USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

BBC, Rasmussen və erməni lobbisinin pul dağarcığı

Qlobal media korporasiyası öz nüfuzunu hərraca çıxarıb


https://img.baki-baku.az/news/2023/09/photo_8018.jpg

Ermənistanın və dünya erməniliyinin təbliğat maşını Azərbaycan əleyhinə işini var gücü ilə davam etdirir. Təəssüf ki, özünü müstəqil, qərəzsiz, obyektiv adlandıran bir sıra transmilli media korporasiyaları da bu prosesə alət olublar. Xüsusilə mərkəzi ofisi Londonda yerləşən BBC korporasiyası və Praqadan yayımlanan “Azadlıq Radiosu” bu işdə xüsusi canfəşanlıq göstərir. Onların əksər hallarda qərəzli olduğunu bildiyimiz üçün yazdıqlarına, hazırladıqlarına, hardasa, reaksiya verməmək olardı. Ancaq məsələ ondadır ki, bu materiallar internetdə yayıldıqdan sonra arxivləşir. Sonra isə ermənipərəst dairələr üçün istinad mənbəyi rolunu oynayır.

BBC-yə istinad edərək, yalanlarını tirajlayan şəxslərdən biri də Ermənistanın pul kisəsindən asılı olduğu heç kimdə şübhə doğurmayan NATO-nun sabiq baş katibi Anders Foq Rasmussendir. O, bugünlərdə “X” sosial şəbəkəsində “BBC Nyus” müxbirinin Ermənistanın Azərbaycanla sərhədyanı bölgəsində əyləşib Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin vəziyyətinə dair hazırladığı yazıdan sitat paylaşıb. Halbuki, həmin yazı başdan-ayağa ermənilərin söylədikləri yalanlar əsasında hazırlanıb. Bu materiala baxanda adamda BBC-ni deyil, Ermənistan mediasını oxuduğu qənaəti yaranır. Yeri gəlmişkən, Azərbaycan tərəfinin fikirlərinə ötəri yer verən BBC daha çox ermənilərin vəziyyətindən bəhs edib. Reportajda ermənilərə təklif olunan Ağdam-Xankəndi yolundan söz açılmayıb. Bundan başqa, Laçın–Xankəndi yolundan Beynəlxalq Qırmızı Xaç Komitəsinin qaçaqmalçılıq etdiyi, Rusiya sülhməramlılarının qanunsuz erməni silahlı dəstələrinə silah-sursat daşıdığı da qeyd edilməyib.

Məsələyə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də münasibət bildirib. Hikmət Hacıyev NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin Ermənistan hökumətindən pul almasını ifşa edib, həmçinin BBC-ni qərəzli olmaqda suçlayıb. “X” sosial şəbəkəsində etdiyi paylaşımda Hikmət Hacıyev yazıb: “Pullar danışır” seriyasından! Göründüyü kimi, Avropanın ən dəhşətli, qanlı və cinayətkar separatçı qurumu olan qondarma “dqr”in “yubileyi” ərəfəsində Ermənistan hökumətinin və erməni lobbi qruplarının göstərişi ilə yeni dramatik dezinformasiya və manipulyasiya kampaniyasına start verilib. Biabırçılıq olsa da, NATO-nun sabiq baş katibi təbliğat kampaniyasına görə Ermənistan hökumətindən pul aldığını inkar etmir. Bəzi siyasətçilər riyakarlıqla dünyanı “yaxşı və pis separatçılar və cinayətkarlar”a bölürlər. Köhnə vərdişlərdən imtina etmək çətin olur!

Amma narahatlıq doğuran odur ki, BBC öz Nizamnaməsində “bütün materiallarında lazımi qərəzsizliyə nail olmağa sadiq olduğunu, bu öhdəliyin reputasiyaları, dəyərləri və tamaşaçıların etimadı üçün əsas” olduğunu bildirsə də, birtərəfli və qərəzli aqressiv manipulyasiya və yalan təbliği ilə məşğuldur. O cümlədən, “Kontekst” proqramında da yalanı təbliğ edir. BBC bütün səslər, xüsusən də həssas mövzular üçün platforma rolunu oynamalıdır”.

Hikmət Hacıyev NATO-nun sabiq baş katibinin hansı mənbələrdən vəsait aldığına dair bəyannaməni də paylaşımına əlavə edib.

***

Qeyd edək ki, bu, Anders Foq Rasmussenin ermənilərin marağından çıxış edərək atdığı ilk adddım deyil. Rasmussen NATO-nun baş katibi vəzifəsindən getdiyi 2014-cü ildə “Rasmussen Global” adlı beynəlxalq siyasi konsaltinq şirkətini təsis edib. Şirkətin mənzil-qərargahı Kopenhagendə yerləşir. Brüssel, Berlin, Vaşinqton və Londonda ofisləri var. Şirkət təhlükəsizlik siyasəti, Transatlantik əlaqələr, qlobal siyasət, Avropa İttifaqı, enerji, kritik xammal və kosmosla bağlı məsələlər üzrə strateji “məsləhətlər” verir.

