- Daxili siyasət
- 09:43 19.09.2024
Ermənistan baş naziri Nikol Paşinyanın ölkənin ictimai televiziyasına müsahibəsi bir neçə cəhətdən maraqlıdır. Şübhəsiz, onun vurğuladıqları, əsasən Azərbaycan–Ermənistan, Ermənistan–Rusiya münasibətləri ilə bağlıdır. Ümumən onu deyək ki, N.Paşinyan əvvəlki “ampluasına” sadiqdir və qətiyyən səmimi deyil. O, heç bir halda Azərbaycanla sülhü arzulamır.
Baş nazir anti-Azərbaycan ritorikasını, necə deyərlər, göz bəbəyi kimi qoruyur. Onun söylədikləri, Qarabağ avantürasının davamlılığından xəbər verməklə yanaşı, Ermənistan rəhbərliyinin arsenalında bu avantüra naminə çoxşaxəli gedişlərin mövcudluğunun bariz göstəricisidir. Həqiqətən, Nikolun həyasızlığı sərhəd tanımır. Yazımızda bütün bunlardan söz açacağıq.
Lavrova cavab, yaxud Qarabağ avantürasında fərqli metod
Əvvəlcə Paşinyanın Rusiya Xarici İşlər naziri Sergey Lavrovun bir neçə gün əvvəl dediklərinə münasibətinə diqqət yetirək. Lavrov bildirmişdi ki, Ermənistan hakimiyyəti 2022-ci ilin oktyabrında keçirilmiş Praqa sammiti zamanı (Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqı Şurası prezidentinin vasitəçiliyi ilə reallaşmış görüşü nəzərdə tutulur – red.) 1991-ci ilin Alma-Ata Bəyannaməsinə istinad edərək, Azərbaycanın ərazi bütövlüyünü tanıdı. Bu isə Rusiya XİN rəhbərinin fikrincə, Qarabağa status verilməsi ilə bağlı mövzunun üstündən xətt çəkdi.
Qeyd edək ki, Lavrov bu fikri Ermənistan cəmiyyətində populyar olan “Rusiya 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla Qarabağı Ermənistana verdi” iddiasına cavab kontekstində işlətmişdi. Onun söylədiklərindən belə nəticə hasil olmuşdu ki, əgər İrəvan Alma-Ata Bəyannaməsinə əsasən, ölkəmizin ərazi bütövlüyünü tanıdığını bildirməsəydi, vəziyyət başqa cür olardı. Vurğuladığımız kimi, Qarabağa status məsələsi gerçəkləşərdi. Lavrovun fikrincə, məhz mövcud səbəbdən indi yaşananlara görə bütün məsuliyyəti Ermənistan iqtidarı daşıyır və İrəvanın hakim siyasi dairələrinin Moskvanı nədəsə günahlandırması düzgün deyil.
Paşinyan isə bildirib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşma, heç bir şəkildə, 1991-ci ilin Alma-Ata Bəyannaməsini ləğv edə bilməz. Onun sözlərinə görə, Ermənistan parlamenti bəyannaməni 1992-ci ilin fevralında ratifikasiya edib. Yəni, sənədi Ermənistanda və ya Qarabağda vəziyyəti pisləşdirən hansısa yeni amil və ya hal kimi göstərmək cəhdi doğru deyil. Çünki o, eyni zamanda, Ermənistan qanunvericiliyinin ayrılmaz hissəsidir: “Biz qanunvericiliyə istinad etdik və bunu qeyri-adi bir şey hesab etmək ən azı düzgün deyil. Üstəlik, onu da demək istəyirəm ki, mayın 14-də qarşılıqlı əsasda ərazi bütövlüyünün tanınması haqqında saziş (Azərbaycan və Ermənistan liderlərinin 14 may 2023-cü il tarixdə Aİ Şurasının prezidentinin vasitəçiliyi ilə keçirilmiş görüşdən sonra əldə edilmiş razılıq nəzərdə tutulur – red.) 1991-ci ildə Alma-Ata Bəyannaməsi imzalanan zaman Ermənistanın həyata keçirdiyi siyasətlə heç bir şəkildə ziddiyyət təşkil etmir”.
