USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

​​​​​​​Ərizənizi verin, vətəndaşımız olun

​​​​​​​Hikmət Hacıyevin açıqlaması Qarabağ ermənilərinə şans yaradır


https://img.baki-baku.az/news/2023/09/photo_7985.jpg?v=MjAyMy0wOS0wNCAxMToxMDo0OQ==

Azərbaycanın Qarabağ iqtisadi rayonunun işğaldan azad olunmayan hissəsində başıpozuqluq və xaos hökm sürür. Qondarma “dqr”-ın qondarma başçısı istefa verib, onun “postuna” müvəqqəti olaraq bir başqa separatçı “təyin edilib”. Batmaqda olan gəmini xatırladan Xankəndidəki daşnak-xunta rejimi min bir oyundan çıxsa da, son aqibətlərini dəyişə bilməyəcək. Bakının onlara təklif etdiyi yeganə alternativ yol tərksilah olunmaq, “səlahiyyətlərini dondurmaq”, oyuncaq atributlarını zibil qutusuna atmaqdır. Bundan sonra orada qalanlar Azərbaycanın şərtlərini qəbul etməli, vətəndaşımız olmalı, bayrağımızın altından keçməlidirlər. Bu qədər sadə.

İndi Qarabağın erməni icmasının başında duranlar Bakı ilə dialoqdan və Ağdam–Xankəndi yolunu açmaqdan, humanitar yadımın qəbulundan imtina edirlər. Bu isə ona aparır ki, Azərbaycan Ordusunun suveren ərazimiz sayılan bölgədə qayda-qanun yaratmaqdan savayı seçimi qalmayacaq. Əgər İrəvan hakimiyyətinin azca  sağlam məntiqi və diplomatik intuisiyası qalıbsa, Xankəndidəki separatçılara Azərbaycanın şərtlərini qəbul etməyi məsləhət görməlidir. Lakin aşkar görünən odur ki, Hayastan hakimiyyəti son günlər şərti sərhəddə silahlı təxribatlara əl atmaqla bölgədə onsuz da gərgin olan vəziyyəti daha da qızışdırmaq yolunu tutub. Bəlkə İrəvanda belə güman edirlər ki, sərhəddə törətdikləri təxribatlarla Azərbaycanı Qarabağda öz qayda-qanununu yaratmaqdan yayındıra biləcəklər? Xeyr, bu “diplomatik arthazırlıqlar” daha işə yaramır, heç bir “erməni hiyləsi”nin də faydası olmayacaq. Müzəffər Azərbaycan Ordusunun gücü şərti sərhəddə mövcud üstünlüyümüzü bundan sonra da davam etdirməyə, eləcə də doğma Qarabağımızda daşnak separatizminin kökünü kəsməyə yetərlidir. Bu həqiqəti hazırda İrəvan və Xənkəndidə tikan üstündə oturanlar da yaxşı bilirlər.

* * *

Qarabağ erməniləri seçim etməlidirlər. Onlar ya Azərbaycan torpağnda yerli qanunlarla yaşamağı qəbul etməli, ya da ərazimizdən rədd olub getməlidirlər. İrəvan və onun kənar dəstəkçiləri bu prosesi “etnik təmizləmə” kimi qələmə verməyə çalışmaqla kökündən yanılırlar. Məgər həmin ermənipərəst Fransada və ya ABŞ-ın Kaliforniya ştatında kimsə yerindən qalxıb desə ki, “yaşadığım ölkənin qanunlarını tanımıram və onun pasportunu da daşımaq istəmirəm”, o adamı dərhal ölkədən deportasiya edərlər, ya yox? Əlbəttə, qeyd-şərtsiz edərlər. Elə eyni hüquqi prosedur Azərbaycanda da keçərlidir.

“Qarabağın erməni sakinləri Azərbaycan vətəndaşlığı üçün ərizə ilə müraciət etməlidirlər”. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “TRT World”ə müsahibəsində deyib. Onun sözlərinə görə, Qarabağın erməni sakinləri Azərbaycan vətəndaşı kimi qəbul olunmaq üçün müvafiq ərizə ilə müraciət etməlidirlər. Bu, həm də o deməkdir ki, onlar Azərbaycan vətəndaşlığını qəbul etməklə Bakının suverenliyini və qanunlarını da tanıyırlar.

