USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

​​​​​​​ABŞ Ermənistanda fəallığını artırır

Hayastanda hərbi təlimlər keçirən Vaşinqton Qafqaz danışıqları üzrə baş müşaviri bölgəyə göndərib


https://img.baki-baku.az/news/2023/09/photo_8297.jpg

Son vaxtlar ABŞ-ın regionda baş verən proseslərdə xüsusi fəallıq göstərdiyi diqqətdən yayınmır. Rəsmi Vaşinqtonun təşəbbüsü ilə ABŞ ərazisində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında bir neçə dəfə görüş keçirilib. Hətta, Virciniya ştatının Arlinqton şəhərində iki ölkənin XİN başçılarının görüşü son illərdə ilk dəfə olaraq, bir neçə gün (2023-cü il mayın 1-dən 4-dək) davam etməsi ilə fərqlənib. Bir ay sonra, iyunun 27-29-da Ceyhun Bayramov və Ararat Mirzoyan arasında yenə Arlinqtonda danışıqlar aparılıb. Vaşinqtonda olarkən onlar Dövlət katibi Antoni Blinken və ABŞ Prezidentinin köməkçisi və milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər.

Bu danışıqlardan az sonra – avqustun 3-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono regiona səfər edib. O, Xarici işlər naziri C.Bayramovla danışıqlar aparıb, Prezident İlham Əliyev tərəfindən qəbul olunub. Dövlətimizin başçısı görüş zamanı Azərbaycan tərəfinin sülh prosesini davam etdirmək əzmini bir daha təsdiqləyib və tezliklə danışıqlar çərçivəsində müzakirə olunan əsas istiqamətlər üzrə nəticələrin əldə ediləcəyinə ümidvar olduğunu bildirib.

Sentyabrın 1-də isə Dövlət katibi Blinken Azərbaycan Prezidentinə zəng edib. Telefon söhbəti zamanı Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Onu da qeyd edək ki, sentyabrın 11-dən Ermənistanda erməni-amerikan birgə hərbi təlimi keçirilir. Beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində Ermənistan sülhməramlı briqadasının “Zar” təlim mərkəzində keçirilən “Qartal tərəfdaş-2023” birgə hərbi təlimində 85 amerikalı və 175 erməni hərbçi iştirak edir. Sentyabrın 14-də ABŞ Quru Qoşunlarının Avropa və Afrika üzrə Baş Qərargah rəisinin müavini, briqada generalı Patrik Ellis və 10-cu dağ diviziyasının komandiri, general-mayor Qreqori Anderson hərbi təlimin gedişini müşahidə ediblər.

Generalları müşayiət edən ABŞ-ın Ermənistandakı səfiri Kristina Quinn deyib: “Qartal tərəfdaş” təlimi Ermənistanla uzunmüddətli əməkdaşlığımızın sübutudur və onun əsasını təhlükəsizlik və sülhməramlılıq sahələrində əməkdaşlıq təşkil edir”.

General-mayor Qreqori Anderson isə bildirib ki, Vaşinqtonun Ermənistanla çoxtərəfli əməkdaşlıq əlaqələri var: “Birləşmiş Ştatlar Ermənistanın silahlı qüvvələrinə, xüsusən də kütləvi qırğın silahlarının yayılmaması və sülhməramlı fəaliyyət kimi mühüm sahələrdə potensialın inkişafı sahəsində ardıcıl dəstək verib”.

Yeri gəlmişkən, qeyd edək ki, birgə hərbi təlimlər Rusiya rəhbərliyində böyük narazılıq doğurub. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ermənistan ərazisində erməni-amerikan birgə hərbi təlimləri sayıqlıq tələb edir. O, əlavə edib ki, təlimlər regionda vəziyyətin sabitləşməsinə kömək etmir.

Rusiya Xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib ki, ölkəsi təlimin Moskvada narahatlıqla qarşılandığını İrəvandakı müttəfiqlərinin diqqətinə ən ciddi şəkildə çatdırıb. “Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzrə müttəfiqdir. Biz hesab edirdik və indi də hesab edirik ki, müttəfiqlik ruhunda KTMT üzvləri ilə təlimlərin keçirilməsi praktikasına riayət etmək lazımdır”, – deyə diplomat TASS-ın sualını cavablandırarkən deyib.

Rusiya XİN başçısının digər müavini Aleksandr Qruşko isə Ermənistanın NATO-ya üzvlüyünün zəruriliyi ilə bağlı bəyanatları “böyük fantaziya” adlandırıb. Qeyd edib ki, Ermənistan KTMT-nin üzvüdür və biz reallıqdan çıxış edirik. Qruşko vurğulayıb ki, Moskva və İrəvan hərbi-siyasi əməkdaşlığı gücləndirməkdə davam edəcək: “Ermənistan bizim müttəfiqimizdir və biz təhlükəsizlik sahəsində bir-birimizə arxalanırıq. Əminəm ki, bu məqam uzun illər bizim ikitərəfli münasibətlərimizdə həlledici rol oynayacaq”.

