USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistan hökumətindən növbəti anti-Rusiya addımı

​​​​​​​İrəvanın bu təxribatı Azərbaycanla əlaqələndirmək cəhdi uğursuz olacaq


https://img.baki-baku.az/news/2023/09/photo_7990.jpg

Hərb meydanında olduğu kimi, siyasi-diplomatik cəbhədə də Azərbaycana məğlub olan rəsmi İrəvan bu uğursuzluğunu ört-basdır etmək üçün yeni təxribata əl atıb. Belə ki, Ermənistan hökuməti Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu ratifikasiya üçün ölkə parlamentinə təqdim edib. Ermənistanın media subyektləri bu barədə baş nazir aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən məlumat yayıblar.

Qeyd edək ki, Ermənistan hökuməti bu məsələ ilə bağlı 2022-ci ildə konstitusiya məhkəməsinə müraciət etmişdi. Konstitusiya məhkəməsi cari ilin martın 24-də Beynəlxalq Cinayət Məhkəməsinin 1998-ci il iyulun 17-də imzalanmış Roma statutunda təsbit edilmiş öhdəliklərin konstitusiyaya uyğunluğunu tanıyan qərar qəbul etmişdi. Bu qərarın qəbulu, necə deyərlər, aydın səmada şimşək kimi çaxmışdı. Məsələ onda idi ki, bundan cəmi bir neçə gün əvvəl – martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin və Rusiya Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkil Mariya Lvova-Belovanın həbsinə order vermişdi. Yeri gəlmişkən, qeyd edək ki, adları çəkilən şəxslər Rusiya-Ukrayna müharibəsinin gedişi zamanı ukraynalı uşaqların Ukrayna ərazisindən Rusiyaya aparılmasında ittiham olunurdular. “Reuters” agentliyi həmin vaxt qeyd edirdi ki, orderin verilməsindən sonra V.Putin və M.Lvova-Belova Roma statutunu ratifikasiya etmiş 123 ölkənin hansısa birində həbs olunaraq Beynəlxalq Cinayət Məhkəməsinə verilə bilər.

Ermənistan Rusiyanın ən yaxın strateji müttəfiqlərindən biri olduğu üçün konstitusiya məhkəməsinin qərarı böyük müzakirələrə yol açmış və hər iki ölkədə suallar doğurmuşdu. Bundan sonra Nikol Paşinyan hökuməti geri addım ataraq layihəni təsdiq üçün parlamentə göndərməyi təxirə salmışdı.

İndi isə Ermənistan hökuməti yenidən Roma statutunun tanınması məsələsinə qayıdıb. Onlar bunu onunla əsaslandırmağa çalışırlar ki, guya, ratifikasiyanı Azərbaycanı məsuliyyətə cəlb etmək üçün (?) imkan kimi görürlər. Əslində isə qeyd etdiyimiz kimi, burada hayların məqsədi hərbi və siyasi-diplomatik cəbhədə üzləşdikləri uğursuzluğu ört-basdır etməkdir.

Beləliklə, aydın olur ki, bu, Ermənistan hökumətinin növbəti avantürasıdır. N.Paşinyan başda olmaqla, Ermənistan hökuməti onsuz da avantürist, macəraçı şəxslərdən təşkil olunub. Ümumiyyətlə, müstəqillik əldə etdikdən sonra Ermənistanın iqtidar sarıdan bəxti gətirməyib desək, yəqin ki, səhv etmərik. Bu ölkəyə gah talançılar, xalqın, dövlətin vəsaitlərini havaya sovuranlar, gah da Paşinyan kimi macəraçılar rəhbərlik edirlər. Halbuki, 2018-ci ilin mayında Paşinyan iqtidara gəldikdən sonra Ermənistan-Azərbaycan münasibətlərinin sülh yolu ilə nizamlanmasına ümidlər yaranmışdı. Həmin ilin mayında ordumuzun keçirdiyi uğurlu Günnüt əməliyyatı Paşinyana Azərbaycanın öz torpaqlarını işğaldan azad edə biləcəyinin siqnalı olmalı idi. Ancaq Paşinyan başqa yol tutdu. 2019-cu ilin avqustunda Xankəndi şəhərinə növbəti qanunsuz səfəri zamanı mərkəzi meydanda çıxışı zamanı bədnam “Qarabağ Ermənistandır və nöqtə” fikrini söylədi. Bu sözü həmin ilin sentyabrında Qarakilsə (ermənilər Vanadzor deyir-S.H.) şəhərində keçirdiyi mətbuat konfransında da təkrarladı. Bütün bunların nəticəsi göz önündədir: Paşinyanın macəraçılığı, təhriki ilə başlayan İkinci Qarabağ müharibəsi onun biabırçı məğlubiyyəti ilə yekunlaşdı.

***

Burada Ermənistan hökumətinin riyakarlığı da diqqətdən kənarda qalmamalıdır. Başqa sözlə desək, sənədi parlamentə göndərməkdə Paşinyanın digər məqsədi də var. Ehtimal etmək olar ki, Qərbin dəstəyi ilə hakimiyyət kürsüsünə yiyələnmiş Nikol Vovayeviç Azərbaycanın adını hallandırmaqla növbəti anti-Rusiya addımını pərdələyir. Yəni, Qərbpərəstlərdən təşkil olunmuş Ermənistan hökuməti Rusiyanın qəzəbinə tuş gələ biləcəyini təxmin etdiyi üçün bu məsələdə Azərbaycanın adını hallandırır.

