USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistan dövlətçiliyini itirmək təhlükəsi qarşısında

​​​​​​​Xaçikyan həyəcan təbili çalır


https://img.baki-baku.az/news/2023/09/photo_8296.jpg

Ermənistan dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzədir. Bu, indiki hakimiyyətin beşillik “fəaliyyətinin” nəticəsidir. Belə bir fikri ABŞ-ın Stenford Universitetinin erməni əsilli siyasi elmlər doktoru Artur Xaçikyan dilə gətirib.

Əslində, Ermənistan dövlətçiliyinin itirilməsi proqnozu üzərində qurulmuş fikirlər yalnız A.Xaçikyanın düşüncəsinin məhsulu sayılmamalıdır. Sosial şəbəkələrin erməni seqmentində də mövcud istiqamətdə çoxsaylı tutarlı əsaslandırmalara rast gəlirik. Əlbəttə, həmin əsaslandırma müəlliflərinin yalnız az qismində vəziyyətə rasional baxış ifadə olunmaqdadır. Əksəriyyət, gücü baş nazir Nikol Paşinyanın və onun komandasının səriştəsizliyi motivlərinə yönəldir. Belələri hazırkı iqtidarın devrilməli, yerinə milli qüvvələrin gəlməli olduğunu vurğulayırlar. Milli qüvvələr kimlərdir – Koçaryan-Sarkisyan xuntası və ona yaxın şəxslər. Yəni, hər bir halda iflas qaçılmazdır. Çünki bu qüvvələrin hakimiyyətdə olması da ənənəvi erməni xəstəliyini sağaltmayacaq. Əksinə, Qarabağ avantürası daha da güclənəcək ki, bu da yekun nəticədə məhv olmaq deməkdir...

***

Bəli, A.Xaçikyan da özünün baxışları ilə anti-Paşinyan mövqe tutsa da, politoloqun fikirlərinin rellıqdan uzaq olmadığı vurğulanmalıdır. Onun sözlərinə görə, Ermənistan dövlətçiliyinə təhdidlərin mövcudluğuna baş nazirin özü də eyham vurub. Ancaq, Xaçikyanın fikrincə, bunların fonunda hakimiyyətin hərəkətləri qəbuledilməzdir: “Görünür, Ermənistanın məğlub olması üçün hər şey edilir. Biz, deyəsən, qəsdən məğlubiyyət yolu ilə gedirik. Yəni, vəziyyəti daha da gərginləşdirmək üçün addımlar atırıq”.

A.Xaçikyan, eyni zamanda, Ermənistana artan təhlükəsizlik təhdidləri fonunda hakimiyyətin anti-Rusiya addımlarına qarşı çıxıb. O deyib ki, bu yolla ölkə iqtidarı Bakı üçün imkanları genişləndirir, ona yenidən Moskva ilə razılığa gəlmək imkanı verir. Ekspert bu qənaətdədir ki, Nikol və komandası Rusiya üçün Cənubi Qafqazda ikinci cəbhə açmağa cəhd göstərir və Qərbin razılığı ilə reallaşdırılan bu xətt Cənubi Qafqazda yeni eskalasiya mühiti doğurmaq potensialındadır.

“Dünya çox sürətlə böyük müharibəyə doğru irəliləyir və biz ətrafımızda baş verənləri başa düşməliyik. Təkcə Ukraynada deyil, Qara dənizdə də eskalasiya müşahidə olunur. Qərb Ukraynaya uzaqmənzilli raketlər verməyi planlaşdırır, Rusiya ərazisində hər yerdə pilotsuz təyyarələr vurulur”, – deyən erməni politoloq  Moskvadan getdikcə daha çox “Ermənistanın Qərbyönlü hakimiyyəti Rusiyanı Türkiyə və Azərbaycana qarşı müharibəyə sürükləməyə və bununla da ikinci cəbhə yaratmağa çalışır” kimi bəyanatların eşidilməyə başlandığını vurğulayıb.

***

Məlumdur ki, Ermənistan baş naziri, eləcə də ölkə hakimiyyətində təmsil olunan şəxslər son zamanlar Rusiyanı 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirməməkdə günahlandırırlar. Hətta Ermənistan parlamentinin spikeri bir qədər də “irəli” gedərək belə fikir səsləndirib ki, Moskva sözügedən bəyanatla Qarabağı Azərbaycana verib. Doğrudur, Simonyanın bu sözlərinə qarşılıq Rusiyadan da reaksiyalar gəldi. Həm ölkə Prezidenti Vladimir Putin, həm də Xarici işlər naziri Sergey Lavrov bildirdilər ki, N.Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirdiyi Praqa (6 oktyabr 2022-ci il) və Brüssel (14 may 2023-cü il) görüşlərində əldə olunmuş razılığa imza atmaqla, Qarabağı Bakının yurisdiksiyasında olan ərazi kimi tanıdı. Yəni, bu, o deməkdir ki, İrəvanın Moskvanı erməni mənafelərini qurban verməkdə günahlandırması cəfəngiyyatdır.

