- Prezident
- 15:15 25.09.2023
Ərazisinə nəzarət bütün dövrlərdə real hakimiyyətin simvollarından biri olmaqla yanaşı, həm də onun gücünün mənbəyi hesab edilib. Versal müqaviləsi dövründən etibarən dünya səhnəsinin əsas aktorları və bu unikal sərvətin – ərazilərin sahibləri suveren dövlətlər olub, ərazisi indi də onların əsas xüsusiyyətlərindən biri olaraq qalır.
Eyni zamanda, dövlətlərin suverenliyi və ərazisi dəfələrlə şübhə altına alınıb ki, bu da onların parçalanmasına səbəb olub. XX əsrdə imperiyaların dağılması və müstəmləkələrin azad edilməsi nəticəsində ölkələrin sayı 55-dən 190-a yüksəlib. Belə parçalanmalar və ya birləşmələr bir çox hallarda “boz zona”ların da meydana gəlməsinə şərait yaradıb. Bu zonaların əsas yaradıcıları da separatçılar, üsyançılar, narkotacirlər və digər kriminal-quldur ünsürlər olub.
Heç kimə sirr deyil ki, hazırkı mərhələdə qlobal, regional və milli təhlükəsizliyə təhdidlərin xarakteri kəskin şəkildə dəyişib. “Soyuq müharibə” dövründə əsas təhlükələr proqnozlaşdırıla bilən dövlətlərarası münaqişələr, qarşıdurma və iki hərbi-siyasi blokun silahlanma yarışı idi. Bununla belə, son 30 il ərzində qloballaşma şəraitində dünya keyfiyyətcə yeni, gözlənilməz olan və tamamilə bütün dövlətlərin vətəndaşları üçün potensial təhlükə yaradan transmilli təhlükələr fenomeni ilə üzləşib. Beynəlxalq terrorizm, narkotik istehsalı və ticarəti, qeyri-qanuni silah ticarəti və dəniz quldurluğu tamamilə transmilli təhlükələr hesab edilə bilər. Bu və ya digər şəkildə transmilli təhlükələrin həlli üçün alternativ yolların axtarışı hələ də gündəmdədir. Bununla belə, transmilli təhlükələrdən danışarkən biz çox vaxt onların mənbəyini və ya “boz zonalar” adlanan əraziləri unuduruq.
Bu anlayışın beynəlxalq hüquqda təsbit edilməməsinə baxmayaraq, “boz zona” dedikdə ayrı-ayrı dövlətlərin əraziləri, beynəlxalq hüquq normalarının və milli qanunvericilik normalarının tətbiq olunmadığı regionlar başa düşülməlidir. Bu ərazilərdə faktiki siyasi güc və tam hüquqlu sosial-iqtisadi əlaqələr yoxdur. Öz növbəsində, tez-tez vətəndaş müharibəsinə məruz qalan və ya separatçı birləşmələri və ya ekstremist rejimləri təmsil edən bu cür ərazilər beynəlxalq terror təşkilatlarının bazalarının və təlim düşərgələrinin yerləşməsi üçün hədəfə, narkokartellərin və dəniz quldurlarının fəaliyyət sahəsinə çevrilir. Əgər bu ərazilər əlverişli geosiyasi mövqeyə malikdirsə, bir neçə rayonun qovşağında yerləşirsə və nəqliyyat kommunikasiyalarına çıxışı varsa, o zaman “boz zonalar” çox vaxt narkotiklərin qanunsuz dövriyyəsi və qeyri-qanuni silah ticarəti üçün marşrut kimi çıxış edir.
Hazırda siyasi ekspertlər müasir beynəlxalq münasibətlərdə çox sayda “boz zonalar” arasında beynəlxalq ictimaiyyət üçün ən böyük təhlükə yaradan”boz zonalar”a diqqət yetirməyin vacibliyini önə çəkirlər. Bütöv bir dövlətin “boz zona”ya çevrilməsinin ən tipik nümunələrindən biri Somalidir. Məlumdur ki, vətəndaş nəticəsində Somali ayrı-ayrı klanlar tərəfindən idarə olunan “boz zonalar”a parçalanıb. Ölkədə vahid siyasi sistem və milli iqtisadiyyat yoxdur. Somali hazırda digər dövlətlərin vətəndaşlarının həyatı və təhlükəsizliyi üçün birbaşa təhlükəyə çevrilən piratlığın qalasıdır. Eyni sözləri Suriya, Əfqanıstan barədə də demək olar. Məlumdur ki, bu iki ölkədə dağıdıcı proseslərin inkişafı ssenarisi bir çox cəhətdən Somaliyə bənzəyir. Hər iki ölkə “boz zonalar” sarıdan boldur. Amma elə ərazilər də var ki, bir ölkənin digər ölkənin ərazisini işğal etməsi nəticəsində yaranır. Latın Amerikasındakı bədnam “boz zonalar” Kolumbiyadakı FARC üsyançı hərəkatları, Peruda Sendero Luminoso (“Parlaq Yol”) və Boliviyanın bəzi ərazilərində nəzarət edir. Belə olan halda, onların meydana çıxmasının səbəbi 60-cı illərdən bəri ölkə hökumətləri ilə sosialist müxalifəti arasında davam edən daimi vətəndaş müharibəsidir.
