- Prezident
- 15:15 25.09.2023
Bu sətirləri qələmə alarkən, öncə mübarək qalıqlardan birinin qismətinə yazılmış xoşbəxtliyi yada salmaq istəyirəm. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının ötən ayın 18-də yaydığı “Aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi prosesində şəxsiyyəti müəyyən olunmuş I Qarabağ müharibəsində itkin düşmüş Azərbaycan vətəndaşları” adlı məlumatdakı doqquzuncu arayış diqqətimi daha çox cəlb etdi.
Orada yazılmışdı: “9. Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində aşkar edilmiş meyit qalıqları 01.06.1948-ci ildə Kəlbəcər rayonunun İstisu qəsəbəsində anadan olmuş, 02.04.1993-cü ildə həmin ərazidə itkin düşmüş İsayeva Sənəm Həsən qızına (mülki şəxs) məxsus olduğu müəyyən edilmişdir. 2023-cü ilin aprel ayında Kəlbəcər şəhər qəbiristanlığında dəfn olunmuşdur.” Bəxtə bax, ilahi! Bu, təkcə mübarəklik deyil, həm də məhz Kəlbəcərdə dəfn olunmaq xoşbəxtliyidir. O qalıqlar bir neçə il əvvəl tapılıb müəyyən edilsəydi, Sənəm xanım Kəlbəcərdən ayrı düşəcəkdi.
Kəlbəcərdən söz düşmüşkən, bu dağar diyarından olan şair Ələmdar Cabbarlının şəhid həmyerlisi haqqında yazdığı şeirdəki fikirləri də yada salmaq yaxşı olardı: “Bu da qəzavü-qədərdi. Qəzan mübarək, Dilqəm! Gülə-gülə ölümə getdin – şəhadətin mübarək, Dilqəm!”
Bir neçə gün əvvəl Dövlət televiziyasında Füzuli köçkünlərinin öz ata-baba yurdlarına qayıtmasından bəhs edən reportaj verilirdi. Yurda qayıdan insanların sevinci, məmnunluğu da özgə aləm idi, həmin mərasimə şahidlik edənlərin keçirdiyi hisslər də.
Ancaq ertəsi gün Füzulidə yüzlərlə insanın çoxsaylı Azərbaycan bayraqları və möhtəşəm əklillərlə toplandığı başqa bir tədbir keçirilirdi. Ürəklərin riqqətə gəlməməsi mümkün deyildi.
Həmin gün otuz il əvvəl Füzuli rayonu uğrunda gedən döyüşlərdə itkin düşən şəhid Hüseynov Əli Heydər oğlunun Edilli kəndində kütləvi məzarlıqda aşkarlanan nəşinin qalıqları Füzulinin Yağlıvənd kəndində torpağa tapşırılırdı. Biz xalqımızın şəhid ruhuna olan ehtiramını çox görmüşdük. Otuz ildən sonra öz doğulduğu yerdə dəfn olunan itkin soydaşımızın yurda “qayıdışı” isə daha möhtəşəm olurmuş. Elə bu sətirlərin qələmə alınmasının əsas səbəbi də həmin izdihamın arasında dalğalanan Azərbaycan bayraqları oldu. Fəxr elədim ki, dövlət də, xalq da hər bir fərdimizin – şəhid, qaçqın, köşkün, itkin, hansısa təbii fəlakət zamanı zərərdidə olmuş hər kəsin yanındadır.
Yeri gəlmişkən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində, Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri qocadır.
“Qarabağ İtkin Ailələri” İctimai Birliyinin bu il avqustun 3-də Birləşmiş Millətlər Təşkilatına ünvanladığı müraciətdə qeyd edilir ki, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin ümumi sayından 872 nəfərin, o cümlədən 29 uşaq, 98 qadın və 112 qocanın əsir-girov götürülməsi və ya işğal edilmiş ərazilərdə qalması şahid ifadələri ilə təsdiq edilib. Bir sıra hallarda isə insanlar ailə üzvləri və yaxınları ilə birlikdə itkin düşüb, bütöv ailələr və nəsillər məhv edilib. Apardığımız araşdırmalar təsdiq edir ki, I Qarabağ müharibəsində 61 ailənin 2-dən 7-dək üzvü itkin düşüb, heç birinin aqibəti bilinmir. Bu hal yalnız azərbaycanlı itkinlərin ailələrinə deyil, bütün insanlığa hörmətsizlikdir.
