USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistan-Rusiya münasibətləri: Uçurum getdikcə dərinləşir

Roma statutunun ratifikasiyası İrəvana Azərbaycan qarşısında heç bir üstünlük qazandırmayacaq


https://img.baki-baku.az/news/2023/09/photo_8064.jpg?v=MjAyMy0wOS0wNyAxMDo0ODo1OA==

Nikol Paşinyanın beş il öncə Hayastanda hakimiyyətə gəlişindən sonra Ermənistan-Rusiya münasibətlərində soyuq küləklər əsməyə başladı, – desək, yəqin ki, səhv etmərik. Bu küləklər bəzən güclənir, bəzən səngiyir, amma heç kəsilmir. Məsələ ondadır ki, Ermənistan-Rusiya münasibətlərində ziddiyyət yaradan bir sıra ciddi səbəblər də var və rəsmi İrəvan bu səbəbləri aradan qaldırmaqda heç də maraqlı görünmür. Əksinə, son vaxtlar onların sırasına biri də əlavə olunub. Söhbət Ermənistan hökumətinin Beynəlxalq Cinayət Məhkəməsinin 1998-ci il iyulun 17-də imzalanmış Roma statutuna qoşulmaqda israrlı olmasından gedir.

Sonuncu dəfə bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib. O, sentyabrın 5-də keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarına cavab olaraq deyib: “Biz artıq Ermənistan tərəfindən bu məsələyə aydınlıq gətirilməsini istəmişik və növbəti addımlarımızı İrəvanın cavabının məzmunu əsasında müəyyən edəcəyik”.

Qeyd edək ki, Ermənistan hökuməti Roma statutuna qoşulmaqla bağlı 2022-ci ildə Konsti­tusiya Məhkəməsinə sorğu göndərmişdi. Konstitusiya Məhkəməsi bu ilin martın 24-də Roma statutunda təsbit edilmiş öhdəlik­lərin konstitusiyaya uyğunluğunu tanıyan qərar qəbul etmişdi. Bundan bir həftə əvvəl – martın 17-də isə Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin və Rusiya Pre­zidenti yanında Uşaq hüquqları üzrə mü­vəkkil Mariya Lvova-Belovanın həbsinə order vermişdi.

Yeri gəlmişkən qeyd edək ki, 2023-cü ilin mart ayına olan məlumata görə, Roma statutunu 137 dövlət imzalayıb, onlardan 123-ü sənədi ratifikasiya edib. Bu isə Rusiya Prezidentinin statutu ratifikasiya etmiş ölkələrdən hansısa birinin ərazisinə daxil olacağı təqdirdə həbs olunaraq, Beynəlxalq Cinayət Məhkəməsinə veriləcəyi deməkdir. Yada salaq ki, V.Putin məhz bu səbəbdən BRİKS-in (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasından ibarət dövlətlərarası birlik-S.H.) cari ilin avqustun 22-24-də Yohannesburq şəhərində keçirilən XV sammitində iştirak edə bilməmişdi. Çünki Cənubi Afrika Respublikası Roma statutunun iştirakçısıdır və BCM-in yurisdiksiyasını tanıyır. Əgər V.Putin onun ərazisinə gələrdisə, ölkə hakimiyyəti BCM-in orderi əsasında onu həbs etməyə borclu idi.

İndi isə Rusiya Prezidentini belə bir aqibət ən yaxın strateji müttəfiqlərindən biri olan Ermənistan Respublikasında da gözləyir. O Ermənistan Respublikasında ki, onun yaradıcısı Rusiya imperatoru I Nikolaydır. İmperatorun 1828-ci il martın 21-də – Azərbaycan xalqının böyük coşğu ilə qeyd etdiyi Novruz bayramı günü imzaladğı sərəncamla keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisində “Erməni vilayəti” yaradılıb. Sonrakı dövrdə – istər digər çarların, istər Sovet İttifaqının, istərsə də müasir Rusiya Federasiyasının ermənilərə və Ermənistana necə böyük himayədarlıq etdiyi hamıya yaxşı məlumdur. İndi belə bir dövlətdə Rusiya Prezidentini həbsinin, hətta nəzərə baxımdan gündəliyə gəlməsi rusları son dərəcə hiddətləndirib. Rusiya XİN-in rəsmi nümayəndəsi M.Zaxarovanın Ermənistan hökumətinin məsələyə aydınlıq gətirməli olduğunu deməsi bu hiddətin diplomatik ifadəsidir.

