USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

ABŞ Konqresində məkrli dinləmələr  

​​​​​​​Müzakirəyə Azərbaycandan heç kimin dəvət edilməməsi və bədnam Okamponun əsas məruzəçi olması belə deməyə əsas verir


https://img.baki-baku.az/news/2023/09/photo_8039.jpg

Ermənistan, Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında yaşayan əhalini girovluqda saxlayan separatçı rejimin “rəhbərliyi” və dünya ermənilərinin radikal, revanşist kəsimi Qarabağ iqtisadi rayonundakı mülki əhalinin ölkəmizə reinteqrasiyası prosesinin qarşısını hər vəchlə almağa çalışır. Bu qaragüruhun Qarabağda “humanitar böhran” yaşanmasına dair böhtan və ittihamlarının dəfələrlə yalana çıxarılmasına, hətta BMT Təhlükəsizlik Şurasında səfir Yaşar Əliyev tərəfindən ifşa olunmasına baxmayaraq, onlar Azərbaycanı demonlaşdırmaq siyasətindən əl çəkmirlər.

Yeri gəlmişkən qeyd edək ki, bu termin fərdlərin, siyasi qrupların və ya dövlətlərin fitnə-fəsadçı, zalım, şər işlərin timsalı kimi səciyyələndirilməsini nəzərdə tutur. Demonlaşdırma zamanı hansısa siyasi lider və ya siyasi qrup, ideologiya, bəzən bütöv dövlət hədəfə alınır. Onun fəaliyyətində olan neqativ cəhətlər xüsusi olaraq şişirdilir, üstünə beşi də qoyulur, müsbət cəhətlər gözdən və dəyərdən salınır, olmayan təqsirlər uydurulur və süni ajiotajla təbliğ olunur. Bu baxımdan birmənalı şəkildə demək olar ki, Azərbaycana qənim kəsilən həmin qüvvələr ölkəmizin demonlaşdırılmasına çalışırlar. Təəssüf doğuran hal bu siyasətin həyata keçirilməsi zamanı bütün mənəvi dəyərlərin tapdalanmasıdır. Hayların sözügedən kəsimi məqsədə çatmaq üçün bütün vasitələrdən istifadəni məqbul sayırlar. Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı şey, əslində, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə zərbə vurmaq məqsədilə aparılan təxribatçı, məsuliyyətsiz və mənəvi ölçülərə sığmayan siyasi kampaniyadır.

Erməni lobbisinin Azərbaycana böhtan atmaq istiqamətində son addımı sentyabrın 6-da ABŞ Konqresinin Tom Lantos İnsan Haqları Komissiyasında Qarabağın “blokadası” məsələsi ilə bağlı dinləmələrin keçirilməsinə nail olmasıdır. Komissiyanın saytında yerləşdirilən məlumatda qeyd olunur ki, dinləmələrdə Beynəlxalq Cinayət Məhkəməsinin 2003-2012-ci illərdə prokuroru olmuş bədnam Luis Moreno Okampo da iştirak edəcək. O, Qarabağdakı “böhranlı vəziyyətlə” bağlı ekspert rəyini təqdim edəcək. Həmçinin Corctaun Universitetinin professoru Devid Fillips də çıxış edəcək. Yayılan məlumatda onun Azərbaycan hökumətinin Qarabağdakı vəziyyətlə bağlı niyyətlərinə dair (?) faktlar təqdim edəcəyi nəzərdə tutulur.

Dinləmələr Konqresin üzvləri və əməkdaşları, maraqlanan ictimaiyyət nümayəndələri və mətbuat üçün açıq olacaq. Müzakirələr Vaşinqton vaxtı ilə saat 13:00-da (Bakı vaxtı ilə 21:00-da) başlayacaq və komissiyanın saytında canlı yayımlanacaq.

