USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Paşinyan hindistanlıların ümidinə qalıb


https://img.baki-baku.az/news/2023/09/photo_8316.jpg

Bu gün İrəvan Ağsaqqallar Şurasına seçki keçiriləcək. Kollegial qaydada İrəvanı idarə edən 65 üzvdən ibarət şuraya seçki haylar üçün ona görə əhəmiyyətlidir ki, daha çox yer qazanan siyasi partiya sonradan şəhər merinin kim olacağını müəyyənləşdirəcək. Şura üzvlərinin say tərkibi və merin hansı düşərgəyə mənsub olması Ermənistandakı siyasi qüvvələr üçün mühüm əhəmiyyət kəsb edən məsələdir. Bu baxımdan siyasi qüvvələr seçkiqabağı təşviqat kampaniyasına start verildiyi avqustun 22-dən etibarən 25 gün ərzində İrəvan sakinlərini onlara səs verməyə inandırmağa çalışıblar.

Seçkiqabağı təbliğat-təşviqat kampaniyası sentyabrın 15-də başa çatıb. Dünən İrəvanda “sükut günü” idi. Seçkidə ümumilikdə 14 siyasi qüvvə – 13 partiya və 1 blok iştirak edir.

Hakim “Mülki müqavilə” partiyasının siyahısındakı bir nömrəli namizəd indiyədək İrəvan merinin müavini olan Tiqran Avinyandır. Onun hakimiyyətin namizədi olacağı bir il əvvəldən açıqlanmışdı.

Qeyd edək ki, T.Avinyan baş nazir Nikol Paşinyanın yaxın silahdaşlarından biridir. O, 1989-сu ildə İrəvanda doğulub. 2009-cu ildə Rusiya–Ermənistan Universitetinin tətbiqi riyaziyyat fakültəsindən məzun olub. 2014-cü ildə Londonda yerləşən Kraliça Mariya Universitetini iqtisadiyyatın riyazi modelləşdirilməsi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2010-2011-ci illərdə “Irigate” suvarma sistemlərinin quraşdırılması və landşaft dizaynı üzrə kompaniyaya rəhbərlik edib. 2014-cü ildən “Cyber ​​​​Vision” proqram təminatı şirkətinin baş direktoru olub. Hakim “Mülki müqavilə” partiyasının yaradıcılarındandır. 2017-ci ildə “Yelk” blokundan Ağsaqqallar Şurasının üzvü seçilib. 2018-ci ilin mayından 2021-ci ilin avqustunadək Ermənistan baş nazirinin müavini olub. 2022-ci il sentyabrın 23-də Ağsaqqallar Şurasının qərarı ilə İrəvan merinin müavini təyin edilib.

2021-ci ildə hakim qüvvə tərəfindən İrəvan meri vəzifəsindən uzaqlaşdırılan Hayk Marutyan “Milli tərəqqi” partiyasının siyahısında bir nömrəli namizəddir. O, istefa verdikdən sonra mer kimi fəaliyyətinin nəticələrinə yekun vuran monotamaşa ilə çıxış edib. Son tamaşadan sonra elə teatr səhnəsindən seçkilərdə iştirak edəcəyini açıqlayıb. Son günlər yumoristik tamaşadan müxtəlif fraqmentlər dərc edib, onlardan birində İrəvanı bürüyən qanunsuz tikililərdən danışıb.

Bələdiyyə seçkilərində “Ana Ermənistan” blokuna rəhbərlik edən “Hayastan” müxalifət fraksiyasının deputatı Andranik Tevanyan da paytaxtın meri olmaq istəyir. Tevanyan deputat mandatından imtina edib. Blok İrəvan Ağsaqqallar Şurasına seçkilərə hakimiyyət dəyişikliyinə nail olmaq vasitəsi kimi baxır.

“Respublika” partiyasının siyahısına keçmiş ədliyyə naziri, hüquqşünas Artak Zeynalyan başçılıq edir.

“Həyat üçün ölkə” partiyasının sədri Mane Tandilyan da mer postuna namizəddir. Bu qüvvəni Qarabağdakı qondarma separatçı rejimin sabiq “dövlət naziri”, oliqarx Ruben Vardanyan dəstəkləyir. Vardanyan İrəvan Ağsaqqallar Şurasına seçkiləri Qarabağ məsələsi ilə əlaqələndirərək, bunun “Artsaxdan imtina edən qüvvənin siyasi səhnədən kənarlaşdırılması istiqamətində ilk addım ola biləcəyini” deyib.

Tandilyan özü də Paşinyanın devrilməsi məsələsində Vardanyandan geri qalmır. O, seçkiqabağı kampaniya zamanı bildirib ki, mandatı hakimiyyətin dəyişdirilməsinə xidmət edəcək siyasi qüvvəni seçmək lazımdır. “Azadlıq” radiosunun erməni xidmətinin sualını cavablandıran Tandilyan qeyd edib ki, onların siyasi qüvvəsi İrəvanın problemlərini Ermənistanın üzləşdiyi təhlükəsizlik problemlərindən ayırmaq istəmir, Qarabağ məsələsi isə partiyanın diqqət mərkəzində (?) olacaq.

