USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

BBC-nin erməni separatizminə xidmət “tərəfsizliyi”

​​​​​​​Media qurumunun tutduğu yol jurnalistika prinsiplərinə aşkar həqarətdir


https://img.baki-baku.az/news/2023/09/photo_8019.jpg

BBC erməni separatçılarının təbliğinə son qoymalıdır. Bu fikir Azərbaycan Mətbuat Şurasının bəyanatında yer alıb. Bəyanatda bir çox məqamlar var ki, onlardan söz açacağıq. Hələlik isə dünyada məşhur olan media qurumunun “fəaliyyəti” barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Adminstrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin söylədiklərinə, daha doğrusu, sosial şəbəkə hesabında bölüşdüklərinə diqqət yetirək.

Cənab Hacıyev, faktiki olaraq, bildirir ki, BBC özünün bəyan etdiyi qərəzsizlik şüarına dönükdür. Məsələyə mövcud prizmadan baxdıqda, media orqanının erməni separatizminin təbliğinə yönələn dəst-xətti, əslində bəşəri dəyərlərə və həmin dəyərlərdən irəli gələn beynəlxalq hüquq normalarına aşkar sayğısızlıqdır. Amma demək olarmı ki, bu, BBC-nin fəaliyyətində bir ilkdir. Təəssüf ki, media qurumunun, yumşaq desək, yanlışlıqlarının sayı-hesabı yoxdur. Dünyanın diqqət mərkəzinin Azərbaycan-Ermənistan münasibətlərinin axarında, Cənubi Qafqazda sülhün qərarlaşmasında olduğu bir vaxtda, yol verdiyi böyük “yanlışlıq” üzərində dayanaraq deyə bilərik ki, BBC-nin tərəfsiz davranması heç lazım da deyil. BBC özünün, onsuz da əməl etmədiyi, etik kodeksində yer alan gözəl ifadələri bir kənara qoyub, konkret tərəf tutmalıdır – ya haqqın və ədalətin yanında olmaq, ya da nahaqqın və ədalətsizliyin...

***

Bəli, belə görünür, BBC üçün ədalətli davranmaq, haqq yolunu tutmaq çox çətindir. Dünya ermənipərəstliyin əsiri olduğu kimi, bu media qurumu da “ənənəvi  trenddən” kənarda qalmağı bacarmır. Hikmət müəllimin təbirincə desək, reputasiyasını, dəyərlərini və tamaşaçı etibarını erməni avantürizminə qurban verir. Görəsən, belə davranmağa dəyərmi? Sualımız ritorikdir. Əlbəttə, dəyməz.

Dediyimiz kimi, BBC-nin riayət etmədiyi jurnalistika prinsiplərini bir kənara qoyuruq. Bəs, görəsən, bir qayda olaraq, Britaniya dövlətçiliyinin maraqlarından çıxış edən nəhəng media sindikatı necə olur ki, cılız erməni maraqlarının girovuna çevrilir? Bu sual da ritorikdir.

H.Hacıyevin bildirdiyi kimi, BBC həssas mövzularda etibarlı platforma rolunu oynamalıdır. Ümid edək ki,  Prezidentin köməkçisinin söylədiyi nə vaxtsa reallığa çevriləcəkdir. İndilik bundan əsər-əlamət yoxdur. Suallar isə həddən artıq çoxdur və onların hamısının üzərində dayanmadan Mətbuat Şurasının etiraz bəyanatına keçid alaq.

***

Bəli, sənəddə bildirilir ki, BBC-nin yolverilməz fəaliyyəti dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə təhdidi adiləşdirir, normaya çevirir, dünyanın müxtəlif bölgələri üçün də son dərəcə təhlükəli presedent yaradır. Bu, sülhə və əminamanlığa, asayişə və firavanlığa yad təmayüldür: “Dünyada məşhur, jurnalist etikası sahəsində örnək sayılan media qurumunun avantürist siyasətin alətinə çevrilməsi böyük təəssüf hissi doğurur”.

Bəli, BBC-nin tutduğu yol separatçılıq üçün leqallıq libası biçməkdən başqa bir şey deyil. Heç şübhəsiz, bu libas erməni avantürizmi üçün ayrıca illüziya mənbəyidir. Media qurumunun məqsədi, ümumən Ermənistadakı illüziya bataqlığını dərinləşdirməkdirsə, o zaman buyurub yaramaz dəst-xəttini davam etdirə bilər, bu, öz yerində.

