- Prezident
- 15:15 25.09.2023
Ermənistan baş naziri Nikol Paşinyan dünyanın diqqətini əsl həqiqətlərdən yayındırmağa çalışır. Ölkəsinin ictimai televiziyasının efirinə çıxdıqdan sonra o, “köhnə qitə”nin “Politico Europe” nəşrinə müsahibə verib. Nikolun söylədiklərinin ayrı-ayrı detallarına toxunacaq, bəzi məqamlara isə aydınlıq gətirəcəyik.
N.Paşinyan “Politico Europe”ya müsahibəsində Ermənistanın Azərbaycanla şərti sərhədə qoşun yığmasından söz açıb. Bəli, o, məsələni təsdiqləyib. Halbuki, indiyədək rəsmi İrəvan bunun üzərindən keçir, yalnız Azərbaycanın sərhədə hərbi birləşmələr topladığını qabardırdı. Sən demə, Ermənistanın hazırlığı təhlükənin qarşısını almaq istəyi imiş.
Nikol Azərbaycanın “işğal etdiyi” Ermənistan ərazilərindən geri çəkiləcəyi təqdirdə, qoşunları geri çağırmağa hazır olduğunu bildirib. Göründüyü kimi, ortada sarsaq məntiq var. Çünki işğalçılıq siyasəti yürüdən Bakı yox, İrəvandır. Digər tərəfdən, Ermənistan ərazisi deyilən bir anlayış yoxdur. Sərhədlər delimitasiya və demarkasiya olunmayıbsa, deməli, heç bir halda deyilə bilməz ki, Azərbaycan işğalçıdır. Delimitasiyaya və demarkasiyaya gəldikdə, bu, sülh prosesinin tərkib hissəsidir və ondan yayınan Ermənistandır. O zaman Nikol haqlıdır. O anlamda ki, hərbi əməliyyatlar riski var. Ancaq vəziyyətin gərginləşməsinə görə məsuliyyət daşıyacaq adam onun özüdür. Hərçənd, məsuliyyətini anlamır. Müsahibədə dilə gətirdiyi digər fikirlər də sözümüzün təsdiqidir.
Bəli, N.Paşinyan ənənəvi anti-Azərbaycan ritorikasına güc verir. Bu zaman “Laçın dəhlizi” məntiqinə fokuslanır və dəhlizin, guya, Azərbaycan tərəfindən qeyri-qanuni bağlandığını vurğulayır. Nikol məsələyə diqqət yetirərkən, bir qayda olaraq, şərtlərinə əməl etməkdən boyun qaçırdığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat üzərində dayanır.
Əlbəttə, Paşinyan müsahibəsində bilavasitə həmin sənəddən söz açmır. Ancaq məlumdur ki, o, ölkə hökumətinin iclasında çıxış edərkən, Azərbaycanın irəli sürdüyü Zəngəzur dəhlizi layihəsinə zidd mövqeyi kontekstində “Laçın dəhlizi”nə də yer ayırıb. Dediklərindən belə çıxıb ki, dəhliz xüsusi status deməkdir və belə bir status Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən yola yox, yalnız Laçın yoluna şamil edilir. Bu isə təsdiqini üçtərəfli Bəyanatda tapır.
Əlbəttə, Paşinyan düz deyir ki, üçtərəfli Bəyanatda “Laçın dəhlizi” ifadəsi var. Ancaq həmin ifadə heç bir halda əraziyə xüsusi status qazandırmır. Əgər Nikol həmin dəhlizlə Qarabağın erməni əhalisinin Ermənistanla əlaqəsini nəzərdə tutursa, o zaman niyə 10 noyabr razılaşmasında bu məqsədlə ayrıca yolun inşasına dair müddəanın yer almasından söz açmır? Bakı həmin müddəa üzrə öhdəliyini yerinə yetirib, İrəvan isə sözügedən yolun öz ərazisinə düşən hissəsinin çəkilişini həyata keçirməyib. Üçtərəfli Bəyanatın pozulmasının bir göstəricisi də məhz budur.
