- Prezident
- 15:15 25.09.2023
Məlum olduğu kimi, Ermənistan ərazisində alman polislərindən və fransız jandarmlarından təşkil olunmuş, Avropa İttifaqının da yer aldığı pensiyaçı mülki müşahidə missiyası fəaliyyət göstərir. Fəaliyyət göstərir deyəndə ki, missiya Ermənistandadır. Özü də Ermənistan – Azərbaycan sərhədində. Və həmin missiya guya Azərbaycanın sərhədə qoşun yığdığından duyuq düşüb. Nə üçün “duyuq düşüb” deyirik, məsələyə aydınlıq gətirəcəyik. Eyni zamanda, müşahidəçilərin işlərini daha da “gücləndirmələrindən” də söz açacağıq.
Ancaq əvvəlcə Avropa missiyasının Ermənistan – Azərbaycan sərhədində peyda olmasından danışaq. O da məlumdur ki, Aİ-nin mülki missiyasının bölgədə yerləşdirilməsinə dair qərar ötən ilin oktyabrında Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyanla Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi və Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə keçirilmiş görüşü əsnasında qəbul olunmuşdu.
Bəli, həmin Praqa Sammiti zamanı N.Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etmişdi. Həm də ona görə buna getmişdi ki, sentyabr eskalasiyasından sonra ölkəmizin gücünü bir daha görmüş, qorxuya düşmüşdü. Əslində, bu gücü görən həm də Fransa olmuşdu. Nəticədə Parisin bilavasitə təşəbbüsü ilə sərhədə mülki missiyanın göndərilməsi işinə başlanılmışdı. Guya, Azərbaycan Ermənistan ərazisinə hücum edəcək, avropalılar da ölkəmizin işğalçılığını qeydə alıb bizi beynəlxalq aləmdə rüsvay duruma salacaqlar. “Plan”ın biri bu idi.
Əlbəttə, sözügedən missiya ilə bağlı başqa məqsədlər də nəzərdən keçirilməlidir. İrəvan danışıqlar prosesində destruktiv mövqe tutacaq, mövqelərimizi atəşə tutacaq, müşahidəçilər buna qarşılıq Bakının hansısa əks tədbirlər görməsini əngəlləyəcəklər. Necə deyərlər, canlı sipər olacaqlar. Beləliklə, sülhün əldə olunması uzanacaq. O vaxtadək ki, Ermənistan yenidən güc toplayacaq və özündə Azərbaycana qarşı mübarizə aparmaq əzmi formalaşdıracaq.
Aİ-nin daha bir məqsədi də var – Rusiya. Heç şübhəsiz, bu missiya Kremlin bölgədəki maraqlarına ziddir. Təsadüfi deyil ki, Rusiyanın müxtəlif rəsmiləri, o cümlədən Xarici işlər naziri Sergey Lavrov avropalı müşahidəçiləri bölgədə əlavə qıcıqlandırıcılar kimi qələmə vermişdi. Azərbaycan isə məhz bu niyyətləri duyub həmin missiyanın öz tərəfində fəaliyyət göstərməsinə razılıq verməmişdi. Eyni zamanda, o səbəbdən razılıq vermədi ki, Fransanın egidası altında Aİ-nin Bakı-İrəvan nizamlama prosesinə fərqli siyasi gündəm yaratmaq cəhdlərini gördü.
***
Ölkəmiz həmişə mümkün qədər çalışıb ki, öz maraqları ilə bağlı məsələ hansısa ziddiyyətli qütblərin rəqabəti müstəvisinə düşməsin. Bəli, çoxsaylı cəhdlərə baxmayaraq, Azərbaycan Aİ-nin mülki müşahidə missiyasının şərti sərhədin öz tərəfində fəaliyyətinə razılıq vermədi. Ancaq sayı əvvəl 40, sonra 50 olan, daha sonra 200-ə çatan missiya heç Ermənistan tərəfində də bir iş görməyi bacarmadı. Onun rəhbərliyi cəmi bir dəfə guya hesabat verirmiş kimi mətbuat konfransı keçirdi və həmin tədbir biabırçılıqla üzləşdi. Müşahidəçilərin erməni jurnalistlərin suallarına cavab verə bilməyən rəhbəri Markus Ritter ümumi ifadələrlə kifayətləndi, konkret məqamlara gəlincə isə bildirdi ki, məruzəsini yuxarı rəhbərliyə təqdim edib və sair ilaxır...
Yeri gəlmişkən, onu da bildirək ki, Aİ-nin mülki missiyasını fəaliyyətsizlikdə günahlandıran erməni siyasi dairələri bir “məqamı” da qabartdılar. Onlar bildirdilər ki, Aİ Azərbaycanla enerji sahəsində əməkdaşlıq edir və buna görə Bakının hərəkətlərinə göz yummaq məcburiyyətindədir. Bir sözlə, avropalı müşahidəçilərin Ermənistandakı işi iflasa uğradı.
Doğrudur, Aİ-nin “sülh qaranquşları” arada Ermənistanın Laçın-Xankəndi yolunda düzənlədiyi “tır şousuna” da dəstəklərini göstərdilər. Bu “qaranquşların” bir qrupu əlinə durbin və binokllar götürərək, kənardan dayanıb, guya, monitorinq aparırmışlar kimi pozalar verdilər. Göz-qulaq oldular ki, tırlara zərər gəlməsin. Ola bilər, yük avtomobillərinin təkərlərini qaraltmaq, tozunu təmizləmək kimi mühüm işləri də gördülər. Üstəlik, xaricdən “tır şousuna” tamaşaya gəlmiş ermənipərəstləri və müxtəlif ölkə diplomatlarını müşayiət edərək, bir mütəxəssis kimi, onların yabanı bitkilərə toxunmamalarına, gicitkan və digər alaq otlarına yaxın düşməmələrinə nəzarət kimi “vacib” işləri gerçəkləşdirdilər.
