- Daxili siyasət
- 09:43 19.09.2024
Dünya erməniliyinin müasir simvolu, hayların “Mat Terezası”, pornoulduz Kim Kardaşyanın ABŞ Prezidenti Co Baydenə yarı yalvarış, yarı tələb, yarı da ittiham dolu məktubunun ilk cümləsi belədir: “Erməniləri Azərbaycandan qorumaq üçün dünyanın hərəkətə keçməsinin vaxtı çatıb”. Belə düşünmək olar ki, bu məktubdan sonra Ermənistanda Kardaşyana, hətta “qardaşxan” deyərək də müraciət edə bilərlər. Hərçənd, ona bu müraciətin çoxdan edildiyini düşünmək üçün əsaslar yetərincə çoxdur. Xüsusən 2018-ci il inqilabından sonra Kardaşyan ölkədə, kifayət qədər, populyar fiqurdur. Hətta, bu məişət pozğununa müasir “erməni dövlətinin beyin mərkəzi” də demək mümkündür. Yəni, onun beyni hardadırsa, Ermənistan rəhbərliyi də təxminən həmin nöqtələrdə var-gəl edir.
Bəli, K.Kardaşyan Baydenə özünü saxta “erməni soyqırımı”ndan sağ çıxanların övladı saydığını yazır və bildirir ki, indi həmin “soyqırımının” tanınmasının deyil, Azərbaycanın, guya, növbəti vandallığı reallaşdırmasının qarşısının alınmasını istəyir. Burada hiyləgər məqam var. Pornoulduz “xristian ermənilər” ifadəsini işlədir. Onun yazdığına görə, Qarabağın xristian erməniləri uzun illər Laçın yolundan sərbəst və maneəsiz keçiblər. Bu, nə deməkdir? O deməkdir ki, Kardaşyan tipik erməni təbliğatındakı din faktorunu qabardır və ermənilərə köməyin buna görə edilməli olduğuna eyham vurur. Laçın yolundan maneəsiz istifadəyə gəlincə, bəli, durum elə Kardaşyanın dediyi tərzdə olub və bu ədalətsizlik mühiti uzun illər hökm sürüb. Ancaq daha heç nə əvvəlki kimi olmayacaq.
Kardaşyan Baydenə məktubunda Ermənistan baş naziri Nikol Paşinyanın ritorikasını bir qədər fərqli tərzdə təkrarlamaqla məşğuldur. Paşinyan bütün platformalarda, xüsusən Azərbaycanla münasibətlər mövzusunun əsas götürüldüyü tədbirlərdə öz hakimiyyətinin, guya, demokratik olduğunu sanki bir yamaq kimi qabardır. Əlbəttə, birbaşa ad çəkərək Azərbaycanın üzərinə gəlməyə cəsarəti çatmır. Amma sonra görürsən ki, digər ermənipərəstlər tutuquşutək ortaya düşüb ölkəmizi qeyri-demokratiklikdə günahlandırırlar. İndi Kardaşyan da Baydenə məktubunda eyni məntiqə köklənir. Bu, aşkar manipulyasiyadır. Yəni, deyir ki, demokratik təfəkkürlü (?) ermənilərin “avtoritar Azərbaycanın” hakimiyyəti altında yaşamaları mümkünsüzdür. Bu yerdə onu deyək ki, biz də artıq yavaş-yavaş görürük ki, xəstə xislətli ermənilərin torpaqlarımızda ömür sürmələri yolverilməzdir. Onlar düzəlmirlər və düzəlmədikcə Vətənimizi yenidən murdarlamayacaqlarına heç bir təminat yoxdur.
Ölkəmizi Qarabağ ermənilərinin ac qalmasında ittiham edən pornoulduzun başqa niyyəti də var. Bir halda ki, Azərbaycanı qeyri-demokratik ölkə sayır və rəsmi Bakını bölgədəki hayları blokada vəziyyətində yaşamağa məcbur qoyan kimi qələmə verir, Kardaşyanın növbəti hədəfi onun aləmində buna göz yuman dünya birliyi, o cümlədən ABŞ-dır. Hər halda, Kardaşyanın qopardığı həyasızlıqdan gəlinən başqa nəticə yoxdur. O yazır ki, Qarabağ erməniləri ya aclıqdan öləcəklər, ya da bölgəni tərk edəcəklər, Azərbaycanın alternativ yardım yolu isə guya, qeyri-ciddi imiş...
