USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistan üçün sentyabr “hesabatları”

 Son illər sentyabr ayı haylara düşmür


https://img.baki-baku.az/news/2023/09/photo_8314.jpg

 

Delimitasiya bizim şərtlərimiz əsasında, yəni, ədalətli şərtlər əsasında olmalıdır, sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır, Naxçıvana yolumuz açılmalıdır və Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır.

Prezident İlham Əliyevin Laçın şəhərinə qayıdan əhali ilə görüşdəki çıxışından

28 may 2023-cü il.

Azərbaycanda deyirlər ki, “cücəni payızda sayarlar”. Yəni başlanılmış işə əvvəlcədən qiymət vermək yanlış addımdır. Son illər Ermənistanda isə hərbçi itkilərini payızda sayırlar. Yəni hər sentyabrda bir təxribata əl atırlar və dərhal da burunları əzilir. Sonra da övladı itkin düşmüş və ya həlak olmuş əsgər anaları Nikol Paşinyanın yaxasından yapışaraq orta ballıq zəlzələ kimi, onu silkələyirlər ki, bacarmayacaqdınsa, nə üçün balalarımızın qanına bais oldun?

Bədbəxt baş nazir cavab verə bilmir. Daha doğrusu, necə desin ki, mən özbaşına deyiləm, deyirlər təxribat törət, törədirəm. Demək olmur. Amma bilmək olur ki, son zamanlar Nikola əmr və göstəriş verənlərin sayı çoxalıb. Hətta, Ermənistan rəhbəri artıq eyni anda müxtəlif istiqamətlərə baxmaqdan elə çaşıb ki, nə  danışdığını bilir, nə də hərəkətlərini. Bir gün Rusiyanın əleyhinə asıb-kəsir, ertəsi günü deyir ki, Ermənistandakı anti-Rusiya motivli çağırışların Vladimir Putinə dəxli yoxdur. Artıq bu hərzələrə ruslar da gülürlər, ermənilər də.

Qərəz,  qayıdaq sentyabr məsələsinə. 2020-ci ilin sentyabrında Paşinyanın rəhbərliyi altında “irəli gedən”  Ermənistanının təxribatları Azərbaycan tərəfindən necə qarşılanmışdısa, artıq dünyada bunu bilməyən yoxdur. Ona görə də detallara keçmədən xatırladaq ki, həmin ilin payızında Ermənistan üçün hesablanmalı faktlar o qədər çox oldu ki, hətta, sayıb qurtara bilmədilər.  

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin  məlumatında bildirilirdi ki, 2020-ci il sentyabrın 7-də ( yəni bizim cavab həmləmizin başlanmasından 20 gün əvvəl) Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini 50 dəfə pozmuşdular. Ertəsi gün isə işğalçı ölkənin  silahlı qüvvələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini 57 dəfə pozmuşdular. Daha bir gün sonra – sentyabrın 9-da isə düşmən  tərəfi atəşkəs rejimini 51 dəfə pozaraq hərbi təxribatlar törətmişdi. Yəni bizim səbr kasamızı daşırmaq istəyirdilər ki, cavab verək və “yeni ərazilər tutmaq üçün yeni müharibəyə başlamağa” bəhanələri olsun.

Bəs sonra nə oldu? İşğalçıların  artan təxribatlarına cavab olaraq Azərbaycan Ordusu  2020-ci il  sentyabrın 27-də  əks-hücum əməliyyatına başlayaraq 44 gün ərzində torpaqlarımızı erməni işğalından azad etdi. Həmin ilin 10 noyabr üçtərəfli Bəyanatına uyğun olaraq, hərbi əməliyyatlar dayandırıldı. Ermənistan  bu müharibədə maddi-texniki baxımdan nələri və nə qədər itirdiyini hələ də erməni xalqından gizlədir. Amma on illər boyu uydurduqları məğlubedilməz erməni ordusu mifi darmadağın oldu. Status məsələsi gorbagor edildi, beynəlxalq aləmdəki nüfuzları sıfırlandı və sair. Yəni həmin ilin payız hesablamaları onlara çox böyük problem yaratdı. O qədər itkinin hesabını necə aparmaq olardı ki?

2021-ci ilin payızında yenə də baş qaldırmaq istədilər və çox tez də geri çəkildilər. Daha doğrusu, irəli getməyə halları, imkanları yox idi. Ona görə də sadəcə fasilələrlə ərazilərimizə atəş açmaqla kifayətləndilər. Həmin il hesablamaları asan olmuşdu.

Dünyanın müxtəlif ölkələrindən və bir çox siyasi dairələrdən ruhlandırılan revanşistlər 2022-ci ilin sentyabrında da baş qaldırdılar. Düşmən həmin il sentyabrın 12-də  ağır silahlarla ordumuzun mövqelərini atəşə tutdu. Azərbaycan əsgərinin  cavabı isə sarsıdıcı oldu. 12-14 sentyabr tarixlərində davam edən döyüşlərdə erməni tərəfi 250-dək hərbçisini, xeyli texnikasını və mövqeyini itirdi.

