USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Paşinyan sülhə qarşı – Ermənistan yeni müharibə istəyir

Nikolun “Qarabağ kartı” ilə oynamaq həvəsi, İrəvanın “Brüssel formatı”ndan imtinası və yeni separatçılardan gələn təhlükə


https://img.baki-baku.az/news/2023/09/photo_8017.jpg

Bəli, Ermənistan baş naziri Nikol Paşinyan göstərir ki, onun Azərbaycanın, Qarabağ da daxil olmaqla, ərazi bütövlüyünü tanımasına dair bir deyil, bir neçə dəfə səsləndirdiyi bəyanat yalnız spekulyativ səciyyə daşıyan sabun köpüyüdür. Nikol siyasi riyakarlığın zirvəsindədir. Baş nazirin İtaliyanın “La Repubblica” nəşrinə müsahibəsində səsləndirdiyi fikirlər bunu bir daha deməyə əsas verir.

Birincisi, Ermənistan heç vaxt qondarma “Dağlıq Qarabağ Respublikasının” müstəqilliyini tanımayıb. Ona görə ki, ərazini özününkü sayıb. Ancaq Paşinyana qədərki iqtidarın təmsilçiləri məqsədlərini ört-basdır edib, vaxt udmağa çalışıblar. Nikol isə hakimiyyətə gələndən sonra “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını verdi. Nəticədə sonluğu Ermənistan və dünya erməniliyi üçün faciəyə çevrilmiş 44 günlük müharibə yaşandı. Bu, öz yerində.

Müharibədən sonrakı danışıqlar prosesində, daha doğrusu, Brüssel formatı çərçivəsindəki görüşlərdə Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdi. Ancaq bu tanıma yalnız sözdə oldu. Gördük ki, İrəvan nizamlama prosesində sırf Qarabağ ermənilərinə yönəlik manipulyasiyalara baş vurur. Nəticə etibarilə hazırda danışıqların davamı üçün münbit zəmin, demək olar ki, yoxdur.

Nikolun “La Repubblica”ya müsahibəsindən gəlinən qənaət isə budur ki, guya, hazırkı duruma görə günahkar Azərbaycandır. Sən demə, ölkəmizin təmsilçiləri də erməni baş nazir kimi boşboğazlıq etməli imişlər. Yəni, biz də deməli idik ki, Ermənistanın müstəqilliyini tanıyırıq. Axı, tanımaq dildə yox, əməldə olur. Əməl isə sülh müqaviləsidir ki, bu da Qarabağdakı erməni avantürizminin davamının Ermənistan rəhbərliyi və dünya ermənipərəstləri tərəfindən dəstəklənməsi səbəbindən gerçəkləşmir. Paşinyan vəziyyəti gözəl anlayır.

İkinci məqamda söyləyəcəklərimiz, müəyyən mənada, indiyədək vurğuladıqlarımızın davamıdır. Nikol və onun komandası Qarabağ mövzusunda manipulyasiyalara yol verirsə, hesab edirik ki, Paşinyanın “La Repubblica”ya müsahibəsində səsləndirdikləri yaramazlığın və həyasızlığın pik həddidir.  Hərçənd, daha böyük həyasızlıqların nəzərə çarpacağını da istisna etmirik.

Bəli, Paşinyan Azərbaycanın, Qarabağ da daxil olmaqla, ərazi bütövlüyünü tanımasına dair bütün söylədiklərini, faktiki olaraq, inkar edir. O, italyan müxbirin “Siz hesab edirsinizmi ki, Qarabağın Azərbaycanın olması, bu, məsuliyyətini dünyanın çəkməli olduğu məsələdir” sualına cavabında bunları bildirir: “Dağlıq Qarabağda vəziyyət həmişə Dağlıq Qarabağ hakimiyyətinin nəzarətində olub. Hər halda, 2018-ci ildən sonra belə idi. Bugünkü duruma Dağlıq Qarabağın seçilmiş hakimiyyətinin nümayəndələri nəzarət edirlər. Rusiya sülhməramlıları da oradadırlar. Söhbət tamamilə başqa məsələdən gedir: əgər Ermənistan və Azərbaycan bir-birindən ərazi bütövlüyünü qarşılıqlı şəkildə Alma-Ata Bəyannaməsinə əsasən tanımırlarsa, bu, o deməkdir ki, sülh heç vaxt olmayacaq”.