Burada N.Paşinyanın 1991-ci ilə qayıdaraq söylədiyi bəzi fikirlər var ki, onları iki cəhətdən dəyərləndirmək olar. Birincisi, əlbəttə, Rusiyaya cavab amili aktualdır. Özü də yalnız cavab yox, eyni zamanda, ittiham. İkincisi isə Nikol da, əslində Alma-Ata Bəyannaməsini fərqli interpretasiya etməyə cəhdi göstərir ki, bu da yolverilməzdir. Çünki həmin cəhd Azərbaycanın daxili işinə qarışmaqdır. Məsələyə izah verək.
Deməli, Nikol Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın Alma-Ata Bəyannaməsi imzalandıqdan sonra bildirdiyi fikirlərə diqqət yönəldib. Paşinyan deyib ki, birinci prezident Dağlıq Qarabağ üçün Rusiya muxtariyyətləri modeli kimi muxtariyyət istəyib. Əlbəttə, L.Ter-Petrosyanın nə dediyi o qədər də önəmli deyil. Çünki o, sonradan Qarabağ uğrunda mübarizənin səmərəsizliyini, beynəlxalq aləmin buna qarşı olduğunu etiraf etmiş adamdır. Paşinyan isə onun etirafdan çox əvvəlki sözlərinə istinad etməklə, yəni, Ermənistanın Qarabağda muxtariyyət düşüncəsini diriltməklə, faktiki olaraq, elə həmin Alma-Ata Bəyannaməsinə zidd mövqe tutur. Bir halda ki, sənədə imza atmaq Azərbaycanın ərazi bütövlüyünü tanımaqdır, o zaman, deməli, Qarabağa muxtariyyət tələbi yolverilməzdir. Azərbaycan Dağlıq Qarabağın muxatiyyərini ləğv edibsə, buna ancaq hörmətlə yanaşılması lazım idi. Ancaq nə o zamankı, nə də hazırkı Ermənistan iqtidarı bunu etmir.
Ən əsası isə Nikol deyir ki, Praqa və Brüssel razılaşmaları 1991-ci ildə Alma-Ata Bəyannaməsi imzalanan zaman Ermənistanın həyata keçirdiyi siyasətlə heç bir şəkildə ziddiyyət təşkil etmir. Sual olunur: həmin vaxt Ermənistan hansı siyasəti həyata keçirirdi? Cavab birmənalıdır – Azərbaycana qarşı ərazi iddiası irəli sürürdü. Deməli, Praqa və Brüsseldə ölkəmizin ərazi bütövlüyünü tanımaq heç nədir?
Nikolun Rusiya muxtariyyətləri modeli ilə bağlı dediklərinə gəlincə, yanlış da olsa, o, bu istiqamətdə paralel apara bilər. Ancaq müqayisəsi Moskvanın xoşuna gələcəkmi? Axı, Rusiyanın federativ quruluşu, yəni çoxsaylı muxtar vahidləri parçalanma üçün münbit zəmin verən platforma təəssüratı yaradır. İndi Paşinyan nə demək istəyir? Demək istəyir ki, Rusiyanın müxtəlif xalqlardan bir parça qoparması ilə Ermənistanın Azərbaycandan torpaq istəməsi eyni məsələdir? Bir daha bildirək ki, L.Ter-Petrosyan o zaman dediklərinə görə, faktiki olaraq, peşmançılıq keçirib. O, Qarabağ avantürasını davam etdirməyin mümkünsüzlüyünü görüb istefa vermiş prezidentdir. Paşinyan isə istefa vermək niyyətindən uzaqdır.
Amma Nikol Lavrova cavab kontekstində bir məqamda müəyyən qədər haqlıdır. O deyir ki, Almaata Bəyannaməsini heç nə saymaq doğru olmaz. Çünki sənədə əsasən, de-yure və müəyyən dərəcədə de-fakto Ermənistan və digər postsovet ölkələri özlərinin müstəqilliklərini əldə ediblər. Baş nazirin bu siyahıda Rusiyanı da nəzərdə tutduğu birmənalıdır.
