USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

ABŞ Senatındakı ermənipərəstlik şousu

Menendezlərin Qarabağ “təəssübünə” sözardı


https://img.baki-baku.az/news/2023/09/photo_8295.jpg

“Dağlıq Qarabağda böhranın qiymətləndirilməsi”– ABŞ Senatının Beynəlxalq əlaqələr komissiyasında bu mövzuda dinləmələr keçirilib. Müzakirə başlayar-başlamaz komissiyanın sədri Robert Menendez deyib ki, Azərbaycan artıq bir neçə aydır Laçın dəhlizinə girişi bağlayıb, acından ölən Qarabağ ermənilərinə, hətta humanitar yardımın çatdırılmasına da imkan vermir. Qatı ermənipərəst, anti-türk, anti-Azərbaycan mövqeyi ilə seçilən R.Menendez tərəfindən belə fikirlərin söylənilməsi heç də təəccüblü sayılmamalıdır.

***

Bəli, R.Menendez susmaq bilmir. Ermənistanın Qarabağ müstəvisində qaldırdığı avantürizm oyununa xüsusi “çalarlar” gətirməkdə davam edir. Hər halda, bunu bacardığını deyə bilərik. Müzakirə təşkil edib. Elə bir müzakirə ki, ora ABŞ Dövlət Departamentindən də təmsilçi qatılıb. Söhbət Birləşmiş Ştatların Dövlət katibinin Avropa və Asiya məsələləri üzrə müavini vəzifəsini icra edən Yuri Kimdən gedir. Xanım Kimin, eləcə də R.Menendezin sözügedən müzakirə gedişində nələri danışmaları haqqında söz açmazdan əvvəl, diqqəti dinləmənin qarşısına qoyduğu başlıca hədəfə yönəldək.

Əlbəttə, məqsəd Ermənistana dəstəkdir. Ancaq dəstək necə əsaslandırılır? Hiss olunur ki, R.Menendez ermənipərəst ritorikasının vacibliyini Rusiya amilinə kökləmək yolunu tutur. Təxminən belə: Ermənistan Cənubi Qafqazda Rusiyaya qarşı mübarizənin qalasıdır və onun müdafiəsinə ehtiyac var. Bu ehtiyacın qarşılanması üçün isə ölkənin Qarabağ avantürasına dəstək göstərilməlidir.

Digər bir məqam isə uzun müddət Moskvanın təsiri altında olan İrəvanın Rusiyanın orbitindən qoparmağın Birləşmiş Ştatların milli maraqlarından irəli gələn hal kimi qiymətləndirilməsidir. Menendezin həmkarı senator Pat Rikketsin Y.Kimə ünvanladığı, belə demək mümkünsə, suallı manifestə diqqət yetirək: “SSRİ-nin dağılmasından sonra Ermənistan Rusiyanın təhlükəsizlik sahəsində mühüm tərəfdaşına çevrildi. Burada Rusiyanın hərbi bazalarından biri yerləşir. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və əsasən Dağlıq Qarabağın təhlükəsizliyində oynadığı rola görə Rusiya ilə münasibətlərinə böyük önəm verir. Lakin Rusiyanın 2020-ci il münaqişəsinə qarışmaq istəmədiyini nəzərə alsaq, Ermənistanın onunla uzunmüddətli tərəfdaşlığına şübhə etməyə başladığı və Qərbə meyil etdiyi görünür. Bu ayın əvvəlində Ermənistan baş naziri bildirib ki, Rusiyaya olan ümidlər özünü doğrultmur. Rusiyanın öz ordusunu silahlandırmaq problemi var. Ermənistan baş nazirinin sözlərinə görə, təhlükəsizlik məsələlərində bir tərəfdaşa güvənmək strateji səhvdir. Bundan sonra Ermənistan ilk dəfə olaraq Ukraynaya humanitar yardım göndərib. Bu həftə erməni-amerikan hərbi təlimləri başlayıb. Bu, Kreml üçün açıq-aşkar və həyəcanverici haldır. Ermənistanın son hərəkətləri Rusiyanın daimi dönüşüdürmü? Yoxsa Moskvanı Dağlıq Qarabağa daha çox qarışmağa sövq etməyə çalışırlar?”

