- Daxili siyasət
- 09:13 26.09.2023
Azərbaycanın Qarabağ iqtisadi rayonunun Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyəti zonasındakı erməni separatçılarının hərəkətləri ölkəmizdə diqqətlə izlənilir. Hazırda müşahidə olunan vəziyyət separatçıların çaxnaşma içində olduqlarından xəbər verir. Eyni zamanda, Qarabağdan erməni əhalinin “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsindən keçərək Ermənistana gedişi də davam edir.
Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən Ağdam–Əsgəran yolundan keçməklə Qarabağdakı erməni əhaliyə aparılan yardımın paylanması da gündəmdə olan məsələlərdən biridir. İrəvanda nəşr olunan “Hraparak” qəzeti yazır ki, Rusiyanın göndərdiyi yardım Xankəndiyə çatıb, amma hələ də Laçın yolunun açılmasından (?) söhbət getmir: “Rusiyadan gələn yük maşını artıq Xankəndiyə çatıb. Şəhər sakini Arman Arutyunyanın sözlərinə görə, şayiə dolaşır ki, bu, Rusiyadan göndərilən yeganə yük maşını olmayacaq. Daha çox yük maşınları gələcək. Laçın yolunun açılmasına gəldikdə isə Xankəndi sakini bildirib ki, bu yolun açılmasından söhbət getmir”.
Qeyd edək ki, Azərbaycan Ağdam–Xankəndi və Laçın–Xankəndi yollarının eyni vaxtda açılmasını təklif edib. Moskvanın təşəbbüsü ilə Rusiya Qırmızı Xaç Komitəsinin ərzaq yükünün Xankəndi istiqamətində hərəkət etməsi isə ayrıca razılaşmadır və Beynəlxalq Qırmızı Xaç Komitəsinin daşımaları üçün Ağdam–Xankəndi və Laçın–Xankəndi yollarının eyni vaxtda açılması təklifi ilə qarışdırılmamalıdır.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bugünlərdə “X” sosial şəbəkəsində yazdığı kimi, Rusiyanın ərzaq yükü Ağdam – Əsgəran yolu ilə Xankəndi istiqamətində gedib: “Azərbaycan sentyabrın 1-də Ağdam–Xankəndi və Laçın–Xankəndi yollarının eyni vaxtda açılmasının təmin edilməsinə xoşniyyətli jest kimi razılığını bildirib. Lakin qanunsuz rejim bundan imtina edib”. Bu mənada “Hraparak”ın yazdıqları ictimai rəylə manipulyasiya etməkdən başqa bir şey deyil.
Əsgəranlı “ac” separatçı Ermine Xaçatryan isə Rusiyanın Azərbaycan qanunvericiliyinə uyğun olaraq göndərdiyi ərzaq yükünün gəldiyini biləndə Xankəndiyə necə getdiyini Ermənistan mətbuatına danışıb: “Deyəsən, səhər saat 07:30 idi. Xəbər tutan kimi tez geyinib evdən çıxdım. Nə baş verdiyini öyrənmək lazım idi. Dünən orda idim, uşaqlar iş başında idilər. Maşının yolu necə və niyə keçdiyini başa düşməkdə çətinlik çəkirəm. Əgər ruslar, doğrudan da, bizə kömək etmək istəyirdilərsə, bu yükü Laçın “dəhlizi” ilə də göndərə bilərdilər, daha Ağdamdan niyə göndərirlər?”
“Polislər” dedilər ki, yalnız Rusiya mallarının idxalına icazə verilib, Azərbaycan mallarının idxalına isə yox”, – deyə Azərbaycanın humanitar yardımının Qarabağa buraxılmayacağını bildirən Xaçatryan azərbaycanlılara münasibətdə ksenofobiya nümayiş etdirib.
Əsgərandan olan digər separatçı Snejana Tamrazyanın sözlərinə görə, bəzi sakinlər bu xəbəri sosial şəbəkələrdən öyrəniblər. Onun sözlərinə görə, bunu heç kim gözləmirdi.
Bugünlərdə başqa bir Xankəndi sakini isə Azərbaycandan gələcək humanitar yardımı qəbul etməkdənsə, ac qalmağı üstün tutduğunu bildirmişdi. Bütün bunlar isə Qarabağdakı separatçıların hələ də revanşist əhval-ruhiyyədə olduqlarını və ölkəmizə nifrət hissi ilə yanaşdıqlarını göstərir.
Səxavət HƏMİD