Merliyə namizəd onu da deyib ki, 50 faizdən çox səs toplamasa, “Mülki müqavilə”yə qoşulmayacaq. Ancaq o, müxalif qüvvələrə, xüsusən də müxalifətin əsas namizədi olan Hayk Marutyanın rəhbərlik etdiyi “Milli tərəqqi”yə qoşulub-qoşulmayacağı sualına cavab olaraq bunu istisna etmədiyini bildirib.

“İşıqlı Ermənistan” partiyası da seçkilərdə iştirak edir. Bu partiyanın siyahısında birinci yerdə dayanan Ağsaqqallar Şurasının üzvü David Xacakyandır.

Seçkidə, həmçinin Ermənistan Avropa Partiyası, “Vahid Ermənistan”, “Demokratik konsolidasiya”, “Sosial ədalət uğrunda”, “Vətənin gücü”, “Qələbə”, “İctimai səs” və “Ədalətli Ermənistan” partiyaları da iştirak edirlər

***

Qeyd edək ki, “Mülki müqavilə” seçkiqabağı dövrdə aktiv təbliğat-təşviqat kampaniyası aparıb: media subyektlərində və sosial şəbəkələrdə müxtəlif videroliklər, reklamlar yayımlanıb, seçicilərlə görüşlər keçirilib və sair. Ancaq hüquq müdafiəçiləri kampaniya zamanı Avinyanın xeyrinə inzibati resurslardan sui-istifadənin olduğunu bildirirlər. Xüsusilə, seçkiləri müşahidə edən “Müstəqil müşahidəçi” bloku T.Avinyan barədə il ərzində İrəvan meriyasının rəsmi səhifələrində çox tez-tez müsbət xəbərlər paylaşıldığını sübut edən genişhəcmli araşdırma dərc edib. Belə ki, paylaşımlarda Tiqranın adı keçmiş mer Qraçya Sarkisyanın və hazırda mer səlahiyyətlərini icra edən Levon Ovannisyanın adından daha çox çəkilib.

“Hakim partiyanın namizədinin İrəvan Ağsaqqallar Şurasına seçkilərdə əldə etdiyi üstünlüyü qeyd olunan inzibati resursdan istifadə etməklə ölçmək çətindir. Lakin bu resurslardan istifadənin məqsədyönlü, sistemli şəkildə təşkil olunduğu göz qabağındadır”, – deyə seçki prosesini izləyən təşkilatın koordinatoru Daniel İoannisyan bildirib. O əlavə edib ki, Avinyan bu yolla İrəvan meri postuna əsas iddiaçıya çevrilib. Onun rəqibləri isə Tiqranın başlanğıc üstünlüyü şəraitində hərəkət etməyə məcbur olublar.

Onu da qeyd edək ki, sentyabrın 15-də “Mülki müqavilə”nin İrəvanda yürüşü olub. Yürüş təbliğat mitinqi ilə başa çatıb. Ermənistan mediası və seçkidə iştirak edən digər qüvvələr, habelə müstəqil ekspertlər dövlət işində çalışan işçilərin avtobuslarla hakimiyyətin mitinqinə aparıldığını bildiriblər.

“Müstəqil müşahidəçi”nin koordinatoru D.İoannisyan deyib ki, inzibati resursdan bu cür sui-istifadə hallarını görmək onlar üçün bir az gözlənilməz olub: “Bizə bugünkü (sentyabrın 15-dəki-S.H.) mitinqlə bağlı çox adam müraciət edib. Nəinki anonim siqnallar daxil olub, həm də konkret adlar var. İnsanlar hətta, adlarının dərcinə də hazırdırlar. Hər halda biz bu şəxslərin verdiyi məlumatları yoxlamaq məcburiyyətindəyik”.

İoannisyan bildirib ki, seçki kampaniyası dövründə hakimiyyətin namizədinin İrəvanın inzibati rayonlarında keçirilən mitinqlərində çoxlu sayda dövlət qulluqçusunun iştirakı qeydə alınıb. Onun sözlərinə görə, bu, onların müşahidəçiləri tərəfindən də təsdiqlənib: “Tiqran Avinyan seçki kampaniyasının son günü Politexnik İnstitutunun tələbələri ilə görüşüb. Avinyanla görüşən tələbələrin bəziləri onları heç kimin bu görüşdə iştiraka məcbur etmədiyini, bəziləri isə dekanlığın görüşdə iştiraka çağırdığını, dərsə gəlməmələrini üzürlü sayacaqlarını vəd etdiyini bildirib”.

“Müstəqil müşahidəçi” seçki kampaniyası dövründə inzibati resurslardan istifadə ilə bağlı hüquq-mühafizə orqanlarına 4 müraciət edib ki, onlardan da ikisi hakimiyyətlə bağlıdır.