Nəzərdən keçirilən "boz zonalar" nümunələrinə əsaslanaraq, onların əmələ gəlməsini və mövcudluğunu müəyyən edən bir neçə ümumi faktoru müəyyən etmək olar. Belə ki, “boz zonalar”ın yaranmasına müəyyən siyasi rejimlərdə və sosial-iqtisadi sistemlərdə baş verən dəyişikliklər, lakin alternativlərin yaradılmasının mümkünsüzlüyü səbəb olur. Sosialist yönümlü rejimlərin devrilməsinin alternativ idarəetmə formasının və ya sosial-iqtisadi münasibətlər sisteminin qurulmasına gətirib çıxarmadığı Somali və Əfqanıstan nümunələri bunu aydın şəkildə nümayiş etdirir. Gördüyümüz kimi, nəticədə ölkələrdə vətəndaş qəbilələrarası müharibələr və anarxiya yarandı.
Digər tərəfdən, cəmiyyətdə ideoloji parçalanma (məsələn, Kolumbiya) və ya müəyyən ərazilərin separatizmi nəticəsində yaranan daimi vətəndaş müharibəsi “boz zonalar”ın yaranmasında amil kimi çıxış edə bilər. Eyni zamanda, “boz zonalar”ın yalnız tranzit yollarının kəsişməsində formalaşması və yerləşməsi ilə bağlı geosiyasi amilin rolu da nəzərə çarpır. Həmçinin əhali üçün alternativ gəlir mənbələrinin olmaması (Somali, Əfqanıstan) və ya siyasi məqsədlərə nail olmaq narkotik ticarəti, qeyri-qanuni silah ticarəti praktikasını müəyyənləşdirir.
Nəhayət, “boz zonalar”ın mövcudluğunda amil digər oyunçuların maraqlarıdır, onlardan strateji əhəmiyyətli regionlarda (ABŞ Mərkəzi Asiya və Cənubi Amerikada, Əl-Qaidə) geosiyasi təsirlərini gücləndirmək üçün səbəb kimi istifadə edilir. Belə zonalar Antarktidadan başqa bütün kontinentlərdə mövcuddur. Belə ərazilər Moldovada, Ukraynada, Gürcüstanda və digər ölkələrdə var. Azərbaycanın 20 faiz ərazisi də 30 il “boz zonalar”a hesab olunurdu. Ermənistanın işğalı nəticəsində bu gün bərpa etdiyimiz ərazilər cinayətkar əməliyyatların aparıldığı meydana çevrilmişdi.
Yuxarıda sadalananlardan belə nəticəyə gəlmək olur ki, “boz zonalar” bütün dövlətlərin milli təhlükəsizliyinə transmilli təhdidlərin yaranması və yayılması səbəbindən müasir dünya nizamında sabitliyi pozan ciddi amil kimi çıxış edir. Məhz buna görə də beynəlxalq ictimaiyyətin çoxtərəfli fəaliyyəti sayəsində “boz zonalar”ın formalaşmasında və mövcudluğunda müəyyən edilmiş ümumi amillər onların bərabərləşdirilməsi zamanı nəzərə alınmalıdır. Əraziyə nəzarət hər bir dövlətin təbii ehtiyacıdır, çünki ərazi onun mövcudluğu üçün resurslar əldə etməyə imkan verir. Ən əsası, ərazi dövlətin suverenliyinin əsasını təşkil edir və onu digər siyasi təşkilatlardan fərqləndirir.
Bundan əlavə, ərazi dövlətin həm də “ideoloji bünövrəsi”dir. Əraziyə nəzarət ərazini və onun elementlərini (təbii, insan, sənaye, infrastruktur və maliyyə kapitalı) tam idarə etmək qabiliyyətidir ki, bu da onu vahid ərazi-siyasi sistem kimi təsvir etməyə imkan verir. Ancaq geosiyasi qarşıdurma və ya regional müharibə, habelə bir dövlətin digər dövlətin ərazisini işğal etməsi nəticəsində yuxarıda vurğuladımız vahid ərazi-siyasi sistemi pozulur və meydana nəzarətsiz ərazilər və ya qısa olaraq “boz zona”lar çıxır.
Qarabağın Ermənistan tərəfindən işğal altında saxladığı əraziləri Avropada “boz zona” sayılırdı. Uzun illər ermənilərin işğal altında saxladığı ərazilər nəzarətsiz qalmışdı və narkotik vasitələrin qanunsuz dövriyyəsi marşrutları oradan keçirdi. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan erməni işğalına son qoydu, lakin separatçı rejimin ünsürlərinin və həmin rejimin əsarətində yaşaran erməni əsilli vətəndaşların yaşadıqları bəzi ərazilər hələ də qalır.
Əlbəttə, Azərbaycan öz ərazisində hər hansı bir “boz zona”nın olmasını qəbul etməyəcək. Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında vurğulamışdı. Ermənistanın və Xankəndidəki oyuncaq rejimin, eləcə də onların havadarlarının Laçın yolu ətrafında yaranmış vəziyyətdən sui-istifadə etməklə “boz zona”nın “ömrünü” uzatmağa çalışırlar. Amma Prezidentin köməkçi Hikmət Hacıyevin qeyd etdiyi kimi, bu kimi addımların heç bir mənası yoxdur. Dünən cənab Hacıyev X sosial şəbəkəsindəki profilində bir daha qeyd etdi ki, “boz zona”nın status-kvonunu saxlamaq, humanitar məsələlərdən qəsdən silah kimi istifadə etmək faydasız strategiyadır”. H.Hacıyev vurğulayıb ki, Azərbaycan beynəlxalq tərəfdaşlarını səylərini ikiqat artırmağa, Ermənistana və onun nəzarəti altında olan qanunsuz rejimə bu destruktiv siyasəti dayandırmaq üçün təzyiq göstərməyə çağırır.
Səbuhi MƏMMƏDOV