İşdən söz düşmüşkən, M.Ritter bir neçə ay əvvəl mətbuat konfransında bununla bağlı rəqəmlər açıqlamışdı. Sən demə, missiyanın təmsilçiləri sərhəd zolağı boyu əvvəl 200, sonra 300, daha sonra 500 kilometr yol sürüblərmiş. Yazıqlar yaman əziyyət çəkiblər. Yaxşı ki, erməni jurnalistlər sualları ilə aranı qarışdırdılar. Bu gedişlə cənab Ritter əzmkar müşahidəçilərin çətin şərtlər altında neçə litr tut arağı, erməni konyakı, neçə dilim kolbasa, nə qədər sosiska, neçə qutu konserv yediklərini, dağda-daşda nə qədər salfetka işlətdiklərini də açıqlayacaqdı. Başqa nə var ki danışmağa? Heç nə.
***
Bəli, indi həmin M.Ritter və onun fırıldaqçı monitorinqçiləri yenə “Pikap”larına benzin töküb, çoxlu tualet salfetkasını da yükləyib ərazilərdə gəzintiyə çıxarkən müəyyənləşdiriblər ki, Azərbaycan sərhədə qoşun yığır.
Amma fırıldaqçı monitorinqçilər Ermənistanın sərhədə qoşun yığdığını “görməyiblər”. Yəqin, həmin vaxt tualetdə olub, diqqət yetirməyiblər. Başqa nə deyək? Məsələ ilə bağlı fərqli nə isə söyləmək mümkünsüzdür. Təsəvvür edin, gözlərinin qabağında Ermənistan sərhədə silah-sursat, hərbi texnika daşıyır, bunu görmürlər, durub uzaqdan-uzağa Azərbaycanın qüvvələrindən danışırlar.
Əslində, M.Ritterin açıqlamasından gəlinən qənaət budur ki, müşahidəçilər Azərbaycanın şərti sərhədə qoşun yığdığını özləri görməyiblər. Diqqət yetirək: “Azərbaycan qüvvələrinin toplanması ilə bağlı söz-söhbətlər yarananda biz sərhədin bu hissələrində patrullarımızın sayını artırdıq. Biz gördüklərimizi mütəmadi olaraq Brüsselə çatdırırdıq. Bu barədə sosial şəbəkələrdə yazıb, vəziyyəti yaxşılaşdırmağa, gərginliyi azaltmağa çağırdıq. Deyəsən, bunun xeyri olub”. Hə, fırıldaqçı, çox xeyri olub. Dəhşət. Adam bilmir ki, öz işinin səmərəliliyini sübuta yetirmək üçün nə tapsın, nə danışsın. Yox bir xeyirli iş görürlərmiş. İşini söz-söhbətə, şayiəyə əsasən quran müşahidə missiyasından nə gözləyəsən?
Nə isə, tualetdən söz düşmüşkən, M.Ritter başda olmaqla, avropalı fırıldaqçı monitorinqçilər özlərinə yeni məntəqə açıblar. Sən demə, əvvəllər bir yerdən başqa yerə getmək üçün çox məsafə qət edib yorulurmuşlar, indi isə İcavandakı yeni məntəqə imkan verəcək ki, sancıdan əziyyət çəkməsinlər... Ən əsası isə “indi burada daimi bazamız olduğundan, Azərbaycanla sərhəddə gecə-gündüz patrul xidməti apara bilərik”.
Sən demə, Aİ-nin mülki müşahidə missiyasının İcevandakı yeni məntəqəsinin açılışı da olubmuş. Açılış mərasimində M.Ritterlə yanaşı, Aİ-nin Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Vasilis Maraqos, Ermənistanın müdafiə nazirinin müavini Hraçya Sarkisyan və Tavuş vilayətinin qubernatoru iştirak edibmiş.
***
Sonda bir daha bildirək ki, elə Ermənistanda Aİ-nin Ermənistan – Azərbaycan şərti sərhədinin Ermənistan tərəfindəki mülki müşahidə missiyasının fəaliyyətinə birmənalı müsbət münasibət yoxdur. Bəzi erməni siyasilər bildirirlər ki, Fransa bu sayaq missiyalardansa Azərbaycanla mübarizə aparmaq üçün gerçək iş görməlidir, amma görmür. Gerçək iş isə bu imiş – Azərbaycanın sərhədə qoşun yığdığı barədə söz-söhbətlərə diqqət yetirmək, buna qarşı immunitet formalaşdırmaq, müşahidə məntəqələrinin sayını artırmaq, nəticədə belə rəy yaratmaq ki, guya, ölkəmiz Ermənistan üzərinə hücuma keçəcək.
Bu cür qara-qışqırıq salmağın isə diqqəti İrəvanın hərbi hazırlıqlarından və təcavüz niyyətindən yayındırmaq məqsədi daşıdığı gün kimi aydındır. Bəs, nankor haylar deyirdilər ki, avropalıların heç bir xeyri yoxdur? Bundan yaxşı nə “fayda” ola bilər? Onlara illüziya və avantürizm lazımdır, avropalıların etdikləri də buna əsl “dəstəkdir”.
Ə.RÜSTƏMOV