Bəli, məqsəd Birləşmiş Ştatların Ermənistana fəal yardımı xüsusunda ölkənin Cənubi Qafqazdakı gərginliyə daha aktiv qoşulmasına nail olmaqdır. Vaşinqton bu platformaya açıq müdaxilə etsin və Azərbaycanı cəzalandırsın. Özü də, guya, ruspərəst mövqe tutan Azərbaycanı. Hər halda belə bir təəssüratın formalaşdırılması, yəni Bakını Moskvaya yaxın göstərmək cəhdlərinin olduğu aşkardır. Ancaq məqsədə çatmaq naminə seçilmiş metod, gətirilmiş arqumentlər son dərəcə primitv təsir bağışlamaqdadır.

ABŞ kimi ölkədə senator missiyasını yerinə yetirən şəxslərin səfehliyi heyrət doğurur. Söhbət heç ondan da getmir ki, Rikkets, yaxud onunla eyni ağılda olan kimsə Azərbaycanın ABŞ üçün əhəmiyyətini qiymətləndirə bilmir. Bu adamlar, ümumiyyətlə, heç Ermənistanı da tanımırlar. Yuxarıdakı sitat naşılıqdan başqa bir şey deyil.

Birincisi, Rikketsin fikirləri son zamanların ümumi şablonudur. İkincisi, o, Ermənistanın 2018-ci ildə Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə Rusiyanın orbitindən çıxdığını bilmir. O elə danışır, sanki İrəvan iqtidarı birdən-birə görüb ki, Kreml ona heç bir kömək etmir, o səbəbdən də üzünü Qərbə çevirib.

Bəli, Menendez gerizəkalıları ətrafına yığıb. Çox güman, erməni lobbi və diaspor təşkilatlarından aldığı maliyyə vəsaitindən onlara da nə isə ötürüb. Yeri gəlmişkən, qatı ermənipərəst senatorun alıb-vermək işlərindən söz açacağıq. İndilik Y.Kimin Rikketsin sualına verdiyi cavaba diqqət yetirək. Onu da deyək ki, xanım Kim siyasi dünyagörüşü baxımından dayaz məlumatlı senatorlardan bir o qədər fərqlənmir. O bildirir ki, 2022-ci ilin fevralından sonra Rusiya ilə qonşu olan bütün ölkələr “gözləri açıq yatırlar”. Hər kəs Rusiyanın qonşularının suverenliyinə və ərazi bütövlüyünə sayğısızlığının açıq təzahürünü görür, başa düşür və rus qoşunlarının öz ölkələrinin ərazilərinə dəvət edilməsi məsələsinə, yeganə enerji təchizatçısı kimi Rusiyaya güvənməyə şübhə ilə yanaşır: “Bu, bizə bu ölkələrlə əlaqələri inkişaf etdirmək imkanı verir. Qoşunlarımız ilk dəfə ikitərəfli təlimlər keçirmək üçün Ermənistandadır və biz bu vəziyyətdən istifadəyə davam edəcəyik”.

ABŞ Dövlət Departameninin təmsilçisi Rikketsin “Ermənistan Rusiyanı Dağlıq Qarabağda fəallaşmağa sövq etmək istəyir, yoxsa doğrudan da, Rusiyadan qopmaq niyyətindədir? sualına cavabında bildirib: “Bu barədə danışmaq hələ tezdir. Amma, bu o demək deyil ki, biz vəziyyəti arzuladığımız nöqtəyə çatdırmağa çalışmamalıyıq. Və bu məqam Rusiyadan fərqli olaraq, bizim tərəfdaşımız olmaq üçün real qərardır. Ancaq buna nail olmaq üçün orada olmalıyıq. Ona görə Ermənistana dəstəyimiz və tərəfdaşlığımız vacibdir”.