***

Erməni baş nazirin ikiüzlülüyünə tarixin ən böyük siyasi dələduzları da paxıllıq edə bilərlər. Deməli, o, əvvəlki mövqeyindən geri çəkilir. Buna bəhanə də uydurub: Azərbaycan Ermənistanın müstəqilliyini tanımırsa, Ermənistan da Azərbaycanın suveren haqlarını tanımır. Yəni, o cümlədən, Qarabağı da ölkəmizin ərazisi kimi qəbul etmək istəmir. Halbuki, məsələnin konstruktiv qoyuluşu belə olmalı deyildi. Nikol aşkar şəkildə Qərb tənzimlənməsi xəttinə qarşı çıxır. Yəni, ümumən Cənubi Qafqazda sülhün olmasını istəmir.

Digər yandan, tutalım, Azərbaycan bildirə bilər ki, Ermənistanın 29,8 min kvadratkilometr ərazidə suveren haqlarını tanıyır. İlk baxışdan, bu, hazırda prinsip etibarilə heç nəyi dəyişmir. Ancaq baş nazir Nikol Paşinyanın əvvəl dediyi o anlama gəlirdi ki, Ermənistan ölkəmizə qarşı ərazi iddiasından geri çəkilir və bu deyimin davamı gəlməli idi, ancaq gəlmədi. Və indi Paşinyan Azərbaycandan 29,8 min kvadratkilometrlik ərazinin qəbul edilməsini istəyirsə, deməli, Qarabağ avantürasının davamı “ssenarisində” yalnız öz təhlükəsizliyini düşünür. Paralel olaraq, bölgədə erməni ambisiyalarının qalacağını göstərir. Nikolun səfehliyi isə ondadır ki, həmin ambisiyaların mövcudluğu şəraitində Azərbaycanın ona dinclik verəcəyini, yaxud veməli olacağını ağlına gətirir. Çox güman, xarici havadarlarına  güvənir. Bütün dünya onun güvəndiyi dağlara qarın necə yağdığını 2020-ci ildə yaxşı gördü...

Daha bir məqama nəzər salaq. Paşinyan 2018-ci ildən danışır. Demək istəyir ki, 2018-ci ilədək Qarabağ Ermənistandakı iqtidarın təsir zonası olub. Həmin ildən sonra isə guya, müstəqilləşib. Sən demə, seçilmiş hakimiyyəti də var imiş. Nikol həmin hakimiyyəti separatçı quruluş kimi qəbul etmədiyini ortaya qoyur. Nəhayət, Paşinyan göstərmək istəyir ki, Qarabağ müstəvisindəki problem bölgənin “seçilmiş hakimiyyəti” ilə Azərbaycanın arasında olan məsələdir. O zaman sual yaranır: bir halda ki, 2018-ci ildən sonra Qarabağda “seçkili hakimiyyət” olub, 2019-cu ildə “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını verən kim idi?

***

Ermənistan baş nazirinin onsuz da qeyri-ciddi olan siyasətçi obrazına yeni “rəng çalarları” qatan səbəb nədir? Birincisi, Paşinyan xəstə erməni cəmiyyətinin revanşist-şovinist baxışlar sisteminə təsir göstərə bilmir. Hazırkı dövrdə onun, bu xəstəliyin ayrı-ayrı təzahürlərinə diqqət yetirib müsbət anlamda ara-sıra söylədikləri, dilə gətirdiyi obyektiv reallıqlar, ən yaxşı halda, onun məsələyə ziyalı və publisist münasibətdir, siyasətçi baxışı deyil. Yəni, siyasətçi Paşinyanla jurnalist Paşinyan arasında fərq böyükdür. İkinci xeyli mütərəqqidir.

Eyni zamanda, bildirməliyik ki, Nikol hakimiyyətini itirməkdən qorxur. Ona görə “Qarabağ kartı”na güc verir. Çalışır ki, xəstə təfəkkürlülərin məntiqi ilə getsin. Özünü daha xəstə adam kimi aparsın. Yəni, Roma papasından daha çox katolik olmaq eşqinə düşür. Hesab edir ki, bu ritorika ilə üzərindəki təzyiqlərdən kənar dayanmağı bacaracaq.

