USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Bakının “B” planı, Zəngəzur dəhlizi və Ermənistan üçün dalan

​​​​​​​Otuz 30 illik təcrid, görünür, İrəvana dərs olmayıb?


https://img.baki-baku.az/news/2023/09/photo_8089.jpg?v=MjAyMy0wOS0wOCAxMToxNTozMQ==

Xarici işlər naziri Ceyhun Bayramovun Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) və Macarıstanın “Madyar Demokrata” nəşrinə müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlər Ermənistanda ciddi müzakirə predmetinə çevrilməkdədir. Əlbəttə, mövzu ətrafındakı yanaşmalarda, ilk növbədə, təşviş ovqatı duyulmaqdadır. Hiss olunur ki, erməni siyasi istableşmenti cənab Bayramovun söylədiklərini soyuq başla qiymətləndirmək iqtidarında deyil. Bu, məsələnin birinci tərəfidir və mövzuya yer ayıracağıq. Məsələnin digər tərəfləri də var ki, yazımızda onlara da toxunmaq niyyətindəyik.

 

***

Bəli, nəticə hasil olur ki, erməni dairələri ölkəmizin XİN rəhbərinin dediklərini Bakının demarşı olaraq dəyərləndirirlər və mövcud xüsusda vurğu ancaq hay-küy salmağın üzərinə qoyulur. Təxminən belə: baxın, Azərbaycan Ermənistan ərazisinin işğalına çalışır və sair. Arada soyqırımı ritorikasını da gündəmə gətirənlər tapılır. Təşvişə gəldikdə isə ermənilər Azərbaycanın nəzərdə tutduğunu həyata keçirmək əzmini anladıqlarını, istər-istəməz büruzə verirlər və sanki özlərini həmin reallığa hazırlayırlarmış kimi davranırlar. Mənzərə, obrazlı desək, qorxaq itin quyruğunu bulayaraq hürməsinə bənzəyir.

Ümumən, Ermənistan Zəngəzur dəhlizi məsələsində qeyri-konstruktiv, yəni anti-Azərbaycan mövqe tutmaqda israrlı təsir bağışlayır. Deməli, C.Bayramovun nəzərdə tutduğu “B” planının işə düşməsi günün təxirəsalınmaz tələbidir. Əlbəttə, cənab nazir həmin planın detallarını açıqlamır. Onun dilə gətirdiklərinin, kifayət qədər, ölçülüb-biçilmiş məsələ olduğuna da şübhə yoxdur.

...Ölkəmizin XİN başçısı müsahibədə bəzi məqamlara toxunur. Bu məqamlardan biri Ermənistanın haqqında söz açdığımız qeyri-kontstruktiv yanaşmasıdır: “Hansısa bir anda elə bir hiss yaranır ki, biz işi başa çatdırmağa yaxınıq, son anda Ermənistan birdən-birə yeni nəsə irəli sürür ki, bu da prosesi yenidən dalana aparır”.

Əslində, Azərbaycan Prezidenti İlham Əliyevin, eləcə də dövlətimizin rəsmilərinin indiyədək də oxşar məzmunlu açıqlamarı olub. Onlar İrəvanın tutduğu yolun perspektivsizliyini vurğulayıblar. Eyni zamanda, deməliyik ki, Ermənistan daxilində də məsələyə diqqət yetirən qütblərə rast gəlinib. Bu qütblərin təmsilçilərinin dediklərindən hasil olan qənaət budur: Azərbaycan indi nəyi təklif edirsə, razılaşmaq şərtdir. Çünki sabah bu təkliflər olmaya bilər.

