USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycanın antiterror əməliyyatlarının əks-sədası BMT tribunasında


https://img.baki-baku.az/news/2023/09/photo_8420.jpg

Biz Ermənistandan başda Zəngəzur dəhlizinin açılması olmaqla, verdiyi sözləri yerinə yetirməsini gözləyirik. Artıq hər kəsin qəbul etdiyi kimi, Qarabağ Azərbaycan torpağıdır və bundan başqa bir status qəbul edilməyəcək. Ermənilər də daxil, hər kəsin Azərbaycan torpaqlarında sülh şəraitində yan-yana yaşaması birinci hədəfimiz olmalıdır. Tək millət–iki dövlət şüarı ilə hərəkət etdiyimiz Azərbaycanın ərazi bütövlüyünə dair atdığı addımları dəstəkləyirik.

Rəcəb Tayyib ƏRDOĞAN 

Türkiyə Cümhuriyyətinin Prezidenti

Nyu-York, 19 sentyabr, 2023-cü il

Ötən əsrin sonlarında yaranmış yeni beynəlxalq münasibətlərin, daha müasir ictimai-siyasi ab-havanın formalaşması dünya xəritəsində on­larca yeni dövlətin konturlarını cızmışdı. Azərbaycanda isə yeni dövlət yaradılmamış, sadəcə əsrin əvvəllərində əldən gedən dövlət müstəqil­liyimiz bərpa olunmuşdu. Çox təəssüf ki, o dövrün proseslərindən bəh­rələnməyə çalışan Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş və həmin ədalətsizlik nəticəsində torpaqlarımız otuz il qarət, ta­lan, soyğunçuluq və qeyri-qanuni istismara məruz qalmışdır. 

2020-ci ildəki İkinci Qarabağ mü­haribəsindən sonra Azərbaycan işğal olunmuş torpaqlarının xeyli hissəsini düşmən tapdağından təmizləsə də, əra­zilərinin qalan hissəsini məhz siyasi yol­larla – Moskva, Bakı və İrəvanın imza­ladığı üçtərəfli Bəyanatın müddəalarına əsasən azad edilməsinə razılaşmışdı. Ancaq düşmən öz iyrənc məqsədlərin­dən əl çəkməyərək, üçtərəfli Bəyanata məhəl qoymadı və Qarabağda daha da güclənmək istiqamətində atdığı qey­ri-qanunu addımlarını davam etdirdi. 

Odur ki, Azərbaycanın öz ərazisində – Qarabağ iqtisadi rayonunda antiter­ror əməliyyatları aparması beynəlxalq hüququn norma və prinsiplərinə, ölkə Konstitusiyasına və üçtərəfli Bəyana­tın müddəalarına tam uyğun idi. Biz bu yazıda həmin əməliyyatlara və ümumiy­yətlə, Azərbaycan – Ermənistan müna­sibətlərinə beynəlxalq aləmdə göstə­rilən bəzi münasibətlərdən söz açmaq istəyirik.

NYU-YORK

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 19-da Nyu-York­da BMT Baş Assambleyasının 78-ci iclasında çıxışı zamanı Azərbaycanın Qarabağ iqtisadi rayonunda apardığı antiterror əməliyyatlarına haqq qazan­dıraraq demişdir: “Qarabağ Azərbaycan torpağıdır, bunun xaricində heç bir sta­tus qəbul edilməyəcək”.

Yeri gəlmişkən, cənab Ərdoğanın Nyu-Yorkdakı çıxışının başqa bir məqa­mı da var idi ki, o da Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsinə zəmin yaradırdı. Belə ki, Türkiyə Pre­zidenti BMT TŞ üzvlərini ittiham edərək dedi ki, Təhlükəsizlik Şurası artıq dünya təhlükəsizliyinin qarantı deyil, 5 ölkənin siyasi strategiyasının döyüş meydanına çevrilib.

