USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistan vəziyyəti gərginləşdirir

İrəvan-Afina hərbi əməkdaşlığı yeni təxribatlara yol açır


https://img.baki-baku.az/news/2023/09/photo_8091.jpg?v=MjAyMy0wOS0wOCAxMToxNToxNg==

Son vaxtlar Ermənistandan səslənən bəzi bəyanatlar bu ölkənin 44 günlük Vətən müharibəsindən dərs almadığını göstərir. Əgər əvvəllər təcavüzkar ölkədə Qarabağ klanı, daşnaklar və digər marginal qruplar radikal-revanşist bəyanatlar verirdilərsə, hazırda baş nazir Nikol Paşinyan da onların sırasına qoşulub.

Güman etmək olar ki, N.Paşinyan bunu özbaşına etmir. Onu revanşist bəyanatlar verməyə təhrik edən bir sıra dövlətlər və qüvvələr var. Fikir versək, görərik ki, son vaxtlar Paşinyanın çıxışlarının tonunda, üslubunda xeyli dəyişiklik var. Əgər Paşinyan cari ilin mayın 23-də keçirdiyi mətbuat konfransında Azərbaycanın 86,6 min kvadratkilometrlik ərazi bütövlüyünü tanıdığını, bura Qarabağın da daxil olduğunu bəyan etmişdisə, bugünlərdə fikrinə redaktələr eləyir. Sentyabrın 2-də Azərbaycan torpaqlarında qondarma “dqr”in yaradılmasnın 32-ci ildönümü münasibətilə yaydığı müraciətdə Hayastan baş naziri deyib: “Bir daha qeyd etmək istərdim ki, Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarının müdafiəsi məsələləri dönməz şəkildə həll olunmayana qədər, Dağlıq Qarabağın ərazi qurumu kimi mövcud olmaması və Dağlıq Qarabağ probleminin həlli ilə bağlı bütün bəyanatlar əsassızdır”. Göründüyü kimi, Paşinyanın bu bəyanatı əvvəlkilərdən köklü şəkildə fərqlənir. O, bununla regional sabitliyə xələl gətirən, populist siyasətçiyə xas yanaşma sərgiləyir. Yeri gəlmişkən, Paşinyanın müraciətinin adının bir il ərzində xeyli dəyişməsi də diqqətdən yayınmır. Belə ki, onun builki müraciəti “Dağlıq Qarabağın müstəqillik bəyannaməsinin qəbul edilməsi münasibətilə” adlanıb. 2022-ci il sentyabrın 2-də isə Paşinyanın təbriki “Artsax respublikasının elan edilməsinin 31-ci ildönümü münasibətilə” başlıqlı idi.

Bundan əlavə, Ermənistan son vaxtlar müxtəlif yaxın-uzaq ölkələrlə hərbi və hərbi-texniki əməkdaşlığı genişləndirir. Bu sırada xüsusilə Fransanın, Hindistanın, Yunanıstanın, Kipr Respublikasının (Cənubi Kipr) və İranın adlarını çəkmək lazımdır. Ermənistanın media məkanında, demək olar ki, hər gün adları çəkilən ölkələrlə hərbi və hərbi-texniki əməkdaşlığın inkişafı ilə bağlı informasiyalar yayımlanır. Ölkələrin müdafiə sahəsinə məsul şəxslərin səfərlərinin intensivləşməsi də diqqətdən yayınmır.

Bu istiqamətdə yayılan sonuncu məlumat Ermənistan və Yunanıstanın hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalamağı planlaşdırması ilə bağlıdır. “Armenpress”in məlumatına görə, sazişin təsdiq edilməsi məsələsi Ermənistan hökumətinin iclasının gündəliyinə daxil edilib.

Sazişin təsdiq olunması ilə bağlı layihənin əsaslandırmasında qeyd edilir ki, Ermənistanla Yunanıstan arasında dostluq qədim dövrlərdən (?) ümumi dəyərlərə və möhkəm tarixi bağlara əsaslanır. Bildirilir ki, erməni-yunan əlaqələri ənənəvi olaraq isti və dostluq xarakteri daşıması ilə fərqlənir, eləcə də müasir dövrdə iki ölkə arasında sıx əlaqələr mövcuddur. Əməkdaşlıq və tərəfdaşlıq, demək olar ki, bütün sahələri əhatə edir.