Ancaq onu da deməliyik ki, Paşinyan administrasiyası “Rusiya üçtərəfli bəyanatla Qarabağı Azərbaycana verdi” ritorikasını gündəmə gətirməklə başqa məqsədi güdür. Bu kəsim belə düşüncədədir ki, özünün hazırkı fəaliyyəti Qarabağı geri qaytarmağa hesablanıb. Mövcud xüsusda bölgə ermənilərinin hüquq və təhlükəsizliyi məsələsi əsas götürülür. Ermənistan hakimiyyəti çalışır ki, bu məsələ Azərbaycanla bağlanacaq sülh müqaviləsində əksini tapsın. Beləliklə, Qarabağ avantürası fonunda Azərbaycana qarşı ərazi iddiası varlığını qorusun. Nəzərə alaq ki, bu qoruma həm də Rusiyanın vaxtilə təklif etdiyi Qarabağa status məntiqinə alternativ kimi irəli sürülür. Yəni, dolayısı ilə bildirilir ki, Ermənistana Rusiya Qarabağa görə lazım idi, onun da çarəsini, Paşinyanın komandasının fikrincə, özləri tapıblar. Deməli, artıq Moskvaya ehtiyac yoxdur.

Digər tərəfdən, Ermənistan Rusiyanın ona lazım olmadığını Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı timsalında da göstərməyə çalışır. N.Paşinyan və digər erməni rəsmiləri qurumun ölkələrinin təhlükəsizliyinin qorunmasında aciz mövqe tutduğunu bildirirlər. Mövcud anlamda Azərbaycanın 2022-ci ilin sentyabrında, guya Ermənistanın ərazisini işğal etdiyi və KTMT-nin bunu susqunluqla qarşıladığı qabardılır.  

Onu da vurğulayaq ki, istər Qarabağ avantürasının fərqli, daha doğrusu, Rusiyanın status egidasından kənar davam trayektoriyası, istərsə də Moskvanın hakim rol oynadığı KTMT-ni nüfuzdan salmaq cəhdləri, müvafiq olaraq Birləşmiş Ştatların və digər Qərb dairələrinin Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə əlaqədar çağırışları Ermənistanın xarici siyasət konturlarında yeni istiqamətin göstəriciləri kimi diqqət çəkməkdədir. Əslində, buna yeni istiqamət demək olmaz. Onsuz da Paşinyan Qərb meyilli idi. Sadəcə, birinci dəfə Qərbə arxalanıb müharibəyə başladı və acınacaqlı durumla üzləşdi. Müharibənin üzərindən, demək olar, üç ilədək vaxt keçib və görünür, Nikol yenə onu 44 günlük savaşa aparan məntiqi gücləndirmək yolu tutur.

A.Xaçikyan isə əsaslandırmaq istəyir ki, Nikolun tutduğu yol son dərəcə yanlışdır. Politoloqun Ermənistanın dövlətçiliyinin iflası baxımından, belə demək mümkünsə, çaldığı həyəcan təbili də bununla əlaqədardır. Siyasi analitik hadisələrin davamı olaraq Ermənistan rəhbərliyinin yaxın zamanlarda Rusiyadan Cənubi Qafqazı tamamilə tərk etmək yönümlü açıq çağırışın səslənməsi ehtimalını qabardır. Onun fikrincə, Qərbin Moskva əleyhinə ikinci cəbhəsi bu zaman açılacaq.

Ancaq A.Xaçikyan Rusiyanın aktiv müdaxiləsi fonunda Qərbin buna qarşı hansısa ciddi tədbir görmək istəklərinə də şübhəli yanaşır. Politoloqun qənaətincə, məhz belə bir durumda, daha doğrusu, hadisələrin bu cür inkişafını tapacağı təqdirdə, Ermənistanın bir dövlət kimi yer üzündən tamamilə silinməsi məsələsi gerçəkləşə bilər. Hər halda Kremlin səbri də müəyyən yerə qədərdir.

 

Ə.RÜSTƏMOV




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Əvəz RÜSTƏMOV