USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Lindsi Snell öz ampluasındadır

​​​​​​​Başabəla jurnalist-casus bu dəfə müzəffər ordumuza böhtan atır


https://img.baki-baku.az/news/2023/09/photo_8013.jpg

Sosial şəbəkələrdə vaxtaşırı Azərbaycan və Türkiyə əleyhinə təxribat xarakterli paylaşımları ilə tanınan ermənipərəst lobbiçi, amerikalı jurnalist Lindsi Snell Ermənistanın çirkin təbliğatının girovu olduğunu növbəti dəfə təsdiqləyib. Onun budəfəki qarayaxma kampaniyasının hədəfi Azərbaycan Silahlı Qüvvələri olub. Jurnalist adına ləkə olan bu zat “X” sosial şəbəkəsindəki mikrobloqunda yazıb ki, guya, Azərbaycan Silahlı Qüvvələrində gördüyü qədər zorakılıq və qəddarlığı heç yerdə görməyib.

Qırx dörd günlük Vətən müharibəsində nəinki Ermənistan silahlı qüvvələri və Qarabağdakı qondarma rejimin “müdafiə ordusu”, eləcə də Azərbaycana və bütün Türk dünyasına qənim kəsilən daşnaklar, dünya erməniçiliyi, sexakronizm (nasistlərin əlaltısı Qaregin Njdenin işləyib hazırladığı irqçiliyi təbliğ edən erməni millətçiliyi ideologiyası-S.H.) üzərində Zəfər çalan Azərbaycan Ordusu haqqında ermənilərin pul kisəsindən asılı olan təbliğatçının bu cür fikirlər səsləndirməsi gözlənilən idi. Çünki ilk cümlədə qeyd etdiyimiz kimi, L.Snell bundan öncə də dəfələrlə Azərbaycana və Türkiyəyə böhtan atıb. Onun son qarayaxmalarından biri iyulun 21-23-də Şuşada keçirilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumu ilə bağlı olmuşdu. O, sosial şəbəkə hesabında forumda iştirak edən xarici jurnalist və ekspertlərin siyahısını dərc etmişdi. L.Snell beynəlxalq ictimaiyyəti forum iştirakçılarını təqib etməyə çağıraraq, onların reputasiyasına xələl gətirməyə çalışmışdı. Bunu onların, guya, “Qarabağda 120 min sakini bloklayan” ölkədə forumda iştirak etmələri ilə “əsaslandırmışdı”. L.Snell, faktiki olaraq, forum iştirakçılarını təhdid etmişdi.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media strukturlarının təmsilçiləri iştirak etmişdilər. Bundan əlavə, 60 yerli media rəhbəri və nümayəndəsi də iştirakçılar arasında idi. Təbii ki, bu qədər xarici jurnalistin Şuşada keçirilən media forumunda məmnuniyyətlə iştirak etməsini, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərini öz gözləri ilə görməsini, obyektiv, sağlam düşüncə nümayiş etdirməsini, L.Snell, sadəcə olaraq, qəbul edə bilməzdi. Yeri gəlmişkən, qeyd edək ki, Medianın İnkişafı Agentliyi (MEDİA) avqustun 3-də forum iştirakçılarına qarşı sosial şəbəkələrdə aparılan təhdid kampaniyası ilə bağlı bəyanat yaymışdı. MEDİA-nın bəyanatında təəssüf hissi ilə bildirilirdi ki, forumun mahiyyətini bilərəkdən siyasiləşdirməyə çalışan Ermənistan hökuməti və ona yaxın dairələr öz məhdud merkantil maraqlarından çıxış edərək, bu mötəbər tədbirdə iştirak etmiş yüksək səviyyəli ekspertlər, beynəlxalq ictimai rəydə nüfuza malik olan jurnalistlər haqqında sosial şəbəkələrdə qarayaxma və nifrət kampaniyası aparır, onların reputasiyasına kölgə salmağa cəhd edərək media etikası ilə heç bir halda uyuşmayan mövqe sərgiləyirlər: “Biz Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi olaraq, Azərbaycan jurnalistləri adından belə qarayaxma kampaniyasını pisləyir, bunu azad sözə və jurnalistikaya qarşı terror kimi qiymətləndirir, peşəkar prinsipləri rəhbər tutaraq keçirilmiş və yalnız müasir medianın problemlərinə, inkişaf perspektivlərinə həsr olunmuş forumun nifrət nitqinə alət edilməsinin yolverilməz olduğunu bəyan edirik”.

***

Ümumiyyətlə, L.Snellin “jurnalistlik” fəaliyyəti xəbər istehsal etməkdən, yaradıcılıqla məşğul olmaqdan daha çox, Azərbaycan və Türkiyə əleyhinə fəaliyyət göstərmək üzərində qurulub. Bunun şahidi olmaq üçün onun ad-soyadını yazıb internetdə axtarışa vermək kifayətdir. Bu zaman qarşımıza çoxlu anti-Azərbaycan və anti-türk paylaşımı çıxacaq. Bütün hallarda görünür ki, jurnalistika onun üçün sadəcə, fon yaratmağa xidmət edir. O, 2016-cı ilin avqustunda Suriya ərazisindən Türkiyəyə qanunsuz daxil olarkən saxlanılıb. Elə həmin il hərbi qadağa zonasını pozmaq və casusluq ittihamı ilə həbs edilib. Müəyyən müddət həbsdə qaldıqdan sonra Türkiyənin müvafiq orqanları tərəfindən ölkədən deportasiya olunub.