***

Ancaq Ermənistan iqtisadi, hərbi və digər aspektlərdə Rusiyadan asılıdır.  Ölkənin Qərbə doğru hərəkətini davam etdirəcəyi təqdirdə, Moskva məcburi tədbirlərə əl ata bilər. Qeyd edək ki, son zamanlar Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın açıqlaması, eləcə də ölkənin müxtəlif siyasi dairələrinin təmsilçilərinin bildirdikləri onu söyləməyə əsas verir ki, Paşinyan administrasiyasının Qərbə açdığı qucaq böyüdükcə, Ermənistanın fəlakətlə üzləşmək aqibəti yaxınlaşır. Yaxşı ki, Birləşmiş Ştatların başıboş senatorları heç olmasa, bu amili düşünə bilirlər. Elə Rikkets də düşünüb və onun dinləmələr zamanı Y.Kimə ünvanladığı növbəti sual da məhz qeyd etdiyimiz məqamla bağlıdır. Xanım diplomatın cavabı isə maraqlıdır. O deyir ki, Vladimir Putin və Rusiya iradələrinə tabe olmayan hər kəsə qarşı qisas hissi bəslənildiyini sübuta yetirdilər: “Bəli, biz bu məsələdə çox ayıq-sayığıq. Hadisələri diqqətlə izləməli, Ermənistana həm onun inkişafı, həm də müdafiə və təhlükəsizlik sahəsində tərəfdaşlıq istiqamətində məqbul olan dəstəyi artırmalıyıq ki, Ermənistan istədiyi dönüşü etsin”.

Deməli, ABŞ-da da Rusiyanın Ermənistanı əzə bilməsi ehtimalını nəzərdən keçirirlər. Y.Kimin açıqlaması isə göstərir ki, belə bir halın yaşanacağı təqdirdə, Vaşinqtonun İrəvana dəstəyi yalnız “qorxma” demək olacaq. Yəni, əməli fəaliyyətdən söhbət getməyəcək. Əslində, bütün dünya Birləşmiş Ştatların və Qərbin Rusiya ilə mübarizədə Ukraynaya dəstəyini gördü. Gördü ki, bu dəstək ölkəni xarabazara çevrilməkdən qurtarmır, əksinə böhranı daha da dərinləşdirir. O zaman sual yaranır: Ermənistan da Ukraynanın yolu ilə getmək istəyir? Nəzərə alaq ki, ikinci yardımsız filansız birincidən qat-qat güclüdür və hələ güclü olduğu, üstəlik, xaricdən, kifayət qədər, böyük yardımlar əldə etdiyi halda, yenə uğur qazana bilmir. Əlbəttə, mövcud durumun qazanclısı ABŞ-dır. O, Rusiyanı zəiflətdiyi qənaətindədir. Ancaq kiçik Ermənistan Rusiyanı əldən salmaq üçün nə dərəcədə münbit platformadır?

***

Necə deyərlər, ayının min oyunu bir armudun başındadır. Ermənipərəstlərin baxışında Vaşinqtonun Ermənistana görə Azərbaycandan vaz keçməyinin mümkünsüzlüyü anlayışı yoxdur. Ancaq Senatdakı dinləmələrin gedişi ilə bağlı məlumatların təhlili göstərir ki, mövzu, istər-istəməz, İrəvanın nə dərəcədə zəruriliyi amili üzərinə gəlir. Menendez və digərləri nə qədər Ermənistanın müdafiəsinin ABŞ-ın Rusyaya qarşı dirənişi baxımından vacibliyini vurğulasalar da, tərəddüdlər qalmaqdadır. Durum həm də ona görə tərəddüdlüdür ki, görünür, İrəvana tam mənada etimad yoxdur. Rusiyaya dönük çıxan, ABŞ-dan niyə üz döndərməsin? Bir halda ki, Ermənistan adlı dövlətin özünün düşünülmüş siyasəti istisnadır, o, daim müxtəlif qütblər arasında çirkin manevr yollarını nəzərdən keçirəcək. Belə yanaşma tərzinə isə əsla bel bağlanılmaz.

