USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Separatçılar yeni “qlavar” axtarırlar


https://img.baki-baku.az/news/2023/09/photo_8090.jpg

Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan və 1990-cı illərin əvvəllərində ölkəmizdə mərkəzi hakimiyyətin zəifliyindən istifadə edərək separatçı rejim yaradan şəxslər ciddi vurnuxma və çaşqınlıq içərisindədirlər. Obrazlı şəkildə onlar başlarını itiriblər, desək, yəqin ki, səhv etmərik. Bunun ən bariz nümunəsi qondarma rejimin “qlavar”ı Arayik Arutyunyanın sentyabrın 1-də “istefa” verməsi oldu. Onun “istefa”sı Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərlə, müharibədən sonrakı dövrdə əldə etdiyi hərbi-siyasi uğurlarla birmənalı şəkildə bağlıdır. Təkcə bunu qeyd etmək lazımdır ki, separatçı rejimin mövcud olduğu 32 il ərzində onun başçılarından heç biri “istefa” verməmişdilər. İstər Robert Koçaryan, istər Arkadi Qukasyan, istərsə də Bako Saakyanın bioqrafiyasnda “istefa”nın izi-tozu da yoxdur. A.Arutyunyanın “istefa”sı isə Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallıqların ifadəsidir.

Qarabağ separatçıları vəziyyətdən çıxış yolu tapmaq üçün, demək olar ki, hər gün hansısa yeni bir təşəbbüslə çıxış edirlər. Belə təşəbbüslərdən birini səsləndirən Qarabağ separatçılarının əldəqayırma parlamentində “ikinci böyük siyasi qüvvə” olan “Vahid vətən” partiyasının rəhbəri Samvel Babayan Bakıya təkliflər verdiyini təsdiqləyib. Ancaq o, Qarabağdakı “humanitar böhran”ın həlli üçün təklifləri kimə, hansı kanallara verdiyini və nə cavab aldığını açıqlamayıb. Qarabağdakı separatçı rejimin keçmiş müdafiə naziri, indiki “hakimiyyət”in tənqidçisi Babayan “Azadlıq radiosu”nun erməni xidmətinə deyib ki, onda həll variantları var və paket Bakıya göndərilib. Dediyinə görə, bəzi cavablar da var, müzakirələr gedir. Bir masa arxasında əyləşib məsələləri müzakirə etmək planı da var. Babayan öz təklifini ümumi şəkildə belə təsvir edib: “Azərbaycanlılarla qarşılıqlı inama nail olmaq, daha sonra siyasi həllə keçmək lazımdır”.

Azərbaycanla hansı yolla ünsiyyət qurduğunu açıqlamayan Babayan bildirib ki, onda Qarabağ rejiminin də Bakı ilə əlaqə saxlaması (?), hətta bunu gündəlik etməsinə dair informasiya var. Ancaq separatçı rejim belə bir informasiya verməyib.

Qeyd edək ki, Azərbaycan Xankəndidəki rejimin təmsilçisi ilə sonuncu dəfə martın 1-də təmas qurduğunu açıqlayıb. Belə ki, Milli Məclisin deputatı Ramin Məmmədov Qarabağda yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs kimi müəyyən olunub. Martın 1-də Xocalıda ilkin təmaslar aparılıb. Təəssüf ki, bu təmaslardan sonra erməni sakinlərin nümayəndələrinin arzuolunmaz açıqlamalarının şahidi olduq.

Onu da bildirək ki, sentyabrın 8-də qondarma parlament rejimə yeni başçı “seçməlidir”. Bu postu avqust ayından bəri “parlament”ə rəhbərlik edən “Daşnaksütyun” partiyasının təmsilçisi David İşxanyanın tutacağı gözlənilir. İşxanyan hazırda “artsax prezidenti” vəzifəsini icra edir. Dünən onun çağırdığı məsləhətləşmə zamanı “parlamentdə” yeni “qlavar”ın kim olacağı ilə bağlı məsələlər müzakirə olunub.

Bu təyinata son günlər pisləşən Rusiya–Ermənistan münasibətləri kontekstində də baxmaq mümkündür. Belə ki, İşxanyan məhz Koçaryana, Sarkisyana yaxın, eləcə də Rusiya meyilli şəxs hesab olunur.

***

Bu arada Ermənistan baş naziri Nikol Paşinyan hökumətin dünən keçirilən iclasında Azərbaycanın yeni təxribatlara hazırlaşdığını iddia edib. Deyib ki, son həftə ərzində regionumuzda hərbi-siyasi vəziyyət xeyli pisləşib. Səbəb isə guya, Azərbaycanın neçə gündür Qarabağın təmas xəttində və Ermənistan–Azərbaycan sərhədi boyunca qoşun toplamasıdır.