***

Qeyd etdiyimiz kimi, Ermənistan Konstitusiya Məhkəməsinin Roma statutunda təsbit edilmiş öhdəliklərin konstitusiyaya uyğunluğunu tanıyan qərar qəbul etməsi Beynəlxalq Cinayət Məhkəməsinin V.Putinin həbsi ilə bağlı order çıxarması ilə eyni vaxta təsadüf etmişdi. Bundan sonra Rusiyada və Ermənistanda qızğın müzakirələrin başlanması Paşinyan hökumətini fasilə götürməyə məcbur edib. Hiss olunurdu ki, məsələ gündəlikdən tamamilə çıxarılmayıb, rəsmi İrəvan coşmuş emosiyaların səngiməsini gözləyir. Belə də oldu. Ermənistan hökuməti sentyabrın 1-də Roma statutunu ratifikasiya üçün parlamentə göndərib.

Rusiyadan isə buna ciddi etirazlar var. Hələ iki ay öncə – iyulun 20-də Rusiya parlamentinin yuxarı palatasının (Federal Məclisin Federasiya Şurası-S.H.) sədr müavini, Ermənistan-Rusiya parlamentlərarası komissiyasının həmsədri Yuri Vorobyov bildirmişdi ki, Ermənistan parlamenti Roma statutuna qoşulmağın nəticələrini öyrənməlidir. İrkutskda parlamentlərarası komissiyanın iclasında çıxış edən Vorobyov Ermənistan Konstitusiya Məhkəməsinin 2023-cü il martın 24-də Roma statutunun ölkə konstitusiyasına zidd olmadığı barədə qərarını şərh edərkən demişdi: “Anladığımız kimi, bu, o deməkdir ki, Ermənistan Haaqa Tribunalının baxdığı bütün işlərə münasibətdə yurisdiksiyasını tanıyır. Biz ondan çıxış edirik ki, erməni tərəfdaşlarımızın bu addımı anti-Rusiya məzmunu daşımır, lakin buna baxmayaraq, praktikada, bu, Rusiya-Ermənistan münasibətlərinə ciddi ziyan vurur. Biz müttəfiqlərimizi Roma statutuna qoşulmağın nəticələrini bir daha diqqətlə öyrənməyə və Rusiya ilə müttəfiqlik münasibətləri üçün mümkün riskləri qiymətləndirməyə çağırırıq”. O qeyd etmişdi ki, hazırda məsələ ilə bağlı Rusiya və Ermənistan xarici işlər nazirlikləri arasında dialoq aparılır.

Hayastan parlamentinin sədr müavini Akop Arşakyan cavabında bildirmişdi ki, sənədin qəbulu məsələsi heç bir halda Rusiyaya qarşı yönəlməyib və Azərbaycanın, guya, Ermənistanın suveren ərazisinə təcavüzünün (?) qarşısını almağa xidmət edəcək.

O qeyd etmişdi ki, Roma statutunun qəbulu məsələsi Ermənistan və Rusiya XİN-in ekspert dairələrində fəal müzakirə olunur. Arşakyan məsələnin mütləq hüquqi həllinin tapılacağına, bunun Ermənistan və Rusiya üçün məqbul olacağına inandığını bildirmişdi.

***

Göründüyü kimi, Ermənistan hökuməti özünün anti-Rusiya addımını pərdələmək üçün Azərbaycanın adını hallandırır. Guya, sənədin ratifikasiyası Azərbaycanın Ermənistan ərazisinə hansısa “təcavüzü”nün qarşısını almağa kömək edəcək. Rəsmi İrəvan Azərbaycanı məhkəməyə vermək niyyətini gizlətmir. Ancaq məsələ ondadır ki, Azərbaycan Roma statutunu imzalamayıb və beləliklə, Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmayıb. Azərbaycanın qoşulmadığı sənədlər bağlı onu “mühakimə” etmək praktik olaraq mümkün deyil. Üstəlik, məhkəmənin çıxaracağı qərarın İrəvanın xeyrinə olub-olmayacağı məsələsi var.

Rusiyalı politoloq Aleksey Naumov da bu fikirdədir ki, Ermənistanın BCM-in yurisdiksiyasına daxil olması Azərbaycanla qarşıdurmasında İrəvana heç bir şəkildə kömək etməyəcək. “İrəvan BCM-dən Azərbaycana qarşı dəyənək kimi istifadə etməyə ümid edir. Amma başa düşmək lazımdır ki, Bakı Qarabağ məsələsində tamamilə öz hüququna malik olduğundan BCM-nin heç bir səlahiyyəti yoxdur və Azərbaycan əleyhinə heç bir qərar çıxarmayacaq. Bu, İrəvanın Azərbaycanı hansısa formada incitmək, daha çox təzyiq göstərmək üçün növbəti cəhdidir, lakin uğur qazanmaq üçün heç bir şansı və perspektivi yoxdur”, – deyə politoloq “Nyus.ru”ya müsahibəsində bildirib.