“Luys” Fondunun nümayəndəsi Narek Tadevosyan isə hakimiyyətin inzibati resurslardan istifadəsi ilə bağlı sentyabrın 15-də səhər “Facebook” səhifəsində yazıb: “Bu gün səhərdən İrəvan meriyasının “başbilənləri” yürüş-mitinqdə iştirak etmək üçün adam toplamaq kimi mühüm işlə məşğuldurlar. Rəhbər işçilərə mümkün qədər çox işçinin iştirakını təmin etmək tapşırılıb. Həmçinin yürüş və mitinq zamanı ictimaiyyətin diqqətini cəlb etməmək üçün işə qeyri-rəsmi geyimdə gəlmələri tapşırılıb. Eyni zamanda, işçilərə bu gün işi bir saat tez bitirib lazımi yerdə ola biləcəkləri bildirilib. Onların yoxluğunun gələcək karyeralarına təsirsiz ötüşməyəcəyi barədə xəbərdarlıq edilib. İrəvan meriyasında çalışan keçmiş həmkarlarımı təslimçi hakimiyyət orqanları tərəfindən təşkil olunan heç bir yürüş-mitinqdə nəyin bahasına olursa-olsun iştirak etməməyə çağırıram. Eyni zamanda, xatırladıram ki, hüquq və vəzifələriniz Ermənistanın “Dövlət qulluğu haqqında” qanununda təsbit olunub”.

Politoloq Narek Samsonyan isə yazıb ki, “Mülki müqavilə”nin yürüş-mitinqində iştirak edənlərin sayı əsas müxalifət qüvvələrinin keçirdiyi aksiyalarda iştirak edənlərdən dəfələrlə aşağıdır və bu, hətta adi gözlə də aydın görünür: “Faktiki olaraq, işdən çıxarılma hədələrindən və inzibati resurslardan istifadədən sonra belə Paşinyanla yanaşı duranların sayı müxalifəti dəstəkləyən vətəndaşların sayından dəfələrlə azdır. Kütləvi yürüşdə iştirak edənlərin sayından hindistanlıları çıxsaq, şəhərdə Paşinyanı dəstəkləyənlərin sayının on dəfə azaldığını deyə bilərik”.

O, yürüşdə iştirak edən Hindistan vətəndaşlarının fotosunu da paylaşımına əlavə edib. Vahe Movsisyan adlı istifadəçi isə yürüşə qatılan hindistanlıların hər birinə 800 dram ödənildiyini bildirib.

Onu da qeyd edək ki, İrəvan Ağsaqqallar Şurasına seçki sonuncu dəfə 2018-ci il sentyabrın 23-də keçirilib. Həmin seçkidə Paşinyanın “Mülki müqavilə” partiyasının daxil olduğu “Mənim addımım” bloku böyük qələbə qazanmışdı. Blok şuradakı 65 yerdən 57-nə sahib olmuşdu. Baş nazirin son illərdə yürütdüyü uğursuz xarici siyasət, o cümlədən Azərbaycanla münasibətlərdəki destruktiv mövqeyi onun reytinqinin xeyli aşağı düşməsinə gətirib çıxarıb. Paşinyanın bu seçkidə əvvəlki uğuru təkrarlamağı bacarıb-bacarmayacağı şübhəlidir.

Səxavət HƏMİD

Ekspert rəyi

Zaur MƏMMƏDOV, politoloq

– İrəvan Ağsaqqallar Şurasına keçirilən seçkiyə həm iqtidar, həm də müxalifət ciddi yanaşır. Ona görə ki, qarşıdakı dövrdə Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticəsi, həm də, bu gün keçiriləcək seçkidən asılı olacaq. Ölkənin paytaxtında toplanan səslər olduqca mühüm əhəmiyyət daşıyır.

Nikol Paşinyan onun hakimiyyəti illərində Ermənistanda keçirilən bu və ya digər seçkiləri demokratik adlandırır və ölkəsini sivil dövlət kimi qələmə verməyə çalışır. Əslində isə seçkiqabağı təbliğat-təşviqat kampaniyasından da göründüyü kimi, inzibati resurslardan hakimiyyət namizədinin xeyrinə sui-istifadə olunur. Şansı böyük olan namizədlər sıxışdırılır. Namizədlərə bərabər imkanlar yaradılmır. Bu, Ermənistanda uzun illər sınaqdan çıxarılmış siyasi texnologiyadır. Təəssüf ki, Paşinyan iqtidarı da ondan istifadə edir. Seçkinin nəticəsinə müxtəlif vasitələrlə təsir edirlər. Paşinyan rəqiblərinin önünü müxtəlif qanunazidd üsullarla kəsir. Ancaq “Mülki müqavilə”nin son yürüş-mitinqi də göstərdi ki, İrəvan sakinləri daha Paşinyanı əvvəlki kimi dəstəkləmirlər. Eyni zamanda, seçkilər saxtalaşdırılsa, dinc yürüş-mitinqlər kütləvi iğtişaşlara çevrilə bilər.




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Səxavət HƏMİD