USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Məhəlli sulardan okeanlara

Xalqımız  Heydər Əliyev siyasi kursunun otuz illik təntənəsini yaşayır


https://img.baki-baku.az/news/2023/09/photo_8092.jpg

Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli ulu öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir.

Prezident İlham Əliyevin Azərbaycanda
2023-cü ilin “Heydər Əliyev İli”
elan edilməsi haqqında  sərəncamından

Bakı, 29 sentyabr 2022-ci il

Bu sərlövhə bəlkə də iqtisadçı oxucularımızda və ya iqtisadiyyatdan yazan həmkarlarımızda elə fikir yaradacaq ki, guya,  biz dəniz, naviqasiya, gəmiçilik  məsələlərindən söhbət açmaq istəyirik. Amma, elə deyil. Məqsədimiz ötən əsrin doxsanıncı illərinin əvvələrrində müstəqilliyi itirilməkdə olan, ancaq “məhəlli sularda üzməyi” bacaran, səsini heç kəsin eşitmədiyi, üzləşdiyi müsibətlərə görə etdiyi  fəryadlara kiminsə cavab vermədiyi Azərbaycanın artıq dünya okeanlarının ənginliklərində üzə bilməsindən gedir.

O zaman  səsimizi ancaq özümüz eşidirdik, indi dünya bizə qulaq asır. O zaman dost deyəndə ancaq Türkiyəni düşünürdük. İndi Avropa İttifaqının 9 üzvü Azərbaycanın strateji tərəfdaşıdır. O zaman BMT sessiyalarında  bizə dəstək verənləri saymaq üçün bir əlin barmaqlarının hamısı bükülmürdü. İndı sırasında 120 dövlət olan Qoşulmama Hərəkatının üzvləri Azərbaycanın iştirak etmədiyi tədbirlərdə də onun  haqlı mövqeyini dəstəkləyirlər. O zaman liderimiz “sərhədləri bağlayaraq” ölkəni inkişaf etdirmək istəyirdi. Ozamankı Azərbaycan siyasətçilərinin “Türkün türkdən başqa dostu yoxdur” ifadəsinə görə  qonşularımız və digər  ölkələr bizimlə əməkdaşlıqdan imtina edirdilər. İndi isə Azərbaycanın qapıları hamının üzünə açıq olduğu kimi, bütün dövlətlərin qapısı da bizim üzümüzə açıqdır.

Bu reallıqları Heydər Əliyev siyasi kursunun icra edilməsi nəticəsində qazanmışıq. Məmnunuq ki, xalqımız Heydər Əliyev siyasi kursunun otuz illik nəticələrinin təntənəsini yaşayır. Həmin nəticələr arasında dövlət müstəqilliyimizin əbədiləşdirilməsi də var, xalq-iqtidar birliyinin sarsılmaz qalaya çevrilməsi də, torpaqlarımızın otuz illik işğalına son qoyulması da, Şuşa Bəyannaməsinin imzalanması da, Laçın – Xankəndi yolunda nəzarət – buraxılış məntəqəsinin yaradılması da. Xatırladaq ki,  Prezident İlham Əliyev həmin keçid məntəqəsinin yaradılmasını və oradan keçən hər kəsin sənədlərinin yoxlanılmasını bizim ən böyük uğurlarımızdan biri kimi qəbul edir.  

... Son günlər rəsmi Bakının ünvanına gələn çoxsaylı telefon zəngləri, bəzi  tanınmış mətbuat vasitələrinin Azərbaycanın uğurlarını qəbul edə bilməyən siyasi qüvvələrin ruporuna çevrilməsi, guya,  kimlərisə mühasirədə saxlamağımız  haqqında yayılan uydurma və cəfəngiyyatlar Odlar yurdu qayasından bir toz da qopara bilmir.

Amerika Birləşmiş Ştatlarında yaşayan erməni diasporunun, Ağ evdə, Dövlət Departamentində və Pentaqonda kök salmış erməni lobbiçilərinin, eləcə də,  həmin ölkədəki ikili standartdan əl çəkə bilməyən bəzi siyasətçilərin təzyiqlərinə dözməyən Ağ ev rəsmiləri Azərbaycandan xahiş edirlər ki, regiondakı problemlərin həlli zamanı ermənilərin maraqları da nəzərə alınsın. Otuz il zərərdidə kimi yaşamış və dünyanın gözü qarşısında olan erməni vəhşilklərinə bir neçə dost ölkə  istisna olmaqla, hamıdan biganəlik görmüş Azərbaycan okeanın o tayından gələn çağırışlara olduqca aydın və konkret cavab verir: “Bizim Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edilməsindən, dövlətimizin mənafelərini, xalqımızın maraqlarını təmin etməkdən başqa heç bir məqsədimiz yoxdur. Ermənilər özləri öz başlarını bəlaya salıblar!” ABŞ kimi qüdrətli dövlətin rəsmilərinə bütün bunları aydın şəkildə demək üçün dövlətçilikdə Heydər Əliyev ənənəsi, idarəçilikdə isə İlham Əliyev qətiyyəti olmalıdır.