Paşinyana Azərbaycan Xarici İşlər Nazirliyinin cavabı özünü çox gözlətməyib. Nazirlik bildirib ki, Ermənistan baş nazirinin sentyabrın 7-də hökumətin iclası zamanı Azərbaycanı bölgədə hərbi-siyasi vəziyyəti gərginləşdirməkdə təqsirləndirməsi, guya, Azərbaycanın ərazidə qüvvələr cəmləşdirməsi iddiaları irəli sürməsi İrəvanın növbəti saxta siyasi manipulyasiyasının tərkib hissəsidir. Qeyd olunub ki, bölgədə təhlükəsizliyə əsl hədənin Ermənistan tərəfindən hərbi-siyasi təxribatların davam etməsi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı baş nazir daxil olmaqla Ermənistan tərəfinin davam edən iddiaları, öhdəliklərə zidd olaraq Azərbaycan ərazilərindən hələ də çıxarılmayan erməni silahlı qüvvələri olduğu hər kəsə məlumdur. “Bölgədə sülh və təhlükəsizliyin bərqərar olması üçün Ermənistan tərəfi Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli, hərbi və siyasi təxribatlara son qoymalı, sülh müqaviləsi danışıqlar prosesinin uğurla nəticələnməsi istiqamətində törədilən maneçilikləri dayandırmalıdır”, – deyə XİN-in açıqlamasında bildirilib.

Paşinyanın səsləndirdiyi iddialarla bağlı Qərbi Azərbaycan İcması da məlumat yayıb. Məlumatda deyilir: “Ermənistan baş naziri Nikol Paşinyanın 2023-cü il sentyabrın 7-də verdiyi açıqlamalar bir daha onu göstərir ki, rəsmi İrəvanın Azərbaycanla sülh müqaviləsini imzalamaq, Azərbaycana qarşı ərazi iddiasına son qoymaq niyyəti yoxdur. Ermənistan yalnız sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Ermənistanın mövqeyi, əslində, aşağıdakı kimidir: “Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü o halda tanıyır ki, beynəlxalq mexanizm çərçivəsində Bakı-Xankəndi danışıqları vasitəsilə Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi təmin edilsin”. Hər dəfə “beynəlxalq mexanizm” kimi utopik fikirləri təkrar etməklə Ermənistanın baş naziri faktiki olaraq Azərbaycana şərt qoyur. Tarix Nikol Paşinyanın 2020-ci il Tovuz döyüşlərindən sonra Azərbaycana qarşı “7 şərt”lə çıxış etməsini, onun və ölkəsinin sonrakı aqibətini yaxşı xatırlayır. Təəssüf ki, Ermənistan baş naziri sülh müqaviləsini imzalamamaqla yanaşı, həm də bölgədə vəziyyəti daha da kəskinləşdirir. Bir daha vurğulayırıq ki, N.Paşinyan bu günlərdə qondarma qurumun “müstəqilliyinin ildönümü”nə dair müraciəti ilə danışıqlar prosesini məhv edib”.

Qərbi Azərbaycan İcması qeyd edib ki, Ermənistan öz ordusunun qalıqlarını tam olaraq Azərbaycanın suveren ərazilərindən çıxarmalı, Azərbaycanın daxili işlərinə kobud müdaxilədən əl çəkməlidir. Qarabağda yaşayan erməni sakinlərə dialoq təklifi ünvanlayan Azərbaycandan ibrət götürərək bizim öz dədə-baba yurdlarımıza qayıdışımızla bağlı Qərbi Azərbaycan İcması ilə təmaslara başlamalıdır.

Həm separatçı rejimdə cərəyan edən prosesləri, həm də Ermənistandan səslənən bəyanatları təhlil etdikdə bu qənaətə gəlmək olur ki, haylar sülh müqaviləsi imzalamaqdan hələ xeyli uzaqdırlar. Görünür, ermənilələrin reallığı bir daha dərk etmələri üçün “dəmir yumruğa” ehtiyacı var.

Səxavət HƏMİD

 

Ekspert rəyi

ZAUR MƏMMƏDOV, Dövlət İdarəçilik Akademiyasının müşaviri, politoloq

– Qarabağın ermənilər yaşayan hissəsindəki rejim bundan sonra öz ömrünü uzun müddət davam etdirə bilməyəcək. Əgər kimsə oradakı ermənilərin bütün məsuliyyətini öz üzərinə götürmək istəyirsə, başa düşməlidir ki, Azərbaycan cəmiyyətinə reinteqrasiya labüddür və heç bir digər məsələdən söhbət gedə bilməz.

Bugünlərdə Xarici işlər naziri Ceyhun Bayramov da müsahibə zamanı bildirib ki, dialoqdan imtina edənlər, onlara mesaj göndərə biləcək və hər hansı vədlər verəcək üçüncü güclərin əllərində girov olmaqdan qurtulmalıdır. Onlar keçmişə nəzər salmalı və nə əldə etdiklərini düşünməlidir. Nazir qeyd edib ki, yeganə yol dialoq və Azərbaycanın tərkibində öz gələcəyini müzakirə etməkdir. Başqa yol yoxdur, çünki qalan bütün variantlar qeyri-legitimdir. Bu, bizim qırmızı xəttimizdir.

Bundan sonra Azərbaycanın ərazisində heç bir boz zona olmayacaq. Artıq bunu beynəlxalq ictimaiyyət də bilir. Təsadüfi deyil ki, beynəlxalq ictimaiyyətin reaksiyası həm Ermənistanı, həm də separatçıları qane etmir. Onlar beynəlxalq ictimaiyyətdən Azərbaycana münasibətdə fərqli mövqe nümayiş etdirməyi xahiş edirlər. Lakin başa düşməlidirlər ki, Qarabağın Azərbaycan ərazisi olması reallığı ilə hamı barışıb, bunu hər kəs qəbul edir və separatçıların köhnə istəkləri artıq baş tutmayacaq. Ermənistandan fərqli olaraq, Azərbaycan öz mövqeyində sabitdir.




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Səxavət HƏMİD