***

Ermənistandakı bəzi siyasi cinahların nümayəndələri onu da bildirirlər ki, Qarabağ münaqişəsi ölkə üçün nəinki vaxt itkisi reallığını doğurub, eyni zamanda, onu inkişafdan geri salıb. Belələrinin arqumentləri çox sadədir – Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri. Məlum olduğu kimi, sözügedən kəmərin vaxtilə Ermənistandan keçməsi məsələsi aktual idi. Ancaq Bakı prinsipiallıq göstərərək, buna imkan vermədi. Ümummilli lider Heydər Əliyev bütün siyasi və diplomatik vasitələrdən yararlanaraq, İrəvanı əsrin layihəsindən kənarda qoydu. Ermənilərin qazancı işğal etdikləri torpaqlarımızdakı yaşayış məskənlərinin söküb-talamaqdan başqa bir şey olmadı. Belə görünür ki, İrəvan qarətlər nəticəsində əldə etdikləri ilə kifayətlənməyi üstün tutur. Əlbəttə, buna kifayətlənmək demək mümkündürsə...

Bəli, Ermənistan “barışmazlıq ampluasına” sadiqdir. Deməli, cənab Bayramov çox doğru vurğulayır ki, İrəvanın bu cür yanaşması ölkənin iqtisadiyyatını düzəltmək üçün daha bir sərfəli fürsəti əldən verməsi ilə nəticələnə bilər. Fikrini Zəngəzur dəhlizi müstəvisinə gətirən nazir bildirir ki, yolun Ermənistandan yan keçməsi mümkündür. Necə ki, vaxtilə BTC yan keçmişdi. Özü də söhbət yalnız BTC-dən getmir. Nəzərə alaq ki, ölkəmiz bir çox nəhəng layihələrin təşəbbüskarı və icraçısıdır. Həmin layihələrdə söz sahibidir və Bakının mövqeyi imkan verir ki, İrəvan yenidən təcrid olunmuş durumda qalsın.

Üstəlik, ötən əsrin 90-cı illərindən fərqli olaraq, hazırda Azərbaycanın beynəlxalq-siyasi mövqeyi qat-qat güclüdür. Mövcud amil də onu deməyə əsas verir ki, ölkəmizin C.Bayramovun nəzərdə tutduğu “B” planına keçid alması yalnız an məsələsidir. Bununla bağlı digər məqam da var. Ondan söhbət açarkən, yada Rusiya amili düşür.

Məlum olduğu kimi, Qarabağ münaqişəsi, ümumən Azərbaycan – Ermənistan ziddiyyətlərini körükləyən, habelə, ölkəmizin torpaqlarının işğalında Ermənistana yardım göstərən Rusiya olmuşdur. Güman edirik, Rusiyanın yalnız 366-cı motoatıcı alayının Xocalı soyqırımının törədilməsindəki iştirakını vurğulamaq yetərlidir. Hələ başqa “nümunələri” də saya bilərik və onların sayəsində Azərbaycan ötən əsrin 90-cı illərində Ermənistanla nəticələri çox ağır və ağrılı olan qeyri-bərabər mübarizə meydanına atılmışdı.

O zaman Rusiyanın tələbi nə idi? Azərbaycanda rus qoşunları qalsın, İranla sərhədi həmin qoşunlar qorusunlar. Başqa məqamlar da var idi ki, onların hamısının üzərində dayanmağa lüzum görmürük. Ümumən, beynəlxalq aləm dünya erməniliyinin tərəfində yer almışdı və indi görünür ki, ulu öndər Heydər Əliyev hansı çətin şərtlər altında Azərbaycanın Ermənistanı təcrid siyasətini həyata keçirmişdi. Axı, dünya erməniliyi bu gün də “trenddir”. Mahiyyətcə, hazırda Azərbaycana göstərilən təzyiqlər də həmin “trendin” işlək durumundan xəbər verməkdədir.