O ki qaldı, Ermənistan ordusunun hələ də ölkəmizin ərazisində qalan idbar, murdar, çirkin, quldur tör-töküntülərinə, zaman sübut edir ki, onların da gorbagor olacağı gün uzaqda deyil. Azərbaycan Prezidentinin siyasi qətiyyəti, diplomatik məharəti və beynəlxalq aləmdəki nüfuzu qarşıya qoyduğumuz bütün vəzifələrin yüksək səviyyədə reallaşdırılmasını təmin etmişdir. Qalır indi Xankəndidə Azərbaycan Bayrağının qaldırılması. Regionda gedən proseslər sübut edir ki, biz tezliklə Xankəndi üzərində üçrəngli bayrağımızın dalğalanmasının şahidinə çevriləcəyik.
Həm BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalt təkilatların qərar və qətnamələrinə, həm də Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının 2020-cilin noyabrında imzaladıqları üçtərəfli Bəyanatın müddəalarına qarşı hörmətsizlik edən Hayastan indi artıq bizim addımlarımız qarşısıda duruş gətirə bilmir. Yekə-yekə bəyanatlar verən, Azərbaycanı revanşla təhdid edən Ermənistan rəhbəri son günlər hamıya car çəkir ki, mən Prezident İlham Əliyevlə dərhal danışıqlara başlamağa hazıram. Anlamır ki, hansısa danışığa ehtiyacı olan biz deyilik, rəsmi İrəvandır. Biz danışmaq istəmirik, tələb edirik ki, Ermənistan ordusunun Qarabağdakı tör-töküntüləri ərazilərimizdən rədd olub getsinlər. Ondan sonra sülh barədə danışarıq.
Yeri gəlmişkən, onlar son zamanlar gah Ağdamı, gah Kəlbəcəri, gah da Şuşanı atəşə tuturlar. Həmin ərazilər üzərindən keçən təyyarələr üçün maneə yaradılır və təyyarənin istiqamətləndirilməsi üçün süni peyklərlə əlaqə yaratmasına əngəl törədirlər. Bu isə “dəmir yumruğ”un işə düşməsini tələb edir. Politoloq Qabil Hüseynlinmin dediyi kimi, onların “Artsax” dedikləri ərazidə 18 000 sakin yaşayır. Bu qədər insanın içindən 12 ninlik qoşun yaratmaq qətiyyən ağlabatan deyil: “Bunlar hamısı Ermənistan silahlı qüvvələrinin tərkib hissələridir. Nə qədər ki, onları ərazimizdən çıxarmamışıq, başımız çox ağrıyacaq. Həmçinin ciddi problemlərimiz olacaq”.
Elə dövlət başçımız da Ermənistan rəhbərliyindən tələb edir ki, həmin tör-töküntülərin fəaliyyətinə son qoyulması üçün tezliklə qərar qəbul etsinlər. Geciksələr, biz qərar qəbul etməli olacağıq. Onda isə dövlət başçımızın qətiyyəti ilə üzləşəcəklər: “Müharibə arxada qaldı. Müharibə bizim gücümüzü göstərdi, əyilməz iradəmizi göstərdi, birliyimizi göstərdi, müharibə rəmzinə, qələbə rəmzinə çevrilən “dəmir yumruq” öz gücünü göstərdi. Bu, həm birlikdir, həm gücdür. Cəmiyyətimizdə birlik də var, ölkəmizin gücü də var və həmişə olacaq. Əgər kimsə Ermənistanda bu gün revanş hissi ilə yaşayırsa, böyük səhv edir. 44 günlük müharibəni onlar heç vaxt unutmasınlar. Bundan sonra əgər kimsə Azərbaycan xalqını təhqir etməyə çalışsa, elə dərsini alacaq ki, o 44 günlük müharibə onun yanında yalan olacaq”.
İttifaq MİRZƏBƏYLİ