- Dünya
- 11:07 10.09.2024
Xankəndidə panikadır. Olmayan aclıq və uydurma blokada nağıllarının bir fayda vermədiyini anlayan haylar reallığın məyusluğuna qapılıblar. Azərbaycanın Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyəti altında olan Qarabağ iqtisadi rayonunda yaşayan etnik ermənilər artıq anlamağa başlayıblar ki, reinteqrasiya qaçınılmazdır və geriyə yol ancaq “dəmir yumruğ”un zərbəsi altından keçir. Bunu Xankəndidə yaşayan “ictimai fəallar”, blogerlər də etiraf edirlər.
Hələ cari ilin mart ayının 10-da Ermənistan baş naziri Nikol Paşinyan ilə görüşdən sonra Xankəndiyə qayıdan qondarma DQR-in “sabiq” lideri Arayik Harutyunyan yaxın ətrafına bildirmişdi ki, erməni hökumətinin başçısı Azərbaycanın fikrini təkrarlayır. Yəni, N.Paşinyan separatçı liderin nəzərinə çatdırmışdı ki, Qarabağ Azərbaycana inteqrasiya etməli və orada yaşayan erməni əhali azərbaycanlılarla dil tapmalıdır. “Qraparak” qəzeti yazmışdı ki, A. Arutyunyan ağır əhval-ruhiyyə və pis təəssüratlarla Qarabağa qayıtmış və yaxın çevrəsində daha “prezident” kimi qalmaq istəmədiyini bildirmişdi. Nəşr A.Arutyunyanın əvvəllər “Qarabağ qanunvericiliyinə” “prezidentlik müddəti” bitməmiş hakimiyyətin başqa şəxsə keçməsinə imkan verən düzəliş təşəbbüsü ilə çıxış etdiyini də xatırlatmışdı.
Həmin xəbərin dərc olunmasından, təqribən, altı ay keçməsindən sonra – avqustun 31-də A.Arutyunyan həqiqətən də “istefa” verdi. 2020-ci il may ayının 21-dən terrorçu-separatçılara rəhbərlik edən A.Arutyunyan niyə belə addım atdı? Ona görə ki, o, prosesin hansı istiqamətdə inkişaf etdiyini anladı. Sabiq separatçı başı dərk etdi ki, Qarabağ problemi artıq tarixdir və inteqrasiya qaçılmazdır. Qeyri-legitim vəzifəsini tərk etməklə bu “məğlubedilməz xalqın lideri” kimi tarixə düşmək istəmədi. A.Arutyunyan qlobal mənada Qarabağda münaqişənin başa çatdığını anladı. O bildi ki, bu və ya digər istiqamətdə dalğalanmalar, kiçik qarşıdurmalar ola bilər, lakin bölgədə cərəyan edən proses tədricən sabitlik vəziyyətinə keçir və buna beynəlxalq hüquq əsasında, Azərbaycanın suveren sərhədləri daxilində nail olunacaq. Buna görə də, perspektivsiz işin qulpundan ikiəlli yapışmağın mənasız olduğu dəqiqləşəndən sonra xuntadan getdi.
İndi A.Arutyunyanın “həmşəhərliləri” arasında da belə əhval-ruhiyyə hökm sürür. Laçın yolu ətrafında yaranmış süni ajiotajdan istifadə etməklə beynəlxalq subyektivlik əldə etməyə can atan ermənilər bütün cəhdlərin suya düşdüyünü gördükdən sonra reallığa boyun əyməyə başlayıblar. Məsələn, Qarabağda yaşayan “ictimai fəal” və bloqer Samvel Mailyan bölgənin erməni əhalisinə Azərbaycan dilini öyrənməyi tövsiyə edir. “Facebook” səhifəsində S.Mailyan yazır: “Yaxşı yaşamaq istəyənlərə ümumi tövsiyə budur ki, Azərbaycan dilini xatırlamağa başlasınlar (ən azı marketlərdəki qutulardakı etiketləri oxusunlar), daha çevik gənclər isə onu intensiv şəkildə öyrənsinlər”. Erməni bloqer əlavə edir ki, “Ermənistandan yüklər Qarabağa yalnız humanitar yardım statusu ilə daxil olacaq, biznes maraqlarının istənilən təzahürü Azərbaycan gömrükçüləri tərəfindən sərt şəkildə yatırılacaq”.
