USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Putin Paşinyanı nədə ittiham edir?


https://img.baki-baku.az/news/2023/09/photo_8191.jpg?v=MjAyMy0wOS0xMyAxMToyNDo1MQ==

Rusiya, necə deyərlər, açıb sandığı, töküb pambığı. Ölkənin Xarici İşlər naziri Sergey Lavrovun ardınca Prezident Vladimir Putin də Azərbaycan–Ermənistan münasibətlərindən, daha doğrusu, ölkələr arasındakı münaqişəli durumdan söz açıb. 

Əslində, Rusiya liderinin Vladivos­tokda keçirilən Şərq İqtisadi Forumu çər­çivəsində söylədikləri, mahiyyətcə baş diplomatın dediklərinin təkrarıdır. Həm təkrarıdır, həm də Putin Lavrovun bildir­diklərini özünəxas şəkildə zənginləşdirib. Ancaq onların mövqelərini birləşdirən bir vacib cəhət var. Rusiya lideri də, XİN rəhbəri də bu ölkənin Ermənistan üçün etdiklərini sanki Paşinyanın başına vurur­lar. Yazımız bu barədədir. Əlbəttə, digər məsələlərə də aydınlıq gətirəcəyik. 

Bəri başdan xatırladaq ki, Azərbay­can dövləti heç zaman öz torpaqlarının bir qarışını da heç kimə güzəştə getmək fikrində olmayıb. Beləliklə, S.Lavrov Er­mənistanda hələ də populyar olan guya “Rusiya 10 noyabr 2020-ci il tarixli üç­tərəfli Bəyanatla Qarabağı Ermənistana verdi” fikrinə münasibət bildirərkən deyib ki, İrəvan 2022-ci ilin payızında Praqada (Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqı Şurasının prezidentinin vasitəçiliyi ilə keçirilmiş görüşü nəzərdə tutulur – red.) Azərbaycanın ərazi bü­tövlüyünü tanımaqla, Qarabağa status məsələsini heçə endirdi. Belə çıxır ki, Praqa anlaşması Qarabağın Ermənista­na verilməsinə, güya, əngəl törədib. 

***

Ermənistanın Praqa və Brüssel sam­mitləri zamanı “Qarabağı itirməsi” rito­rikasına güc verən V.Putin keçmişə üz tutub. O bildirib ki, guya, bir vaxt Rusi­ya Ermənistan rəhbərliyinə Kəlbəcər və Laçın da daxil olmaqla, Qarabağı təklif edibmiş, ancaq İrəvan bununla razılaş­mayıb. Əlbəttə, razılaşmamaq məsələ­sində Kremlin rəhbəri haqlı ola bilər. Çünki Ermənistan daha çox şey istəyir­di - keçmiş Dağlıq Qarabağ Muxtar Vi­layəti də daxil olmaqla, digər rayonların da işğalına son qoymaq fikrində deyildi. Ancaq Rusiya lideri ermənilərlə köhnə sövdələşmələrini tam açıqlamır...

Əlbəttə, həm Putinin, həm də Lavro­vun Ermənistan cəmiyyətinin baş nazir Nikol Paşinyana qarşı Qarabağ müstə­visindəki hiddətini bir qədər də körük­ləmək niyyətini başa düşürük. Anlaya bilmədiyimiz daha bir məqam isə V.Pu­tinin bu niyyət naminə həqiqətlərə səthi yanaşmasıdır. Belə yanaşma Rusiyanın öz maraqlarından irəli gəlir. 

Məsələ burasındadır ki, Ermənistan rəhbərliyi otuz ilə yaxın davam etmiş danışıqlar prosesində həmişə, bir qay­da olaraq, destruktiv mövqe tutub. Bey­nəlxalq müstəvidə isə ona sərfəli nə isə qəbul edilməyib. Yəni, heç bir sənəd və ya razılaşma keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycanın yuris­diksiyasından kənarda görməyib. Yaxşı olar ki, cənab Putin, ilk növbədə, özünün 2020-ci ildə – 44 günlük müharibədən sonra dediklərinə istinad etsin. O vaxt Rusiya lideri bildirmişdi ki, beynəlxalq hüquq nöqteyi-nəzərindən Qarabağ və onun ətrafındakı rayonlar Azərbaycanın­dır və Azərbaycan özünə məxsus əra­ziləri geri qaytarıb. 