 

***

Ancaq zaman o zaman deyil. Rusiyadan danışırdıq. Əgər 90-cı illərdə erməni avantürasına təkan və dəstək verən Moskva üçün prioritet Azərbaycana indi lokal və primitiv kimi görünən şərtlərini diktə etmək idisə, hazırda onun özü də yeni yaşam yollarına ehtiyac duymaqdadır. Söhbət təkcə 2022-ci ilin fevralından başlanmış Ukrayna müharibəsinin doğurduğu ağır vəziyyətin öhdəsindən gəlinməsinin çətinliyindən getmir. Əslində, Ukraynaya qədər də Rusiya iqtisadiyyatının vəziyyətində diskonfort yaşanırdı. Türk dünyasının təşəkkülü, xüsusən Azərbaycanın bu istiqamətdə öncül mövqeyə sahibliyi fonunda, mövcud platformanın daha səmərəli nəticələri önə çəkilməyə başlamışdı. Deməli, əgər 90-cı illərdə Ermənistan itirmişdisə və proses indi də davam edirsə, hazırda itirən tərəf yalnız İrəvan deyil, eyni zamanda, Rusiya ola bilər. Birincini başa düşdük, avantürizmə qapılıb, axı ikinci barədə eyni fikri işlətmək olmur. Hər halda rus diplomatiyasının rasionallığı qoruyacağını söyləmək mümkündür...  

Bu gün Rusiya Azərbaycan – Ermənistan münasibətləri kontekstində 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata və digər eyni formatlı bəyanatlara istinad edir. Həmin sənədlərin icrasını sülh yolunda başlıca amil kimi qiymətləndirdiyini açıqlayır. O da görünür ki, Moskva daha çox Cənubi Qafqaz siyasi akvatoriyasındakı prosesləri nəzarətində saxlamaq niyyəti güdür. Nəzəri baxımdan yanaşsaq, ona Qarabağdakı separatçılığın saxlanılması məhz buna görə lazım ola bilər. Ölkənin bu yolla regionun gələcəyinə dair layihələrdə iştirak istəyini, bir növ, təminat altına almış kimi görünməsi də mümkündür.

Baxın, Rusiya rəsmiləri üçtərəfli bəyanat məntiqinə istinadən, bir qayda olaraq, bölgədə kommunikasiyaların açılması məsələsi üzərində dayanırlar. Bəlkə də Qərblə Rusiyanın maraqlarındakı yeganə uzlaşma nöqtəsi məhz budur. Lakin Kreml sabah onu həmin kommunikasiyalardan kənarda qoymaq fikrinə düşən qütblərin ortaya atılmayacağına əmin deyil. Buna görə, necə deyərlər, tutacaq yerə ehtiyac duyur. Bir daha bildirək ki, hazırkı situasiyada bu baxımdan ən yaxşı nöqtə Qarabağdır. Məhz mövcud səbəbdən Rusiya rəsmiləri kommunikasiyaların açılmasını istəyir, Qarabağın statusu məsələsinin sonraya saxlanılması fikrini irəli sürürdülər. Əlbəttə, sonradan bu mövqe sülh müqaviləsinin imzalanmasına dair perspektiv notlar üzərində kökləndi. Yəni, status Azərbaycan Prezidentinin bildirdiyi kimi, cəhənnəmə getdi və belə görünür, Kreml məsələnin belə qoyuluşu ilə barışıb.

Bəli, təkrar bildirək ki, Rusiya təminat əldə etmək niyyətindədir. Bir məsələ də var –- ölkə vaxtilə ona qlobal miqyasda verilmiş təminatların puç olduğunu görmüşdü. Əslində, hazırda Kremlin Ukrayna müharibəsini özü üçün ədalətli sayması da məhz bundan qaynaqlanır. Yəni, Qərbin hakim siyasi dairələrinin sözlərinin üstündə durmamalarından, vədlərinə xilaf çıxmalarından. Əlbəttə, Rusiya Cənubi Qafqazdakı durumun fərqli olduğunun fərqindədir və xeyli dərəcədə ehtiyatlıdır. Onun üçün bu siyasi akvatoriya xeyli mürəkkəbdir və mürəkkəblik fonunda Moskvanın ortaya qoyduğu bir aydın siyasi kazus var – Qərb Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq istəyir. Və onu da görürük ki, Ermənistan Moskvanı bölgədən uzaqlaşdırmaq naminə hərəkətə gətirilir. Baş nazir Nikol Paşinyanın anti-Rusiya ritorikasına hakim kəsilən fikri konkretdir: Çıx get! Yəni, Qərb Nikolun dili ilə Moskvaya səslənir. Paşinyan isə bütün siyasi tərbiyəsizlik və hədsizlik elementlərini işə salaraq sanki Rusiya ilə məzələnməkdədir. Qeyd edək ki, o, hakimiyyətə gələndə də eyni havada idi. Məzələnməyin axırını gördük. Nikol 44 günlük müharibə məşəqqətinin bitməsi üçün, az qala, Kremlə yalvarırdı. Yeri gəlmişkən, Rusiyanın siyasi dairələri bu məqamı qabartmağı xoşlayırlar...  

