- Daxili siyasət
- 09:43 19.09.2024
Dünən Ermənistan baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makron, İran Prezidenti İbrahim Rəisi Almaniyanın Kansleri Olaf Şolts və ABŞ Dövlət katibi Entoni Blinken ilə telefon danışığı aparıb. Proses həmişəki ssenaridə gedib. Amma bir məqam diqqət çəkib.
Onunla bağlı söz açacağıq. Hələlik isə görək, Nikolun ənənəvi söhbət ritorikasına sadiqliyi hansı göstəricilərlə ölçülür. Hər şey çox sadədir: Azərbaycan Laçın yolunu, guya, qeyri-qanuni bağlayıb, Qarabağdakı dığalar acından ölürlər, Azərbaycan–Ermənistan sərhədində gərginlik yaranıb və sair.
Başlıca məqam isə budur ki, Prezident Makron və Kansler Şolts sərhəddə gərginliyin azaldılmasının vacibliyini vurğulayıblar. Baş nazir Paşinyan isə Azərbaycan Prezidenti ilə bu istiqamətdə təcili müzakirələr aparmağa hazır olduğunu bildirib. O, hər üç telefon danışığı zamanı, həmçinin 2022-ci il oktyabrın 6-da Praqada və 2023-cü il mayın 14-də Brüsseldə əldə olunmuş razılaşmalara və bütün məsələlərin müstəsna olaraq diplomatik vasitələrlə və konstruktiv atmosferdə həllinə yanaşmaya sadiqliyini təsdiqləyib. Fransanın dövlət başçısı da, Almaniyanın Kansleri də deyiblər ki, regionda sülh və sabitliyin bərqərar olması üçün səyləri dəstəkləməyə hazırdır. Bu mənada İran Prezidentinin susqun mövqe tutduğu görünməkdədir. Hər halda, erməni mediasına inansaq, o, yaranmış durumla əlaqədar heç nə deməyib.
Qeyd edək ki, Paşinyan dünənki telefon danışıqları zamanı bildirdiklərini bir neçə gün əvvəl də dilə gətirmişdi. O, Ermənistan hökumətinin iclasında Praqa və Brüssel görüşlərində əldə olunmuş razılaşmaları əsas götürdüyünü vurğulamışdı. Problem isə bundadır ki, Nikol, bir qayda olaraq, nələrisə deyir, amma eləmir. O zaman söyləmək olarmı ki, o, Azərbaycan Prezidenti cənab İlham Əliyevlə təcili görüşə hazır olduğunu bildirməklə, əməli işə keçmək istəyəcək qədər səmimidir? Ümumən, məsələyə dair bəzi məqamları diqqətə çatdırmağa ehtiyac var. Elə səmimiyyətdən söz açmağa da.
Əslində, düşünmürük ki, N.Paşinyan, belə demək mümkünsə, haqq yoluna gəlib. Heç Makronun da konstruktiv mövqeyə sahibləndiyini söyləyə bilmərik. Sadəcə hər ikisi vəziyyəti yaxşı görürlər. Kansler Şolts da durumdan xəbərdardır. Onlar görürlər ki, Cənubi Qafqazda gərginlik artır. Gərginliyi artıran isə Ermənistandır. Ölkə Azərbaycanla şərti sərhədə qoşun toplayır, eyni zamanda, Qarabağdakı qeyri-qanuni erməni hərbi birləşmələrini hərəkətə gətirib. Həmin birləşmələrdəki əsgərlər kazarmalardan çıxarılaraq döyüş mövqelərinə yerləşdiriliblər. Bütün bunlardan sonra Nikol danışıq aparmaq fikrinə də düşür? Telefon danışıqları zamanı bir detal da diqqətdən yayınmadı. Onların hər üçünə bildirildi ki, Ermənistan yox, guya, Azərbaycan qoşun toplayır. Məlum olduğu kimi, ölkəmizin hərbi birləşmələri yeni tədris ilinə hazırlaşırlar, müharibəyə yox. Bəs Ermənistan? Ölkənin rəsmiləri deyə bilirlərmi ki, Qarabağdakı kazarmalarda gizlətdikləri əsgərlər də təlim keçmək fikrinə düşüblər?
***
Aydındır ki, Paşinyan fəaliyyəti yalan üzərində qurulmuş siyasətçidir. Elə onun ölkə liderləri ilə telefon danışıqları da yalanlarını xüsusi qiyafədə təqdim etmək niyyətidir. Birincisi, Azərbaycan Prezidenti ilə təmas qurmağın yolu nə Makrondur, nə də Şoltsdur. İran Prezidenti İ.Rəisi isə heç deyil. İkincisi, Nikol “sülh qaranquşu” roluna girməklə, beynəlxalq aləmi çaşdırmaq yolunu tutur. Heç şübhəsiz, şərti sərhəddə və qoşunların təmas xəttində gərginliyi özü yaradıb və yeni müharibə ilə itirilmişlərin bərpasını arzulayır. Məhz bu səbəbdən danışıq söhbətini ortaya atır, bir növ, Bakının arxayın düşməsini istəyir. Eyni zamanda, mümkün hərbi intervensiya durumunda dünyaya Azərbaycanı qəsbkar obrazında təqdim etmək niyyəti güdür. Təxminən belə: mən görüş təklif etdim, Prezident İlham Əliyev razılaşmadı…
***
Əlbəttə, sülh istəyən Paşinyan kimi olmur. Ermənistanın baş naziri, az qala, üç ilə çatır ki, siyasi oyunbazlıqla məşğuldur. Onun riyakarlığının müxtəlif formalarına şahidik. Bu formalardan ən sonuncusu isə özünü bir həftə əvvəl İtaliyanın “La Repubblica” nəşrinə müsahibədə göstərdi. Nikol, faktiki olaraq, bildirdi ki, sülhə razı deyil. Ötən bir həftə ərzində elə bir şey baş vermədi ki, erməni baş nazirin fikrinin koordinal şəkildə dəyişdiyini düşünmək mümkünləşsin.