İndi belə bir şəxsin Azərbaycan Ordusu haqqında hədyanlar yazması, əslində, bizim üçün təəccüblü olmamalıdır. İndiyədək Qərbdə müxtəlif ermənipərəst dairələr ordumuza böhtan atmışdılar. Ancaq L.Snellin yanaşması, “Mən hələ də Suriyaya gedirəm. İraq, Liviya, Fələstin, Ukrayna da daxil olmaqla, 30 ölkədən reportaj hazılamışam, xəbərlər vermişəm. Onlarca orduya–hərbi qrupa, o cümlədən terrorçuların arasına girmişəm. Lakin mən Azərbaycan Silahlı Qüvvələrində gördüyüm qədər zorakılıq və qəddarlığı heç yerdə görməmişəm”, – deməsi, zənnimizcə, Azərbaycan Silahlı Qüvvələrinə atılan böhtanın “zirvə nöqtəsi”dir. Çünki bu, bir faktdır ki, Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsini beynəlxalq humanitar hüququn bütün norma və tələblərinə riayət etməklə aparıb. Müharibə zamanı işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşan mülki şəxslərdən birinin də necə deyərlər, burnu qanamayıb. Ordumuzun əsir götürdüyü şəxslər alçaldılmayıb, qeyri-insani rəftara məruz qalmayıb. Ümumiyyətlə, humanizm Azərbaycan xalqının canında-qanında, genindədir. Ordu da xalqın bir parçasıdır. Belə bir xalqın ordusu başqa cür ola bilməz. Azərbaycan Ordusu ermənilərin Birinci Qarabağ müharibəsi zamanı Xocalı, Meşəli, Kərkicahan, Bağanis-Ayrım, Malıbəyli, Quşçular, Ballıqaya, Başlıbel kimi yaşayış məntəqələrimizdə törədilən müharibə cinayətlərinin qisasını döyüş meydanında alıb. İndi belə bir orduya ancaq Lindsi Snell kimi vicdan və ədalət hissini itirmiş şəxslər böhtan ata bilər. Ancaq o bilməlidir ki, vicdanını pula satmış, ədalət hissini itirmiş, obyektivlikdən uzaq şəxslərin nə deməsinin, nəinki, Azərbaycanda, beynəlxalq ictimaiyyət yanında da çürük qoz qədər dəyəri olmayacaq.

Xanım Snell, heç olmasa, hərdən beynini işə salmalı, ayılmalı, hansı informasiya selində necə deyərlər, üzdüyünü anlamalı, erməni tərəfinin manipulyasiyalarına alət olmağı dayandırmalı və Qarabağda hansısa “blokada”nın, “humanitar fəlakət”in olmadığına, bölgədə 120 min nəfərin yaşamadığına əmin olmalıdır. Reallıq ondan ibarətdir ki, Azərbaycan Qarabağ iqtisadi rayonunun erməni sakinlərinin ölkə cəmiyyətinə yenidən inteqrasiyasında sadiqdir və onlara digər vətəndaşlar kimi bərabər hüquqlar təmin edəcəkdir.

Səxavət HƏMİD

 

Ekspert rəyi

Azər HƏSRƏT, siyasi şərhçi:

– Lindsi Snell adlı bu qadın, əslində, jurnalist yox, böhtançıdır. Həm də anti-türk xarakterli. Şəxsən özüm onu yetərincə uzun müddətdir izləyirəm. Həmişə də görürəm ki, paylaşımları, yazıları bu və ya digər şəkildə, həm də açıq ifadələrlə türk millətinə qarşıdır. Belə anlamaq olar ki, onun arxasında anti-türk mərkəzlər – şəxslər dayanıb. Anti-türk deyəndə də ilk ağıla gələn erməni təbliğat maşınıdır. Bunu onun paylaşımlarından da açıq şəkildə görmək olur. Elə Qarabağ məsələsi ilə bağlı paylaşımları açıq şəkildə təktərəfli – erməni yönlü təbliğat xarakterlidir. Hətta, bir çox hallarda bu təbliğat paylaşımları ilk sözündən Lindsini ələ verir ki, o, kimlərinsə çirkin təbliğatına könüllü alət olub.

Son paylaşımlarından birində işlətdiyi ifadələr də onun nəyə xidmət etdiyini göstərir. Deyir ki, Suriyaya, Liviyaya, İraqa və Fələstinə gedib, oradakı silahlı qüvvələrin əməllərini görüb. Ardınca da iddia edir ki, “hələ də Azərbaycan Silahlı Qüvvələri və onun arxasındakı rejimdən gördüyüm qəddarlıq və nifrətin həddi ilə qarşılaşmamışam”. İndi baxaq görək bu qadının iddia etdiyi qəddarlıq və nifrət özünü nədə göstərir? Yaxud da Azərbaycan Ordusu və “rejimi” onun iddia etdiyi kimi dinc erməni sakinlərini qırırmı, onların evlərini dağıdırmı? Axı İraq, Suriya, Fələstin, Livanda olduğu kimi Azərbaycanda belə faktlar yoxdur. Bəs necə olur ki, bu təbliğat aləti belə iddia irəli sürür? Əlbəttə ki, ona verilən tapşırıqları yerinə yetirmək üçün utanmadan ağa qara deyir. Deyir ki, ağaları səxavət dağarcıqlarının ağzını bir qədər də geniş açsınlar...




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Səxavət HƏMİD