Paşinyanın Lavrovun “Praqada Ermənistan Qarabağı Azərbaycana verdi” məntiqinə cavab anlamında söylədiyi daha bir fikir də tutarlıdır. O bildirir ki, İrəvan həm Praqada, həm də Brüsseldə Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələsini aktual saxlayıb. Yəni, Nikol ölkəsinin Qarabağ avantürasına Rusiyanın status ritorikasından kənar obraz qazandırdığını açıqlayır. Bu, adi məsələ sayıla bilməz. Deməli, İrəvan bölgəni əldə etmək üçün Rusiyanın egidasından kənar mübarizə metodu ortaya qoyur. Mübarizədə status məsələsi yoxdur və onun yerini Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi məsələsi tutur. Yəni, avantürizmin, belə demək mümkünsə, müstəqil xətti aktuallığını saxlayır. Əlbəttə, bu xətt Qərbə bağlıdır, İrəvanın müstəqilliyi çox nisbi anlayışdır.
Paşinyanın mövqeyi budur: Bir halda ki, onun nəzərdə tutduğu beynəlxalq təminatlı hüquq və təhlükəsizlik olacaq, məsələ gələcəyə daşınacaq. Bu isə Ermənistanın Qarabağ iddiasının davamlılığını təmin edəcək. Həm də ona görə ki, bölgənin erməni əhalisi üçün imtiyaz Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh sazişində yer alacaq. Əlbəttə, Lavrov Ermənistanın statusdan kənar olaraq, müstəqil şəkildə Qarabağ arzusunun mümkünsüzlüyünü düşünməkdə sərbəstdir.
N.Paşinyan da Rusiyanı haqsız çıxarmaqda sərbəst olduğunu göstərir. O, Lavrova cavab olaraq onu da deyir ki, Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması “Azərbaycanın Laçın yolu müstəvisindəki hərəkətlərinə əsas yaratdı” kimi fikirlər yanlışdır. Həm də ona görə ki, “Rusiya, ən azı, iki dəfə bəyan edib ki, Dağlıq Qarabağ beynəlxalq səviyyədə tanınan Azərbaycanın ərazisidir. Nə Praqa sazişi, nə də hər hansı digər saziş tərəflərin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini ləğv etməyib. Yəni, bu suala müraciət lazımdır: 10 noyabr üçtərəfli Bəyanatı etibarlıdır, yoxsa yox? Aydındır ki, o, qüvvədədir və 10 noyabr Bəyanatı, heç bir halda, 1991-ci il Alma-Ata Bəyannaməsini ləğv edə bilməz”.
Əlbəttə, N.Paşinyanın Lavrova cavabları tutarlı ola bilər. Ancaq, bu, o demək deyil ki, həmin cavablar manipulyativ xarakter daşımır. Məsələn, o bildirir ki, “Laçın dəhlizi” bir termin olaraq 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda əksini tapıb və tərəflərin hüquq və vəzifələrini müəyyənləşdirir. Bu bəyanat qüvvədədirsə və sənədin nə Alma-Ata Bəyannaməsinə, nə də 6 oktyabr 2022-ci il tarixli razılaşmaya heç bir dəxli yoxdursa, deməli, Nikol Azərbaycanın ərazi bütövlüyünü Ermənistanın tanımasını ayrıca götürür, Laçın yoluna “dəhliz” deməklə əraziyə xüsusi status qazandırır. O zaman sual yaranır: Ermənistan Paşinyanın qüvvədə qaldığını iddia etdiyi üçtərəfli Bəyanata əməl edirmi? Axı elə həmin bəyanatda ayrıca yol məntiqi var idi. O yol ki, Qarabağın erməni əhalisinin Ermənistanla birbaşa təmasını yaradacaqdı. Azərbaycan o yolun öz tərəfinə düşən hissəsini inşa etdi, Ermənistan isə yox. Deməli, bu baxımdan da üçtərəfli Bəyanatı pozdu. “Laçın dəhlizi” məntiqi ilə hərəkət etməyi seçərək, əslində, Qarabağ avantürasının davamı yolunu tutdu. Bu avantüranın davamlılığının digər göstəricisi isə bölgədə sayı on minə çatan qeyri-qanuni erməni hərbi birləşmələrinin mövcudluğudur. Halbuki, üçtərəfli Bəyanata əsasən, həmin birləşmələr ərazidən çıxmalı idilər.
