USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Fəlakətin ayaq səsləri

 yaxud ermənisayağı “karlıqda” avantürizm etüdləri


https://img.baki-baku.az/news/2023/09/photo_8312.jpg

Qərbin Rusiyanı dünyadan “izqoylaşdırmaq” siyasətinin növbəti ünvanı Cənubi Qafqazdır. Artıq qətiyyətlə bunu bildirmək mümkündür. Mövcud siyasətdə Ermənistan amili əsas götürülməkdədir. Ermənistanın isə öz marağı var – Qarabağ. Erməni avantürası əldə etməyə – işğala, qəsbə öyrəncəlidir. İtirmək onun xəstə təfəkkürünə yaddır. Ona görə dirəniş göstərir...

Əlbəttə, Qərbin, o cümlədən, ABŞ-ın Cənubi Qafqaza baxışından da söz açmaq mümkündür. Rəsmi açıqlamalar onu deməyə əsas verir ki, Qərb dünyası yaşadığımız coğrafiyanı sülh şəraitində görmək istəyir. Ancaq sözdə sülh çağırışlarını çox eşitmişik. Təzadlı səslənsə də, sən demə, müharibələr də sülh üçün imiş. Daha bir təzad budur ki, sülh üçün axıdılan göz yaşları timsahın göz yaşından bir o qədər fərqlənmir.

Bəli, mövcud mürəkkəb geosiyasi labirintdə Ermənistan amili qədər, Azərbaycan amili də ön plandadır. Dünya erməniliyinin hazırda həll etməyə çalışdığı məsələ Azərbaycanı yox eləməkdir. Ona görə müxtəlif problemlər gündəmə gətirilməkdədir. Sırf Qarabağ ritorikası fonunda Azərbaycanın Laçın yolunu bağlaması, Qarabağ ermənilərinə qarşı etnik təmizləmə, soyqırımı və sair cəfəngiyyatlar uydurulmaqdadır. Daha bir məqam isə ölkəmizə “qeyri-demokratik ölkə” damğasının vurulmasıdır. Yəni, dünya erməniliyi və Ermənistan məhz vurğuladığımız bu yaramaz tezislərlə üstümüzə gəlir. Beləliklə, Azərbaycan əleyhinə qlobal antipatiya dalğası formalaşdırmaq yolunu tutur. Əlbəttə, daha bir məqam da var. Sən demə, Azərbaycan ruspərəst imiş. Erməni beyin mərkəzləri bu cəfəngiyyatı da tirajlamaqdadırlar. Həmin mərkəzlər Azərbaycan amilinin gücünü 44 günlük müharibə dönəmində yaxşı görmüşdülər. Savaş meydanı bir yana, onlar ölkəmizi işğalçı, təcavüzkar kimi təqdim etmək cəhdlərinin də uğursuzluqla nəticələndiyinə şahidlik etdilər. Bu səbəbdəndir ki, daha rəngarəng “gedişlərə” baş vururlar.

***

Lakin indi dünyada vəziyyət dəyişib, fərqli situasiya yaranıb. Rusiya, əvvəldə də bildirdiyimiz kimi, “izqoylaşdırılıb”. İrəvan mövcud siyasətdə yer almaq istəyini ortaya qoyur, öz “xidmətini” təklif edir. Var gücü ilə çalışır ki, Moskvanın Cənubi Qafqazla bağlılıq tellərinə zərbə vursun.

Məlum olduğu kimi, İrəvanın üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsindəki anti-Rusiya demarşları ötən ildən başlanıb. Qurumun 2022-ci ilin noyabrında Ermənistanın paytaxtında keçirilmiş iclası zamanı yaşananlar bu demarşların dramatik isterikasının göstəriciləri idi. Paşinyan Rusiya Prezidenti Vladimir Putinin qatıldığı sammitdə nəinki ona, eləcə də digər liderlərə hörmətsizlik yolu tutdu, bütün diplomatik etiketləri aşaraq, faktiki olaraq, toplantıdakıların səmərəsiz qurumda toplaşdıqları mesajını verdi. Səbəb isə bu idi – KTMT Azərbaycanın hərəkətlərinə qarşı adekvat siyasi qiymət vermir.