Deməli, N.Paşinyan, böyük ölçüdə yanaşsaq, iz azdırmaqla məşğuldur və bu işdə ona “bacılığı” Makron da yaxından dəstək verir. Onlar birlikdə ictimai rəyə sülh mesajlarına bənzər nələrisə ötürürlər. Ancaq bunlar mediaya çıxarılanlardır. Yəni, hələ bilmək olmaz ki, Nikol – Emmanuel dueti nələri müzakirə edib. Şoltsu bir kənara qoyaq, erməni baş nazirin İbrahim Rəisi ilə də, əslində, nədən danışdıqları müəmmadır. Bir sözlə, Paşinyan inanılası adam deyil. Bir daha bildirək ki, o, özünə olan inamı ötən müddətdə xeyli zədələyib.
***
Cənubi Qafqazda gərginliyin artmasına qayıdaq. Onun ayrı-ayrı elementlərini diqqətə çatdırdıq. Birini də deyək – srağagün Şuşa ətrafında erməni hərbi birləşmələrinin aktivliyi müşahidə edilib. Onlar yeni müdafiə istehkamları yaratmağa cəhd göstəriblər. Amma silahlı qüvvələrimiz bu planın qarşısını alıblar.
Yəni, Ermənistan son vaxtlar artan sürət götürmüş gərginliyi səngitmək üçün heç bir addım atmayıb, üstəlik, beynəlxalq miqyasda anti-Azərbaycan ritorikasını daha da gücləndirib. Hətta azğınlaşdırıb da. Ən əsası isə Qarabağdakı separatçı rejim öz “hakimiyyətini” leqallaşdırmaq addımları atır. Məsələn, Arayik Arutyunyanın gedişindən sonra dünən “separatçı rejim”in yeni oyuncaq “prezidenti” seçilib. Gözlənildiyi kimi, bu postu uzun illərdir xuntanın təhlükəsizlik xidmətində məsul vəzifələr tutmuş Samvel Şahramanyan tutub. Onun “Artsax”ın əvvəlki rəhbəri Arkadi Qukasyanın əli ilə hərəkətə gətirildiyi də məlumdur.
Əlqərəz, bütün bunların fonunda Ermənistan liderinin Azərbaycan Prezidenti ilə danışıqlara, özü də təcili danışıqlara hazırlığını ifadə etməsi, istər-istəməz, şübhələrə yol açmaqdadır. Şübhələrdən söz düşmüşkən, indi Qarabağda, yəni separatçı rejimdə baş verənlərin fonunda yada bir məqam da düşür. Paşinyan “La Repubblica”ya müsahibəsində bildirmişdi ki, Qarabağın “seçilmiş hakimiyyəti” var. Bu, o deməkdir ki, Ermənistan bölgə ilə əlaqədar məsələlərə qarışmır. Belə çıxır ki, Nikolun Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanımasına dair həmin Praqa və Brüssel görüşləri sonrası səsləndirdiklərinin mənası yoxdur.
Daha doğrusu, Azərbaycanın ərazi bütövlüyünü və həmin ərazilərdəki suveren hüquqlarını tanıyan Paşinyan Qarabağın “seçilmiş hakimiyyətinin” mövcudluğunu bildirməklə, göstərir ki, problem Bakının öz işidir. Halbuki, belə deyil, bölgədəki erməni separatçılığı, bilavasitə Ermənistan dövlətinə aid məsələdir. O zaman nəticəyə gəlirik ki, Nikolun Praqa və Brüssel formatına sadiqliyi Qarabağdakı xuntaya, o cümlədən, onun aradan qaldırılmasına cavabdehlik anlamı daşımır. Paşinyan Azərbaycan Prezidenti ilə bunumu müzakirə etmək istəyir? Dövlətimizin başçısı ilə görüş bunları bildirmək üçündürsə, deməli, məqsəd, yumşaq desək, manipulyasiyadır.
Sonda onu da bildirək ki, Azərbaycan–Ermənistan qoşunları arasında istər sərhəddəki, istərsə də digər ərazilərdəki eskalasiya mühitinə görə günahkar İrəvan rəhbərliyi, şəxsən Nikol Paşinyandır. O, indiyədək özünün uşaq davranışları ilə mövcud durumun formalaşmasına səbəb olub, xəbərdarlıqlardan nəticə çıxarmayıb. Heç bu gün də nəticə çıxarmır, səmimi davranmır. Səhvlərə görə isə cavab vermək mütləqdir. Necə deyərlər, hər keçi öz ayağından asılmalıdır.
Bəli, hər keçi öz ayağından asılmalıdır. Nə Fransaya, nə İrana, nə Almaniyaya, nə də qeyri dövlətə minnətçi düşməyə ehtiyac yoxdur. İlk növbədə, dünən Qarabağda qondarma seçki keçirib oyuncaq “prezident” seçən separatçı və terrorçu yığını ərazini tam tərk etməlidir. Onların və qeyri-qanuni erməni hərbi birləşmələrinin bölgədə izi-tozu da qalmamalıdır. Yalnız bundan sonra danışıqlar masası arxasına əyləşmək olar. Nəzərə alaq ki, müzakirə ediləcək başqa məsələlər də az deyil.
Ə.RÜSTƏMOV