USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

​​​​​​​Paşinyanın “seçki manifesti”: anti-Rusiya dirənişi, Qarabağ və Ermənistanın statusu


https://img.baki-baku.az/news/2023/09/photo_8313.jpg

Ermənistan baş naziri Nikol Paşinyan rəhbərlik etdiyi “Vətəndaş sazişi” Partiyasının İrəvan meriyasına seçkilərlə bağlı keçirdiyi təbliğat-təşviqat mitinqində 10 noyabr 2020-ci il tarixdən, yəni 44 günlük müharibə başa çatdıqdan sonra Cənubi Qafqaz regionunda vəziyyətin nə üçün normallaşmadığına aydınlıq gətirib. Əlbəttə, Nikolun məsələyə diqqət yetirməsi müsbət haldır. Deməli, Ermənistan hakimiyyəti, heç olmasa, durumun pisliyini anlayır. Hərçənd, inanmaq çətindir ki, Paşinyan iqtidarı özünü təqsirkar görsün. Elə baş nazirin çıxışı da təqsiri özündən uzaqlaşdırmaqdan, başqalarının üstünə atmaqdan başqa bir şey deyildi.

***

Beləliklə, Nikol qeyri-müəyyən konspriativ məntiqinə güc verərək bildirib ki, 44 günlük müharibədən sonra bəziləri məqsədlərinə çata bilmədilər. Onun bu fikrini, ilk baxışdan, daxili auditoriyaya hesablanmış düşüncə məhsulu kimi qəbul etmək mümkündür. Axı, İrəvan meriyasına seçkilər hazırkı iqtidarın perspektivinə aydınlıq gətirmək baxımından önəmlidir. Yəni, prosesdə uğursuzluq hakimiyyətin itirilməsinin yarısı olacaq. Nəzərə alaq ki, paytaxt İrəvan Ermənistanın böyük və əhəmiyyətli hissəsi deməkdir və şəhərin meriyasına sahiblik, faktiki olaraq, hakimiyyətə alternativlikdir. Bu səbəbdən Paşinyanın bütün populist potensialını işə salması anlaşılandır.

***

Ancaq Nikolun söylədiklərində bir məqam var. O, bəzilərinin məqsədlərinə çata bilmədiyini vurğulayarkən, ictimai rəyi Qarabağ kartına kökləmək yolunu tutur. Bu kökləməyin başqa bir səbəbini yazımızın sonunda bildirəcəyik. Hələlik isə erməni baş nazirin dediklərinə diqqət yetirək. O bildirir ki, kimlərsə ölkəni diz çökdürmək, müstəqilliyini, suverenliyini, dövlətçiliyini şübhə altına almaq istəyibmiş və belələri sözügedən Qarabağ kartından yararlanırlar: “Bir çoxları və ya bəziləri bizim diqqətimizi Dağlıq Qarabağ məsələsinə və Dağlıq Qarabağın statusuna yönəltməyimizdən istifadə edərək, Ermənistanın statusunu şübhə altına almağa çalışıblar”.

Əlbəttə, Paşinyanın Qarabağla bağlı “status” sözünü dilinə gətirməsi son zamanlar üçün yenilik sayılmalıdır. Axı, Ermənistanın diqqəti status məsələsinə yox, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinə, mövcud istiqamətdə beynəlxalq mexanizmlərin yaradılmasına yönəlmişdi. Hər halda, hazırda Nikol iqtidarının Azərbaycan–Ermənistan sülh müqaviləsindən gözləntisi budur. İrəvan istəyir ki, sözügedən məqam müqavilədə ayrıca müddəa kimi yer alsın. Bu isə o deməkdir ki, Ermənistan gələcəkdə Qarabağla əlaqədar iddia irəli sürmək üçün hüquqi əsas yaradılmasına çalışır.

Bəs, sırf Qarabağa status məsələsinin məqsədi nə idi? Məqsədlər eyni idi. İndi Paşinyan da dilindən “status” sözünü çıxarmaqla, əslində, həm status, həm də Qarabağ ermənilərinə hüquq və təhlükəsizlik məsələlərinin, əslində, Azərbaycana qarşı ərazi iddiası olduğunu təsdiqləyir. Sadəcə, metod fərqliliyi var. Onu da nəzərə alaq ki, “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını verən Paşinyan idi, başqaları yox.  

Ancaq məlumdur ki, Qarabağa statusla Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi məsələlərinin, belə demək mümkünsə, müəlliflik hüquqları fərqlidir. Birinci Rusiya tərəfindən irəli sürülmüşdü, ikinci isə Qərb. Paşinyan hazırda ikinci yolla getməklə, eyni zamanda, birinciyə qarşı demarş immuniteti göstərməkdədir. Onun seçicilər önündəki çıxışındakı subliminal mesaj da elə budur.

Bəli, Nikol demək istəyir ki, ruspərəstlər Ermənistanın müstəqilliyini və suverenliyini şübhə altına almaq istəyirlər. Paşinyanın təbirincə desək, “tribunadan müstəqillikdən və suverenlikdən danışanlar” Qarabağ müstəvisindəki mövqeləri ilə bu dəyərləri Rusiyanın əvvəli protektoratlığına təslimiyyətdə görürlər. Nikolun fikrincə, onlar 2020-ci ilin 10 noyabrından fəaliyyətə keçiblər və həmin fəaliyyətin nəticəsidir ki, Cənubi Qafqazda vəziyyət sabitləşmir.

***

Göründüyü kimi, Ermənistanın baş naziri özünün anti-Rusiya ritorikasını seçki prosesinə də gətirdi. Əslində, bu gediş gözlənilən idi. Çünki hazırda ölkədə ona qarşı çıxan güclü kəsimin rusmeyilli olduğu məlumdur. Nikol bu kəsimi neytrallaşdırmasa, habelə, tam şəkildə gözdən salmasa, seçkidə işi çox çətin olacaq. Ona görə belə bəyanatlar verir.

Əlbəttə, bu bəyanat, eyni zamanda, Ermənistan iqtidarının Qarabağ avantürasından qopmadığının da növbəti təsdiqidir. Görünür, baş nazir əvvəllərdə olduğu kimi, yenə o düşüncədədir ki, erməni cəmiyyətinin xəstəliyi keçməyib. Elə bu səbəbdən oyununu o xəstəliyin təzahür formalarına fokuslanaraq qurur.

***

Sonda bir məqamın üzərində dayanaq. Məlumdur ki, Qarabağ avantürası müasir Ermənistan dövlətçiliyinin visit kartıdır. Bir qədər də ətraflı desək, Ermənistan Respublikası lap əvvəldən Qarabağ xülyası zəminində ortaya çıxmış quruluşdur. Mövcud anlamda düşünmək olar ki, Qarabağ yoxdursa, Ermənistan da yoxdur. Ona görə də Nikol çıxışında Ermənistanın statusu məsələni elə-belədən qabartmır.

Yeri gəlmişkən, o, hələ hakimiyyətə gəlməzdən əvvəl Qarabağ avantürasından uzaqlaşan dövlət preambulasını rəhbər tutmuşdu. Ancaq sonrakı proseslər göstərdi ki, Paşinyan da avantüranın əsirinə çevrildi. Deməli, Qarabağla var olan Ermənistan bölgənin əldən çıxması ilə varlığını itirə də bilər. Nikol və komandası isə vəziyyətin bu şəkil almasına qarşı heç nə edə bilməyəcək kimi görünür. 

Ə.RÜSTƏMOV

 




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Əvəz RÜSTƏMOV