***

Tarixçilərin yazdıqlarına görə, Makedoniyalı İsgəndər bəzən məhkəmə iclaslarında özü şəxsən iştirak edirmiş. Bu zaman, o, əli ilə qulaqlarından birini örtərmiş. Bunun səbəbini soruşduqda hökmdar deyirmiş ki, örtdüyüm qulağımı ittiham olunan şəxsi dinləmək üçün saxlamışam, görək o nə deyir, onun mövqeyi nədir. Bu olayı xatırlamağımız təsadüfi deyil. Məsələ ondadır ki, ABŞ Konqresinin Tom Lantos İnsan Haqları Komissiyasının yaydığı məlumatda müzakirələrdə Azərbaycandan kiminsə iştirak edəcəyi qeyd olunmayıb. Özünü demokrat adlandıranlar, haqdan-ədalətdən dəm vuranlar Azərbaycanın mövqeyinin nədən ibarət olduğunu görməzdən gəlməyi üstün tutublar. Bu, müzakirələrin qərəzli, onun təşkilində məqsədin Azərbaycanı gözdən salmaq olduğunu deməyə əsas verir. Əgər təşkilatçılar, həqiqətən də, Qarabağda əhalinin həyat tərzindən nigaran olsaydılar, baş verənlərdən əndişələnsəydilər, Ermənistanla Azərbaycan arasında, beləliklə bütövlükdə regionda sülhün yaranmasını istəsəydilər ölkəmizin nümayəndəsinin də orada iştirakını təmin edərdilər. Ancaq onların istəyi bu deyil. Erməni lobbisinin maraqlarına xidmət edən bu şəxslər bölgədə, necə deyərlər, suların heç zaman durulmamasında maraqlıdırlar. Çünki bu vəziyyət onlara sərf edir. Məsələn, Luis Okampo kimi argentinalı hüquqşünas ermənilərdən pul alaraq onların xeyrinə 28 səhifəlik “ekspert rəyi” hazırlayır. O, avqustun 7-də dərc etdirdiyi “ekspert rəyi”ndə Soyqırımı haqqında Beynəlxalq Konvensiyanın II maddəsinin “c” bəndinə istinad edərək yazıb ki, ərzaq, dərman və digər ilkin tələbat mallarının tədarükünü əngəlləmək (?) kütləvi fiziki qırğın üçün qəsdən yaradılmış şəraitdir və soyqırımı hesab olunur.

Məgər Okampo Azərbaycanın belə bir niyyətinin olmadığını bilmir? Sosial şəbəkələr Qarabağ ermənilərinin yeyib-içmək məclisləri, müxtəlif yubileyləri, toyları, ad günlərini və digər xoş hadisələri qeyd edən videolarla aşıb-daşır. Bölgədə “aclığın, səfalətin hökm sürdüyü” iddiası ilə bu videoların tərs mütənasib olduğunu başa düşən separatçı rejimin tör-töküntüləri sonradan yanlışlığa yol verdiklərini başa düşdülər və əhaliyə bu videoları və fotoları sosial şəbəkə hesablarında yerləşdirməməyi tövsiyə etdilər. Separatçı başbilənlər qeyd etdilər ki, bu videolar Azərbaycan tərəfindən istifadə olunur. Buna isə imkan vermək olmaz.

Ermənistanın tələbi ilə avqustun 16-da BMT Təhlükəsizlik Şurasının Qarabağdakı humanitar vəziyyətin müzakirə edildiyi sessiyasında da BMT-dəki daimi nümayəndəmiz Yaşar Əliyev qeyd etmişdi ki, bu videolar onların orada aclıq və humanitar böhrandan əziyyət çəkmələri barədə deyilənləri qəti şəkildə təkzib edir. “Mən ərazimizdəki etnik erməniləri nəzərdə tuturam. Gördüyünüz kimi, insanlar xoşbəxtdirlər, toylarda rəqs edirlər, ad günlərini qeyd edirlər. Budur çox dadlı tort və sair. Bu məlumatı mənim sağımda oturan həmkarımla bölüşməkdən məmnunam”, – deyə daimi nümayəndə materialları sağında əyləşmiş şəxsə təqdim etmişdi.

Qarabağ ermənilərinin humanitar böhrandan əziyyət çəkməməsinin daha bir örnəyi bugünlərdə yaşanıb. Sentyabrın 1-də Xankəndi məktəblərində bilik günü böyük coşğu ilə qeyd olunub. Bilik günü tədbirlərinin təntənə ilə qeyd olunması böhran iddialarının yalan olduğunu bir daha üzə çıxarıb. Hətta jurnalist həmkarlardan biri Xankəndidən bilik günü videosunu sosial şəbəkə hesabında paylaşaraq rişxəndlə “uşaqlara lap yazığım gəldi, acından necə yerə yıxılırlar” – yazmışdı.

Bundan əlavə, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağda yaşayan erməni sakinlərə yardım üçün 40 ton un yüklənmiş iki maşını Bakıdan Xankəndiyə yola salıb. Yüklər artıq 9-cu gündür ki, Ağdam-Xankəndi yolunda, Əsgəran rayonunun girişində mənzil başına çatmaq üçün aparılan danışıqların nəticəsini gözləyir.