Deməli, Ermənistan sənədə hörmətsizlik edirsə, mütləq deyil ki, kimlərsə bunu ona bildirəcək. Hərçənd dəfələrlə bu barədə danışılıb, ancaq İrəvan deyilənlərə etinasız yanaşıb. Bir halda ki, bu sayaq etinasızlıq var, o zaman əlavə məqamlar gündəmə gələcək və gəlir də. Yəni, Ermənistan indiki şərtlərlə razılaşmırsa, şərtlər başqa cür qoyulacaq. Siyasət uşaq oyunu deyil. Problem ondadır ki, nə Paşinyan, nə də Ermənistan rəhbərliyindəki digər şəxslər mövcud gerçəkliyi anlayır, şıltaqlıq edir və elə başa düşürlər ki, hərəkətlərinə sonsuzadək dözüləcək...
***
Maraqlıdır ki, Nikol “Laçın dəhlizi” məntiqini Azərbaycan–Ermənistan sülh prosesi ilə bağlı sualı cavablandırarkən önə çəkir. O, Laçın–Xankəndi yolunun qeyri-qanuni bağlandığını vurğulamaqla yanaşı, Qarabağda humanitar fəlakətdən dəm vurur. Bəli, Paşinyan bu iki məqama, məhz sülhlə bağlı söz açılarkən toxunmaqla, sanki, həmin məqamları yada salmaqla, ölkəsinin yekun barışığa demarş ritorikasını ortaya qoyur. Nikol yaxşı bilir ki, etdikləri, ümumilikdə, Cənubi Qafqazın hazırkı barış gündəliyinə ziddir, mövcud reallıqları dəyişdirmək cəhdidir.
***
Paşinyanın sülh gündəminə əks çıxan baxışları Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi məsələsinə münasibətdə özünü daha qabarıq formada göstərməkdədir. Birmənalı şəkildə demək mümkündür ki, Nikol ölkəmizin bölgənin erməni əhalisi üçün müyyənləşdirdiyi hüquq və təhlükəsizlik parametrlərini qəbul etməkdən uzaqdır. Yəni, o, heç bir halda düşünmür ki, Qarabağ erməniləri üçün imtiyazlar məsələsi Azərbaycan Konstitusiyasına əsasən müəyyənləşməlidir. Ona görə “Ermənistanın mövqeyinin müxtəlif interpretasiyası var” deyən “Politoco Europe”nin müxbiri dəqiqləşdirmək istəyir: “Sizin Qarabağı Azərbaycan ərazisi kimi tanımağınız sülh müqaviləsi üçün əsas ola bilərmi? Siz Qarabağı Azərbaycan ərazisi kimi tanıyırsınız, yoxsa bu, sülh müqaviləsinin imzalanması üçün şərtdir”.
Jurnalistin sualından belə nəticəyə gəlmək mümkündür ki, əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır. Yəni, sözlə tanımanın heç bir əhəmiyyəti yoxdur, gərək hər şey kağız üzərində təsdiqini tapsın. Paşinyan isə bildirir ki, İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını açıqlasa da, Bakı Ermənistanın suveren hüquqularını tanıdığını bəyan etməyib. Ən əsası isə Nikol avantürizmə yeni motivlər gətirmək yolunu tutur. O, vurğulayır ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağı Ermənistanın Azərbaycana Qarabağ ermənilərini etnik təmizləməyə və soyqırımına məruz qoymaq mandatı verməsi deyil.
İş burasındadır ki, Azərbaycan tərəfi məsələni erməni baş nazirin ifadə etdiyi tərzdə qəbul etmir. Yəni, ölkəmizin rəsmiləri düşünmürlər ki, əgər Qarabağ Azərbaycanındırsa, oradakı ermənilərlə istənilən kimi rəftar edilə, onlar öz evlərindən zorla çıxarıla bilər. Əksinə, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Qarabağ ermənilərinin vətəndaş kimi malik olduqları hüquqlardan söz açıb. Ölkəmizin irəli sürdüyü reinteqrasiya məntiqi də bundan qaynaqlanır. İrəvanda səmimiyyətimizə inanmırlarsa, problem onların özündədir. Axı, vaxtilə Ermənistan ərazisində yaşayan azərbaycanlıları zorla ev-eşiklərindən qovub, departasiyaya məruz qoyublar. Nikol da bunu törədənlərin nəslindən olduğunu göstərməlidir və göstərir də. İnanmamağı xislətindən irəli gəlir.