“Ermənistan-Yunanıstan siyasi dialoqunun yüksək səviyyəsi, eləcə də ikitərəfli və çoxtərəfli platformalar üzrə qarşılıqlı fəaliyyət müdafiə sahəsində daha sıx və səmərəli əməkdaşlıq üçün əlverişli zəmin yaradır. Buna görə Ermənistan da əməkdaşlığın genişləndirilməsinə və dərinləşdirilməsinə yönəlmiş səylərə böyük əhəmiyyət verir”, – deyə layihənin əsaslandırmasında bildirilir. Eyni zamanda, qeyd olunur ki, İrəvan sazişin imzalanmasına Ermənistan və NATO arasında vacib körpü, eləcə də Şimali Atlantika Təşkilatı üzv ölkələri ilə əlaqələrin inkişafı kontekstində tərəfdaşlığın dərinləşdirilməsi vasitəsi kimi yanaşır.

Sazişin müddəaları tərəflər arasında əməkdaşlığın istiqamətlərini, xüsusən müdafiə qabiliyyətini gücləndirmək məqsədilə yeni texnologiyalar və hərbi təyinatlı məhsullar üzrə tədqiqatların stimullaşdırılmasını, milli qanunvericiliyə uyğun olaraq inkişaf və istehsal sahələrində əməkdaşlığı müəyyən edir. Sənəd hərbi-texniki əməkdaşlığın formaları, o cümlədən texniki kadrların hazırlanması, üçüncü ölkələrdə istehsal olunan hərbi təyinatlı məhsulların təmiri və istismarı ilə bağlı xidmətlərin göstərilməsinə dair müddəaları da nəzərdə tutur.

Bildirilir ki, iki ölkənin müdafiə nazirlərinin qarşılıqlı səfərləri, o cümlədən müdafiə sahəsində indiyədək imzalanmış bir sıra hüquqi müqavilələr hər iki tərəfin mövcud əlaqələri daha yüksək səviyyəyə qaldırmaq istəyindən xəbər verir.

Əlbəttə, hansısa ölkənin digəri ilə hərbi əməkdaşlığı inkişaf etdirməsi onun suveren hüququdur. Ancaq burada tərəflərdən birinin Azərbaycan ərazilərin 30 ilə yaxın işğal altında saxlayan, bu gün də Qarabağdakı separatçı rejimi dəstəkləyən Ermənistan, digərinin isə Azərbaycanın ən yaxın strateji müttəfiqi Türkiyə ilə ciddi problemlər yaşayan Yunanıstan olduğu nəzərdən qaçmamalıdır. Aydın olur ki, erməni-yunan hərbi əməkdaşlığı, əslində, Azərbaycan-Türkiyə tandeminə qarşı yönəlib. Belə olan təqdirdə bu məsələyə münasibət bildirməyə zərurət yaranır.

***

Qeyd etdiyimiz kimi, Hayastan təkcə Yunanıstanla yox, digər ölkələrlə, o cümlədən yer üzündəki ikinci yunan dövləti olan Cənubi Kiplə də hərbi əməkdaşlığı genişləndirir. Sentyabrın 7-də Ermənistanın müdafiə naziri Suren Papikyanla Cənibi Kiprin müdafiə naziri Mixalis Yorqallas arasında telefon danışığı olub. Papikyan öz “Facebook” səhifəsində telefon danışığı zamanı Ermənistan və Kipr ətrafında təhlükəsizliklə ilə bağlı məsələlərin müzakirə edildiyini yazıb. “Mən həmkarıma son günlər Ermənistan–Azərbaycan sərhədindəki vəziyyəti təqdim etdim. Həmçinin, müdafiə sahəsində ikitərəfli əməkdaşlığın gedişi müzakirə olundu. Biz əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluğumuzu ifadə etdik və onun daha da genişləndirilməsinə hazır olduğumuzu vurğuladıq”, – deyə Papikyan bildirib.

