USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

​​​​​​​Sağ əllə sol qulağı qaşımaq

 yaxud illüziyadan yeni müharibə təhlükəsinə doğru


https://img.baki-baku.az/news/2023/09/photo_7977.jpg

Sağ olsun, ABŞ Dövlət Departamenti, vaxtaşırı Azərbaycan-Ermənistan münasibətləri, Qarabağ məsələsi ilə bağlı mövqeyini açıqlayır. Göstərmək istəyir ki, Vaşinqton Cənubi Qafqazı unutmur, bölgə onun gündəmindən düşmür, lap elə sülh prosesində maraqlıdır və sair və ilaxır.

Ancaq nəyə görəsə ölkənin ali qurumunun yaydığı bəyanatlar, açıqlamalar həmişə Ermənistan rəhbərliyi, onun xaricdəki havadarları, erməni lobbi və diaspor təşkilatları üçün illüziya yaradır. Onlar ABŞ rəsmilərinin fikir və düşüncələrini çox asanlıqla Bakıya qarşı beynəlxalq miqyasda qaldırdıqları antipatiya ssenarisinin predmetinə çevirirlər. Hələ işləri tərs düşəndə Vaşinqtonu günahlandırırlar da. Təxminən belə: deyirsiniz, eləmirsiniz. “Birləşmiş Ştatlar nə etməlidir?” sualına isə cavab tapılmır. Yəqin, o rəsmilər ürəklərində bunu da deyirlər: əl çəkin, daha nə edək?

***

Əlbəttə, biz ABŞ-a nəyi etməli olduğunun yolunu göstərmək istəmirik. Yazımızda öz baxışlarımızın doğruluğuna inanıb, daha çox Ağ ev Administrasiyasının, əslində, nələri etməməli olduğuna aydınlıq gətirəcəyik. Fikrimizi əsaslandırmaq üçün, belə demək mümkünsə, seçdiyimiz obyekt isə Birləşmiş Ştatların Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerdir. Daha doğrusu, cənab Millerin fikirləri.

Ona da ayrıca təşəkkür düşür. Həmişə brifinqlərində, açıqlamalarında ölkəsinin maraqlı olduğu Cənubi Qafqaz regionundan söz açır. Dünən də mövzuya nəzər salıb və deyib ki, “Bakı və Stepanakert nümayəndələri dərhal görüşməli və Dağlıq Qarabağ sakinlərinə humanitar yardımın çatdırılması ilə bağlı razılığa gəlməlidirlər”.

İndi deyə bilmərik ki, cənab Miller “Stepanakert” və “Dağlıq Qarabağ” kimi ifadələri dilə (yazıya – red.) gətirib, yoxsa erməni və Rusiya mediası onun fikirləri üzərində özünün kiflənmiş ritorikasını işə salır. Hər bir halda yalnız Miller yox, elə digər ABŞ rəsmiləri işlətdikləri deyimlərin necə işıqlandırıldığına diqqət yetirməlidirlər. Əlbəttə, haqqında söz açdığımız ifadələri işlədiblərsə, zəhmət çəkib özlərinin siyasi leksikonlarında düzəliş aparmalıdırlar. Çünki bu ifadələr erməni avantürizmində illüziya doğurur. Yəni nə qədər ki, “Xankəndi” yox, “Stepanakert”, “Qarabağ” yox, “Dağlıq Qarabağ” səsləndirəcəklər, deməli, uğrunda çox çalışdıqları, yaxud çalışma görüntüsü yaratdıqları sülh olmayacaq.

 

***

İkincisi, “Bakı və Xankəndi nümayəndələrinin görüşü” formulu da özlüyündə illüziya predmetidir. Azərbaycan siyasi dilində məsələ “ölkəmizin təmsilçilərinin Qarabağın erməni icmasının nümayəndələri ilə görüşü” şəklində qoyulur. Yəni, heç bir halda Xankəndini, başqa sözlə desək, Stepanakerti Bakı ilə eyni səviyyədə təsəvvürə gətirirmiş kimi balans yaratmaq olmaz. Bu, həddindən artıq zərərlidir. Çünki Qarabağdakı separatçı rejim özünü tərəf kimi görməyə başlayır və müvafiq olaraq hərəkətləri həmin yarıtmaz baxışa uyğun qurulur.

Bəli, M.Miller Cənubi Qafqazdakı mövcud durumdan narahat olmaqda haqlıdır. Biz soruşmuruq ki, Birləşmiş Ştatlar gərgin vəziyyətin aradan qaldırılması üçün nə etməlidir? Öyrətmək fikrimiz yoxdur. Ancaq deməliyik ki, ABŞ Administrasiyası açıqlamalarında sentimentallıq notlarını bir kənara atmalıdır. Axı, həmin notlar sonradan erməni siyasi illüziyaçılarının manipulyasiya vasitəsinə çevrilir. Nəticə etibarilə onlar reallıqlardan boyun qaçırmağa hesablanmış, bir növ, dayaq nöqtəsi tapırlar.

