USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İrəvan eyni vaxtda bir neçə stulda əyləşmək siyasətini davam etdirir

​​​​​​​Ermənistan–ABŞ hərbi təlimləri bunun bariz nümunəsidir


https://img.baki-baku.az/news/2023/09/photo_8067.jpg

Ermənistanın təhlükəsizlik arxitekturasının ümumi mənzərəsinə baxdıqda orada maraqlı proseslərin getdiyinin şahidi olarıq. Bu mənzərədə xüsusilə son bir neçə gün ərzində baş verən dəyişikliklər dərhal diqqəti cəlb edir. Həmçinin Ermənistanın üzvü olduğu və 2020-ci ilədək çox güvəndiyi, Azərbaycanı hədələdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə münasibətlərində problemlər yaşanır.

Bu çərçivədə ilk növbədə Ermənistanın təşkilatdakı daimi nümayəndəsi Viktor Biyaqovun vəzifəsindən geri çağırılmasını qeyd etmək lazımdır. Belə ki, baş nazir Nikol Paşinyanın təklifi və prezident Vaaqn Xaçaturyanın fərmanı ilə V.Biyaqov Ermənistanın KTMT-dəki daimi və səlahiyyətli nümayəndəsi vəzifəsindən geri çağırılıb. Əlbəttə, bu, rotasiya qaydasında bir prosedur kimi nəzərdən keçirilə bilərdi. Ancaq onun yenə Paşinyanın təklifi ilə prezident Xaçaturyan tərəfindən Ermənistan Respublikasının iqamətgahı Avropanın mərkəzində – Haaqada yerləşən Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı yanında daimi nümayəndəsi təyin olunması çox şeydən xəbər verir. Nüvəsində Qərblə kəskin qarşıdurma şəraitində olan Rusiyanın dayandığı KTMT-də çalışan, mühüm məlumatlara malik olan diplomatın Avropanın mərkəzinə göndərilməsi Ermənistanın Rusiya ilə münasibətləri baxımından da vacib faktordur. Bu, eyni zamanda, Rusiyanın və KTMT-yə üzv digər ölkələrin (Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan) milli təhlükəsizlik məsələsidir. Görünür, İrəvanda belə ciddi siyasi və təhlükəsizlik məsələsinə barmaqarası yanaşırlar.

Ermənistan–KTMT münasibətlərində digər diqqətçəkən məqam Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sentyabrın 5-də növbəti dəfə təşkilatın missiyasının Ermənistanla Azərbaycan arasındakı sərhəd bölgəsində yerləşdirilməsini təklif etməsidir. Moskva bundan öncə də dəfələrlə sözügedən təkliflə çıxış edib. Ancaq Qərbpərəst Paşinyan hökuməti Kremli eşitməkdənsə, Avropa İttifaqının mülki müşahidə missiyasının sərhədyanı bölgəyə gətirilməsini üstün tutdu. Yeri gəlmişkən, nəticə göz önündədir: Ermənistan Aİ-nin missiyasından gözlədiyi nəticəni ala bilmədi, əvəzində Rusiyadan bir qədər də uzaqlaşdı.

M.Zaxarova isə həftəlik mətbuat konfransında deyib: “Biz Ermənistan hərbçilərinin sentyabrın 1-də həlak olması ilə bağlı başsağlığı verir və tərəfləri gərginliyə və daha çox insan tələfatına səbəb olan hərəkətlərdən çəkinməyə çağırırıq. Bu faciəvi hadisə Ermənistanda yerləşən Avropa İttifaqının hərbi missiyasının effektinin aşağı olduğunu bir daha təsdiqlədi”.

Onun sözlərinə görə, bir sıra etimad tədbirlərinin həyata keçirilməsi zamanı Rusiyanın məsləhət yardımı ilə Ermənistan–Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə müntəzəm ritmik işə diqqət yetirmək lazımdır: “Biz, həmçinin sərhəd bölgəsində KTMT missiyasının yerləşdirilməsinin tərəfdarıyıq və burada, təbii ki, top artıq İrəvanın tərəfindədir. Təşkilatın bütün digər üzvləri bu addımı atmağa hazır olduqlarını bildiriblər”.

Əlbəttə, öz ərazisində hansı ölkənin missiyasını yerləşdirmək İrəvanın suveren hüququdur. Ancaq görünən odur ki, Ermənistan hökuməti üzvü olduğu təşkilatın təmsilçilərini ölkə ərazisinə buraxmaq fikrində deyil. Əksinə, Paşinyan iqtidarı sürətlə Rusiyadan uzaqlaşmaq xətti götürüb. Dünən bu istiqamətdə vacib hadisə baş verib. Belə ki, sentyabrın 11-dən 20-dək Ermənistanda erməni-amerikan birgə hərbi təliminin keçiriləcəyi məlum olub. Ermənistan müdafiə nazirliyi bəyan edib ki, beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində sülhməramlıların “Zar” təlim mərkəzində “Artsiv Çeştforq-2023” birgə erməni-amerikan hərbi təlimi keçiriləcək. Təlimdə ABŞ Silahlı Qüvvələrinin briqadası Ermənistan silahlı qüvvələrinin bir qrup şəxsi heyəti iştirak edəcək. Təlimin məqsədi sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin qarşılıqlı fəaliyyət səviyyəsini yüksəltmək, idarəetmə və taktiki rabitə sahəsində qabaqcıl təcrübə mübadiləsi aparmaq, o cümlədən Ermənistan hərbi bölməsinin planlaşdırılmış əməliyyatlara hazırlığını artırmaqdır.