***

Dünən Macarıstan Milli Assambleyasının sədri Laslo Köver ilə görüş zamanı Xarici işlər naziri Ceyhun Bayramov da deyib ki, Azərbaycanın Qarabağ bölgəsində məskunlaşmış erməni sakinləri tərəfindən cəmiyyətimizə reinteqrasiya prosesinin tərkib hissəsi kimi onların tələbatlarının ödənməsi üçün Ağdam-Xankəndi yolunun açılması və buna paralel olaraq Laçın yolundan istifadənin intensivləşməsi təklifi rədd olunub. Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan tərəfinin bu təkliflərinin rədd olunması Laçın yolu ətrafında hazırki vəziyyətin heç də Ermənistanın iddia etdiyi kimi humanitar deyil, əksinə siyasi xarakter daşıdığını göstərir.

Bundan əlavə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova dünən keçirdiyi brifinqdə bildirib ki, Moskva Ağdam-Xankəndi marşrutu ilə humanitar yüklərin maneəsiz şəkildə regiona çatdırılmasının tərəfdarıdır. Onun sözlərinə görə, məsələ Rusiya XİN-in Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin İrəvana səfərində ətraflı müzakirə olunub: “O, bugünlərdə Bakıdadır. Xovayevin azərbaycanlı tərəfdaşlarımızla müvafiq məsləhətləşmələri planlaşdırılıb. Biz Rusiya, Azərbaycan və Ermənistan liderlərinin kompleks üçtərəfli razılaşmaları əsasında hərəkət edirik. Biz humanitar yardımın maneəsiz olaraq həm Laçın, həm də Ağdam marşrutu ilə regiona çatdırılmasının tərəfdarıyıq və məlum məsələnin lazımsız siyasiləşdirilməməsinə çağırırıq”.

Göründüyü kimi, erməni diaspor və lobbisinin tarixən güclü olduğu hətta Rusiya tərəfi də bölgədə vəziyyətin normallaşması üçün konstruktiv yanaşma nümayiş etdirir. Belə olan təqdirdə ermənilərin radikal kəsiminin Qarabağ əhalisinin reinteqrasiyasına qarşı çıxması, bu çərçivədə Ağdam-Xankəndi yolunun açılmasına imkan verməməsi və ABŞ Konqresinin Tom Lantos İnsan Haqları Komissiyasında vəziyyəti daha da mürəkkəbləşdirmək üçün dinləmələr təşkil etməsi heç bir ölçüyə sığmır. Üstəlik, onlar müzakirələrə elə şəxsləri dəvət ediblər ki, onlar anlaşmanın olmaması üçün əllərindən gələni əsirgəmirlər. Okampo, Fillips kimi odun üstünə benzin tökmək, aranı qarışdırıb öz mənafeyini güdmək, bu yolla var-dövlət toplamaq da ayrı bir “istedaddır”...

Səxavət HƏMİD

 

Ekspert rəyi

Fərid ŞƏFİYEV, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri

– ABŞ Konqresinin Tom Lantos İnsan Haqları Komissiyasında keçiriləcək dinləmələr birtərəfli qaydada təşkil olunmuş müzakirələrdir. Orada iştirak edəcək şəxslərin siyahısına baxdıqda da buna əmin olmaq mümkündür. Bunlardan biri Luis Moreno Okampodur. O, saxta bir hesabat hazırlayıb və orada qeyd edib ki, guya, Azərbaycan Qarabağda “etnik təmizləmə” həyata keçirir. Halbuki, bunun izi-tozu da yoxdur. Digəri Corctaun Universitetində açıq-aşkar Azərbaycana qarşı işləyən Devid Filipsdir. O, həm də, Kolumbiya Universitetinin “Qarabağ vəhşilikləri” layihəsinin direktorudur. Yəni, belə bir layihəyə rəhbərlik edən şəxsdən nə gözləmək olar? Təbii ki, bu səbəblərdən mən məlum müzakirədən müsbət heç nə gözləmirəm.

Müzakirələr balanslı olmalı, orada Azərbaycanın da mövqeyi eşidilməli idi. Ölkəmizdən kimisə dəvət edə bilərdilər. Dəvət ediləcək şəxs ölkəmizin mövqeyini səsləndirərdi. İndi isə bu yoxdur. Sadəcə, təbliğat xarakteri daşıyan lobbi tədbiridir. Onun proseslərə hər hansı təsirinin olacağını da proqnozlaşdırmıram.

 




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Səxavət HƏMİD