Qeyd etdiyimiz ritorika ötən müddətdə daha da gücləndi. Əgər başlanğıcda bu, Paşinyanın şıltaqlığı təəssüratı yaradırdısa, artıq erməni baş nazir davranışına, necə deyərlər, çəki-düzən verib. Moskvada da məsələnin ciddiliyini yaxşı anlayırlar. Ancaq, ümumən, Ermənistanın anti-Rusiya köklənişində KTMT kartının Qarabağ kartı qədər effektiv olduğunu söyləmək mümkünsüzdür. Yəqin, elə buna görə İrəvanın quruma qarşı əvvəlki zidd mövqeyi Rusiyada bir o qədər qıcıq doğurmurdu, elə ki, məsələ Qarabağ kartı ilə çulğalaşdı, Kremlin reaksiyaları kəskinləşməyə başladı. Moskvada da artıq tam dərk edirlər ki, Ermənistan hazırda Rusiyanın “izqoylaşdırılması” siyasətinin başlıca fiqurudur.

***

Rusiyaya ikinci Ukrayna lazım deyil. Amma ölkə prinsipsizlikdə göstərə bilməz. Bu baxımdan hansısa zəiflik uğursuzluq doğuracaq. Hərçənd, indiki durumda Moskvanın daha çox səbr eləməyə üstünlük verdiyini deyə bilərik. Əslində, iş səbrdən keçib, Kreml, sadəcə olaraq, dözür. Dözür və arada əks həmlələr də etməyi yaddan çıxarmır. Başa çatmaqda olan həftəmiz həmin əks həmlə səhnələri ilə yadda qaldı.

Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirdi ki, Moskva Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixdə imzaladıqları üçtərəfli Bəyanatla Qarabağı Ermənistana verdi. Əlbəttə, bu, kifayət qədər vulqar deyimdir. Simonyan həmişəki kimi, “ampluasına” sadiq qalaraq, belə demək mümkünsə, dozanı bir qədər artıq etdi. Ancaq, o, erməni ictimai rəyinin düşüncəsini açıqladı. Yəni, mövcud anlamda reallığı dilə gətirdi.

Simonyana cavab özünü çox gözlətmədi. Əvvəl Rusiyanın Xarici işlər naziri Sergey Lavrov, sonra Prezident Putin bildirdilər ki, Qarabağı Azərbaycana verən Ermənistanın özüdür. Onların hər ikisi fikirlərinin təsdiqi kimi, Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə ötən il oktyabrın 6-da keçirilmiş Praqa və bu il mayın 14-də gerçəkləşmiş Brüssel görüşlərini önə çəkdilər. Həmin görüşlər zamanı İrəvanın Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını vurğuladılar. Üstəlik, sözlərindən belə çıxdı ki, Moskva Qarabağa status verilməsini təklif etmişdi, ancaq Ermənistan rəhbərliyi bununla razılaşmamışdı...

Əlbəttə, həm Putin, həm də Lavrov yaxşı anlayırlar ki, İrəvanın dərdi başqadır. Bunu təxmin etmək o qədər də çətin deyil. Birincisi, Ermənistan Rusiyanın vasitəçilik missiyasını dondurub. İkincisi isə ölkə Qarabağ sevdasının axtarışı üçün başqa yol müəyyənləşdirib. Elə bir yol ki, Kremli nəinki Bakı-İrəvan tənzimləməsindən uzaqlaşdırır, eyni zamanda, bütövlükdə, Cənubi Qafqazdan çıxarmağı hədəf seçir. Deməli, Qarabağ amili Rusiyanın haqqında söz açdığımız “izqoylaşdırılma”sında vasitəyə çevrilir.