Bu, həqiqətən, belə idi. Əgər elə ol­masaydı, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan ordusunun bu ərazilərdən çıxarılmasını tələb edən 4 qətmaməsi icra edilmiş olardı. Həmin sənədlər 30 ilə yaxın kağız üzərində qaldı və sonda Azərbaycan ərazilərini özü işğaldan azad etmiş oldu. 

BAKI 

Azərbaycan əsgərinin öz ulu babası Pənahəli xanın qurub tikdiyi Xankən­diyə doğru atdığı addımların səsini Nyu-Yorkda eşitdirən Rəcəb Tayyib Ərdoğana dərhal Bakıdan minnətdarlıq məktubu ünvanlandı. Azərbaycan Pre­zidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana yazırdı: 

“Əziz qardaşım, BMT Baş Assambleyasında çıxışınız zamanı Azərbay­cana verdiyiniz dəstəyə görə təşəkkür edirəm. Hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyə Azərbaycanın ya­nındadır və haqq işimizdə bizə dəstək verir... Azərbaycan və Türkiyə xoş gün­lərdə də, kədərli anlarda da daim bir yerdədirlər. Beynəlxalq təşkilatlarda həmişə bir-birimizin haqlı mövqeyini müdafiə edirik. Şuşa Bəyannaməsi ilə münasibətlərimiz strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Siz də, mən də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qardaşlığımızın rəm­zi olan "Bir millət, iki dövlət" kəlamını daim yada salaraq Azərbaycan və Tür­kiyə arasında olan sarsılmaz birliyi yeni zirvələrə daşıyırıq”.

TƏL-ƏVİV

Məlum olduğu kimi, Azərbayca­nın öz ərazi bütövlüyünü bərpa etmək üçün atdığı addımları ən səmimi şəkil­də dəstəkləyən ölkələr arasında İsrail də mühüm yer tutur. Bu dost ölkənin “Kanal 12” televiziyası Netanyahunun ofisindən verilən məlumata əsasən bil­dirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb. Te­leviziya əməkdaşı əlavə edir ki, tərəflər arasındakı işbirliyinin daha da genişlən­dirilməsi, eləcə də, hər iki paytaxtın ma­raq dairəsində olan məsələlərin birlikdə həll ediməsi üçün məsləhətləşmələr aparılıb. 

Təbii ki, hər iki paytaxtın maraq da­irəsində olan məsələlərdən biri də Azər­baycanın ərazi bütövlüyünün bərpasına nail olmaqdır. Elə sentyabrın 19-da əs­gərlərimizin başladığı antiterror əməliy­yatları zamanı düşmənin Fransa, İran və Hindistandan gətirdiyi silahları külə döndərən vasitələr də məhz Türkiyə və İsraildə istehsal olunmuş xüsusi hərbi aparatlar idi. 

Bundan başqa, tərəflər Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə gələn ay Qüdsdəki Əl-Əksa məscidin­də keçiriləcək möhtəşəm tədbirdə cə­nab Rəcəb Tayyib Ərdoğanın da iştirak etməsi barədə razılığa gəliblər. Bu isə müsəlman dünyası üçün olduqca möh­təşəm uğurdur. Bu, o deməkdir ki, Türk dünyası eyni vaxtda həm Qarabağı iş­ğaldan tam təmizləmiş olur, həm də İs­lami dəyərlərin hamısına əlçatanlığımız yaranır. 

VAŞİNQTON

Cənab Ərdoğanın BMT Baş As­sambleyasının sessiyasında səsləndir­diyi: “Təhlükəsizlik Şurası artıq dünya təhlükəsizliyinin qarantı deyil, 5 ölkənin siyasi strategiyasının döyüş meydanına çevrilib... “Qarabağ Azərbaycan torpa­ğıdır, bunun xaricində heç bir status qəbul edilməyəcək” tezisləri okeanın o biri tayında necə qıcıq yaradıbsa, cəmi bir gündən sonra ABŞ-dakı “Respon­sible Statecraft” elektron resursu xəbıər yaydı ki, “ABŞ Türkiyənin beş şirkətinə sanksiya tətbiq edəcək”. 