Şifahi açıqlamalarla kifayətlənməyən Rusiya xarici siyasət idarəsi sentyabrın 8-də mətbuat üçün “Ermənistandakı vəziyyətlə bağlı” sərlövhəli açıqlama da yaymışdı. Açıqlamada qeyd olunurdu ki, Ermənistanın rəsmi dairələrində və siyasi elitada KTMT çərçivəsində Rusiya Federasiyası ilə ikitərəfli əsasda müttəfiqlik əlaqələrinin, eləcə də 2020-2022-ci illərdə Moskva, İrəvan və Bakı arasında imzalanmış üçtərəfli sazişlər paketinin məqsədəuyğun olub-olmadığına dair müəyyən şübhələr yaranıb: “Bütün bunların fonunda Ermənistan rəhbərliyi son günlər bir sıra qeyri-dost addımlar atıb, o cümlədən Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiya prosesinə başlanılıb, baş nazirin həyat yoldaşı Anna Akopyanın humanitar yardımın çatdırılması üçün Kiyevə səfəri gerçəkləşib, ABŞ-ın iştirakı ilə Ermənistan ərazisində hərbi təlimlərin keçirilir. Bütün bunlarla bağlı Ermənistanın Moskvadakı səfiri Vaqarşak Arutyunyan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona sərt nota təqdim olunub”.

***

Göründüyü kimi, Vaşinqton Bakı ilə İrəvan arasındakı danışıqlarda təşəbbüsü ələ aldığı kimi Ermənistanda hərbi varlığını da artırır. Bu kontekstdə ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun Ermənistana səfəri diqqəti cəlb edir. Yayılan məlumata görə, o, sentyabrın 14-də bu ölkənin təhlükəsizlik şurasının katibi Armen Qriqoryanla görüşüb.

Qriqoryan və Bono Qarabağ ətrafındakı durumu, humanitar vəziyyəti, eləcə də Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması ilə bağlı məsələləri müzakirə ediblər.

Onu da qeyd edək ki, Bononun bölgəyə səfəri əvəlcədən elan olunmayıb. Hətta, onun sentyabrın 15-də Senatın Xarici əlaqələr komitəsində keçirilən dinləmələrdə iştirakı planlaşdırılmışdı. Ancaq o, dinləmələrdə iştirak etməyərək, həmin gün İrəvanda peyda olmuşdu. “Turan” agentliyi bildirir ki, böyük ehtimalla Vaşinqton Bakı və İrəvan nümayəndələrinin ABŞ-da növbəti görüşünə hazırlaşır. Dövlət Departamentinin nümayəndələri agentliyin Vaşinqton müxbiri ilə söhbətdə belə bir görüşün keçiriləcəyini bəyan ediblər.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Qafqaz danışıqları üzrə baş müşavirin İrəvanla yanaşı, Bakıya da gələcəyi bildirilib. Qeyd olunub ki, Bono davamlı və ləyaqətli sülhə nail olmaq üçün tərəflərə ABŞ-ın dəstəyini müzakirə edəcək.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller isə keçirdiyi brifinq zamanı Bononun səfəri ilə bağlı konkret heç nə deyə bilməyəcəyini vurğulayıb: “Biz həm qısamüddətli prioritet olan Laçın yolunun açılmasına (?), həm də əlbəttə ki, uzunmüddətli prioritetimizə sadiq qalmaqda davam edirik. Uzunmüddətli prioritet bütün məsələnin sülh yolu ilə həllinə nail olmaqdır”, – deyə Metyu Miller qeyd edib.

Onu da deyək ki, Vaşinqton Xankəndidəki qondarma separatçı rejimin sentyabrın 9-da keçirdiyi “seçkiləri” qanunsuz hesab edib. Metyu Miller Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində erməni separatçıların keçirdiyi “seçkilər”i tanımadığını açıqlayıb. ABŞ-ın Ermənistanda təsir gücünün artdığı bir vaxtda, Vaşinqtonun İrəvana Azərbaycanla sülhə gəlmək üçün təsir göstərməsinə ehtiyac duyulur. Çünki Cənubi Qafqazda sülh regionun çiçəklənməsinə xidmət etməklə yanaşı, ABŞ-ın da maraqlarına uyğundur. Bunun əvəzində ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifələrini icra edən Yuri Kimin Senatda keçirilən dinləmələrdə dilə gətirdiyi, bölgədə mövcud vəziyyətə və reallıqlara uyğun gəlməyən mövqeyi təəssüf doğurur.

 

Səxavət HƏMİD

 

Fərhad MƏMMƏDOV, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru

– Sentyabrın 14-də ABŞ Senatının Xarici əlaqələr komitəsində keçirilən dinləmələrdə ermənipərəst senatorların təxribatçı çıxışları, əlbəttə, gözlənilən idi. Lakin Dövlət Departamenti rəsmisinin bu cür çıxış etməsi, sözün doğrusu, bizi təəccübləndirdi. Həm də çox pis mənada. Çünki Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim tam olaraq erməni mövqeyindən çıxış etdi. Elə bil Robert Menendezdən daha çox ermənipərəst olmağa çalışırdı.

Digər tərəfdən, Dövlət Departamentinin rəsmisi ABŞ-ın mövqeyindəki qeyri-müəyyənlikləri, demək olar ki, tamamilə aradan qaldırdı və Vaşinqtonun mövqeyi şəxsən mənə tam aydın oldu. Bununla bağlı, demək olar ki, ABŞ-ın bu cür yanaşması Azərbaycan üçün bir təhdiddir. Onun danışıqlarda vasitəçi kimi çıxış etməsi, deyərdim ki, artıq sual altındadır. Çünki bu yanaşma birbaşa olaraq Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir və Qarabağın ölkəmizdən qoparılmasına xidmət edir. Əlbəttə, bu, qəbuledilməzdir. Əgər biz Dövlət Departamentinin nümayəndəsinin yanaşmasını ümumi xarakterizə etsək, deməliyik ki, bu, ədalətsizlik və hətta vicdansızlıqdır. Bu mənada düşünürəm ki, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun regiona səfəri səmərəli olmayacaq. Azərbaycan ABŞ-ın təşəbbüslərinə və ümumiyyətlə, onun vasitəçiliyinə yenidən baxmalıdır.

 




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Səxavət HƏMİD