USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Rusiyadan Paşinyana cavab – “Meqafon diplomatiyası” və 44 qat minnət

​​​​​​​Nikolun söylədikləri Moskvanın siyasi dairələrində hiddətlə qarşılanır


https://img.baki-baku.az/news/2023/09/photo_8038.jpg

Bir gün biz ayılıb görəcəyik ki, Rusiya, ümumiyyətlə, Cənubi Qafqazda yoxdur. Bu fikri Ermənistan baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl İtaliyanın “La Repubblica” nəşrinə müsahibəsində bildirmişdi. Nikol Rusiya ilə bağlı başqa düşüncələrə də dalmışdı. Belə görünür, onların hamısına cavab var. TASS-a diplomatik mənbədən daxil olmuş məlumatın təhlili onu deməyə əsas verir ki, Moskva Cənubi Qafqazdan getmək niyyətində deyil. Bu öz yerində. Eyni zamanda, Kreml hesab edir ki, Paşinyan düz danışmır, mövqeyində yanlışdır. İlk növbədə ona görə ki, Nikol ayılmaqdan danışır, amma belə deyil, o, hələ də yuxudadır. Özü də dərin yuxuda...

Ancaq Nikolun timsalında Ermənistanı qəflət yuxundan ilk ayıltmaq istəyən Dimtri Peskovdur - Rusiya Prezidentinin mətbuat katibi. Peskov bildirib ki, Rusiya Ermənistanla konstruktiv münasibətləri yüksək qiymətləndirir. Lakin baş nazir N.Paşinyanın Rusiya sülhməramlılarının missiyasının uğursuzluğu ilə bağlı tezisləri ilə razılaşmaq mümkünsüzdür: "Rusiya bu regionun tamamilə ayrılmaz hissəsidir, ona görə də heç bir yeri tərk edə bilməz. Rusiya Ermənistanı tərk edə bilməz"

Peskov daha bir maraqlı məqama da diqqət yetirib. O deyib ki, Rusiyada Ermənistanın özündən daha çox erməni yaşayır və rəsmi İrəvan bunu unutmamalıdır. Nikol onu da unutmamalıdır ki,  “onların əksəriyyəti Rusiya Federasiyasının vətənpərvər vətəndaşlarıdır və ölkənin inkişafına layiqli töhfə verirlər”.

Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibinin söylədiklərini subliminal mesaj kimi də qiymətləndirmək mümkündür. İrəvan Qarabağda 120 min erməninin (əslində, bu rəqəm dəfələrlə azdır -red.), guya, təəssübünü çəkirsə, Rusiyada yaşayan və sayı Ermənistandakı əhalinin sayından çox olan ermənini də düşünməlidir. Deyə bilmərik ki, Peskov öz ölkəsindəki vətənpərvər ermənilər hesabına Ermənistanda yeni Ermənistan qurula bilməsinin mesajını verir, ya yox, hər halda, söylədikləri danılmaz reallıqdır.

 

***

Hər halda, yuxulu adam Ermənistanın təhlükəsizlik sahəsində Rusiyadan tam asılılığını səhv adlandıra bilər. Deyəsən, hər şey bir yana, Qarabağdakı rus sülhməramlılarının bölgədəki separatçılıq niyyətiləri gerçəkləşməsi naminə bu günlərədək aktual olan xidmətlərini unudur. Əslində, məsələ unudub-unutmamaqda, səhvlikdə və ya düzlükdə də deyil. Söhbət Nikolun reallığı ifadə etməsindəki siyasi jestukulyasiyalardan, söz seçimindən gedir. Bu məqama qatı ermənipərəst, Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin də diqqət yetirib: “Paşinyan Rusiya haqqında getdikcə daha çox, daha açıq və daha riyakarcasına danışır. Nümayəndə heyətlərimizlə rəsmi danışıqlar zamanı dostcasına davranmır”.