Hüquqi baxımdan, Qarabağ bölgəsində doğulmuş ermənilər Azərbaycan vətəndaşlarıdır. İntəhası, Qarabağ bölgəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra İrəvan burada anneksiya siyasəti aparıb və regionun, erməni sakinlərinin, demək olar ki, hamısına qeyri-qanuni şəkildə öz pasportlarını paylayıb. İndi Xankəndidəki xunta rejimindən bezmiş sıravi ermənilərə unikal şans verilir. Evində oturub müraciət-ərizələrini doldurub internet üzərindən onlayn formada Bakıya göndərə bilərlər. Əminik ki, çox qısa müddətdən sonra belə müraciətlərin sayı yüzlərlə deyil, minlərlə olacaq. Və o zaman daşnak-separatçı qaragüruh dinc sakinlərə nəzarət etmək iqtidarında olmayacaq.   

Prezidentin köməkçisi onu da diqqətə çatdırıb ki, Azərbaycan Qarabağ ermənilərinin dil, mədəni, dini və bələdiyyə hüquqlarını təmin edəcək. H.Hacıyev vurğulayıb ki, Azərbaycan müxtəlif beynəlxalq konvensiyaların, o cümlədən Avropa Şurasının Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasının (FCNM) üzvüdür: “Belə konvensiyalar çərçivəsində biz Qarabağ bölgəsinin erməni sakinlərinin fərdi hüquqlarını təmin etməyə hazırıq”.

O, həmçinin İrəvanın başbilənlərinə, onların Fransa kimi dəstəkçilərinə xəbərdarlıq edərək bildirib ki, Azərbaycan Rusiya sülhməramlılarının yerləşdiyi Qarabağ iqtisadi rayonunun “boz sahə”yə çevrilməsinə heç vaxt imkan verməyəcək.

“Əsl həll yolu yerdədir. Azərbaycan irəli getmək, reinteqrasiya prosesini təmin etmək və yolları açmaq prinsipini rəhbər tutaraq Qarabağ ermənilərini sosial, siyasi və bir sıra digər məsələləri müzakirə və gündəliyi müəyyən etmək üçün birbaşa təmasda olmağa dəvət edib”, – Hikmət Hacıyev vurğulayıb.

* * *

ARAYIŞ: Erməni separatçıları 1991-ci il sentyabrın 2-də DQMV və Azərbaycan SSR-in Şaumyan (kənd) rayonu hüdudlarında qondarma “Dağlıq Qarabağ Respublikası” (“DQR”) elan ediblər. Dekabrın 10-da isə DQMV-da “referendum” keçirilib. Elə o vaxt aydın görünürdü ki, İrəvan SSRİ-nin dağılmaqda olmasını nəzərə alaraq, özünü münaqişə tərəfi kimi göstərməməklə beynəlxalq rəyi çaşdırmağa, separatçılıq fəaliyyətini xüsusi plan üzrə reallaşdırmağa çalışır. Buna cavab tədbiri kimi 1991-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Ali Soveti Dağlıq Qarabağın muxtariyyət statusunu ləğv etdi. Məhz bu tarixdən etibarən açıq şəkildə ərazi iddiaları səsləndirən Ermənistan Azərbaycana qarşı müharibə elan etmədən hərbi əməliyyatlara başladı. Bununla da, münaqişə özünün silahlı qarşıdurma mərhələsinə keçdi.

“Qırmızı imperiya” adı verilmiş SSRİ dönəmində DQMV-yə aid 4388 kvadrat kilometrlik ərazidən az qala iki dəfədən də çox Azərbaycan torpağını işğal edən Ermənistan 32 il bundan əvvəl Konstitutusiyasına “Dağlıq Qarabağ”ın Ermənistanın tərkib hissəsi olduğunu göstərən maddə daxil edib. Həmin maddə hələ də hayların “ali qanunu”nda durmaqdadır.     