Paşinyanın “telefon diplomatiyası”. Niyə Putinə zəng olmayıb?
Məlum olduğu kimi, N.Paşinyan bir neçə gün əvvəl, necə deyərlər, şivən qoparmışdı. O, ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinkenə, Fransa Prezidenti Emmanuel Makrona, Almaniya Kansleri Olaf Şoltsa, İran Prezidenti İbrahim Rəisiyə, Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə zəng vuraraq, Azərbaycanın Ermənistana hücum etmək istədiyini bildirmiş, haqqında söz açdığımız Praqa və Brüssel razılaşmalarına sadiqliyini, yəni, əslində Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını demişdi.
Maraqlıdır ki, Rusiya Prezidenti Vladimir Putin zəng edilənlər sırasında yox idi. Paşinyan müsahibəsində məsələyə aydınlıq gətirib. O deyib ki, Putinlə daha əvvəl əlaqə saxlayıbmış. O biri liderlərə zəng isə guya, “hansısa nüanslardan xəbəri olmayan tərəfdaşlara məlumat çatdırmaq” məqsədi daşıyıb. Belə çıxır ki, Rusiya Prezidentinin hər şeydən xəbəri var, digərlərinin isə yox. Əlbəttə, Paşinyan Putinə zəng edib deyə bilməzdi ki, Praqa və Brüssel anlaşmalarına sadiqdir. Çünki həmin razılaşmaları Nikol Kremldən “xəbərsiz” imzalayıb. Lavrov da elə bunu başa salmaq istəyirdi. Başa saldı, amma özünü də dolaşığa saldı. Məsələn, Rusiyanın XİN rəhbəri bu suala cavab verməlidir ki, o, nə üçün “Rusiya üçtərəfli Bəyanatla Qarabağı Ermənistana verdi” iddiasına cavabında, Qarabağa status məsələsini yada salır? Məgər, Moskva Qarabağa statusu ərazini Ermənistana vermək kimi başa düşürmüş?..
Əlqərəz, Paşinyan dünyaya mesaj verir ki, Rusiya bölgədə baş verən prosesləri idarə edir, imkan vermir ki, Ermənistan sərbəst davransın, daha doğrusu, avantürizmini müstəqil şəkildə reallaşdırsın. Digər tərəfdən, Paşinyan, Brüssel və Praqa reallıqları fonunda Qarabağ ambisiyası üçün tutacaq yeri tapdığını göstərdi. Göstərdi ki, Moskvanın mövcud istiqamətdəki planlarına ehtiyac duymur. Nikol, dünyanın dörd bir yanına zəng vurmaqla həm bunun çağırışını elədi, həm də Azərbaycanın mümkün hücumuna qarşı bir növ, beynəlxalq immunitet formalaşdırmağa cəhd göstərdi. Axı, o, yaxşı bilir ki, yeritdiyi qeyri-ciddi siyasət Bakının səbrini daşırır, bu öz yerində. Ancaq N.Paşinyan “hər şeydən xəbəri olan Rusiyanın Prezidenti” ilə yeni söhbətə ehtiyacın olmamasından təəssüfünü də ifadə edir. Ehtiyac isə ona görə yoxdur ki, sonuncu söhbətdən sonra heç nə dəyişməyib. Yəqin, Putindən dəstək istəyib, alınmayıb.
Roma statutu Azərbaycandan qorunmaq üçün imiş?
Bəli, dəstək alınmadığı üçün Nikol siyasi şantaja keçib. Anti-Rusiya ritorikasına sadiqlik xətti götürən Paşinyan ilk dəfədir ki, bu xəttə Putini də daxil edir. Nəzərə alaq ki, Paşinyan indiyədək Moskva üzərinə köklənərkən, Rusiya liderinin adını çəkmirdi. Baş nazirin bu davranışı düşünməyə vadar edir.