Bəli, Paşinyan Qarabağ müstəvisində avantüristlərin qol-qanad açmasına imkan yaradır. Ancaq xəbəri yoxdur ki, obrazlı desək, saat mexanizmli bombanın üzərində oturub. Çünki hazırda Ermənistanda və Qarabağda erməni separatçılarının hələ də qaldığı ərazilərdə gedən proseslər və son dəyişikliklər əvvəlki Koçaryan-Sarkisyan xuntası xəttinin gücləndiyini göstərməkdədir. Nikol, bir növ, həmin xuntaya başını qatmaq üçün “yem” verir ki, özünə dəyib-dolaşan olmasın. Nəzərə alaq ki, istefa vermiş Arayik Arutyunyan da Koçaryan-Sarkisyan qruplaşması ilə bağlı olsa da, zəif idi. Yeni separatçılara gəldikdə isə onlar radikallıqları ilə seçilirlər və daha çox əvvəlki separatçıbaşılar Arkadi Qukasyanın və Bako Saakyanın xəttinin davamında israrlıdırlar.  

Bəli, N.Paşinyan anlamır ki, Arayikin yerinə gələnlər onun özü üçün də təhlükə mənbəyidirlər. Hər bir halda, indiki vəziyyət onu deməyə əsas verir ki, Nikolun sülh müqaviləsindən, Bakı ilə normallaşma prosesindən yayındıranlar elə Qarabağda gərginliyi artıranların, o cümlədən, yolların açılmasının qarşısına sədd çəkənlərin, sabotajçıların özləridir. Bütün bunlar “Qarabağ kartı” üzərində Ermənistanda hakimiyyət çevrilişinə hazırlığın getdiyinin göstəriciləridir. Deməli, tarixin təkrarlanması mümkündür...

***

Sonda onu da deyək ki, Azərbaycan güclüdür. Qarabağ müstəvisindəki oyunlardan, gizli məqsəd və məramlardan yaxşı xəbərdardır. Ölkəmiz, həmçinin özünün prinsipial dəst-xəttinə sadiqdir. Heç bir halda, mövqeyindən geri çəkilməyəcək. Paşinyan da yuxarıda göstərdiyimiz qeyri-ciddi və ikiüzlü yanaşmaları ilə heç nəyə nail ola bilməyəcək.

Ancaq Nikola bir məqamda, belə demək mümkünsə, bəraət qazandırmaq mümkündür. O məqamda ki, özünün gücsüzlüyünü görür və ona görə Qarabağ amilinin daxili-siyasi ritorikada, o cümlədən, separatçılıq xətti üzrə güclənməsinə qarşı çıxmağı bacarmır. Çalışır ki, yaranacaq yeni durumda Azərbaycan sərt tədbirlərə əl atsın. Bir halda ki, avantürizmi xoşluqla aradan qaldırmaq mümkünsüzdür, o zaman güc dövriyyəyə girməlidir. Necə ki, 2020-ci ildə girdi...  

Ancaq qeyd etdiyimiz, necə deyərlər, bəraət məqamı çıxış yolu sayıla bilməz. Çıxış yolu prinsipial davranmaq, sözünün üstündə dayanıb sülh missiyasını davam etdirməkdir. Nikol və tərəfdarları onu da düşünməlidirlər ki, siyasət uşaq oyunu deyil. Bu meydanda yol verilən heç bir səhv cəzasız qalmır. Bu gün Azərbaycan əsgəri çox rahatlıqla Ermənistan adlanan ərazini görürsə, onun gördüyü, eyni zamanda, Qarabağdakı separatçılıq meyillərinin davamına dəstək verən, onu təchiz edən ərazidir. O ərazinin müstəqil dövlət olub-olmamasının hansısa əhəmiyyəti yoxdur. Təhlükə gələn yerlər məhvə məhkumdur.

Deməli, belə nəticəyə gəlirik ki, Azərbaycan əsgərinin gözlə gördüyü, müşahidə apardığı ərazini, yəni Ermənistanı dövlət kimi tanımamağımızın səbəbi var. Digər tərəfdən, bir ölkənin ki, on min hərbçisi Qarabağdadır, deməli ona təhlükə mənbəyi, hədəf kimi baxmağımız leqaldır. Yaxşı olar ki, nəinki N.Paşinyan və tərəfdarları, komandasının üzvləri, bütövlükdə, erməni siyasi istableşmenti, bu cameənin tör-töküntüləri mövcud məqamı çox ciddi şəkildə, özü də təxirə salmadan düşünsünlər. Çünki vaxt daralır. Sabah düşünmək şansı olmaya da bilər.

 

Ə.CAHANGİROĞLU




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Əvəz RÜSTƏMOV