Əlbəttə, demək olmaz ki, Birləşmiş Ştatlar administrasiyası Azərbaycan–Ermənistan münasibətlərinə ədalətli mövqedən yanaşır. Laçın–Xankəndi yolu açıqdır. Oradan erməni əhali asanlıqla gedib-gələ bilir. Yəni, sərhədi keçib Ermənistana, yaxud əksinə hərəkət etmək imkanları var. Bəli, Azərbaycan digər yüklərin ölkəmizə buraxılmasına razı deyil. Əvvəla, Ermənistanın belə daşınmalar müstəvisində spekulyasiyaları nəzərə alınır. İkincisi, ölkə Qarabağ ermənilərinə humanitar yardım məsələsini siyasiləşdirib. Ən əsası isə İrəvan Laçın-Xankəndi yolunun açılmasını tələb etdiyi halda, separatçı rejim Azərbaycanın Ağdam-Xankəndi yolundan istifadəsinə imkan yaratmır. Bu, müstəqil Azərbaycanın suveren hüquqlarının pozulmasıdır. Bəs, Vaşinqtonun baş verənlərə reaksiyası necədir?

Azərbaycan-Ermənistan münasibətlərinin nizamlamasında vasitəçi funksiyasını üzərinə götürmüş ABŞ son vaxtlaradək problemə münasibətdə ədalətli kimi sayıla biləcək mövqe ortaya qoyurdusa, indi yalnız ermənipərəstliyi müşahidə edirik. Məsələn, Dövlət katibi Antoni Blinkenin verdiyi açıqlamalarda Laçın-Xankəndi yolunun dərhal açılmasına yönələn çağırışların sayı artmaqdadır. Belə çıxır ki, Azərbaycanın suveren ərazisi hamının sərbəst şəkildə gəlib-gedə biləcəyi “boz zona” olmalıdır?! Bu məntiq nə dərəcədə məqbuldur? Əlbəttə, tam qəbuledilməzdir. İndi Dövlət Departamentinin təmsilçisi Y.Kimin ermənipərəstlərin Senat yığıncağında söylədikləri də, əslində, Blinkenin dediklərindən bir o qədər fərqlənmir.

Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsinin Vaşinqtonun milli təhlükəsizlik maraqlarından irəli gəldiyini, Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün Rusiya, Çin və İran kimi aktorların regiona mənfi təsirləri ilə mübarizə aparmağın zəruriliyini deyən xanım diplomat regionda sülhün bərqərarı naminə ciddi problemlərdən biri kimi etibarın olmamasından söz açıb. Bu isə Y.Kimin fikrincə, həm də illərlə davam etmiş münaqişə və gərginliyin nəticəsidir. Bəs, onun təbirincə vurğulasaq, Vaşinqton bütün tərəfləri konstruktiv işləməyə necə təşviq edir və həvəsləndirir? Bunu “Laçın dəhlizi dərhal açılmalıdır, mövcud istiqamətdə hansısa ləngimə olmamalıdır” söyləməkləmi həyata keçirmək istəyir? Bəlkə “ABŞ Dağlıq Qarabağ əhalisinə qarşı hansısa hücuma dözməyəcək” şəklində bəyanat verməkləmi? Görəsən, Vaşinqton Administrasiyasında anlayırlarmı ki, belə bəyanatlar Ermənistan rəhbərliyindəki, o cümlədən, erməni siyasi dairələrindəki illüziyanı daha da dərinləşdirir, sülhün yaranmasına mənfi təsir göstərir? Məsələni qavramaq çoxmu çətindir? R.Menendez kimi klassik ermənipərəstlərin qurduğu siyasi tamaşada rol almaq necə, Birləşmiş Ştatların milli maraqlarına cavab verir? Ölkənin ali rəhbərliyi doğrudanmı hesab edir ki, bu yolla nəyəsə nail olacaq? Suallar çoxdur, cavablar isə yoxdur.

