USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Media və sosial şəbəkələr: informasiya təxribatı, reallıqlar və vətəndaş məsuliyyəti


https://img.baki-baku.az/news/2023/09/photo_8040.jpg

Müxtəlif sosial şəbəkə profillərində Azərbaycan Ordusunun hərbi texnikasının hərəkətini əks etdirən video görüntülər paylaşılmaqdadır. Belə hallara ilk dəfə deyil ki, rast gəlirik. Bunun yolverilməzliyinə dair müxtəlif çağırışlar da indiyədək çox eşidilib. Amma nə faydası?

Elə təəssürat formalaşır ki, aparılan təbliğat işləri heç nədir. Yaxud, kimlərsə mövcud istiqamətdə görülən işlərə xələl gətirmək istəyirlər. Ölkədə sorğu keçirsək və qeyd etdiyimiz məsələ ilə bağlı sual ünvanlasaq, heç şübhəsiz, böyükdən-kiçiyə hamı deyəcək ki, hərbi texnikanın hərəkətini çəkib sosial şəbəkələrdə paylaşmaq olmaz. Sadəcə olmaz. Ona görə ki, düşmən bizi görür. Hə, düşmən görür. Təmkinli davranaq, səbirli olaq və sair. Yekə-yekə danışanlar da, hərbi xidmətdə konfidensiallıq haqqında eşitdiklərini nəql edənlər də tapılacaq.

Pişiyin saxlancı günortayadək olur. Çox güman, bu atalar sözündən dəyərli oxucularımız yaxşı xəbərdardır. Nədənsə, “düşmənə sirr verməməyimizin” ömrü də günortayadəkdir. Müşahidələr onu göstərir ki, hansısa azacıq diskonfort şəraitində təbliğat, maarifləndirmə nəticəsində əldə olunmuş ağzıbütövlüyümüz bir andaca pozulur.

44 günlük müharibəyədək, yəni müqəddəs Zəfərimizə qovuşanadək bu tendensiyanı, müəyyən mənada, başa düşmək olardı. Torpaqlarının iyirmi faizi düşmən tapdağında olan bir xalqın sıravi nümayəndəsi qələbəyə təşnə idi. Onun gözündə üzü cəbhə zonasına yollanan hərbi texnika, əsgərlər düşmənə qan udduracaqdı. Fərəhindən çəkib paylaşırdı gördüklərini. Hərçənd, hüquqi nöqteyi-nəzərdən həmin şəxsin bu addımının da yolverilməzliyini bildirməliyik...

Bəs indi? Deyəcəksiniz ki, Qarabağdakı separatçılığın kökü kəsilməyənədək dinclik yoxdur. Tamamilə doğrudur. Amma Zəfərin xalqımıza verdiyi böyüklük hissi var. Fikrimizcə, böyük xalq olmağın zamanıdır. Böyüklük üçün isə kiçik vərdişləri bir kənara qoymaq şərtdir. Müharibə gördük, ağrı-acı yaşadıq, möhkəmləndik. Deməli böyük olmağı da bacarmalıyıq.

Hə ağzıbütövlükdən danışırdıq, axı. Elə bu da böyüklükdən irəli gələn xüsusiyyətdir. Təsəvvür edin ki, Azərbaycan Ordusunun hərbi texnikası təlim məqsədilə bir yerdən başqa yerə doğru hərəkət götürür, o saat sosial şəbəkələrə hay düşür. Baxırsan ki, biri lap “irəli çıxıb”. Adam Bakıda oturub İrəvana qoşun yeridir. Plan qurur. Təxminən belə: İrəvandan keçib Xankəndini tutacağıq. Bu qədər bəsit, yəni. Nəticədə, aləmi primitiv söhbətlər və mülahizələr götürür...

 

***

Məsələnin hüquqi tərəfindın danışaq. Xeyir, uzun-uzadı nəyə görə hansı hüquqi məsuliyyət növünün seçilə bilməsindən söz açmayacağıq. Doğrudur, qanunları bilməmək şəxsi məsuliyyətdən azad etməsə də, elementar məntiq var. Uca Tanrı hər kəsə şüur və düşüncə verib. Bu keyfiyyətlər fərdi vətəndaş, vətəndaşı xalq səviyyəsinə ucaldır. Gəlin, xalq olaq. Əlbəttə, nümunəvi vətəndaşlığımızla, təmkinimiz və səbrimizlə. Ən əsası, dövlətimizə olan inamımızla birgə xalq olaq.

