USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Paşinyanın Qarabağı Azərbaycan kimi tanıması niyə Ermənistana xeyir imiş?

​​​​​​​Yaxud ermənipərəstliyin Aleksandrov sərsəmliyindəki “incəliklər”


https://img.baki-baku.az/news/2023/09/photo_7989.jpg

Azərbaycan və Ermənistan arasındakı hazırkı durum beynəlxalq ictimaiyyətin, o cümlədən, Rusiyanın siyasi dairələrinin diqqət mərkəzindədir. Əlbəttə, bu dairələrdən söz düşəndə, bir qayda olaraq, yadımıza ermənipərəstlər düşür. Hərçənd, ölkədə Bakı–İrəvan qarşıdurmasına münasibətdə ədalətli mövqe tutanların da mövcudluğunu yaddan çıxarmamalıyıq.

Ancaq səsi daha çox çıxan ikincilərdir. Yazımızda onlardan birinin son dərəcə hiyləgər motivli fikirlərini diqqətə çatdıracağıq. Belələrinin söylədiklərinə həm də ona görə fikir verməliyik ki, onların cəfəng ritorikası, sonradan Ermənistan dövləti üçün siyasi manevr vasitəsinə çevrilir. İrəvan məkrli planlar qurarkən, beyin qıcqırması keçirənlərdən mütləq nələrisə ya bütövlükdə, ya da qismən “əxz edir”.

***

Beləliklə, ermənipərəst mövqeyi ilə seçilən rusiyalı daha bir politoloqu tanıyın – Mixail Aleksandrov. M.Aleksandrov bildirib ki, Azərbaycan Ermənistadan güzəştlər qoparmaq üçün təzyiqləri gücləndirir. Onun düşüncəsinə görə, hazırda İrəvanın istəyi Qarabağ münaqişəsini Ermənistanla Azərbaycanın deyil, Azərbaycanın və Qarabağ ermənilərinin problemi kimi təqdim etməyə hesablanıb.

Əlbəttə, politoloqa, müəyyən mənada, haqq qazandırmaq mümkündür. Ancaq Ermənistanın ictimai rəyi, eləcə də siyasi istableşmenti məsələyə heç də tam şəkildə mövcud prizmadan yanaşmır. Xəstə erməni cəmiyyəti “Qarabağ varsa, Ermənistan var, Qarabağ yoxdursa, Ermənistan yoxdur” devizi ilə hərəkət edir və rəsmi İrəvan bu duruma reaksiyasız qala bilməz. Əslində, heç qalmır da.

Ermənistan Qarabağ ermənilərinin humanitar durumu adlı məsələni BMT Təhlükəsizlik Şurası müstəvisinə çıxarırsa, deməli, hər bir halda tərəfdir. Bakının bunu sübuta yetirmək üçün əlavə tədbirlərə ehtiyacı yoxdur. Yəni, politoloq Aleksandrovun dili ilə söyləsək, ölkəmizin sırf mövcud xüsusda İrəvana təzyiq ritorikasını işə salması istisnadır. Əlbəttə, ümumən Azərbaycan Ermənistana təzyiq göstərməlidir və göstərir də. 44 günlük müharibədən sonrakı proseslər İrəvanın xoşluqla yola gəlmədiyini, güc dilindən başqa nəyisə anlamadığını söyləməyə əsas yaradır...

Ancaq gəlin, bir anlıq düşünək ki, M.Aleksandrovun dedikləri doğrudur və  Bakı İrəvana sırf onun dediyi mövzu ilə əlaqədar təzyiq göstərir. Politoloqun sözlərinə görə, Azərbaycan Ermənistan ərazilərini atəşə tutur ki, ikinci özünün Qarabağ müstəvisindəki canfəşanlığından geri addım atsın. Birincisi, atəş açan və təxribat törədən biz deyilik, qarşı tərəfdir. Digər yandan, çox güman ki, Ermənistanın hakim siyasi dairələri elə Aleksandrov ağıldadırlar. Yəni, onlar şərti sərhəddə təxribat törətməklə, ölkəmizi əks addımlara məcbur etməklə, dünyaya göstərirlər ki, Azərbaycan təzyiq yolu tutur və bu təzyiq Qarabağa görədir. Əlbəttə, yalnız Qarabağa görə yox. Ümumən, erməni iqtidarının iddiası budur ki, Bakının güddüyü işğalçılıq niyyətidir.

