- Daxili siyasət
- 09:43 19.09.2024
Ermənistan Azərbaycanla şərti sərhəddə 1-ci, 2-ci, 3-cü və 4-cü ordu korpuslarını fəal şəkildə gücləndirir. Son həftələrdə İran ərazisi vasitəsilə hərbi mövqelərə zirehli texnika və artilleriya mərmiləri çatdırılıb, təmir obyektləri fasiləsiz işləyir. Caliber.az saytı xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə müvafiq görüntülər yayılıb.
Qeyd olunub ki, Ermənistan Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz silahlı birləşmələrini də yüksək döyüş hazırlığı vəziyyətinə gətirib. Təkcə son bir həftə ərzində Ermənistanda ehtiyatdan on minədək hərbi qulluqçu çağırılıb.
Bununla yanaşı, erməni hərbi ekspertlərinin ölkədə, guya, səfərbərliyin olmayacağı ilə bağlı açıqlamaları Azərbaycanı və dünya ictimaiyyətini yanlış məlumatlandırma kampaniyasından başqa şey deyil. Bildirilir ki, yaxın gələcəkdə həm öz daxili siyasi hesablamaları, həm də geosiyasi öhdəlikləri olan Nikol Paşinyan administrasiyasından ciddi hərbi təxribat gözləməyə əsas var. Caliber.Az vurğulayır ki, Qarabağda resursların məhdud olduğunu nəzərə alsaq, böyük ehtimalla, orada diversiya təxribat əməliyyatları aparıla bilər, əsas hərbi əməliyyatları isə düşmən Ermənistanla şərti sərhədimizə keçirəcək.
Qeyd edək ki, sentyabrın 8-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün bölgədə cari vəziyyətlə əlaqədar brifinq keçirilib. Brifinqdə Ermənistanın bütün təxribatları sadalanıb. Sonda qeyd olunub ki, İrəvan tərəfindən törədilmiş təxribatlar normallaşma prosesinə mənfi təsir göstərir və beynəlxalq aktorların bu istiqamətdə səylərini heçə endirir. Ermənistanın məsuliyyətsiz və destruktiv davranışından irəli gələn risk və təhdidlərin adekvat şəkildə başa düşülməsi və onu bu cür hərəkətlərdən çəkindirmək üçün müvafiq tədbirlərin görülməsi zəruridir. Həmçinin bildirilib ki, Azərbaycanın sülh prosesinə sadiqliyi möhkəmdir və bu mövqe 2020-ci ilin noyabr ayından etibarən atdığımız ardıcıl addımlarla sübut edilib. Suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaq əzmimiz eyni dərəcədə möhkəm və qətiyyətlidir. Ümumiyyətlə, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli sazişdən sonra Ermənistan hər vəchlə sübut edir ki, üçtərəfli saziş müharibənin bitməsi demək deyil. Mütəmadi olaraq müxtəlif istiqamətlərdə atəşkəs rejimi pozulur, təxribatlar törədilir. Vətən müharibəsindən öncə də belə hallar tez-tez baş verirdi. Heç də təsadüfi deyil ki, bir sıra ekspertlər hazırda müşahidə olunan durumu Vətən müharibəsindən öncəki vəziyyətə bənzədirlər.
Ekspertlər bu fikirdə də həmrəydirlər ki, Qarabağ iqtisadi rayonundakı qanunsuz erməni silahlı dəstələrinin üzvləri tərksilah edilməlidir. Gərginlik həm də bununla bağlıdır. Hiss olunur ki, artıq Azərbaycanın səbr kasası daşır. Qanunsuz silahlılar Qarabağdan çıxarılmalı, Xankəndidə Azərbaycan Bayrağı dalğalanmalı və orada qanunlarımız işləməlidir. Ermənistan siyasi rəhbərliyi isə manipulyasiyalar etməyə çalışır. Bununla yanaşı açıq-aydın görünür ki, Ermənistan manipulyasiya yolu ilə hədəflərinə nail ola bilmir. Ona görə də yeni müharibə havasındadır.
Şair RAMALDANOV,
ehtiyatda olan polkovnik
– Ermənistan və onun havadarları 30 ilə yaxın davam edən işğal dövründə olduğu kimi yenə də vəziyyəti gərginləşdirirlər. Atəşkəsi pozur və təxribatlara əl atırlar. Nəticədə danışıqların mənası itir.
Azərbaycan dövləti bütün proseslərə nəzarət edir. Ordumuz hər zaman olduğu kimi, indi də istənilən təxribata adekvat cavab verir. Təxribatların qarşısı alınır və bundan sonra da alınacaq. Hər halda bunun arxasında siyasi məqsədlər durur. Yəni, Ermənistanla birgə onun havadarları burada vəziyyəti gərginləşdirərək öz məqsədlərinə nail olmaq istəyirlər. Paralel olaraq, Rusiyaya qarşı olan qüvvələr regionda vəziyyəti gərginləşdirmək üçün Ermənistanda bu ölkəyə qarşı etiraz prosesini gücləndirirlər. Atəşkəs pozulsun, vəziyyət gərginləşsin və Rusiyanı burada günahlandırsınlar ki, o, heç nə edə bilmir. Rusiya sülhməramlı kontingentinin fəaliyyətinə qarşı narazılıq ifadə olunur. Bunların hamısı Rusiyaya qarşı olan proseslərdir. Burada Ermənistan haqqında düşünən yoxdur. Böyük dövlətlər burada vəziyyətin gərginləşdirilməsi və öz maraqlarının təsir dairəsinin genişləndirilməsi ilə məşğuldurlar. Hazırkı vəziyyəti geosiyasi baxımdan belə qiymətləndirmək olar.
Səxavət HƏMİD