Ancaq, hələlik bunu bir kənara qoyub, Nikolun anti-Rusiya ovqatındakı ənənəvi ritorikadan söz açaq. O ritorikadan ki, onu müsahibəsində yenidən gündəmə gətirdi. Söhbət Rusiyanın hakim rol oynadığı və Ermənistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından gedir. Mövcud xüsusda Roma statutunun yada salınması isə Nikolun lap təzə oyunbazlığıdır.
Baxın, Paşinyan bildirir ki, Cənubi Qafqaza münasibətdə diqqət çatışmazlığı var. Yəni, KTMT lazımi diqqət göstərmir. O, eyni zamanda, deyir ki, ölkəsinin sərhəd problemləri həllini tapmalıdır. Bunun üçün isə “əlimizdəki alətləri tamamlamaq lazımdır”. Alətləri tamamlamağın yolu, sən demə, Roma statutu imiş. İzah edək necə. Daha doğrusu, Nikol özü aydınlıq gətirəcək.
Haşiyə çıxaq ki, Roma statutu həm də Rusiya Prezidenti V.Putinin digər hansısa ölkənin ərazisinə daxil olarkən, dərhal həbsini nəzərdə tutur. Ermənistanın baş nazirinin sözlərinə görə isə 2020-ci ilin 44 günlük müharibəsi və 2022-ci ilin sentyabrında baş verənlər göstərdi ki, ölkənin sərhəd toxunulmazlığı məsələsindəki prioriteti gözləmək üçün ona kömək edəcək amilləri dəyərləndirmək şərtdir: “Roma statutunun Ermənistan–Rusiya münasibətləri ilə heç bir əlaqəsi yoxdur. Biz onu ratifikasiya edəcəyik. Çünki 2022-ci ilin sentyabrında və 2021-ci ilin mayında baş vermiş hadisələrin Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən araşdırılmasını istəyirik. Bu, KTMT-nin Ermənistan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi şəraitdə təhlükəsizliyimizin səviyyəsinin yüksəldilməsi baxımından əhəmiyyətli təsir göstərə biləcək amildir. Bunu gözardı edə bilmərik. Bizim məsuliyyətimiz beynəlxalq vasitələr də daxil olmaqla, əlavə təhlükəsizlik vasitələri əldə etməyə çalışmağımızdır, mövcud istiqamətdə addımlar atmağımızdır. Rusiya Federasiyasında bütün bunlar haqqında düzgün fikirlərin formalaşdırılması üçün fəal işləyirik. Roma statutu ilə bağlı narahatlıqları aradan qaldıra biləcək çox konkret həll təklif etmişik və bu həll üzərində işləyirik”.
Göründüyü kimi, N.Paşinyanın siyasi oyunbazlığı sərhəd tanımır. O, indi, necə deyərlər, Rusiyanın başının altına yastıq qoymaqla məşğuldur. Həm KTMT-nin timsalında Moskvanı günahlandırır ki, Ermənistanın sərhədlərinin toxunulmazlığı təmin edilmir, həm də Roma statutu ilə bağlı Kremli arxayın salmağa çalışır. Əlbəttə, yaxşı bəhanəsi var. Sən demə, Roma statutunun ratifikasiyası Azərbaycanın təhlükəsindən xilas olmağa hesablanıbmış. Belə gülməli fikri, ancaq Nikol düşünə bilərdi. Görəsən, o, öz dediyinə inanırmı? Hər bir halda, bir məsələ aydındır. Deməli, Ermənistan parlamenti sözügedən və Rusiya tərəfindən hiddətlə qarşılanan sənədi qəbul edəcək. Paşinyan bunun anonsunu artıq verdi. Onun əsaslandırmasının isə heç bir əhəmiyyəti yoxdur. Çünki ortada konkret nəticə var – Ermənistan Rusiya ilə bütün bağlarını kəsir. Təhlükəsizlikdən söz düşmüşkən isə N.Paşinyan Ermənistan üçün təhlükənin qaldığını, Azərbaycanın sərhədə qoşun yığdığını bildirib.