Diqqət yetirək, bir neçə gün əvvəl ABŞ Senatında Qarabağla bağlı dinləmələr keçirildi. Aydın oldu ki, proses Azərbaycanla yanaşı, Rusiyaya da yönəlib. Dinləmələr, faktiki olaraq, Rusiyanı Qarabağa görə günahlandırmaq tribunası idi. Sən demə, Moskva üçtərəfli bəyanat çərçivəsində üzərinə düşən öhdəlikləri yerinə yetirə bilmirmiş. Əlbəttə, burada həqiqət var. Məsələn, Kreml Qarabağ ərazisindəki qeyri-qanuni erməni hərbi birləşmələrini çıxarmağı bacarmayıb, başqa vurğulanmalı məqamlar da var. Ancaq demək olmaz ki, Moskva öz missiyasına etinasız yanaşıb.

Yəni, Rusiyanın 2020-ci ildən başlayaraq, sülhməramlı kimi həyata keçirdiyi bütün tədbirlər, necə deyərlər, Ermənistanın könlünü almağa yönəlmişdi. Hətta, qeyri-qanuni erməni silahlı birləşmələrinə silah-sursat, texnika daşınmasına köməkdən tutmuş, Qarabağ ermənilərinə pampers paylanmasınadək gerçəkləşdirdiyi bütün tədbirlər onu deməyə əsas verir ki, Moskva Qarabağ müstəvisində erməni təəssübünü yetərincə çəkdi. Amma “əməyi” qiymətləndirilmədi. ABŞ Senatındakı dinləmələr də bunun təsdiqidir.

Bəli, iş o yerə çatıb ki, Rusiya Qarabağdakı sülhyaratma missiyasına görə, az qala, xəyanətdə günahlandırılır. Hər halda, Ermənistan rəhbərliyinin, eləcə də dünya erməniliyinin yaratdığı görüntü bunu deməyə əsas verməkdədir. Mövcud fonda Moskvanın Cənubi Qafqaz siyasi akvatoriyası üçün tam lazımsızlığı obrazı formalaşdırılır. Qalıb Paşinyanın ölkəsindəki 102-ci hərbi bazanı çıxarılmasını tələb etməsi. Heç şübhəsiz, hadisələr ona da doğru gedir. Bir halda ki, Rusiya sülhməramlıları erməni maraqlarını qoruya bilmirlər, Gümrüdəki 102-ci hərbi bazanın nə işə yaradığı sual oluna bilər. Məlumdur ki, həmin baza Rusiyanın Türkiyə təhlükəsindən sığortası məqsədilə oradadır. Nikol deyə bilər ki, Ankara ölkəsi üçün təhlükə törətmir. Buna qarşılıq Moskvanın hansısa arqumenti varmı? Xeyr!

Digər tərəfdən, məlumdur ki, üçtərəfli bəyanat imzalananda Rusiyanın müharibəyə son qoyan obrazı meydana çıxdı. Bu obraz onun üçün müstəsna siyasi və mənəvi dividend idi. Əlbəttə, Ukrayna müharibəsi vəziyyəti xeyli dəyişdi. Ancaq Qərb total və hərtərfli xarakter daşıyan anti-Rusiya kampaniyasında Moskva üçün nəfəslik sayıla biləcək bütün nöqtələri tutmaqdadır. Bu baxımdan “Qarabağda müharibəni dayandıran ölkə” imicinin müsbət tərəfləri də ləkələnməli idi. İndi aydın olur ki, həmin ləkənin çamuru rolunda oynayan məhz Ermənistandır.