Dövlətə inam bizi kimlərinsə sosial şəbəkə xəstəliyindəki mücərrəd təsəvvürlərdən uzaq tutmalıdır. Hüquqi tərəflərdən danışırdıq axı. Həmin mücərrəd təsəvvürləri gündəmə gətirənlərin bunu bilərəkdən deyib-etmədiklərindən xəbərdar deyilik. 44 günlük müharibə dövründə erməni təbliğat maşınının hansı yaramazlıqları həyata keçirdiyini görmüşük. Azərbaycan adları ilə profil yaratmaq, həyəcan, qorxu hissi aşılamaq və sair. Məqsəd bəlli idi. Cəmiyyətdə anarxiya mühiti formalaşdırmaq, dövləti idarəolunmaz hala salmaq. Nəzərə alaq ki, nəinki belə hallar, hətta bilməyərəkdən onların girovuna çevrilmək də hüquqi məsuliyyət yaradır.

Onu da qeyd edək ki, sadaladıqlarımız, böyük ölçüdə, informasiya savaşından irəli gələn məsələlərdir. Bu savaşda hər kəs öz məsuliyyətini anlamağa borcludur. Heç bir halda “like”larda, reytinqlərdə öndə olmaq, məşhurlaşmaq istəkləri info savaşda üstünlük qazanmaq vasitə və alətlərimizlə tərs mütənasib olmamalıdır. İkinci birincinin arxasında sürünməməlidir. Amma görürük ki, belə meyillər var. Və ən əsası bu tendensiyanı məqsədli şəkildə yaradanlar iş başındadır. Nəzərə almalıyıq ki, onlar bilərəkdən hansısa məsələni informasiya şəklində dövriyyəyə buraxır, sonra həmin məsələyə verilən reaksiyaları toplayırlar. Əlbəttə, bu, məlumatı ötürmək məqsədli toplanışdır və hüquqi məsuliyyət formalaşdırır. Sual olunur: məsələn, Əli infodiversiya ilə məşğul olursa, Vəli onun felinə uyub hərəkətə keçirsə, dövlət haradan bilsin ki, müqəssir kimdir? Deməli, onların ikisini də təqsirkar kimi görməlidir. Yenə də bildirək ki, qanunları bilməmək heç kəsi məsuliyyətdən azad etmir.

 

***

Gələk məsələnin media tərəfinə. Daha doğrusu, media orqanları ilə bağlı tərəfinə. Jurnalist dəqiq və obyektiv olmalıdır. Ekstremal durumlarda bu tələbə riayət etməyin ən yaxşı yolu rəsmi qurumlara istinaddır, yaxud əldə edilmiş bilgilərin doğruluğunun rəsmi təsdiqinə nail olmaqdır. Azərbaycan mediasının müharibənin informasiya cəbhəsində iştirak təcrübəsi var. Bu, hələlik zəif təsəllimizdir.

Əlbəttə, media fəaliyyətini cəmiyyətdən gələn siqnallar əsasında qurmalıdır. Buna heç kəsin şübhəsiz yoxdur. Nəhayət, media cəmiyyətin güzgüsüdür. Ancaq cəmiyyət, prinsip etibarilə, yekcins deyil və müxtəlif qrupların fərdi maraqlardan çıxış edən baxışlar yayması mümkündür. Belə durumlarda jurnalist, bir növ, indiqator funksiyası yerinə yetirməlidir. Reallıqla fərziyəni bir-birindən ayırmalıdır. Onun məhsulu obyektiv olmalıdır ki, cəmiyyətin maraq və mənafeləri qorunsun, düşüncə sistemi pozulmasın.

Ancaq bəzən görürük ki, cəmiyyətin platforması sayılan sosial şəbəkələr media orqanı, yaxud jurnalist üçün ilk mənbə rolunu oynayır. Özünü peşəkar sayan jurnalist oradan götürdüyünü xəbərə çevirir. Hələ bəziləri, guya, öz aləmlərində istinad mədəniyyəti də göstərirlər. “Sosial şəbəkə istifadəçimiz xəbər verir ki...” kimi tədimatlara rast gəlirik. Acınacaqlıdır. Daha acınacaqlısı odur ki, belə hallara bəzən ictimai rəydə bu və ya digər dərəcədə tanınan media orqanlarında çalışanlar da yol verirlər.

Əlbəttə, mövzunu başqa misallarla da zənginləşdirmək mümkündür. Daha konkret cəhətlərə diqqət yetirmək də. Ancaq buna lüzum görmürük. Həm də ona görə ki, ümidliyik. Ümidliyik ki, söylədiklərimiz düşünmək, nəticə çıxarmaq üçün yetərlidir. Düşünmək və nəticə çıxarmaq isə məsuliyyətli yanaşmadan, hadisə və proseslərə həssas münasibətimizdən asılıdır. Gəlin, bizdən asılı olanı, bizdən asılı olmayana çevirməyək.

 

Ə.RÜSTƏMOV




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Əvəz RÜSTƏMOV