Ancaq Paşinyan göstərisi təəssübkeşliyə yox, erməni avantürizminin davamına hesablanıb. Azərbaycanla razılaşmanın bir hissəsini Qarabağ ermənilərinin hüquq və vəzifələrinin təminatı üçün mexanizmlərin yaradılması təşkil etdiyinə dair onun dedikləri bunun təsdiqidir. Müsahibəsində Bakı ilə Xankəndi arasında dialoq mühitinin formalaşdırılmasından söz açması da həmçinin.
Aydın olur ki, Paşinyan Ermənistanın keçmiş prezidentləri Robert Koçaryanın və Serj Sarkisyanın Qarabağ, Azərbaycanla münasibətlər məsələsindəki barışmazlıq xəttinə, daha doğrusu, Ermənistanın Azərbaycana qarşı ərazi iddiasına yeni forma və məzmun qazandırmaq niyyəti güdür. Elə bir niyyət ki, gələcəkdə, sözdən “əmələ” keçmək üçün zəmin formalaşdırsın.
Bəli, Paşinyan Azərbaycan–Ermənistan sülh anlaşmasına Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı müddəanı o səbəbdən əlavə etmək istəyir ki, nə zamansa bu müddəaya söykənib ərazinin Ermənistana məxsusluğunu bildirmək mümkünləşsin. Ona görə Bakının Qarabağ üzərindəki yurisdiksiyasına beynəlxalq mexanizmli təminat əlavəsini qondarır. Bəs, bu “istək” baş tutmasa, necə olacaq? Əslində, “Politico Europe”nin müxbirinin sualı yerindədir. Paşinyanın cavabından meydana çıxan qənaət isə belədir: Qarabağ erməniləri Azərbaycanın mütləq və qeyd-şərtsiz hakimiyyəti ilə barışmayıb ərazidən çıxsalar, deməli, onlar etnik təmizləməyə məruz qalmış sayılacaqlar. İstənilən tərketmə beynəlxalq ictimai rəyə etnik təmizləmə kimi təqdim olunacaq. Paşinyanın sözlərinə görə, beynəlxalq aləm Qarabağ ermənilərinin öz evlərində rahat şəkildə yaşamalı olduqlarını deyir. Bəs, Azərbaycan bunun əksini söyləyir? Xeyr. Amma həm Ermənistan rəhbərliyi, həm də dünya erməniliyi hazırkı davranışı ilə sıravi ermənilər üzərindən oyun qurur, onların talelərinə biganə yanaşır.
***
Bu yerdə Paşinyana verilən daha bir suala diqqət yetirək. Sual belədir: “Qarabağ ermənilərinə təminat verilməsə, Ermənistan humanitar fəlakətin (?) qarşısını almaq üçün onlara sahiblənməyə hazırdır?” Nikol hay-küy qaldırır və onun sözlərindən gəlinən nəticə budur ki, soydaşlarına yiyə durmaq istəmir. Əslində, bununla bağlı dünya erməniliyinin mənfur planı var. Həmin plana görə, İrəvanın “təklifləri” reallaşmasa, Qarabağ erməniləri fiziki cəhətdən məhv edilməlidir. Yəni, sıravi erməninin dirisi Qarabağ xülyasına xidmət edə bilmirsə, ölüsü bunu etsin. Deməli, hazırda ortaya atılan etnik təmizləmə, soyqırımı məntiqinin səbəbi bəlli oldu. Mövcud məntiqlə Ermənistan Azərbaycanı və dünyanı şantaj yolu tutur. Elə indidən ölkəmizi özünün uydurduğu blokadaya, aclığa, dünya ictimaiyyətini isə bu duruma biganə yanaşdığına görə günahlandırır.