***
Kardaşyan Prezident Baydenə ağlaşma motivli həyasızlıq dolu naməsinə özünün, habelə ABŞ-dakı erməni lobbi və diaspor təşkilatlarının maliyyəsi ilə hərəkətə gətirilmiş beynəlxaq hüquq üzrə ekspertlər, daha doğrusu, argentinalı hüquq dələduzları Luis Moreno Okamponun və Xuan Mendesin hesabat adı ilə ictimai rəyə sırımağa çalışdığı çərənləmələrindən də ayrı-ayrı detallar əlavə edib. “O, məhz bu fonda beynəlxalq birliyə qarşı ittiham yağdırıb. “Birləşmiş Millətlər Təşkilatının, Avropa Birliyinin, ayrı-ayrı şəxslərin, hökumətlərin və hökumət təşkilatlarının kollektiv susqunluğu və ya hərəkətsizliyi (Qarabağdakı – red.) böhranı daha da gücləndirib”, – deyən Kardaşyanın ABŞ-ı konkret nədə günahlandırmasına diqqət yetirək. Sən demə, Birləşmiş Ştatların vergi ödəyicilərinin dollarları neftlə zəngin Azərbaycana xarici dəstəyin göstərilməsinə yönəlib. Belə rəngbərəng cəfəngiyyat uydurmaq, görünür, ancaq Kardaşyanın ağlına gələrdi.
Maraqlıdır ki, Kardaşyan bir yandan Vaşinqtonu ittiham edir, digər tərəfdən isə yalvarır. Məsələn, o, ölkəmizə iqtisadi sanksiyaların tətbiqinə, xarici yardımı kəsməyə və beynəlxalq məhkəmələrdə Azərbaycanı süründürməyə çağırır. Həqiqətən, çox gülməlidir. Daha bir gülməli məsələ Kardaşyanın Baydenə münasibətdə seçdiyi müraciət formasıdır. O, ABŞ Prezidentinə yazdığı “şanlı naməsində” yuxarıda göstərilənlərin reallaşması ilə uğur qazanılmasının mümkünlüyündən söz açarkən, “biz” ifadəsindən istifadə edir. Sanki ABŞ Prezidenti ilə ortaq nəyisə varmış kimi təəssürat yaradır. Başa düşmək olmur, 80 yaşlı Baydenlə, 1980-ci il təvəllüdlü Kardaşyanın hansı “biz”liyi var.
***
Bəli, amerikalı pornoulduz Birləşmiş Ştatların erməni lobbisinin fəallarından olan professor Erik İsraelyanla birlikdə C.Baydenə ünvanladığı məktubunda tələb də irəli sürür. Tamam unutmuşduq, həm Bayden, həm Entoni Blinken, həm də digər Ağ ev rəsmiləri dərhal ermənilərlə bağlı mövqelərini aydınlaşdırmalı, ilkin şərt olmadan Azərbaycana təzyiq göstərməli imişlər. Yəni, ortada bu qədər sarsaq mənzərə var.
Kim xanım ucuz populizmə əsaslanmış saxta sentimentallığını işə salmağı da yaddan çıxarmır. Yəqin, düşünür ki, məktubu nəzakətli tonda bitirmək lazımdır. Bu ton isə yenə qondarma soyqırımı məntiqinə əsaslanır. Bəlkə düşünür ki, Bayden onun naməsini oxuduqdan sonra kövrələcək, dərhal Azərbaycanın ermənilərə qarşı soyqırımını (?) dayandırmaqla tarixə düşməyi fikirləşəcək. Hər halda, pornoulduz öz xislətinə uyğun şəkildə belə bir hiyləgərliyə baş vurması çox da təəccüblü sayılmaz.
***
Sonda onu da bildirək ki, dünyaca “məşhur” K.Kardaşyanın ABŞ Prezidenti Co Baydenə məktubunun üzərində bəlkə bu qədər dayanmazdıq. Onsuz da Ermənistanın “Mat Tereza”sının yazdıqları sabun köpüyündən başqa bir şey deyil. Ancaq məsələyə diqqət yetirməyi bir neçə səbəbdən zəruri saydıq. Birincisi, məktub dünyanın qlobal güc mərkəzinin liderinə ünvanlanıb. Bu, adi məsələ deyil. İkincisi, vurğuladığımız kimi, hazırda erməni varlığı dünyaya, obrazlı desək, Kardaşyanın əxlaqsızlıq prizmasından baxır. Yəni, onun söylədikləri həm də Ermənistan adlı dövlətciyin siyasəti, Azərbaycanla barışı, ümumən Cənubi Qafqazda sülhü istəməyən, avantürist mövqe tutan erməni cəmiyyətinin zay düşüncə və təfəkkür tərzinin məhsuludur. Üçüncüsü, pornoulduz özü bilavasitə ABŞ kimi ölkədəki erməni lobbi və diaspor təşkilatlarına, belə demək mümkünsə, analıq, daha doğrusu, “mamalıq” edir. Bu kəsim isə indiyədək ölkəmizin üzləşdiyi bəlalarda böyük pay sahibidir.
Əvəz RÜSTƏMOV