Qoy etsinlər. Onsuz da Azərbaycan Ordusu Qarabağda – lokal miqyasda olsa da – öz sözünü dedi, cənab Ər­doğan isə dünyanın bütün mötəbər tri­bunalarından qətiyyətlə haqq sözünü hamıya eşitdirir. 

İRƏVAN

“Arminfo.am” xəbər portalının əmək­daşı Marianna Mkrtçyan yana-yana yaz­dığı xəbərə belə başlıq verib: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT tribunasından Azərbaycanın Qarabağ­dakı hərbi əməliyyatlarını dəstəkləyən bəyanat verdi”. Müəllif yazır ki, dünya ictimaiyyətinin Ərdoğanın söylədiklərini sakitliklə qarşılaması anlaşılmazdır. 

“Üstəlik, Ərdoğan “Türkiyə Azər­baycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün atdığı addımları dəstək­ləyir” ifadəsi az imiş kimi Yerevandan gözləntiləri olduğunu da dedi: “Ankara Yerevandan Zəngəzur dəhlizi barədə götürdüyü öhdəliklərin yerinə yetirilmə­sini də gözləyir”. 

Mkrtçyan narahatdır ki, beynəlxalq ictimaiyyət Azərbaycanın Qarabağdakı əməliyyatlarını qınayan “quru” çağırış­larla münasibət bildirməkdən başqa heç bir iş görmür. 

Azərbaycanlı ananın və Türkiyə Baş nazirinin göz yaşları

Əslən Kəlbəcərdən olan dostum Sərxan danışır ki, cənab Rəcəb Tayyib Ərdoğanın BMT-dəki çıxışını eşidəndə anam ağladı. Dedi ki, bizim əvvəllər də belə köməyimiz olsaydı, Qarabağ düş­mən əlinə keçməzdi.

Mən isə Sərxana dedim ki, narahat olma, bu diqqət bütün türklərdə var. Elə biz də bir dəfə cənab Ərdoğanın göz yaşlarını görmüşük. Əlavə etdim: 2013-cü il aprelin 22-də İstanbulda 35-ci dəfə keçirilən 23 aprel – Uşaq bayramı mü­nasibətilə təşkil olunmuş şənliklərdə Baş nazir Rəcəb Tayyib Ədoğan da işti­rak edirdi. Baş nazirin çıxışından sonra dünyanın müxtəlif ölkələrindən gəlmiş uşaqlara müxtəlif nominasiyalar üzrə medallar verilmişdir. Azərbaycan təm­silçisi kimi səhnəyə dəvət edilən 9 yaşlı qızcığazın çıxışı isə bütün iştirakçıları və qardaş ölkənin dövlət rəsmilərini çox duyğulandırmış, cənab Ərdoğan isə göz yaşını silməli olmuşdu. 

Azərbaycanlı uşaq qardaş ölkənin rəhbərinə (o zaman dövlət rəhbəri Baş nazir idi) demişdi: “Hörmətli Baş nazir, Sizdən və dünyanın bütün liderlərindən bir ricam var: dünyanı qoruyun, uşaqları qoruyun, uşaqların gülüşünü qoruyun. Bu dünya uşaqlarla daha gözəldir. Lüt­fən, gözəlliyi qoruyun!”

Bəli, Sərxan, qardaş ölkənin dövlət başçısının BMT tribunasından eşidilən haqq səsi məhz dünyanı, uşaqları, gözəlliyi qorumaq üçün nümayiş etdi­rilən kişi qənaəti, türk qeyrəti və ərən ləyaqəti idi. 

İttifaq MİRZƏBƏYLİ




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

İttifaq MİRZƏBƏYLİ