Naumov əmindir ki, sənədin ratifikasiyasına Moskvadan dərhal reaksiya olmayacaq. Lakin iki ölkə arasında münasibətlər geridönməz şəkildə pozulacaq, çünki Moskva birbaşa təzyiqlərə dözməyəcək: “Səfirin ölkədən çıxarılması və digər güclü qərarlar olmayacaq. Amma bu, təbii ki, Rusiya-Ermənistan münasibətlərinin tabutuna mismar vuracaq. Məsələ burasındadır ki, Ermənistan Rusiyanın müttəfiqi olmaqla özünü həmişə müttəfiq kimi aparmır. Ekspertlər arasında tez-tez Moskvanın İrəvanla ittifaqdan Cənubi Qafqazdakı hərbi baza ilə bağlı bəzi ümumi sözlərdən başqa nə əldə etdiyi ilə bağlı suallar qaldırılır. Əslində, heç nə əldə etmir. Ermənistan bu vəziyyətdən həzz alır. İndi isə bunu etmək mümkün deyil – bütün maskalar yırtılıb”.

Rusiyanın məşhur “Rıbar” teleqram kanalının müəllifləri də qeyd edirlər ki, Roma statutunun ratifikasiyası Ermənistana Azərbaycan qarşısında heç bir üstünlük verməyəcək. Bunun əvəzində Rusiya ilə münasibətlərdə təxribatların möhkəm təməli qoyulacaq. Bura gələcəkdə ölkələr arasında münasibətləri pozmaq təhlükəsi yarada biləcək təxribatlar da daxildir.

Göründüyü kimi, Paşinyan hökumətinin bu avantürist qərarı ilə Ermənistan-Rusiya münasibətlərinə daha bir zərbə vuruldu. Əgər Ermənistan parlamenti Roma statutunu ratifikasiya etsə, bundan Azərbaycanı “mühakimə etmək üçün” yararlana bilməyəcək, əvəzində isə Beynəlxalq Cinayət Məhkəməsinin orderləri bundan sonra Ermənistan ərazisində məcburi olacaq. O cümlədən Rusiya Prezidenti Vladimir Putinin həbsi üçün BCM-nin mart ayında verdiyi order. Bundan sonra Ermənistan–Rusiya münasibətlərinin necə olacağını isə təsəvvür etmək çətin deyil.

Səxavət HƏMİD

 

Ekspert rəyi

Fərhad MƏMMƏDOV, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru:

– Roma statutu ilə bağlı məsələnin siyasi və hüquqi tərəfi var. Rusiya əsasən məsələnin siyasi tərəfi ilə bağlı narahatlığını bildirir. Bildiyimiz kimi, BCM Rusiya Prezidentinin həbsi ilə bağlı order çıxarıb. Əgər Ermənistan sənədi ratifikasiya etsə, Putin həmin ölkənin ərazisinə daxil olduğu anda onu həbs edib BCM-ə təhvil verməlidir. Məhz bu məsələyə görə Putin BRİKS-in sammitində iştirak edə bilmədi. CAR rəhbərliyi ilə Rusiya rəhbərliyi arasında fikir ayrılığı yarandı. İndi Ermənistanın da belə bir öhdəlik götürməsi Putinlə bağlı məsələni aktuallaşdırır. Məsələnin siyasi tərəfi budur və anti-Rusiya addımı kimi qiymətləndirilir.

Ermənistan isə bunun sırf hüquqi məsələ olduğunu israr edir. Bu məsələ hüquqi baxımdan da əsassız bir iddiadır. Çünki sənədi ratifikasiya etsələr belə, onun hüquqi qüvvəsi geriyə şamil olunmur. Yəni, sənədin hüquqi qüvvəsi onun ratifikasiya olunacağı gündən sonra baş verən hadisələrdə keçərlidir. Digər tərəfdən, onların iddia etdikləri “hərbi cinayətlər” Ermənistan Respublikasının ərazisində baş verməlidir. Onlar Qarabağla bağlı heç bir halda müraciət edə bilməyəcəklər. Yəni, sənədin Azərbaycana qarşı istifadə olunması, demək olar ki, qeyri-mümkündür. Bundan əlavə, Azərbaycan Roma statutuna qoşulmayıb və belə olan halda BCM-in qərarları Azərbaycan üçün keçərli hesab edilmir.




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Səxavət HƏMİD