölgə salıb. Vətən savaşından sonra işğaldan azad edilən ərazilərə gedib erməni faşizminin törətdiyi vəhşilkləri sükutla seyr edən belələrindən ədalətli münasibət gözləmək sadəlövhlük olardı. Şübhəsiz, onların əvvəlki qərəzli mövqeləri bu gün də dəyişməyib. Həmin dövlətlər bu gün də həyata keçirdikləri xarici siyasətdə, belə qərəzli, ədalətsiz münasibəti nümayiş etdirməkdən çəkinmirlər.
Lakin bunlar heç də o demək deyil ki, Azərbaycan beynəlxalq miqyasda haqlı mövqeyini müdafiə etməməlidir. Yox, sonadək mübarizə aparılmalı, haqq işi davam etdirilməlidir. Bəli, kimlərinsə, prosesə qeyri-adekvat münasibət sərgiləməsi beynəlxalq birlik qarşısında Azərbaycanın təzminat davası açmasına heç bir maneə törədə bilməz. Çünki Ermənistanın həm beynəlxalq birlik qarşısında, həm də BMT-nin qətnamələrində işğalçı dövlət kimi tanınması, sonrakı proseslərdə də Azərbaycan üçün üstünlük yaradır. Hətta, Avropa Şurasının da bununla bağlı bir sıra qətnamələri var. ATƏT-in Lissabon sammitində də Ermənistan 53 dövlət tərəfindən işğalçı dövlət kimi tanınıb.
Vaqif BAYRAMOV,
Mirbağır YAQUBZADƏ