...Erməni baş nazirin bildirdiyinə görə, hazırda Rusiyanın özünün silaha ehtiyacı var və istəsə də Ermənistanın ehtiyaclarını ödəyə bilməyəcək. Maraqlıdır, İrəvana nə qədər silah lazımdır ki, onu Moskva verə bilməsin? Digər tərəfdən, Nikol haradan bilir ki, Rusiyanın Ermənistana çatdıra biləcək silahı yoxdur? Bəs, silah-sursat baxımından Rusiyadan asılı olan Hindistanın belə bir imkanı varmı ki, İrəvan onunla mövcud sahədə əməkdaşlığa girişib? Bəlkə, bu imkan İranda var? Söhbət sınıq-salxaq, vaxtı keçmiş dəmir parçalarından getmir... Yoxsa, Paşinyan Fransanın silah yardımına ümid bəsləyir? Təsəvvür edin, NATO üzvü olan Fransa KTMT üzvü Ermənistana silah göndərir. Hər halda, ikincinin rəsmi dairələri İrəvanın üzünə onun Moskvanın hakim rol oynadığı qurumda təmsilçiliyini vurub və bu səbəbdən ona hərbi dəstəyin mümkünsüzlüyünü diqqətə çatdırıblar...

***

Əlqərəz, Nikol başqa nə demişdi? O demişdi ki, Rusiya özü atdığı və ya atmadığı addımlara görə bölgədən geri çəkilir. Ona görə ki, Azərbaycana Laçın yolunda de-fakto nəzarət imkanı verib. “İki səbəb ola bilər: ya Rusiya Federasiyası Laçın dəhlizinə nəzarəti saxlaya bilmir, ya da saxlamaq istəmir. Hər ikisi, fikrimizcə, problemlidir”, – deyən Paşinyan ardınca, belə demək mümkünsə, siyasi qara-qışqırıq salaraq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı müstəvisindəki ittihamlara start verib. O, ölkəsinin KTMT-yə üzvlüyünü formal adlandırıb. Fikrinə aydınlıq gətirərmək üçün deyib ki, İrəvan qurumun alətlərindən istifadə edə bilmir. 

Ermənistan ictimaiyyətinin KTMT-nin fəaliyyətindən dərin məyusluq yaşadığını və yaşamaqda davam etdiyini vurğulayan N.Paşinyan bu təşkilat daxilində böhranın yaşandığını iddia edərək əndazəni aşıb. Onun sözlərindən belə çıxıb ki, KTMT ümumən qeyri-funksional təşkilatdır və mövcud durum yalnız Ermənistana münasibətdə nəzərə çarpmır.

Göründüyü kimi, Nikol yalnız KTMT ilə ölkəsinin probleminə fokuslanmır, bütövlükdə Rusiyanın hakim rol oynadığı təşkilatı gözdən salmaq yolunu tutur. Digər tərəfdən, ölkəsində KTMT ilə bağlı dərin məyusluğun olduğunu deyən baş nazir Ermənistan cəmiyyətinin bu duruma görə əsasən onu günahlandırdığını, apardığı siyasəti sərt tənqidə məruz qoyduğunu “unudur”.

Yeri gəlmişkən, deyək ki, Ermənistan-KTMT ziddiyyətlərinin kulminasiya anı 2022-ci ilin payızında qurumun İrəvanda keçirilmiş sammiti zamanı qeydə alınmışdı. Həmin vaxt Paşinyan çox çalışmışdı ki, qurum ölkəsinin Azərbaycanla yaşadığı sentyabr eskalasiyasına siyasi qiymət verərək, Bakını günahlandırsın, ona qarşı hərbi addımlara əl atsın. Lakin istəyi baş tutmamışdı. Həmin vaxt sammitdə çıxış edən Belarus Prezidenti Aleksandr Lukaşenko isə kifayət qədər açıq tekstlə Nikolu KTMT üzvlərini uşaq yerinə qoymamağa çağırmışdı. Yəni, Belarus lideri demək istəmişdi ki, Ermənistanın Azərbaycanla problemi, heç bir halda, bu təşkilat üçün prioritet deyil. Mövcud mənada Qazaxıstan Prezidenti Kasım-Jomort Tokayevin daha əvvəllər bildirdiyi bir fikir də var – Azərbaycanla Ermənistan arasında sərhəd xətti müəyyənləşmədiyindən, ikincinin sərhəd toxunulmazlığının pozulmasını bildirmək doğru deyil. Sərhəd pozulmayıbsa, deməli, KTMT dövriyyəyə girə bilməz.