S.Mailyan daha sonra gömrük rejiminin işləmə mexanizmini açırlayır: “Nəzarət məntəqəsinin özü aşağıdakı rejimdə işləyəcək: Ermənistan–Qarabağ istiqaməti yalnız humanitar yüklər, Qarabağ–Ermənistan istiqaməti yalnız əhali olacaq. Şəxsi əşyaların çəkisi də 80 kiloqrandan çox olmayacaq”. Erməni bloqer Qarabağ ermənilərinə manat əldə etməyi tövsiyə edir: “Məhsul almaq üçün sizə manat lazımdır, onunla Stepanakertdə (Xankəndidə-red.) bank əmanətlərini artırmalı olacaqsınız”.
S.Mailyan paylaşımında loqistika məsələsinə də toxunur: “Logistikaya gəlincə, qarşıda Şuşa–Ağdam istiqamətində və əks istiqamətdə Azərbaycan nömrəli avtomobillərin nömrələrini və Rusiya karvanını görəndə daha az emosiya nümayiş etdirməyə hazır olun. İlk dəfə gözünüz alışsın deyə avtomobil karvanlarını ruslar müşayiət edəcəklər. Gələcəkdə avtomobil karvanları müstəqil xarakter alacaq, burada Xocalıda təsadüfi dayanacaqlar, hər cür sürətli ticarətlər, mübadilələr və s. Xocalı iş adamlarına bu gün manat toplamağı məsləhət görürəm”.
Erməni bloqer paylaşımını bu sözlərlə bitirir: “Yaxşı, tez və effektiv şəkildə dolanmaq istəyən hər kəsə ümumi məsləhət: azərbaycanlıların dilini xatırlamağa başlayın və daha çevik gənclər onu intensiv şəkildə öyrənin. Nə qədər tez olarsa, adi insani ünsiyyətdən uduşlu lotereya biletini çıxaran şanslı olma ehtimalınız bir o qədər yüksəkdir. Reinteqrasiyanın əsas vektoru məhz buna yönəlib”.
Digər erməni bloger Karen Şirinyan isə Azərbaycanın Qarabağ bölgəsindən hərbi yaşda olan kişilərin kütləvi şəkildə qaçmasına münasibət bildirib. Bu barədə o, “Facebook” səhifəsində yazıb. “Şöbələrə xüsusi xəbərdarlıq edirəm. Hörmətli “prokurorluq”, “polis” və “MTX” necə olur ki, qadınlar, uşaqlar, qocalar Qarabağı tərk edə bilmir, bu “post zabitləri” (Bu adamların quldur birləşmələrinin postlarında xidmət etdiklərini nəzərdə tutur– red.) gedirlər? Deməyin ki, Qarabağın “mühafizəçilərini” tənqid edirəm və deməyin ki, belə bir şey yoxdur. İndi keçid məntəqəsindən kim keçirsə, türklər fotolarını çəkib paylaşırlar”.
Erməni bloqer daha sonra yazır: “Hətta deməyin ki, onlar (Qarabağı tərk edənlər-red.) müalicəyə gedirlər. Buna qarşı deyiləm, qoy getsinlər, lakin necə olur ki, heç də hamı gedə bilmir. Əgər mənim sualıma ciddi cavab verilməsə, heç bir idarəni rahat buraxmayacağam. Bəsdirin, mənim ağzımı açdırmayın! Müharibə vaxtı da belə oğlanlar arvadlarının donu altına girərək qaçırdılar, İrəvanda əylənirdilər...Bəli, mən sözümü deyəcəyəm və mənə ayıb deyil. 18 yaşlı əsgərləri tək qoyub qaçdılar, müharibədən sonra isə medallar aldılar”.
Göründüyü kimi, Qarabağdakı erməni əsilli əhali arasında narazılıq artır. Bu narazılıq ona görə artmır ki, separatçı başbilənlər vəziyyətdən çıxış yolu tapa bilmirlər. Xankəndidəki ermənilər ondan narahatdırlar ki, Ermənistana hamı gedə bilmir və əldəqayırma rejimin nümayəndələri burada da ayrı-seçkiliyə yol verirlər. Bu, bir daha onu göstərir ki, Azərbaycanın Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyəti altında olan Qarabağ iqtisadi rayonunda yaşayan etnik ermənilər artıq anlamağa başlayıblar ki, reinteqrasiya qaçınılmazdır. İkinci yol Ermənistana köçməkdir və bu yolu tutanları artıq Laçın sərhəd-buraxılış məntəqəsində müşahidə edirik.
Səbuhi MƏMMƏDOV