ABŞ Müdafiə Nazirliyinin açıqlamasında isə deyilir ki, bu təşəbbüs xüsusi sülhməramlı əməliyyatlar təlimi vasitəsilə qarşılıqlı fəaliyyətin və hazırlığın gücləndirilməsinə diqqət yetirməklə Ermənistanla müttəfiqliyi gücləndirmək məqsədi daşıyır. Amerika tərəfi təlimdə 85 amerikalı və 175 erməni hərbçinin iştirak edəcəyini açıqlayıb.

Ermənistan–ABŞ təliminə Moskvanın reaksiyası özünü çox gözlətməyib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov dünən bildirib ki, Ermənistan ərazisində erməni-amerikan birgə hərbi təlimləri barədə məlumat sayıqlıq tələb edir. “Təbii ki, bu cür xəbərlər xüsusilə indiki vəziyyətdə sayıqlıq tələb edir. Ona görə də xəbərləri dərindən təhlil edəcəyik və vəziyyətin inkişafını izləyəcəyik”, – deyə o bildirib.

Göründüyü kimi, Ermənistan bir tərəfdən KTMT-nin üzvü olaraq qalır, digər tərəfdən ərazisində onun əsas rəqibi olan ölkə ilə – ABŞ-la birgə hərbi təlim keçirir. Paşinyan bununla Qərbə daha yaxın olduğunu, Rusiya ilə bağlarını qopardığını göstərmək istəyir. Lakin Ermənistan nə KTMT-dən, nə Avrasiya İqtisadi İttifaqı və Gömrük İttifaqından çıxır, nə də Rusiya ilə ikitərəfli hərbi-siyasi müttəfiqliyə xitam verir. Bu isə İrəvanın əvvəlki kimi eyni vaxtda bir neçə stulda əyləşmək istədiyindən xəbər verir.

Səxavət HƏMİD

 

Ekspert rəyi

Şair RAMALDANOV, ehtiyatda olan polkovnik

– Ermənistanın KTMT-nin üzvü olmasına rəğmən, ABŞ Silahlı Qüvvələri ilə birgə təlimlər keçirməsində təəccüblü heç nə yoxdur. Yaxın keçmişə baxsaq, biz Paşinyanın Qərbyönlü siyasət apardığını və bunu gizlətmədiyini görə bilərik. Hakimiyyətə gəldiyi gündən onun, necə deyərlər, üzü Rusiyadan dönmüşdü, Qərbə tərəf idi. İrəvanın siyasətinin yol xəritəsi məhz Qərbə doğru istiqamətlənib.

NATO-nun Genişlənmə üzrə Avropa Komitəsinin sədri Günter Felingerin Ermənistanı Şimali Atlantika Alyansına qoşulmağa çağırması da, əslində, Rusiya əleyhinə atılan addımdır. Demək istəyirəm ki, Rusiyaya qarşı olan qüvvələr bu gün Ermənistan siyasətinə müdaxilə edərək, Moskvanın regiondakı maraqlarını məhdudlaşdırmağa çalışırlar. Hətta strateji plan olan Rusiya hərbi bazasının Ermənistandan çıxarılması istiqamətində addımlar atılır. Ermənistan–Amerika hərbi təlimlərinin arxasında hansı proseslərin gedəcəyi haqqında da dərindən düşünmək lazım deyil. Hər şey aydındır. Təbii ki, Ermənistanda gedən bütün proseslər ilk növbədə bu ölkənin təhlükəsizliyi ilə yox, Rusiyanın buradan xaric olunması mexanizmlərinin işlənilməsi və yollarının tapılması ilə bağlıdır.

Belə olan təqdirdə biz deyə bilərik ki, Rusiyaya qarşı olan Qərb adlanan güc mənbəyi bu gün Ermənistanın xarici siyasətinin istiqamətini müəyyənləşdirir. Ermənistan rəhbərliyi heç vaxt müstəqil olmayıb, müəyyən qüvvələrin əlində alət olub və həmin siyasət bu gün də davam edir. Ona görə də bu gün Paşinyanın bir söz deməsi, sabah başqa fikirlər səsləndirməsi artıq heç kəs üçün təəccüblü deyil. Bütün bunlar Ermənistanın hərbi-siyasi rəhbərliyinin müstəqil olmadığının, sifarişlər yerinə yetirdiyinin və bununla əlaqədər manipulyasiyalar etməsinin göstəricisidir.




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Səxavət HƏMİD