- Daxili siyasət
- 09:43 19.09.2024
Beynəlxalq aləmdəki erməni lobbisi və böyük dövlətlərdəki pullu-imkanlı haylar hələ çox suları bulandıracaq, dünyanın başına çox oyunlar açacaqlar. Bir ekspertdən soruşdum ki, bu qədər terror, təxribat, işğal, ilhaq və iyrəncliklər törətmiş ermənilərin xəyanətkar və məkrli əməllərini dəstəkləyənlər nə üçün azalmır?
Belə cavab verdi: “Yaxşı alətdən hansı usta imtina edər ki? Ermənilər dünya ölkələrinin bir-birinə qarşı siyasətdə əsrlər boyu istifadə etdiyi “sınaqdan çıxmış” alətlərdir. Hansı türk, ərəb, ingilis, alman, ispan ermənilərin şərəfsizliyini edə bilər ki? Heç kəs! Ona görə də ermənilərə qahmar çıxanlar hələ çox olacaq”.
Bəli, onlara himayədarlıq edənlər bütün ölkələrdə və beynəlxalq təşkilatlarda vardır. Fransa və ABŞ-da isə daha fəaldırlar. Çünki həmin ölkələrdəki ikili standartlardan əl çəkə bilməyən siyasətçi, deputat və dövlət rəsmiləri imkanlı ermənilərdən “çox yaxşılıqlar” görüblər. Ona görə də ABŞ Senatının Beynəlxalq münasibətlər komitəsinin sentyabrın 14-ə təyin etdiyi “Qarabağ böhranı” adlı dinləmələri sakitcə qarşılamalıyıq. “Kişilər” pul xərcləyiblər ki, senatorlar onların dediyi kimi danışsınlar. Vəssalam, danışacaqlar, dağılışacaqlar və ermənilərə deyəcəklər ki, məsələni həll etdik. Ancaq unudacaqlar ki, məsələni Azərbaycan Prezidenti və Silahlı Qüvvələrimiz həll etmişdir. Ona görə də hansı senatorun hansı bəyanatı verməsi bizim üçün o qədər də əhəmiyyətli deyil.
ABŞ qanunverici orqanının rəsmi saytında verilmiş xəbərdə deyilir ki, dinləmələrdə Dövlət Departamentinin Avropa və Avrasiya bürosunun katibi, Dövlət katibinin köməkçisi Yuri Kim və Dövlət Departamentinin Qafqaz danışıqları üzrə köməkçisi Luis Bono da iştirak edəcəklər. Amma, qonaq qismində. Hansısa tədbirdə iştirak edən qonaq isə qərar və ya qətnamənin qəbulunda iştirak etmir. Hətta onlar hansısa sənədin qəbulunda iştirak etsəydilər belə, həmin sənəd bizim üçün adı kağız parçasından başqa bir şey olmayacaqdı.
İndi orada kimsə durub danışacaq ki, Laçın–Xankəndi yolu bağlıdır, Qarabağ mühasirədədir, 120 min erməni aclıqdan ölmək həddinə çatdırılıb və sairə. Əvvəla, Laçın yolu necə bağlıdır ki, oradan hər gün Qarabağın erməni əsilli sakinləri Ermənistan tərəfə gedir və ya qayıdırlar. Bu yolun bağlı olmadığını Azərbaycan artıq hamıya sübut etmişdir. Bu yol sadəcə Ermənistandan Qarabağa silah, sursat, mina daşıyanların üzünə bağlıdır və heç zaman açılmayacaq. İkinci, “Qarabağ mühasirədədir” demək üçün adamda üz lazımdır. Bir dövlət öz ərazisinin hansısa hissəsini necə mühasirəyə ala bilər? Ağ yalandır!
Üçüncü, orada deyəcəklər ki, Xankəndidə kimsə aclıqdan ölür. Ölmək istəməyən kəs quldur başçılarından tələb etməlidir ki, bizə göndərilən ərzaq yardımını qəbul edin, gətirin, yeyək, ölməyək. Bunu deyən yoxdursa, deməli, aclıq yoxdur, böhran yoxdur. Yollar bağlı deyil.
Dördüncü, deyəcəklər ki, Xankəndi və ətraf ərazilərdə 120 min əhali yaşayır. Yalançının lap bütün tiqranlarına lənət olsun! Xankəndi və ətraf ərazilərdə 20-30 min mülki vətəndaş, Paşinyanın dediyinə görə, 15-20 min nəfər də Ermənistan ordusunun tör-töküntüləri yaşayır. Həmin hərbçilər də Rusiya “sülhməramlılarının” himayəsindədirlər.
Yəni, Azərbaycan rəhbərliyi beynəlxalq ictimaiyyətin çoxsaylı təmsilçilərinin işğaldan azad edilmiş bütün ərazilərimiz kimi, Laçın–Xankəndi yoluna da, Ağdam–Xankəndi yoluna da səfərlərini təşkil etmiş, əcnəbi diplomat, siyasətçi, hərbçi və mətbuat təmsilçiləri vəziyyətlə yerində tanış olmuşlar. Ona görə də həm ermənilərin, həm də onların havadarlarının ABŞ Senatında səsləndirəcəyi bütün arqumentləri havada qalacaq. Qazanan isə Haaqa Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo kimi dələduzlar olacaq. Onlar Azərbaycanın əleyhinə iftiralar, cəfəngiyyatlar səsləndirmək üçün erməni diasporundan nə qədər “əl muzdu” alırlarsa, bunu keçmiş prokuror daha yaxşı bilər.
Hər halda, sentyabrın 14-də Senatda səsləndiriləcək anti-Azərbaycan ittihamların cavabını Azərbaycan Prezidenti İlham Əliyev hələ ayın 1-də vermişdir. Belə ki, ABŞ Dövlət katibi Entoni Blinken sentyabrın 1-də Azərbaycan Prezidentinə zəng edərək, senatorların 13 gün sonra səsləndirəcəyi fikirləri dilə gətirmişdi. Həmin gün Azərbaycan Prezidenti ABŞ diplomatına demişdi ki, Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəkləməkdə davam etdiyi qondarma separatist rejim Ağdam –Xankəndi yolunun açılmasına qərəzli şəkildə imkan vermir və bu yoldan istifadənin qarşısının alınması üçün süni maneə və əngəllər yaradır:
“Onlar Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə bu yol ilə yüklərin daşınması barədə əldə olunmuş ilkin razılaşmadan imtina ediblər... Ağdam –Xankəndi yolundan istifadədən bu formada imtina etmək siyasi manipulyasiyadır və həmin ərazidə guya humanitar, yaxud qida böhranının yaşandığını iddia etmək üçün məqsədyönlü yalandır. Ağdam–Xankəndi yolunun açılmasından sonra Azərbaycanın gömrük və sərhəd-nəzarət rejimi qaydaları tətbiq edilməklə Laçın–Xankəndi yolu açıla bilər”.
Vəssalam! Bundan sonra istəyirlər hər ayın 14-də dinləmələr təşkil etsinlər. Bizim mövqeyimiz aydın və qətiyyətlidir. Azərbaycan separatçılıq təzahürləri ilə ömürlük üz-üzə qalmaq istəmir və qalmayacaq.
İttifaq MİRZƏBƏYLİ