Hərbi ekspertlər yazırlar ki, 2022-ci ilin sentyabrında Ermənistanın təxribatlarına cavab olaraq ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində düşmən Araz sahilindən Murova qədər 74 döyüş mövqeyini itirdi. 11 strateji yüksəklik və onların ətrafındakı onlarca hakim yüksəkliklər də Azərbaycan Ordusunun nəzarətinə keçdi. Bu döyüşlərdən sonra Azərbaycan Ordusu hazırkı Ermənistanın ərazisində yerləşən tarixi torpaqlarımıza geniş müşahidə imkanları əldə etdi.

İndi növbə 2023-cü ilin sentyabrına çatıb. Builki sentyabrın ilk iki günündə də  Ermənistan “ənənəsinə” sadiq qalaraq, ordumuzun mövqelərini ağır silahlardan atəşə tutub. Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, düşmən tərəf sentyabrın ilk iki günündə   Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərini minaatanlardan, artilleriyadan atəşə tutub, eləcə də zərbə PUA-larından istifadə edib. Bu dəfə də rəşadətli ordumuz qarşı tərəfə layiqli cavab verib. Belə ki, düşmənin 3 hərbçisi öldürüldü, biri isə yaralandı. Həmçinin bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar edilən PUA xüsusi vasitələrin tətbiqi ilə hədəfə çatmadan zərərsizləşdirilərək ələ keçirilib. Eləcə də Ermənistan ordusuna aid PUA-ların səyyar yerüstü idarəetmə stansiya məhv edilib və əməliyyatın video-görüntüsü Müdafiə Nazirliyi tərəfindən yayılıb. Rəsmi məlumatlarda bildirilir ki, sentyabrın 2-dən sonra vəziyyət nisbətən səngisə də, erməni tərəfi hər gün bir neçə dəfə təxribatlar törədir, mövqelərimizi atəşə tutur. Ordumuz isə qarşı tərəfə tutarlı cavablar verir.

Yəni, düşmən Azərbaycan dövlətinin yaratdığı yeni reallıqlarla barışa bilmir və iddialarını davam etdirir.  Bütün bunları nəzərə alan Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bu günlərdə yaydığı  bəyanatda bildirilir ki, bu gün, Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar edilməsi istiqamətində göstərilən səylər Ermənistanın məqsədyönlü gərginlik və revanşizm siyasətinin qurbanına çevrilib və ciddi çağırışlarla üzləşir. Rəsmi İrəvan bölgədə “humanitar vəziyyətin pisləşməsi” və “davam edən blokada” ilə bağlı əsassız iddialarla əlaqədar BMT Təhlükəsizlik Şurasına müraciəti növbəti dəfə beynəlxalq tərəfdaşlar vasitəsilə balanslı, beynəlxalq hüquqa əsaslanan və məqbul həll yolu tapmağa yönəlmiş səylərə Ermənistanın qəsdən və məqsədyönlü şəkildə mane olduğu bir zamanda baş verir.

Xarici İşlər Nazirliyinin bəyanatında o da vurğulanır ki, Ermənistan Azərbaycan ərazisindən tam çıxarılmamış silahlı qüvvələrin ehtiyaclarını təmin və təchiz etməkdən, habelə Azərbaycanın təbii sərvətlərini qanunsuz olaraq istismar etməkdən məhrum olması reallığı ilə barışmayıb. Bu səbəbdən, Ermənistan bütün dünyada təbliğat kampaniyasına başlayıb, sərhəd-buraxılış məntəqəsinin normal fəaliyyəti, eləcə də Azərbaycanın Qarabağ bölgəsinə yüklərin çatdırılması üçün “Ağdam-Xankəndi” yolu kimi digər marşrutlardan istifadə edilməsinə qarşı bir sıra hərbi və digər maneələr törədir.

Bu zaman diqqət çəkən başqa bir məqam da var. Belə ki, hərdəmxəyallığı ilə məşhur olan Nikol Paşinyan Ermənistan ordusunun istənilən təxribatından sonra növbəti cəfəng bəyanatlarını dilə gətirir: “Bu əməlləri törədənlər revanşist, ruspərəst generallardır”.

Sonda Ermənistan rəhbərliyinə xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən il sentyabrın 27-də Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyandan sonra çıxışında demişdir ki, bu gün şəhidlərimizin əziz xatirəsini yad edərək, bir daha hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq, biz ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq: “Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik. Əminəm ki, buna ehtiyac olmayacaq. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır”.

Bəli, Azərbaycan dövləti, xalqımız və ordumuz işğalçı Ermənistandakı revanşistlərin bir daha baş qaldırmasına imkan verməyəcək. Onlara tövsiyəmiz odur ki, gedib son dörd ilin sentyabr hesabatlarına (əgər varsa–red.) diqqətlə baxsınlar. Nədənsə, son zamanlar sentyabr ayı onlara düşmür.

İttifaq MİRZƏBƏYLİ




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

İttifaq MİRZƏBƏYLİ