***

Amma bir məqam var. BBC bir müddət əvvəl Qarabağdakı separatçılığın Rusiyanın bəzi dairələrinin əli ilə “hərəkətə gətirilən” cinahını təsmil edən Ruben Vardanyanı efirinə çağırmışdı. Daha doğrusu, Ruben telekanalın “Hard talk” verilişinə onlayn qoşulmuş və biabır olmuşdu. O zaman aparıcı, kifayət qədər, açıq mətnlə Vardanyanın bölgədə separatçı fəaliyyət göstərdiyini nəinki onun üzünə vurmuş, sözün əsl mənasında çırpmışdı. Telekanalın efirinə çıxan separatçı gülünc duruma düşmüşdü.

Aydın görünürdü ki, BBC həmin vaxt Rubeni həm də Rusiyanın adamı olduğu üçün, belə demək mümkünsə, çarmıxa çəkirdi. O zaman sual yaranır: indi BBC bilmir ki, tutduğu mövqe, eyni zamanda, Vardanyanın və onun Şimaldakı ağalarının xeyrinədir? Yəni, Qərb Cənubi Qafqaz müstəvisində o qədərmi güclüdür ki, BBC yaratdığı görüntünün riskini düşünmür? Bəs, Azərbaycanın güc balansındakı mövqeyini də bilmir?..

Yenə də hesab edək ki, BBC-nin ayrı-ayrı sənədlərində jurnalistika prinsiplərinə dair yazılmış fikirlər yalnız gəlişigözəl ifadələrdir, ümumən həmin sənədlər tualet kağızından başqa bir şey deyil, bəs bu qeyd etdiyimiz? Doğrudanmı, media qurumunun bacarıq və səriştəsi imkan vermir ki, Qarabağdakı etnik separatizmin haradan qaynaqlandığına diqqət yetirsin? Oradakılar heçmi düşünmürlər ki, yaratdıqları sentimental görüntülər nəyə xidmətdir?

Sentimentallıqdan söz düşmüşkən, Mətbuat Şurasının bəyanatında da bu barədə söz açılır: “BBC telekanalının Azərbaycanla Ermənistan arasında sülh prosesinə, Qarabağ erməniləri üçün ərzaq göndərməsi ilə bağlı məsələlərə birtərəfli və əsl həqiqəti təhrif edən münasibəti yolverilməzdir. Bu yanaşma xalqımızın iradəsinə və mövqeyinə kökündən ziddir. Qətiyyətlə bildiririk ki, BBC-nin Qarabağdakı separatçı qüvvələrin təmsilçilərinə efir şansı tanıması, mövcud xüsusda reallığa zidd olan saxta sentimentallıq səhnələrinə yer ayırması dünya ictimaiyyətini çaşdırmaq və onda yanlış rəy formalaşdırmaq cəhdidir”.

Həqiqətən, dünyada Azərbaycan həqiqətləri, Qarabağ reallıqları ilə bağlı yanlış rəy yaratmaq istəyən media qurumları var. Onların erməni lobbi və diaspor təşkilatlarının maliyyə yardımı ilə hərəkətə gəldikləri məlumdur. Eyni fikri BBC haqqında demək ağla batmır. Elə isə onun məqsədi nədir? Nəticəyə gəlirik ki, media prinsipləri quruma yol tapmış ayrı-ayrı şarlatanların korporativ maraqlarından üstündür? Axı Qarabağdakı separatçılardan qalma tör-töküntülərə tribuna vermək, onların söylədiklərini böyük canfəşanlıqla yayımlamaq, nəticə etibarilə qeyri-obyektiv davranaraq, əsl həqiqətləri arxa plana keçirmək normal məntiqə sığmır.

***

Mətbuat Şurası da bəyanatında nəticəyə gəlir.  Ya BBC üzr istəyərək ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmağı öyrənməli, səmimi niyyətini əməli fəaliyyəti ilə sübuta yetirməyi bacarmalı, ya da onun Azərbaycan xidmətinin fəaliyyəti dayandırılmalı və akkreditasiyası ləğv olunmalıdır.

Hesab edirik ki, nəinki BBC-yə, ümumən Azərbaycan xalqının ali maraq və mənafelərinə ziddi mövqe qoyan xarici media orqanlarının hər birinə münasibətdə sərt mövqe tutmağın zamanıdır. Onların yayımının dayandırılmasına da gedilməsi şərtdir. Bu addım, heç bir halda, media fəaliyyətinin məhdudlaşdırılması sayıla bilməz. Bir halda ki, media bəşəri dəyər və prinsiplərdən uzaq dayanır, terrorçuluğu və separatçılığı dəstəkləyir, bu əməlləri törədənlərin mənafeyinə xidmət edən materiallar yayımlayır, BBC olmur, lap hansı olursa-olsun, onun jurnalistika adına iddia etməsi ədalətsizlikdir.

R.ƏVƏZ, “Xalq qəzeti”




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Əvəz RÜSTƏMOV