Onu da qeyd edək ki, 2023-cü il aprelin 20-də İrəvanda Ermənistan, İran və Hindistan xarici işlər nazirlikləri arasında üçtərəfli formatda ilk siyasi məsləhətləşmələr keçirilmişdi. İyulun 5-də isə Nikosiyada Ermənistan–Yunanıstan–Kipr üçtərəfli müdafiə məsləhətləşmələri keçirilib. Ermənistan müdafiə nazirliyi o vaxt bildirmişdi ki, tərəflər üç ölkənin müdafiə qabiliyyətinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsi üçün birgə addımlar atmağa hazır olduqlarını təsdiqləyiblər. Müzakirələr nəticəsində Ermənistan, Yunanıstan və Kiprdə bir sıra tədbirlərin keçirilməsini özündə əks etdirən üçtərəfli hərbi əməkdaşlığa dair illik proqram imzalanmışdı.

Göründüyü kimi, Ermənistan hökuməti bölgədə destruktiv siyasətini davam etdirir. Buna rəğmən hayların baş naziri dünən Azərbaycanın yeni təxribatlara hazırlaşdığını iddia edib. Paşinyan hökumətin iclasında deyib ki, son həftə ərzində regionumuzda hərbi-siyasi vəziyyət xeyli pisləşib: “Səbəb odur ki, Azərbaycan neçə gündür Qarabağın təmas xəttində və Ermənistan–Azərbaycan sərhədi boyunca qoşun toplayır. Qarabağda “humanitar böhran” pik həddə çatıb. Aydındır ki, Azərbaycan bu hərəkətləri ilə Qarabağa və Ermənistana qarşı yeni hərbi təxribat törətmək niyyətində olduğunu nümayiş etdirir”. Onun sözlərinə görə, vəziyyət elədir ki, beynəlxalq ictimaiyyət, BMT Təhlükəsizlik Şurasının üzvü olan dövlətlər regionumuzda yeni partlayışın qarşısını almaq üçün ciddi tədbirlər görməlidirlər.

Ermənistan baş naziri bölgədə təhlükəsizlik mühitinə xələl gətirən addımlarına, yeni təxribatlar üçün digər ölkələrlə hərbi əməkdaşlığı genişləndiməsinə rəğmən, Azərbaycanı ittiham etməsi heç bir ölçüyə sığmayan hərəkətdir. Ancaq biz hayların xislətinə bələd olduğumuz üçün baş nazirin açıqlamasına görə də təəccüblənmirik. Sadəcə onu deməyi özümüzə borc bilirik ki, bölgədə baş verə biləcək bütün təxribatların məsuliyyəti tam şəkildə Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək.

Səxavət HƏMİD

 

Ekspert rəyi

Alparslan İMAMQULU, ehtiyatda olan polkovnik-leytenant

– İrəvanın Afina ilə uzun illərdən, demək olar ki, Ermənistanın müstəqillik əldə etməsindən bəri hərbi əməkdaşlığı mövcuddur. Ermənistanın hərbi kadrlarının bir çoxu bu ölkədə yetişib və yetişməkdədirlər. Necə ki, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq var və bu əməkdaşlıq çərçivəsində bizim bir çox zabitlərimiz Türkiyənin ali hərbi məktəblərində, akademiyalarında təhsil alıblar. Eyni proses Ermənistanla Yunanıstan arasında da baş verir. Sadəcə, fərq ondadır ki, Azərbaycan–Türkiyə hərbi əməkdaşlığı bölgədə sülhə, əmin-amanlığa xidmət edirsə, Ermənistan–Yunanıstan hərbi əməkdaşlığı hərbi təxribatların baş verməsinə, dağıdıcılığa, işğalçı niyyətlərə yönəlib.

Bilirsiniz ki, Yunanıstanla Türkiyə arasında problemlər var. Həmçinin Hindistanın hazırda Ermənistana müxtəlif istiqamətlərdə dəstək verməsi Pakistanla Azərbaycanın müttəfiqliyi ilə əlaqədardır. Amma Cənubi Qafqazda Rusiyanın dəstəyi və ya icazəsi olmadan heç bir ölkə Ermənistana dəstək ola bilməz. Burada Rusiyanın proksi fəaliyyəti var. Rusiyanın adını çəkən yoxdur. Amma şimal qonşumuzun göstərdiyi istiqamətlərdə Hindistan, Yunanıstan, İran kimi dövlətlər bu gün Ermənistana müttəfiqlik etməkdə və ona dəstək verməkdədirlər.

Ermənistan-Yunanıstan hərbi-texniki əməkdaşlıq sazişinin imzalanması Hayastan ordusuna dolayısı ilə verilən dəstəkdir, onun hazırlıq səviyyəsini yüksəltməkdir.




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Səxavət HƏMİD