Fransa prezidentinin və onun siyasi komandasına daxil olanların  Azərbaycana qarşı apardığı məkrli təbliğatın və iyrənc ssenarilərinin heç bir nəticə vermədiyini və ya verməyəcəyini artıq hamı bilir və görür. Rəsmi Parisin  Avropanın o biri başından bizim ərazimizə – Laçın dəhlizinə “humanitar yük” adı ilə  yürüş təşkil etməsi də bir nəticə vermədi, Paris merinin Ermənistanda tökdüyü göz yaşları da. Həmin  riyakarlıq və qərəzçilik Azərbaycanı haqq yolundan döndərə bilmədi və döndərə bilməyəcək. Çünki bizim  dövlətin siyasi kursu Heydər Əliyev müdrikliyinin məhsuludur.  

Ötən il fevralın 22-də Moskvada imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” bu şimal qonşumuzla münasibətlərin normal məcrada davam etdirilməsinə zəmin yaratmışdır. Ancaq Rusiyada – hətta bəzi dövlət qurumlarını təmsil edənlərin daxil olduğu ermənipərəst qüvvələr Azərbaycana qarşı açıq düşmənçilik mövqeyində dayanırlar. Onların bu həyasızlığı İrəvana üç qara quruşluq da olsa, səmərə vermir. Bundan sonra da verməyəcək. Çünki həmin bədxah dairələr öz qarşılarında Heydər Əliyev siyasətini və diplomatiyasını uğurla davam etdirən  İlham Əliyevin qətiyyətini görürlər.

Azərbaycanın Pakistanla dostluq və tərəfdaşlıq etməsindən qıcıqlanan Hindistanın və Qarabağın erməni işğalından azad edilməsini özü üçün  olduqca böyük maddi itki hesab edən İranın davamlı şəkildə  işğalçı ölkəni  silahlandırması da Azərbaycana heç bir təsir edə bilmir və bilməyəcək də. Çünki Azərbaycan Ordusu artıq nəinki 1993-cü ildəki, hətta,  2020-ci ildəki ordumuzdan da qat-qat üstündür. Silahlı qüvvələrimizin maddi-texniki bazası müasir və mükəmməl, şəxsi heyətimiz isə daha peşəkar və daha vətənpərvərdir. Elə ona görə də Hindistan və İran  mütəxəssisləri Ermənistana göndərdikləri silahları Bakıdakı Hərbi Qənimətlər Parkında görə bilərlər.

Bəli, bu gün Azərbaycan dövləti qüdrətli, Silahlı Qüvvələrimiz güclü, liderimiz qətiyyətli, xalqımız isə dövlət  ilə həmrəydir. Cənab Prezidentin dediyi kimi, bu gün heç kəs bizi öz yolumuzdan döndərə bilməz.

O ki qaldı, bu yazının sərlövhəsinə, xatırladaq ki, məhəlli sular , yəni  hər bir suveren dövlətin ərazisindəki su hövzəsi sahilindən okeana (dənizə) doğru 12 dəniz mili – təxminən 25 kilometr – məsafədə olan sulara deyilir. Bu sularda dövlətin tam suverenliyi tanınır. Çox təəssüf ki, müstəqilliyin ilk  illərində Azərbaycan  ancaq həmin lokal məkanda “üzə2 bilirdi. İndi isə biz dünyanın istənilən ünvanında “lövbər2 salır, lazım olan ünvanların hamısına doğru “üzə” bilirik. Bu xoşbəxtliyi bizə Heydər Əliyev siyasi kursu bəxş etmişdir.

Yeri gəlmişkən, Prezident İlham Əliyev bu il mayın 10-da – ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə Şuşadan Azərbaycan xalqına ünvanladığı müraciətdə demişdir ki, ulu öndərin Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir və biz – onun davamçıları onun yolu ilə gedirik:  “2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə etimad göstərilərsə, mən Heydər Əliyev siyasətinə sadiq qalacağam. Azərbaycan xalqı mənə inandı və mən də sözümdə durmuşam və duracağam. 2003-cü ildən bu günə qədər 20 il keçib. Bu 20 il sürətli inkişaf və tərəqqi illəri olmuşdur. Uzun illər bundan sonra da Azərbaycan yalnız və yalnız inkişaf edəcək”

Dövlət başçımız xatırladır ki, bizim uzunmüddətli strategiyamız çox aydındır və daxili resurslara hesablanıb. Azərbaycan ulu öndərin yolu ilə gedərək öz dövlət müstəqilliyini daha da möhkəmləndirib. Bu gün, sözün əsl mənasında, müstəqil xarici və daxili siyasət apara bilən ölkələrin sayı dünyada çox məhduddur: “Azərbaycan o ölkələrdəndir ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Çünki güclü iradəmiz var, güclü ordumuz var və eyni zamanda, güclü imkanlarımız var. Maliyyə resurslarımız, maddi vəziyyətimiz imkan verir ki, biz ancaq öz daxili resurslarımız hesabına yaşayaq və yaşayırıq, daxili resurslar hesabına Qarabağı yenidən qururuq, Zəngəzuru yenidən qururuq”.

İttifaq MİRZƏBƏYLİ




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

İttifaq MİRZƏBƏYLİ