- Prezident
- 15:15 25.09.2023
Belə bir lətifə var. Bir nəfər digərini qorxutmaq istəyir. Əlini hər dəfə cibinə atır ki, silahını çıxarsın. Amma çıxarmır. Qarşısındakı əvvəlcə çəkinir. Amma bu hərəkətlər təkrarlandıqca, artıq bezir və ondan tələb edir ki, əgər kişisənsə, silahını çıxar və vur! Həmin adam qəti şəkildə əlini cibinə atanda silahı tapa bilmir. Görür ki, cibi cırılıb, silah düşüb... Mövzuya bu lətifə ilə başlamağımızın səbəbi sonda məlum olacaq. Hələlik isə mətləbə keçək.
“Rusiya Ermənistan rəhbərliyindən iki ölkə xalqları arasında münaqişə yaratmaq üçün fəlakətli olmayan planlar gözləyir. Ümid edirəm ki, bu, baş verməyəcək. Mən ürəkdən ümid edirəm ki, Ermənistan rəhbərliyində heç kimin belə bir məqsədi yoxdur. Çünki, fikrimcə, bu, sadəcə Ermənistan üçün fəlakət olar”. Belə bir fikirlə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edib.
Xarici İşlər Nazirliyinin rəsmisi xatırladıb ki, Rusiya tarixən Ermənistanın və erməni xalqının etibarlı müttəfiqi, dostu, ən yaxın tərəfdaşı kimi özünü göstərib və təsdiqləyib. Ən çətin anlarda köməyə gəlib, dəstək verib. Eyni zamanda, Rusiya hər zaman Ermənistanın nailiyyətlərinə sevinib və heç bir qərara ortaq olmasa belə, onun seçimlərini qəbul etməyi bacarıb, ölkənin suveren qərarına hörmətlə yanaşıb.
Diplomat Rusiya ilə münasibətlərdən imtina etməyin həm Ermənistan dövlətinə, həm də erməni xalqına fayda gətirəcəyinə əmin olmadığını vurğulayıb. “Belə əlaqələri bir və ya beş il ərzində qurmaq olmaz. Bu, tarixi bazadır. Bu, zamanla sınaqdan keçirilmiş hekayədir. Ən əsası, insanların ruhundan, ürəyindən gələn hekayədir. Bu, fürsətcillik deyil, haradasa proqramda yazılmır və həyata keçirilməsi insanların öhdəsinə buraxılmır. Bizim ölkədə insanlar belə düşünür, belə hiss edir, bu ölkəyə (Ermənistana – red.), bu insanlara (ermənilərə - red.) sevgi ilə yanaşırlar”, – deyə Zaxarova sentimental diplomatik tona üstünlük verməyi də yaddan çıxarmayıb. O, eyni zamanda, əlavə edib: “Və hər şeyin üstündən xətt çəkmək... Mən ürəkdən ümid edirəm ki, Ermənistan rəhbərliyində heç kimin belə planı yoxdur”.
***
M.Zaxarova bir müddət əvvəl Ermənistanın Rusiyadakı səfirinin ölkənin Xarici İşlər Nazirliyinə çağırılmasından və ona rəsmi İrəvanın anti-Rusiya ovqatı ilə bağlı xəbərdarlığın edilməsindən də söz açıb. Mövcud xüsusda Roma statutunun (Roma statutu Rusiya Prezidentinin Ermənistan ərazisinə daxil olacağı təqdirdə həbsini nəzərdə tutur – red.) Ermənistan parlamentində ratifikasiyası ilə bağlı məsələlərdən söz açıb. “İrəvanın motivasiyasını hələ də biz yox, erməni tərəfi əsaslandırmalı, izah etməlidir. Nə edirlər? Niyə edirlər? Yeri gəlmişkən, onlar öz qiymətləndirmələrini təqdim etdilər. Lakin biz ikitərəfli kanallar vasitəsilə erməni həmkarlarımıza, tərəfdaşlarımıza, dostlarımıza dəfələrlə dediyimiz kimi, bu cür addımları qeyri-dost hərəkətlər sayırıq. Hansısa mərhələdə onlar açıq danışmağa başladılar. Çünki suallar daha çox idi”.