***

İndi isə gələk Paşinyanın ayılıb Rusiyanı Cənubi Qafqazda görməmək məntiqinə. Heç şübhəsiz, bu, Qərbpərəst Nikolun yuxusudur və istəyir ki, ayılanda onu çin çıxmış görsün. TASS-ın əvvəldə haqqında söz açdığımız diplomatik mənbəsi də bunu nəzərə alır. O, fikrini yalnız KTMT-Ermənistan siyasi qarşıdurması müstəvisində açıqlamır, ümumən, Rusiya-Ermənistan münasibətlərinə, daha doğrusu, ikincinin anti-Ruisya ritorikasına cavaba köklənir.

Diplomatik mənbənin bildirdiklərindən məlum olur ki, Moskva Paşinyanın İtaliya nəşrinə açıqladıqları məsələlərdən narazıdır. “Moskvada Ermənistan rəhbərliyinin son bəyanatlarından, o cümlədən, baş nazirin İtaliyanın “La Repubblica” nəşrinə müsahibəsində söylədiyi fikirlərdən və Ermənistan XİN-in avqustun 31-də verdiyi şərhlərdən son dərəcə narazıdırlar, onların öz nöqsanları və səhvlərini Rusiyanın üzərinə atmaq məqsədilə verdikləri bu bəyanatları tərzi və məzmunu etibarilə qəbuledilməz hesab edirlər”.

Mənbə onu da qeyd edib ki, Rusiyanı süni şəkildə Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istəyirlər, bu məqsədin reallaşması naminə İrəvandan yararlanırlar: “Ermənistanın yaxın qonşusu və dostu olan Rusiya regionu tərk etmək niyyətində deyil. Lakin bu, “ikitərəfli hərəkəti olan küçə olmalıdır”: Ermənistan da Rusiyanın sıxışdırılması üzrə Qərbin əlində alət olmamalıdır”.

***

Göründüyü kimi, diplomatik mənbə xeyli dərəcədə açıq mesajlar verməkdədir. Mesajda yer almış “Ermənistanın yaxın qonşusu və dostu” ifadəsinə xüsusi diqqət yetirək. Bu ifadədən iki nəticə çıxarmaq mümkündür. Birincisi, “səni sevəcəyəm, sən sevməsən də” məntiqi duyulur. İkincisi, Ermənistan Paşinyan demək deyil. Yəni, Rusiya üçün onunla dostluq şəxslərə bağlılıqdan uzaqdır. Bu isə o deməkdir ki, dostluq həm də strateji məsələdir. Üçüncüsü, mövcud stratejilik amili İrəvana münasibəti formalaşdırır. Bu onu düşünməyə əsas verir ki, maraq daha üst səviyyəyə qalxsa, Paşinyanın yerinə bir başqası da hakimiyyətə gələ bilər. “İkitərəfli hərəkəti olan küçə” məntiqinə gəlincə isə Moskva İrəvana Qərbin peşkası olmağı deyil, eyni küçəni bölüşməyi təklif edir. Hər halda, bu, həm də Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtmasına dair çağırış kimi də səslənə bilər.

 

***

TASS-a Paşinyanın müsahibəsi ilə bağlı mövqeyini bölüşən Rusiyanın diplomatik mənbəsi, belə demək mümkünsə, əsl bombanı Ermənistan-Azərbaycan münasibətləri kontekstində “partladıb”. Mənbə bu mövzudakı həqiqətləri çılpaqlığı ilə açıqlayıb. Faktiki olaraq, İrəvanı işğalçılıqda günahlandırıb. İlk növbədə bildirib ki, Paşinyanın və digər erməni rəsmilərinin dövriyyəyə salmaq istədiyi “Qarabağ münaqişəsinin heç vaxt Ermənistan ilə Azərbaycan arasından ərazi mübahisəsi olmadığı”na dair tezis yanlışdır. Agentliyin müsahibi deyib: “Qarşıdurmanın kökü Azərbaycan SSR-in keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu məsələsidir, eyni zamanda, İrəvan uzun müddət Azərbaycan ərazilərinin bir hissəsini öz nəzarəti altında saxlayıb”.