Nikol Samveli niyə təbrik etmədi?
Bəli, Paşinyan haqlıdır. O anlamda ki, Cənubi Qafqazda gərgin durum davam edir. Çünki Ermənistan sərhədə hərbi texnika yığır, habelə, özünün Qarabağ xülyasından geri durmur. Xülyadan söz düşmüşkən, bununla əlaqədar növbəti məqam Qarabağın separatçı rejimdə keçirilmiş “prezident seçkisidir”. N.Paşinyan müsahibəsində həmin “seçki”yə toxunub. Ancaq əvvəlcə o, Arayik Arutyunyanın separatçıbaşılıqdan istefasından təəssüfləndiyini bildirib: “Dağlıq Qarabağın yeni seçilmiş prezidenti Samvel Şahramanyana gəlincə, mən hesab edirəm ki, vəziyyət elədir ki, onu təbrik etmək üçün xüsusi bir şey yoxdur. Onun üzərinə çox böyük məsuliyyət düşür”.
Nikol onu da bildirir ki, “beynəlxalq birliyin məntiqinə, öz mövqelərimizə və yanaşmalarımıza qarşı çıxmaqdansa, konsolidasiya məntiqini rəhbər tutmalıyıq və Dağlıq Qarabağda yaranmış humanitar böhranı siyasiləşdirməməliyik. Çünki səylərimizin əsas məqsədi humanitar böhranın aradan qaldırılmasıdır. Dağlıq Qarabağda böhran var və biz imkan verməməliyik ki, həddindən artıq siyasiləşmə yolu ilə məsələnin humanitar mahiyyəti siyasi müstəviyə çevrilsin. Bizim yanaşmalarımız da bu məntiqə əsaslanır”.
Deməli, Nikolun Samveli təbrik etməməsinin səbəbi bu imiş. Erməni baş nazir, guya tədbirli davranır. Ancaq onun özünü açığa çıxaran iki məqam var. Birinci məqam Paşinyanın Şahramanyan üzərinə məsuliyyətin düşdüyünü bildirməsidir. Görəsən, ikincinin məsuliyyəti nədir? Paşinyan “məsuliyyət” dedikdə nəyi nəzərdə tutur? Əslində, Nikol bu suallara birbaşa cavab vermir və ehtiyatlı davranır, onun dili ilə desək, məsələni siyasiləşdirmir. Ancaq, hər bir halda gəlinən nəticə ortadadır: İrəvan Qarabağ ambisiyasından əl çəkmir.
İkincisi. Bəli, İrəvan Qarabağ ambisiyasından əl çəkmədiyi üçün Paşinyan bildirir ki, Ermənistan və “Artsax” hakimiyyəti bir-biri ilə əlaqə saxlamaqda davam edir. Bu yerdə bir məqamı da vurğulayaq. Əgər erməni baş nazir dünya liderlərinə zəng vurub Praqa və Brüssel sammitlərinin nəticələrinə sadiqliyini bildirmişdisə, bəs bu “Artsax” hakimiyyəti nə deməkdir? Nə üçün İrəvan bu “hakimiyyətlə” əlaqədə olmalıdır? Ümumiyyətlə, belə bir hakimiyyət olmalıdırmı? Əlbəttə, olmamalıdır! Azərbaycanın mövqeyi budur ki, Samvelli, Arayikli, Rubenli, Qurgenli və başqa separatçılardan ibarət rejim gömülməlidir! Bunun alternativi yoxdur və İrəvan Paşinyanın məntiqi ilə onlara “hakimiyyət” kimi yanaşmanı davam etdirəcəyi təqdirdə, bu, ölkəmizin ərazi bütövlüyünə qəsd kimi qiymətləndiriləcək. Deməli, cavab tədbirləri də özünü çox gözlətməyəcək. Bu gedişlə erməni baş nazir ölkəsini “dəmir yumruğ”un altına düşüb əzilmək aqibətinə doğru aparır. Özü də çox inamla.
Əvəz CAHANGİROĞLU