***

Sonda əvvəldə bildirdiyimiz kimi, Senatdakı siyasi tamaşanın “ssenari müəllifi” R.Menendezdən söz açaq. Görəsən, ABŞ rəsmiləri “Nyu-York Tayms”ı oxumurlar? Qəzet vaxtilə yazırdı ki, Menendezin həyat yoldaşı 400 min dollar qızıl külçə satıb. Amerika və 400 min dollarlıq qızıl külçə? Təsəvvür edirsinizmi? Digər tərəfdən, 2006-cı ildən ABŞ Senatının üzvü olan Menendez Türkiyə və Azərbaycanda türk düşməni kimi tanınır. Onun 400 min dollarlıq qızıl külçəsi satan arvadı isə senatorun 2020-ci ildə ailə qurduğu erməni əsilli Nadine Arslanyandır. Cənab Menendez N.Arslanyanı necə sevibsə, onunla evləndikdən sonra türklərə qarşı düşmənçilik hisslərinə köklənib. Təbiidir ki, Amerika Erməniləri Milli Komitəsinin sevimlisinə çevrilib.

Onu da deyək ki, senator vaxtilə N.Arslanyaninin 2014-cü ildə ipoteka ilə aldığı mənzilin aylıq 1.897 dollar ödənişi verməkdə üzləşdiyi çətinliyi də dəf edib. Erməni əsilli xanım 2020-ci ildəki çıxışlarının birində Menendezin köməyilə Senat tərəfindən 1915-ci ilin qondarma “erməni soyqırımı”nın tanınması üçün işlər apardığını deyib. Yəni, sevgi Robertin üzərinə belə bir “ipoteka öhdəliyini” də yükləyib.

Bəli, adı çoxsaylı korrupsiya qalmaqallarında hallanan R.Menendez bir necə aydır özü kimi ermənipərəst senatorları ətrafına toplayıb Laçın yolunun məhz dəhliz statusunda açılmasına çalışır. İstəyi və tələbi isə budur - ABŞ Azərbaycana təzyiq göstərsin!

“Nyu-York Post” qəzetinin vaxtilə “utanmaz və həyasız korrupsioner” adlandırdığı R.Menendez Birləşmiş Ştatların Azərbaycana göstərdiyi illik hərbi yardımı dayandırmalı, Ermənistana maliyyə dəstəyi verməli olduğunu təşviq edir. Senatorun bir “arzusu” da var – ABŞ Konqresi 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə qəbul etdiyi "Azadlığa Dəstək" Aktına qəbul olunmuş 907-ci düzəlişin yenidən qüvvəyə minməsi, nəticədə Vaşinqtonun Bakıya birbaşa dövlət yardımının qadağan olunması.

***

Bütün bunlardan sonra ABŞ Cənubi Qafqaz müstəvisində fəallaşmaq, Rusiyaya qarşı mübarizə aparmaqdan danışır. Hələ onun vasitəçilik imicinin korlanmasını bir kənara qoyuruq. Birləşmiş Ştatlar Administrasiyası Menendez kimilərin ölkənin ictimai rəyinə, hakimiyyətinə dürtmək istədiyi ermənipərəstlik mərəzi iləmi Cənubi Qafqazda söz sahibi olmağa çalışır? Tamam, anlayırıq ki, Rusiyanın bölgədə öz oyunu var, ölkənin bəzi siyasi dairələri də ağına-bozuna baxmadan ermənipərəstlik edir, ümumən destruktiv mövqe tuturlar.

 

Ə.CAHANGİROĞLU




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Əvəz RÜSTƏMOV