***
Rusiya Ermənistanın düşməni deyil və heç vaxt da olmayacaq. RİA Novosti-yə müsahibəsində M.Zaxarova rəsmi İrəvanın bəzi bəyanatlarına Moskvanın reaksiyasını belə şərh edib. Onun sözlərinə görə, Moskva İrəvanın yüksək tonlu ritorikasına və təhqiredici şəxsi məqamlara, o cümlədən, kobudluğa əhəmiyyətsiz yanaşıb. Lakin həqiqətə uyğun olmayan, qeyri-dəqiqliyə və ya faktların təhrifinə yönəlmiş fikirlərə reaksiya verib və buna görə də səfir Xarici İşlər Nazirliyinə dəvət edilib. Rusiyanın Cənubi Qafqaz regionunda və xüsusən də Qarabağdakı rolunu şərh edən Zaxarova vurğulayıb ki, Azərbaycanın Qarabağdakı hüquqlarını Rusiya deyil, Ermənistan rəhbərliyi tanıyıb. “Buna necə reaksiya vermək onların, Ermənistan xalqının öz işidir. Amma İrəvanda qəbul edilən qərarların günahını və məsuliyyətini Rusiyanın üzərinə atmağa, Rusiyada düşmən axtarmağa ehtiyac yoxdur”, – deyən Zaxarova bu istiqamətdə günahkarların axtarılmasının fəlakətli nəticələr doğura biləcəyini bildirib: “Bu, Ermənistan üçün təhlükəlidir”.
Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan ölkənin ictimai televiziyasına bir neçə gün əvvəlki müsahibəsində M.Zaxarovanın da haqqında söz açdığı Roma statutundan danışmışdı. Onun sözlərinə görə, bu statut Ermənistan parlamentində ratifikasiya olunacaq. Paşinyan Prezident Putinin də ölkəsi ərazisində həbsini nəzərdə tutan bu layihəyə fərqli don geyindirməyə çalışmış, diqqəti əsas məsələdən yayındırmaq yolunu tutmuşdu. Nikol bildirmişdi ki, Roma statutu, əslində, Azərbaycanın təhlükəsinə qarşı Ermənistanın müdafiəsini nəzərdə tutan sənəddir. Ancaq baş nazir bu fikri ifadə edərkən də dolayısı ilə Rusiyanı qınamaqdan çəkinməmişdi. O, Moskvanın hakim rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsindəki təhlükəsizlik tədbirlərinin İrəvan üçün yetərli olmadığını vurğulamışdı. Əlbəttə, Nikol bu qurumun Ermənistanla bağlı fəaliyyətinin qənaətbəxş saymadığı məqamlarına da toxunmuşdu.
***
M.Zaxarovanın fikirlərinə gəldikdə isə Ermənistan parlamentinin sədri Alen Simonyan tərəfindən “katibə” adlandırılaraq fikirlərinə önəmsiz yanaşılmış rəsmi nümayəndə, kifayət qədər, diplomatik tərzdə Rusiyanın Ermənistan rəhbərliyinə olan qəzəbini ifadə etdi. Onun bildirdiklərini, həmçinin İrəvana xəbərdarlıq kimi də qiymətləndirmək olar. Ancaq məsələ burasındadır ki, son zamanlar rəsmi Moskvanın belə xəbərdarlıqlarının sayı çoxdur və bir qayda olaraq, Ermənistan hakimiyyəti heç birindən nəticə çıxarmır. Əksinə, görürük ki, Paşinyan adminstrasiyası özünün anti-Rusiya ritorikasını daha da gücləndirir. Deməli, qalır, Zaxarovanın fəlakət məntiqinin sözdən əmələ keçməsi. Güman edirik ki, dəyərli oxucularımıza mövzuya nə üçün lətifə ilə başladığımızın səbəbi aydın oldu.
Əvəz RÜSTƏMOV