Bəs, mövcud durumda Rusiya hansı addımlar ata bilər. Bu barədə söz açmazdan əvvəl Mosvanın Ukraynada müharibədən əvvəl dünya birliyi ilə təmaslarına diqqət yetirək. Kreml tam şəkildə agah etmək istəyirdi ki, beynəlxalq aləmin ona qarşı gəlməsi düzgün deyil. Hansı məqamda “qırmızı cizgilər”in keçilə biləcəyini açıqlayırdı. Rusiyanın nöqteyi-nəzərindən baxanda onun özünü haqlı sayması üçün əsaslar, kifayət qədər, çox idi. Yəni, ölkə Ukrayna müharibəsini yaradıb işğalçı kimi tanınmağı arzulamazdı. Reallıq budur ki, Rusiya buna getmək məcburiyyətində qaldı. Mövzuya dair müxtəlif məqamlardan söz açmaq mümkündür. Əsas məsələ isə budur ki, Kreml özünün qlobal maraqlarına təhdidlərin yarandığını gördü və qarşısını almağa girişdi.

***

İndi Ermənistanın sayəsində Cənubi Qafqazda Rusiya baxımından oxşar mənzərə formalaşdığı gün kimi aydındır. Heç bir siyasi konfrantasiyalarda iştirak etməyən, yalnız öz maraqlarının qorunmasına çalışan, oyun qaydalarına ciddi riayət edən Azərbaycandan fərqli olaraq, Ermənistan bütün prinsipləri pozmaqdadır. Üstəlik, mövcud proses Rusiyaya açıq demarş notları ilə yadda qalmaqdadır. Belə bir durumda Rusiya Ermənistana xəbərdarlıqlar ünvanlamaqla məşğuldur. Nəinki xəbərdarlıq edir, eyni zamanda, çox incə mətləblərə toxunaraq, onu sanki qəflət yuxusundan ayıltmağa çalışır. Bu anlamda Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Ermənistan üçün fəlakət anonsuna Moskva–İrəvan yaxınlığı fonundakı sentimental motivləri əlavə etməsinə diqqət yetirək: “Belə əlaqələri bir və ya beş il ərzində qurmaq olmaz. Bu, tarixi bazadır. Bu, zamanla sınaqdan keçirilmiş hekayədir. Ən əsası, insanların ruhundan, ürəyindən gələn hekayədir. Bu, fürsətcillik deyil, haradasa proqramda yazılmır və həyata keçirilməsi insanların öhdəsinə buraxılmır. Bizim ölkədə insanlar belə düşünür, belə hiss edir, bu ölkəyə (Ermənistana – red.), bu insanlara (ermənilərə - red.) sevgi ilə yanaşırlar. Və hər şeyin üstündən xətt çəkmək... Mən ürəkdən ümid edirəm ki, Ermənistan rəhbərliyində heç kimin belə planı yoxdur”.

Lavrovdan, Putindən sonra Zaxarova. Rusiya Ermənistana daha nə deməlidir ki, ölkə özünə yığışsın? Heç nə! Və belə bir durumda ABŞ Senatında Qarabağ müzakirələri təşkil olunur, Moskva ittiham edilir. Hələ bu azmış kimi, Paşinyan deyir ki, ölkəsi Rusiya Prezidentinin Ermənistana daxil olacağı təqdirdə dərhal həbsini nəzərdə tutan Roma statutunu ratifikasiya edəcək.

Bütün bunların fonunda Ermənistanın tam haqsız durumda olduğu Qarabağ məsələsi, Azərbaycan–Ermənistan qoşunlarının təmas xəttində, şərti sərhəddə gərginliyin artması, hər ötən günün yeni müharibə müjdəçisinə çevrilməsi və M.Zaxarovanın da haqqında söz açdığı fəlakət. Bəli, Ermənistanın tutduğu yol, məhz, fəlakət yoludur. İrəvan bütün addımları ilə fəlakətin ayaq səslərini eşitdirir. Bunu okeanın o tayında da eşidirlər. Ancaq Ermənistandakılar eşitmir, ona görə ki, “kar”dırlar.

 

Əvəz CAHANGİROĞLU




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Əvəz RÜSTƏMOV