Bəli, Qarabağ erməniləri ciblərində Ermənistan pasportu daşıyırlar. İndi onlara suveren ərazisində yaşadığı dövlətin vətəndaşı olmaq şansı verilir. Rəsmi Bakı baş verənlərin fərqindədir. Hələlik, “acından ölməkdə olan” Qarabağ sakinlərinə humanitar yardımını təklif edib. Seçim etmək öz əllərindədir. Amma unutmasınlar ki, onlar undan imtina etməklə Bakını “xüsusi humanitar əməliyyata” sövq edə bilərlər. Çünki Azərbaycan rəhbərliyi, xalqı və ordusu nə torpağımızda ikinci “erməni dövləti”nin yaradılmasına imkan vermək, nə də qəsdən və yersiz uzadılan bu münaqişəni gələcək nəsillərə saxlamaq fikrində deyil.

İmran BƏDİRXANLI

 

Ekspert rəyi

Tofiq ABBASOV, siyasi şərhçi:

Bu, bir qədər mürəkkəb məsələdir. Qarabağda yaşayan ermənilər üç kateqoriyaya bölünür. Onların bir qismi Azərbaycan vətəndaşlığını çoxdan qəbul etməyə hazırdır. Bir qismi bölgədən getməyə meyillidir. Digər qismi isə ümumiyyətlə, dünyaya çıxmağa hazırlaşır. Yəni, bu kəsim Qafqazdan uzaqlaşmaq istəyir. Əlbəttə, şəxsi işləridir, özləri bilər. Amma bu məsələdə çətinliklər, problemlər onunla bağlıdır ki, Qarabağ ermənilərinin xüsusilə kişi əhalisinin içində şovinist, xəstə, qaniçən cinayətkarlar da var. Belələri düşünür ki, əgər bu və ya digər formada özlərinə bəraət qazandıra bilsələr, hər şey qaydasına düşəcək. Fəqət sənədləşdirmə zamanı onların hamısı milli qanunvericiliyimizin süzgəcindən keçməlidir. Misal üçün, bu yaxınlarda Vaqif Xaçaturyanın saxlanılması nə ilə bağlı idi? Bu adam azərbaycanlılara qarşı soyqırımı aktlarında iştirak edib.

Orada vaqifəbənzərlərin sayı həddən artıq çoxdur. Həmin sakinlər hər yolla özlərinin cinayətkar keçmişini ört-basdır etməyə çalışacaqlar. Hətta, inkarçılıqla məşğul olacaqlar. Bütün bunlara baxmayaraq, Azərbaycan prinsipial mövqedən çıxış etməlidir. Bəli, prosedurlar hamıya bəllidir. Müraciət edin, işinizə baxılsın. Axı hər müraciət edənin əlimizdə dosyesi var. Adam kimdir, harada doğulub, müharibədə iştirak edibmi? Qarabağa qətiyyən aidiyyatı olmayan fırıldaqçılar da üzə çıxacaq. Orada daimi məskunlaşmaq, torpaq tutmaq istəyənlər var. Sonradan əllərinə silah alıb Azərbaycanın daxilində separatizmlə, sabitliyi pozmaqla məşğul olsunlar? Onların işləri diqqətlə yoxlanılmalıdır. O sakinlər ki, həqiqətən də Qarabağda doğulublar, təmizdirlər, dosyelərində şübhəli, cinayətkar əməlləri yoxdur, qətllərdə iştirak etməyiblər, əlbəttə ki, onlara müsbət cavab veriləcək.  

Yenə deyirəm, bu, kifayət qədər ağrılı prosesdir. Bizim hüquq-mühafizə, təhlükəsizlik orqanlarımız bu işlərdə yetərincə təcrübəyə malikdirlər. Bu səbəbdən heç bir təsadüf ola bilməz. Ən əsası isə Xankəndidə, Xocalıda, Ağdərədə, Malıbəylidə, Daşaltıda doğulmuş Azərbaycan vətəndaşları doğma yurdlarına, əzəli torpaqlarımıza qayıtsınlar. Onlar hələ də məcbur köçkün kimi yaşayırlar. Yəni soydaşlarımızın da pozulmuş hüquqları bərpa edilməlidir.     

              




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

İmran BƏDİRXANLI