Digər tərəfdən, insan olmayacaqsa, problem də olmayacaq. Paşinyan da Qarabağ ermənilərini Ermənistanın digər ərazilərində saxlayıb özünə problem yaratmaq istəmir. Nəzərə alaq ki, Nikol Qarabağa ölkəsinin büdcəsindən ayrılan vəsaitin azaldılmasını təklif edib. Yəni, o, bölgənin erməni əhalisinin dövlət hesabına saxlanılmasına mənfi münasibətini ortaya qoymuş adamdır. Deməli, hadisələrin sərfəli şəkil almayacağı təqdirdə, Nikol üçün də ən yaxşı erməni, ölü erməni olacaq. Nəticəyə gələk: Qarabağdakı diri erməni avantürizmin qoyduğu şərtlərlə ömür sürəcək ermənidirsə, ölü, yəni “etnik təmizləməyə və ya soyqırımına məruz qalmış erməni” isə avantürizmin, necə deyərlər, niskilə çevrilməsinə, gələcəyə daşınmasına “zəmindir”.
***
“Politico Europe”nin müxbiri Paşinyana Ermənistanın Qərbə meyilli siyasəti və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı müstəvisində Rusiya ilə bağlarının qopması barədə söz açaraq sual ünvanlayır. Paşinyan ümumi ifadələrlə kifayətlənir. Rusiyaya qarşı əvvəllər işlətdiyi fikirləri işlədir. Amma ölkənin adını çəkmədən deyir ki, Ermənistanın təhlükəsizliyini qorumaq üçün kiməsə ümid bəslənilməsi doğru deyil. Çünki ümid bəslənilən tərəf bir gün ölkənin yanında dayanmaq, yaxud bunu bacarmaq imkanında olmaya bilər. Vurğunun Rusiyaya qoyulduğu birmənalıdır.
Bu yerdə jurnalist bütün mənalarda Ermənistan iqtisadiyyatının Rusiyadan asılılığını bildirir. Yəni, demək istəyir ki, İrəvanın Moskvadan qopması çətin məsələdir. Həm də ona görə çətindir ki, Ermənistanın Paşinyanadək olan quruluşu müstəqil deyildi, Moskvanın diktəsi ilə oturub-dururdu... Nikolun cavabına diqqət yetirməzdən əvvəl bildirək ki, hazırkı erməni iqtidarı Rusiyanı daha çox KTMT-ni “Azərbaycanın intervensiyasına” layiqli cavab verməməkdə günahlandırır. Paşinyan isə müsahibəsində ənənəvi ittihama yeni “çalar” gətirir. O, “Dağlıq Qarabağ ərazisinə hücum” ifadəsini işlədir. Ardınca bir sıra məqamları sadalayır və bu nəticəyə gəlir ki, Rusiya sülhməramlılarının bölgədəki missiyası iflasa uğrayıb. Niyə? Həm də ona görə ki, Moskva Ukraynada ilişib qalıb, eyni zamanda, Bakı və Ankara ilə münasibətləri gərginləşdirmək istəmir. Hər halda, Paşinyan belə düşünür.
***
Sonda əvvəldə vurğuladığımız fikrə qayıdaq. Bəli, Nikol Paşinyan manipulyasiya yolu tutur. O, avantürist siyasətinin hansı acınacaqlı və fəlakətli nəticələr doğuracağının fərqində deyil. Nikol bu günlərdə hansısa digər media orqanına, yaxud media orqanlarına müsahibə versə, təəccüblənmərik. Çünki belə müsahibələrlə, bir növ, onda immunitet formalaşmağa çalışır. İstəyir ki, mənasız fikirləri ilə beynəlxalq ictimaiyyəti çaşdırsın, əsl həqiqətlərdən uzaq tutsun. Yekun nəticədə isə Azərbaycanla sülhə gəlməsin, mövcud qeyri-müəyyənlik mühiti davamlı olsun. Ən əsası isə o, Qarabağ ermənilərini bir faktor kimi düşüncələrdə möhkəmləndirməyə çalışır. Onlara qarşı, guya, təhlükənin mövcudluğuna dair təsəvvürləri daim aktual saxladığını zənn edir. Beləliklə, Azərbaycana qarşı ərazi iddiasına leqallıq qazandırmaq naminə şans saxladığını düşünür. Əlbəttə, bu gedişlərin hamısı, kifayət qədər, yaxşı başa düşülür. Ölkəmizin rəhbərliyi vəziyyəti dərk və təhlil edir, adekvat fəaliyyət göstərir.
Ə.CAHANGİROĞLU