M.Aleksandrov, həmçinin bu qənaətdədir ki, Azərbaycan, guya, diplomatik cəhətdən uduzur və dünya birliyi Bakını Qarabağı blokadaya aldığına görə günahkar sayır. Həm də ona görə günahkar sayır ki, Bakı, guya, bölgədə etnik təmizləmə və soyqırımı reallaşdırmaq istəyir. Əlbəttə, Azərbaycanın belə bir niyyəti yoxdur, məqsədi öz ərazisindəki separatçılıq yuvasını dağıtmaqdır.

***

M.Aleksandrovun söylədiklərində bir təzadlı məqam var. O bildirir ki, rəsmi Bakı ziddiyyətləri Azərbaycan-Ermənistan münaqişəsi formatına – əvvəlki axara qaytarmaq istəyir. Ancaq məsələnin qoyuluşu bu cür ola bilməz. Çünki Azərbaycan beynəlxalq ictimaiyyətin onu soyqırımı və etnik təmizləmə həyata keçirən ölkə kimi tanıması ehtimalını düşünür, düşünməməsi mümkünsüzdür. Ölkəmizi vandal obrazında göstərməyə çalışan isə Ermənistan iqtidarıdır. Deməli, sadə məntiq deyir ki, danışıqların axarını dəyişmək istəyən də İrəvandır, Bakı yox.

Eyni zamanda, onu da vurğulamalıyıq ki, hazırda Ermənistan, daha doğrusu, baş nazir Nikol Paşinyan administrasiyası, faktiki olaraq, M.Aleksandrovun dediklərini gerçəkləşdirməklə məşğuldur. “Məşğuliyyət” də danışıqlar prosesindən yayınmağı hədəfləyir. O prosesdən ki, onun ana xəttində Ermənistanın Azərbaycanın, Qarabağ da daxil olmaqla, ərazi bütövlüyünü tanıması dayanır. Sülh müqaviləsi də mövcud bazada imzalanmalıdır. İndi sırf Qarabağ müstəvisində qaldırılmış erməni şousu isə ona hesablanıb ki, Paşinyanın ölkəmizin suveren ərazilərini tanımasına dair fikirləri tamamilə gündəmdən düşsün. Nəticədə Bakı-İrəvan yekun razılaşması təxirə salınsın. Yəni, söhbət politoloq Aleksandrovun dediyi kimi, Azərbaycanın diplomatik müstəvidə uduzmasından yox, Ermənistanın əvvəl hərbi, sonra siyasi məğlubiyyətdən yaranmış reallığı dəyişdirmək yönümlü uğursuz cəhdindən gedir. 

***

Politoloq M.Aleksandrov erməni mediasına müsahibəsində keçmişə ekskurs etməyi də yaddan çıxarmır. O deyir ki, vaxtilə erməni diplomatiyasının axmaqlığı ucbatından Qarabağ danışıqlar prosesindən çıxarılıb. “O zamankı vasitəçi Vladimir Kazimirov sonradan yazmışdı ki, təcrübəsiz erməni diplomatiyası atəşkəs sazişini imzalamağa razılaşdı. Azərbaycan isə dərhal “Qarabağ xalqı”nın öz müqəddəratını təyinetmə hüququ kimi ortaya çıxan münaqişəni Ermənistan-Azərbaycan ərazi münaqişəsi qismində təqdim etdi. Bundan sonra hər şey sıradan çıxdı və beynəlxalq ictimaiyyət Bakını dəstəklədi”, – deyən Aleksandrovun fikrincə, 1994-cü ildə Ermənistan atəşkəs imzalamalı deyildi. Onun qənaətinə görə, indi isə demək lazım deyil ki, Qarabağ Azərbaycanın tərkib hissəsi deyil. Paşinyan bunu bildirsə, münaqişə yenidən Ermənistanla Azərbaycan arasında ərazi davası xarakteri alacaq və bu, Bakıya lazımdır.

Bəli, Aleksandrov belə fikirlərdir ki, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla diplomatik manevr edib. Bu zaman öz reputasiyasını zərbə altına qoysa da, düzgün mövqe tutub. Çünki onun yanaşması münaqişəni Azərbaycan və Qarabağ prizmasında saxlayır: “Paşinyan susur, amma reallıqda belə çıxır ki, Bakı Stepanakertlə danışıqlar aparmalı və statusu razılaşdırmalıdır”.