Ancaq Rusiyada da Ermənistanda kimlərin hakimiyyətə yiyələndiyini, ümumiyyətlə hayların xislətini yaxşı bilirlər. Moskva Ermənistanın dəfələrlə anti-Rusiya addımları atdığını unutmayıb. Son vaxtlar Moskvadan İrəvanın ünvanına xoş olmayan sözlərin deyilməsi bundan xəbər verir. Elə bugünlərdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Laçın yolundakı vəziyyət Ermənistan baş nazirinin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasının nəticəsidir. Xanım Zaxarova mətbuat konfransında ona ünvanlanan suala cavab olaraq deyib: “Bu, Avropa İttifaqının təşəbbüsü ilə iki ölkə liderinin 2022-ci ilin oktyabrında və 2023-cü ilin mayında keçirilən sammitdə qeydə alınıb. Məsələ Rusiya Xarici İşlər Nazirliyinin iyulun 15-də Qarabağ ətrafında yaranmış vəziyyətlə bağlı bəyanatında açıq şəkildə qeyd olunub. Bu kontekstdə hesab edirəm ki, məsuliyyətin Rusiya sülhməramlı kontingentinin üzərinə qoyulması yersizdir, düzgün deyil və əsassızdır”. Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan isə M.Zaxarovaya uydurma ilə məşğul olmamağı və bununla da vəziyyəti daha da mürəkkəbləşdirməməyi tövsiyə etdi.

Hətta, bugünlərdə qatı ermənipərəst “Regnum” agentliyinin direktoru Modest Kolerov da Paşinyanın addımlarını tənqid edib. Qeyd edib ki, Ermənistanın mövqeyi nəticəsində nəinki rus sülhməramlıları bölgədə qalmayacaq, hətta Gümrüdəki 102 saylı Rusiya hərbi bazasının varlığı problemə çevriləcək. Eyni zamanda, o qeyd edib ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistanın sərhədlərini qoruması sual altına düşəcək. Onun sözlərindən belə çıxdı ki, Rusiya hərbçiləri ümumiyyətlə, Ermənistanı tərk edə bilər. Görünür, bu addımların baş tutması üçün Qərb İrəvandan Roma statutunu parlamentdə təsdiqləməyi tələb edir. Bununla da Rusiya dövlət başçısı Ermənistana gəlib-gedə bilməyəcək.

***

Qırx dörd günlük Vətən müharibəsindən ötən 3 ilə yaxın dövr ərzində baş verən istər hərbi toqquşmalar, istərsə də Ermənistanın müxtəlif beynəlxalq təşkilatlardakı təxribatçı addımları onun üçün yeni məğlubiyyət aktı demək olub. Hətta, Ermənistanın ən yaxın müttəfiqi, BMT Təhlükəsizlik Şurasının üzvü Fransanın belə ölkəmiz əleyhinə bütün təşəbbüsləri uğursuz olub. Bu baxımdan Roma statutunun ratifikasiyası ilə bağlı Ermənistan hökumətinin təşəbbüsünün də səmərəsiz olacağını güman etmək mümkündür.

Bundan əlavə, İrəvanın Roma statutunun ratifikasiyasını Azərbaycanın məsuliyyətə cəlb edilməsi ilə əlaqələndirməsi absurddur. Ona görə ki, ölkəmiz Roma statutunu imzalamayıb və bununla da Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmayıb. Yəni, bu hüquqi proseslərdə heç bir iştirakı yoxdur. Ümumiyyətlə, istər Ermənistanın, istərsə də hansısa üçüncü ölkənin Azərbaycanın iştirak etmədiyi, qoşulmadığı sənədlə bağlı onu ittiham etməyə çalışması mümkün deyil. Ölkəmiz yalnız soyqırımı, insanlıq əleyhinə, müharibə və işğal cinayəti haqqında hüquqi məsuliyyəti öz milli qanunvericiliyinə daxil edib və Roma statutunun müsbət təcrübəsindən yararlanır. Bu mənada Ermənistan hakimiyyəti Azərbaycanı “məsuliyyətə” cəlb etməklə bağlı nə qədər istəyirsə, yalan danışa bilər. Ancaq onun yalanlarına yalnız daxili auditoriyada müəyyən qrup insanların inanması mümkündür.

Səxavət HƏMİD

 

Ekspert rəyi

Rizvan HÜSEYNOV, siyasi şərhçi

– Ermənistan hökuməti Roma statutunu ratifikasiya etmək məsələsini mart ayından indiyədək uzadır. Həmin vaxtdan Paşinyan Qərbdən aldığı təlimat üzrə Rusiyadan qırılmaq cəhdlərini sistemli plana çevirdi. Demək olar ki, artıq ortada konkret plan var. Həmin dövrdə istər Paşinyanın, istərsə də onun hökumətinin yüksək vəzifəli şəxslərinin çıxışlarında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ümidləri doğrultmaması, ona etimadsızlıq göstərilməsi ilə bağlı fikirlər səsləndirilirdi. Ermənistanda Roma statutu ilə müzakirələr də məhz həmin dövrdə başlandı. Yəqin ki, Ermənistanın Rusiyadan tam qırılması anı yetişib. Görünür, İrəvan öz seçimini edib. Baş verənləri belə dəyərləndirmək olar.

Son günlərdə Paşinyanın və onun yaxın ətrafının çıxışlarından bəlli olur ki, Ermənistan anti-Rusiya addımında qətiyyətlidir. Nəticə etibarilə həm Rusiyanın, həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistanda rolu get-gedə azalacaq. Eyni zamanda, biz buna cavab olaraq Rusiya rəsmilərinin də İrəvanın ünvanına yönələn müxtəlif açıqlamalarının şahidiyik.




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Səxavət HƏMİD