Ancaq zaman göstərdi ki, Ermənistanın yalvarışı dövlət siyasətinə və riyakarlığın vasitəsinə çevirib. O, özünü müharibə rüsvayçılığından nəticə çıxarmayıbmış kimi aparmaqdadır və bu, Rusiyanın əldə etməyə çalışdığı təminat faktoruna da mənfi təsirini göstərməkdədir. İrəvan ikibaşlı oyun oynayır: həm çalışır ki, Azərbaycana güzəştə getməsin, Qarabağ iddialarını davam etdirsin. Eyni zamanda, Rusiyanın Cənubi Qafqazdakı maraqlarına təhdid dilini işə salmaqla, birincinin özünü rahat hiss etməsinə maneçilik törətsin.

 

***

Obrazlı desək, qatar yola düşməlidir. Söhbət Zəngəzur dəhlizi layihəsinin gerçəkləşməsindən gedir və Rusiya həmin qatarda yer almaq iddiasındadır. Belə olan halda, Moskvanın erməni avantürizminə dözmək səbrinin də, imkanlarının da daraldığını söyləməyə əsas yaranır. Yəni, Moskva mövqeyini qəti şəkildə ortaya qoymalı, növbətçi bəyanatları sıralamaqdan çəkinməlidir. Anlamalıdır ki, o sənədlərə arxayın olub İrəvanın ağlını başına yığacağına ümid bəsləmək sadəlövhlük və vaxt itkisidir.  

Həm də ona görə buna ümid bəsləmək olmaz ki, Ermənistan, ümumən, Zəngəzur dəhlizinə zidd qüvvələrin səngərində təmsil olunmaqdadır. O da nəzərə alınmalıdır ki, hazırda Azərbaycan və Türkiyə həmin səngərdə təmsilçilikləri olanları siyasi meydandan kənarlaşdırmaq əzmli diplomatik mövqe nümayiş etdirməkdədir və baş verənlər onu göstərir ki, bu mövqe xeyli dərəcədə möhkəmdir. Elə məhz bu səbəbdən də C.Bayramov bildirir ki, Azərbaycan “B” planına malik olmaqla, Zəngəzur dəhlizinin işə başlamasına yönələn fəaliyyətini davam etdirəcək. Ən əsası, o, sözügedən layihənin, hətta, Ermənistanın iştirakı olmadan həyata keçiriləcəyini vurğulayır və son dərəcə əmin tərzdə bildirir ki, İrəvan yenə itirən tərəf olacaq. Nazirin təbirincə desək, Ermənistan benefisiarlar siyahısından çıxacaq.

Sonda bir daha vurğulayaq ki, Ermənistan özünü dalana dirəməkdədir. Belə görünür, ölkəyə 30 ilə yaxın davam etmiş təcrid dərs olmayıb. Olmayıbsa, avantürizminə davam etsin və itirməyində olsun. Zəngəzur dəhlizi və onun fəaliyyəti isə Azərbaycan qarşısında dayanmış bir vəzifədir və dövlətimizin iradəsi nəticəsində mütləq icra olunacaqdır.  

 

Ə.CAHANGİROĞLU

 




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Əvəz RÜSTƏMOV