Kəlbəcər və Laçın məsələsinə gəlin­cə, bəli, ayrı-ayrı mərhələlərdə ölkəmizə müxtəlif həll variantları təklif edilib. Elə Rusiya tərəfindən də. Bu təkliflərdən biri də bu idi ki, “ilkin mərhələdə sözügedən rayonlar Qarabağın statusu məsələsi tam şəkildə həllini tapanadək Ermənis­tanın nəzarəti altında qalsın”. Lakin heç vaxt Azərbaycan tərəfi bu təkliflə razılaş­mayıb, ölkəmiz hansısa ərazi güzəştinə razılıq verməyib. Rusiya kimi Qərb döv­lətlərinin də təklifləri regional siyasi gün­dəmi təşkil edib. Yeri gəlmişkən, ikincilər daha fəal olublar, nəinki Rusiya. 

Üstəlik, Ermənistanda uzun müddət məhz Moskvaya güvənərək, ayaqda qalan Koçaryan-Sarkisyan xunta rejimi hökm sürüb. Kreml rəhbərliyinin işi-gücü isə məhz bu rejimin nazı ilə oynamaq, onun şıltaqlıqlarına dözmək mahiyyəti daşıyıb. Beləliklə, Qarabağ münaqişəsi­nin həlli də uzanıb. 

***

İndi həm Putini, həm də Lavrovu köhnə sandığı açmağa məcbur edən məqamlardan söz açaq. Axı, xunta re­jiminin dövründə Rusiya rəhbəri bu­günkü qədər, belə demək mümkünsə, hər şeyi bu qədər açıq demirdi. Səbə­bini soruşmuruq, çünki bilirik. Əlqərəz, 2018-ci il inqilabından sonra Ermənistan­da anti-Rusiya meyilli qüvvələr hakimiy­yətə yiyələndilər. Onların başında Nikol Paşinyan dayandı. Həmin Paşinyan o vaxtadək aparılmış danışıqlar prosesini dalana dirədi. Eyni zamanda, Moskvanı saya salmadı. “Qarabağ Ermənistandır. Nöqtə” bəyanatını verərək, Azərbaycana qarşı demarş yolu tutdu. Nəticə etibarilə, Kreml özünün orbitindən çıxmış, Qərbə yön almış Ermənistanın İkinci Qarabağ savaşında cəzalanmasına səssiz qaldı. 

44 günlük müharibədə Ermənistan ordusu darmadağın oldu. Bunu görən Pa­şinyan məcbur qalıb Rusiyanın himayə­sinə sığındı. İndi belə görünür, bu məcburi sığınma Moskvanı qane etmir. Edə də bilməz. Çünki aydındır ki, Nikol indi Qərb­dən aldığı direktivlər əsasında hərəkət edir. Məhz həmin hərəkətlərin nəticəsidir ki, bu gün həm Prezident Putin, həm də Lavrov, eləcə də Rusiyanın digər rəsmilə­ri dəyərli vaxtlarını Paşinyanın, ümumən Ermənistanın idarəçiliyində təmsil olunan şəxslərin atmacalarına, ərköyünlüklərinə reaksiya verməyə xərcləyirlər. 

***

Amma Putinin fikirlərində təqdir olu­nacaq məqamlar da var. Bu barədə söz açmazdan əvvəl bildirək ki, Ermənistan baş naziri N.Paşinyan bir neçə gün əvvəl dünya liderlərinə etdiyi ard-arda telefon zənglərində ölkəsinin Praqa və Brüssel razılaşmalarına sadiqliyini dilə gətirdi. Diqqət yetirək, o, ölkəsinin Rusiyanın köməyi ilə əldə olunmuş 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata sadiqliyin­dən danışmadı. Cənab Putin isə bildirir ki, Praqada Ermənistan Azərbaycanın Qarabağ da daxil olmaqla, suverenliyi­ni rəqəmlərlə, daha doğrusu, 86,6 min kvadratkilometr ərazidə tanıyıbsa, bu za­man bundan sonrakı məsələlər ikitərəf­li əsasda həllini tapmalıdır. Məntiqlə Moskva çəkilib kənarda dayanmalıdır: “Və nə deyək, əgər Ermənistan özü Qa­rabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıbsa, burada deməyə söz yoxdur”.