***

Göründüyü kimi, M.Aleksandrovun timsalında Rusiyanın ictimai-siyasi rəyi, eləcə də analitik mərkəzləri son dərəcə hiyləgər, məkirli siyasi texnologiyaya əl atıblar. Dəqiq desək, hiyləgər düşüncələrini işə salaraq, Ermənistana kömək göstərməyə çalışırlar. Əlbəttə, demək olmaz ki, İrəvanda onların ortaya atdıqlarını əvvəldən düşünməyiblər. Bir sıra ermənipərəst qüvvələrin Qarabağ ətrafında hay-küy qaldırdığı bir dövrdə rahat şəkildə Ermənistanın müxtəlif yerlərində dolaşması, əhali ilə görüşlər keçirməsi, deyib-gülməsi onu deməyə əsas verir ki, Paşinyan da təxminən Alekandrovun dediyi kimi davranır. Yəni, elə fon yaradır ki, guya, ölkəsi Qarabağ müstəvisindəki proseslərə qarışmır.

Ancaq Nikolun bu rolu axıradək oynaya bilməsi mümkünsüzdür. Çünki xəstə erməni cəmiyyəti vay-şivən qoparıb onu fəaliyyətsizlikdə ittiham edər və edir də. Mövcud situasiya rəsmi İrəvanı, hər bir halda, tərəfə çevirir. Daha dəqiq desək, onun özünü münaqişə tərəfi olmayan qismində göstərməsi tamamilə mümkünsüzdür. Elə isə keçək rusiyalı politoloqun düşüncəsinin mücərrəd guşəsində bəslədiyi digər məqama.

M.Aleksandrov bildirir ki, Azərbaycan Qarabağa qarşı güc tətbiq etsə, o zaman, birincisi, Rusiya sülhməramlıları ilə toqquşacaq, ikincisi, sülhməramlılar getsə belə, güc tətbiqi millətin öz müqəddəratını təyinetmə hüququnun boğulması kimi görünəcək. Belə olan halda, guya, Ermənistanın öz soydaşlarını qorumaq üçün münaqişəyə müdaxilə etmək hüququ yaranacaq. Politoloqun fikrincə, indi Paşinyan həm də buna görə Qarabağın Azərbaycan ərazisində yerləşməsi prinsipindən əl çəkməməlidir.

Göründüyü kimi, xəstə təfəkkürlü M.Aleksandrov necə deyərlər, nala-mıxa vurur. O deyir ki, Ermənistan qarışmamalıdır, həm də qarışmaq üçün “əsas” formalaşdırmalıdır. Belədə sual yaranır: Qarabağ Azərbaycan ərazisidirsə və bu, beynəlxalq birlik tərəfindən qəbul edilirsə, o zaman rəsmi Bakı öz ərazisindəki separatçılıq meyilini aradan qaldırmaq üçün niyə mübarizə aparmamalıdır? Kim deyə bilər ki, bu mübarizə ölkəmizin suveren hüququ deyil? Darmadağın olmuş Ermənistanmı, yoxsa Prezident Putinin dili ilə 44 günlük müharibəni Azərbaycanın haqlı mübarizəsi kimi gördüyünü dilə gətirən Rusiya?

***

Sonda onu da bildirək ki, ermənipərəstlər var gücləri ilə Azərbaycanı haqlı davasında haqsız çıxarmağa, ölkəmizin beynəlxalq nüfuzunu zədələməyə girişiblər. Bu istiqamətdə “can qoyanlardan” biri də manipulyativ, qərəzli və təzadlı fikirlərini diqqətə çatdırdığımız rusiyalı politoloq Mixail Aleksandrovdur. Heç şübhəsiz, Rusiyada aleksandrovlar çoxdur. Amma onların say çoxluğu heç bir əhəmiyyət daşımır.

Azərbaycan dövləti öz prinsipial xəttinə sadiqdir və heç bir halda mövqeyindən geri çəkilməyəcəkdir. Ermənistan isə aleksandrovların, conların, kolonnaların və digərlərinin avantürist baxışlarının doğurduğu illüziya girdabında boğulmağa məhkumdur. Nəzərə alaq ki, bu illüziya ölkəni, Ermənistanın qurama dövlətçiliyini tamamilə məhvə sürüklənmək təhlükəsi yaradır və ölkənin havadarlarının, “təəssübkeşlərinin” məqsədləri budursa, buyurub cəfəngiyyatlarını sıralasınlar.

Ə.CAHANGİROĞLU




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Əvəz RÜSTƏMOV