Hikmət Hacıyevin paylaşımına əlavə etdiyi bəyannamə ilə tanış olduqda da Rasmussenin qurucusu olduğu təşkilatın dördüncü əsas müştərisinin Ermənistan Respublikası olduğunu görmək mümkündür. Bu ilin əvvəlində isə Avropa İttifaqının şəffaflıq reyestrinin saytında “Rasmussen Global” şirkətinə aid “Cari maliyyə ilində müştərilər” bölməsində isə Errmənistanın ikinci əsas müştəri olduğu qeyd olunmuşdur. Reyestrin əhatə etdiyi fəaliyyətlərə görə illik gəlirin təxminən 425-799 min avro olduğu bildirilir. Ermənistan, artıq qeyd etdiyimiz kimi, təşkilatın dördüncü əsas müştərisi olmaqla bu vəsaitin böyük hissəsinin formalaşmasına vəsilə olur. Bu mənada, İrəvanın əsas müştərilərindən biri olduğu təşkilatın qurucusunun Azərbaycanla bağlı belə hədyan və böhtan yağdırması başadüşüləndir.

Rasmussen bu ilin yazında Ermənistana səfər etmişdi. Oradan isə Azərbaycanla sərhədə gəlmiş, burada Ermənistan bayrağı fonunda fotolar çəkdirərək, sosial şəbəkədəki hesablarında yerləşdirmişdi. Səfərlə bağlı təəssüratlardan ibarət yazıda isə növbəti dəfə Azərbaycanın ünvanına hədyanlar səsləndirmişdi. Qeyd edək ki, həmin vaxt Laçın–Xankəndi yolunda ekofəalların aksiyası keçirilirdi. Rasmussenin yazısında həm aksiya, həm də Ermənistan–Azərbaycan münasibətləri ilə bağlı həqiqətə uyğun olmayan fikirlər yer almışdı. O, cızma-qarasında Qarabağ iqtisadi rayonunda “humanitar böhran” yaşandığını, bunun “humanitar fəlakət”ə çevrilə biləcəyini iddia etmişdi. Avropa və daha geniş beynəlxalq ictimaiyyəti “blokada”nın aradan qaldırılması üçün Azərbaycana təzyiq etməyə çağırmışdı.

2022-ci ilin sentyabrda rəsmi İrəvanın törətdiyi hərbi təxribatı Azərbaycanın Ermənistan ərazilərini ələ keçirməsi cəhdi adlandıran, öz qoşunlarını Ermənistan ərazisindən (?) çıxarmadığını bildirən sabiq baş katib iki ölkə arasında yeni müharibəyə gətirib çıxara biləcək gərginliyin artdığını vurğulamışdı. Həmçinin Vətən müharibəsinin başa çatmasından sonra Xocavənd rayonu ərazisində kəşfiyyat-diversiya əməllərinə görə saxlanılmış və barələrində məhkəmənin hökm çıxardığı erməni yaraqlılarını “hərbi əsirlər” kimi təqdim edərək, Azərbaycanı onları qaytarmaqdan imtina etməkdə suçlamışdı.

Bunu xatırlatmaqda məqsədimiz Rasmussenin qərəzli və ermənilərdən maddi baxımdan asılı olduğunu göstərməkdir. Bu mənada obyektivlik hissini itirmiş avropalı pensiyaçının Azərbaycanla bağlı böhtançı fikirləri təəssüf doğursa da təəccüblü deyil.

Səxavət HƏMİD

 

Ekspert rəyi

Yeganə Hacıyeva, politoloq

– Ermənistan NATO-nun qarşıdurma şəraitində olduğu hərbi qurumun – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Bu mənada NATO-nun sabiq baş katibinin, indi də təşkilatdan yüksək pensiya alan şəxsin alyansın rəqibi olan KTMT-yə üzv ölkənin hərbi imkanlarının genişləndirilməsinə, beynəlxalq müstəvidə mövqelərinin möhkəmlənməsinə çalışması, əslində, ilk növbədə onun NATO dəyərlərinə hörmətsizliyidir. Digər tərəfdən, Rasmussenin ermənilərin lobbiçiliyini apardığı “Rasmussen Global” şirkətinin əldə etdiyi bilgiləri, resursları bu gün NATO-nun ziddiyyətdə olduğu bir ölkə üçün xərcləyir. Bunu da maddi maraq müqabilində edir. Burada da maraqların toqquşması qeydə alınır. Deməli, Rasmussen maddi maraq qarşılığında uzun illər xidmət etdiyi və bu gün də pensiya aldığı təsisata, yəni NATO-ya xəyanət edir. NATO-nun maraqlarını şəxsi korporativ maraqlarına qurban verir.

Digər tərəfdən nəzərə almaq lazımdır ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir. Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra Avropanın Azərbaycanın enerji resurslarına tələbatı daha da artıb. NATO-nun sabiq baş katibinin mövqeyi həm də Avropanın maraqlarına ziddir.

BBC korporasiyası isə faktiki olaraq, öz maraqları, erməni lobbisi ilə əməkdaşlıq naminə Qarabağdakı separatizmi dəstəkləyir. Onların bu yanaşması son dərəcə təhlükəlidir və sadəcə, Azərbaycanla məhdudlaşmır. Bu yanaşma domino effekti verərək, ümumilikdə dünya nizamını sıradan çıxara bilər.




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Səxavət HƏMİD