Sual yaranır: Rusiya çəkilib kənarda dayanırmı? Yaxud dayanmağa hazırdır­mı? Fikrimizcə, yox! Dünən ölkənin Xarici İşlər Nazirliyi son dövrlər həmişə vurğu­ladığı kimi, bir daha bəyan edib ki, Ermə­nistanın nicat yolu üçtərəfli bəyanatdadır. V.Putin isə deyir ki, burada başqa suallar yaranır və onlar humanitar məsələlərlə, Qarabağdakı Rusiya sülhməramlılarının mandatı ilə bağlıdır: “Mandat hələ qüv­vədədir. Lakin humanitar xarakterli, etnik təmizləmənin qarşısını alan məsələlər, təbii ki, aradan qalxmayıb. Mən bununla tamamilə razıyam. Ümid edirəm ki, Azər­baycan rəhbərliyi həmişə bizə dediyi kimi, indi də deyir ki, heç bir etnik təmizləmə­nin aparılmasında maraqlı deyil, prosesin yumşaq şəkildə baş verməsində maraq­lıdır”. Söhbət Qarabağın erməni sakinlə­rinin dinc yolla reinteqrasiyasından gedir. 

Rusiya liderinin fikirlərindəki növbəti təqdir olunacaq məqam onun Ermənis­tanın siyasi dairələrində Kollektiv Təh­lükəsizlik Müqaviləsi Təşkilatının İrəvana Azərbaycanla mübarizədə yardım göstər­məməsi kontekstində irəli sürülən iddiala­ra münasibətində ifadəsini tapıb: “Ermə­nistan Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyıbsa, biz nədən danışırıq? Bütün problemin əsas kompo­nentini, Qarabağın statusunu Ermənistan özü müəyyən edib. Bütün problem budur”.

***

Sonda ümumiləşdirmə apararaq deyə bilərik ki, Rusiya liderinin fikir­ləri, ümumən, pozitiv sayılmamalıdır. Onun Qarabağ nizamlaması ilə bağlı məsələlərdən danışarkən seçdiyi siyasi üslub qənaətbəxşlikdən uzaqdır. Eyni za­manda, onun baxışları Ermənistandakı revanşist-şovinist kəsimi hərəkətə gətir­mək potensialına malikdir. Həmin kəsim hesab edə bilər və hesab edir ki, əgər Paşinyan hakimiyyətdə olmasa, ölkə Qarabağa yenidən sahiblənə bilər. O za­man təsəvvür edək ki, Nikolun şəxsində qərbpərəstlər devrilib və onların yerini ruspərəstlər tutublar. 

Qarabağ müstəvisində nə isə dəyişə­cəkmi? Əsla yox! O zaman keçmişdə çox da ilişib qalmaq yox, gələcəyə baxmaq lazımdır. Keçmiş müharibə yaratmış tə­biətə malikdir. Rusiya regionda nüfuzunu qorumaq istəyirsə, gələcəyi müharibəsiz görməlidir. 

Ə.RÜSTƏMOV




Redaktorun seçimi

O`Braynın “sülh məntiqi”
  • Daxili siyasət
  • 10:04 14.06.2024
O`Braynın “sülh məntiqi”
İrəvanda ara qarışdı
  • Daxili siyasət
  • 09:42 13.06.2024
İrəvanda ara qarışdı
Akop “Harop”un hayfını sinaqoqdan çıxır?
  • Daxili siyasət
  • 09:41 13.06.2024
Akop “Harop”un hayfını sinaqoqdan çıxır?
Qurtuluşun dörd fəsli
  • Daxili siyasət
  • 09:37 13.06.2024
Qurtuluşun dörd fəsli
Makron despotizmi
  • Daxili siyasət
  • 09:35 13.06.2024
Makron despotizmi
Avantüristlərin “azadlıq nəğmələri”
  • Daxili siyasət
  • 09:30 13.06.2024
Avantüristlərin “azadlıq nəğmələri”
Fransanın məkri sərhəd tanımır
  • Daxili siyasət
  • 09:14 13.06.2024
Fransanın məkri sərhəd tanımır
Avropanın nizamı pozulur
  • Siyasi təhlil
  • 10:11 12.06.2024
Avropanın nizamı pozulur
Sülhün səmt küləyi
  • Daxili siyasət
  • 10:08 12.06.2024
Sülhün səmt küləyi

Əvəz RÜSTƏMOV