Kiçik haşiyə çıxaq ki, N.Paşinyan “La Repubblica”ya müsahibəsində Qarabağda “seçilmiş hakimiyyətin” olduğunu bəyan etmişdi. O, elə görüntü yaratmışdı ki, sanki bölgədəki gərgin durum Azərbaycan hakimiyyəti ilə separatçı rejim arasındakı danışıqlar yolu ilə aradan qalxmalıdır. Belə bir mövqe isə nəinki Rusiyanın tənzimləmə missiyasına, bütövlükdə, Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması üzrə Qərb xəttinə da tamamilə ziddir.

Diplomatik mənbənin dediklərindən gəlinən qənaət onu da deməyə əsas verir ki, ona danışmaq göstərişi verənlərin məqsədi yalnız həqiqətləri Paşinyanın üzünə çırpmaq deyil. Yəni, Rusiya, faktiki olaraq, deyir ki, Ermənistanın işğalı sonsuza qədər davam etdirmək şansı var idi. Lakin Paşinyan hər şeyi korladı. Təxminən belə: 2020-ci ildə baş vermiş hərbi qarşıdurma bir çox hallarda erməni rəhbərliyinin düşünülməmiş və təxribatçı addımlarının, o cümlədən, “Qarabağ Ermənistandır” bəyanatının və erməni rəhbərliyinin “Dağlıq Qarabağ”ın “prezidenti”nin Şuşada keçirilən inauqurasiyasında iştirakının nəticəsi idi və bütün bunlar ATƏT-in Minsk qrupunun xətti ilə tərəflərin əldə etdikləri razılaşmalara əhəmiyyətli dərəcədə kölgə saldı.

Əlbəttə, 2020-ci ilin 44 günlük müharibəsinə görə, Rusiyadan Ermənistana minnət seli gəlməsəydi təəccüblənərdik. Ölkənin ictimai-siyasi dairələri İrəvana bu seli “işə salmağı” xoşlayır və yaxşı bacarırlar. Nə vaxt ki, Paşinyan anti-Rusiya ritorikasını işə salır, dərhal Şimalın minnət məntiqi işə düşür və düşməsi normaldır. Çünki erməni varlığı unutqandır, nankordur, olanları tez-tez həm yadına salmaq, həm də başına-gözünə döymək lazımdır. Başqa yolu yoxdur. “Əgər Rusiyanın və şəxsən Prezident Vladimir Putinin müdaxiləsi olmasaydı, hərbi əməliyyatların nəticəsi daha acınacaqlı ola bilərdi. Bununla yanaşı, müharibənin başlamasından üç həftə sonra RF Prezidenti Ermənistanın baş nazirini atəşi dayandırmağa çağırdı. Bu, daha çox qurbanların qarşısını ala, Qarabağın ərazisində sülh və sakitliyi təmin edə bilərdi”, – deyə Rusiyanın diplomatik mənbəsi vurğulayıb.

Ermənistan ilə Azərbaycan arasında ziddiyyətlərin nizama salınmasının başlıca mexanizminin üçtərəfli razılaşmalar olduğuna diqqət yönəldən diplomatik mənbə onu da bildirib ki, Ermənistanın özünü kənara çəkməsi Qarabağ ətrafında humanitar vəziyyətin nizama salınmasına kömək etmir: “Meqafon diplomatiyası Bakı-Xankəndi-İrəvan üçbucağında praktik işləri əvəz etməyə qadir deyil”.

Sonda “Meqafon diplomatiyası” ifadəsi üzərində də dayanaq. Məlumdur ki, bu ifadənin işlədilməsi Paşinyanı ələ salmaqdan başqa bir şey deyil. Diplomatik mənbə belə fikir bildirməklə, iki məqama diqqət yetirir. Birincisi, Nikolun hakimiyyətə gəlməzdən əvvəlki müxalifətçi obrazını canlandırır. Axı, həmin vaxt Paşinyanın əlindən meqafon düşmürdü. Həmçinin, Rusiya demək istəyir ki, hazırda Ermənistanın baş naziri yenə də əlinə sevimli alətini alıb. Ancaq, o, Qarabağda humanitar böhran şousu qurmaqla, haray-həşir qaldırmaqla heç nəyə nail ola bilməyəcək.

 

Ə.CAHANGİROĞLU




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Daxili siyasət