- Prezident
- 15:15 25.09.2023
Ötən əsrin son onilliyində də, bu əsrin ilk onilliyində də kimsə güman etməzdi ki, çoxsaylı himayədarları olan, bütün beynəlxalq təşkilatlarda və aparıcı dövlətlərdə sözü keçən, monoetnik dövlət yaratmaq üçün yüz minlərlə azərbaycanlını yurd-yuvasından didərgin salaraq bütün hüquqlarını pozan, sonra isə BMT üzvü olan bir ölkənin ərazilərinin 20 faizini işğal edərək, viranəyə çevirən Ermənistan nə vaxtsa bu günə düşəcək. İndi beynəlxalq aləmdə Ermənistanın nüfuzu Nikol Paşinyanın nüfuzundan o qədər də çox deyil.
Azərbaycan əsgərinin 2020-ci ilin payızındakı sarsıdıcı zərbəsindən sonra hamının gözündən düşən, meydanda tək qalan və sarsaq-sarsaq bəyanatlar verməkdən başqa əlindən heç nə gəlməyən İrəvan üçün qapısını döyməli bir ünvan qalmayıb. Artıq Emmanuel Makron Ermənistan üçün heç nə edə bilmir, İran verdiyi vədlərin çoxunun arxasından qaçır, Kremli Paşinyanın özü “qovub”, Ağ Ev dünyanın gələcəyi üçün qurulan iqtisadi layihələri bir ovuc quldur erməninin maraqlarına qurban vermək istəmir, Avropa ölkələri isə onlara erməni konyakı yox, neft, qaz, son zamanlar isə həm də “yaşıl” enerji lazım olduğunu gizlətmirlər. Bir cümləyə topladığımız bu qədər faktların hamısı Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlardır.
Ermənistanı daha çox gözdən salan məqamlardan biri də 2020-ci il noyabrın 10-da məhz Rusiya Prezidentinin təşəbbüsü ilə – İrəvanın İkinci Qarabağ müharibəsindən daha az itki ilə çıxmasına zəmin yaradan üçtərəfli Bəyanatın prinsiplərinin qulaqardına vurulması, orada nəzərdə tutulan müddəaların icrasından imtina edilməsi oldu. İş o yerə çatdı ki, həm ölkə daxilində, həm də Azərbaycan ərazisində olan qondarma dövlətdə xaos və anarxiya heç zaman olmayan bir səviyyəyə çatdı. Qarabağdakı xuntanın rəhbəri Ermənistan baş nazirini ittiham etdi, baş nazir isə Moskvanı, KTMT-ni və BMT-ni. Nəticə göz qabağındadır.
Baş terrorçu Araik Arutyunyanın istefaya məcbur edilməsindən sonra Xankəndidə keçirilən saxta prezident seçkiləri “Artsax”ın işlərini bir az da geri saldı. Əvvəlcə xəbərlər gəldi ki, guya, kimlərsə bu seçkinin nəticələrini tanıyacaqlar. Sonra isə məlum oldu ki...
Əvvəla, ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller mətbuat üçün brifinqində dedi ki, biz Qarabağı müstəqil və suveren ölkə kimi tanımırıq: “Biz ötən həftə də bəyan etdik ki, Qarabağı müstəqil və suveren ölkə kimi tanımırıq və eyni zamanda, burada keçirilən qondarma “prezident seçkiləri”ni tanımırıq”.
İkincisi: Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin Xarici İşlər və Təhlükəsizlik siyasəti üzrə sözçüsü Nabila Massrali bildirib ki, “9 sentyabr 2023-cü il tarixində Xankəndidə keçirilən qondarma “prezident seçkiləri”ni nəzərə alaraq, Avropa İttifaqı bir daha bəyan edir ki, o, “seçki”nin keçirildiyi konstitusiya və hüquqi çərçivəni tanımır”... “Eyni zamanda, Aİ hesab edir ki, Qarabağ ermənilərinin Bakı ilə nəticəyönümlü müzakirələr aparmağa qadir və buna hazır olan de-fakto liderlik ətrafında cəmləşməsi vacibdir. Aİ bu prosesi dəstəkləməyə sadiqdir”.
Üçüncüsü: Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld "X" sosial şəbəkəsində etdiyi paylaşımda yazır ki, London Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma “seçkilər”i tanımır: “Böyük Britaniya sentyabrın 9-da Qarabağda keçirilən qondarma “prezident seçkiləri”ni tanımır. Biz beynəlxalq hüququn prinsip və normalarının əhəmiyyətini vurğulayaraq, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik”.
Dördüncüsü: İslam Əməkdaşlıq Təşkilatı dünya ictimaiyyətini Ermənistanın destruktiv addımlar atmasının qarşısını almaq üçün effektiv tədbirlər görməyə çağırıb. Üstəlik, Avropa Şurası, Türk Dövlətlərinin Parlament Assambleyası və digər beynəlxalq strukturların nümayəndələri də “seçkiləri” tanımadıqlarını bəyan ediblər.
Beşincisi: Türk Dövlətləri Təşkilatı, Macarıstan, Rumıniya, Pakistan, Gürcüstan, Ukrayna, Moldova və digər ölkələr Qarabağdakı seçkiləri tanımadıqlarını elan ediblər. Bu isə dünyanın haqlı ilə haqsızı seçmək yolunda yeni addımlar atdığının göstəricisidir.
İttifaq MİRZƏBƏYLİ