Məsələn, cənab Miller vurğulayır ki, “Biz Qarabağda layiqli həyat səviyyəsini təmin etmək məqsədilə zəruri ərzaq, dərman və digər malların tədarükünün davamlı olaraq dayandırılmasından yaranan humanitar vəziyyətin pisləşməsindən narahatıq”. Bu sayaq ifadə tərzinin seçilməsi beynəlxalq ictimai rəydə məsələnin mahiyyətini, ədaləti arxa plana keçirir. Əlbəttə, insan amili əsasdır. Ancaq bu amili dərindən, hərtərəfli düşünməyə ehtiyac var. Millerin, ya qeyrisinin növbətçi bəyanatları düşüncəyə imkan tanımır. Sözçünün çıxışını oxuyan sıravi amerikalı, elə sıradan bir avropalı elə sanacaq ki, Qarabağda insanlar aclıq çəkir. Heç kəs düşünməyəcək ki, bölgədə hazırda humanitar böhran kimi ətraf aləmə “yedizdirilən” şounun təşəbbüskarı Ermənistanın avantürist rəhbərliyidir. Bunu Vaşinqtonda anlayan yoxdur?..

ABŞ Dövlət Departamentinin sözçüsü onu da bildirir ki, “Laçın dəhlizinin təcili şəkildə humanitar, kommersiya və sərnişin daşınması üçün açılması çağırışımızı təkrar edirik. Bundan əlavə, Bakı rəsmiləri və Stepanakert nümayəndələri (yaxşı ki, rəsmi Stepanakert demədi – red.) dərhal görüşərək, Dağlıq Qarabağın kişi, qadın və uşaqlarına həyati əhəmiyyətli ləvazimatların çatdırılması yollarını, o cümlədən əlavə təchizat marşrutlarını razılaşdırmalıdırlar və bütün həll edilməmiş məsələlərin müzakirəsini bərpa etməlidirlər”.

Bax, bu iqtibasda cənab Miller axır ki, mətləbə gəlir. “Əlavə təchizat marşrutları” ifadəsini nəzərdə tuturuq. Məsələnin məğzi, Birləşmiş Ştatların gerçək mövqeyi elə budur. Yəni, Ermənistan Laçın yolunun humanitar daşımalar üçün açılmasını istəyirsə, Azərbaycan da Ağdam-Xankəndi yolunun eyni məqsədlər naminə fəaliyyət göstərməsini arzulayır. Bakı ikinci variant reallaşacağı təqdirdə, birinciyə razıdır. İrəvan və onun dəstəklədiyi separatçı rejim isə yalnız birincinin üzərində dayanır, ikincini ümumiyyətlə yaxına buraxmır.

Bəli, cənab Miller doğru buyurur ki, humanitar yardım heç vaxt siyasi fikir ayrılıqlarının girovu olmamalıdır. Ancaq bunu bildirən Vaşinqton təmsilçisi, başqa sözlə desək, sağ əli ilə sol qulağını qaşımamalıdır. Birbaşa mövqe bildirməlidir. Ən əsası isə ortaya qoyduğu baxış beynəlxalq hüquqa əsaslanmalıdır. O hüquqa ki, Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Bu tanınmada “Laçın dəhlizi” ifadəsinin hansısa müstəsna statusu yoxdur.

Hələ məsələnin daha sərt qoyuluşu da var – Ermənistan nəyə görə Azərbaycan ərazisinə humanitar yardım göndərməlidir? Hansı əsasla? Ona görə ki, Qarabağda ermənilər yaşayırlar? Bəlkə, Ermənistan hakimiyyətinin dünya tərəfindən qəbul edilən fövqəladə xeyriyyəçilik missiyası var? Bəlkə Ermənistan dövlətinin dünyanın bütün nöqtələrindəki erməniləri qəyyumluğa götürməsinə dair beynəlxalq aləmin razılaşdığı müstəsna durum mövcuddur, bizim xəbərimiz yoxdur? Belə bir presedent nə zamansa görünübmü?

Tutalım, indiyədək Ermənistan Krasnodar və Lion ermənilərinə humanitar yardım göndəribmi? Argentinada da, Millerin vətəni ABŞ-da da hayların kompakt yaşadıqları ərazilərə rast gəlinir. İrəvanda oradakıları yada salan olubmu? Məsəl var, keçəl dərman bilsə, öz başına sürtər. Acından günorta duran Ermənistan da özünə çarə tapmalıdır.

Digər yandan, illərdir lobbi və diasporun vəsaitini gəmirən erməni dövləti deyilmi? Bəs, illərdir Qarabağdakı erməniləri ac-yalavac yaşamağa məhkum duruma salan kimdir? Nəhayət, Ermənistan əhalisinin özünə yardım edən lazımdır. Hələ durub Qarabağ ermənilərini yedizdirmək “oyun”una girişib. Necə olur ki, baş nazir Nikol Paşinyan hökumətin iclasında çıxış edəndə, Qarabağa ayrılan vəsaitin azaldılmasının tərəfdarı olduğunu deyir, sonra da humanitar yardım karvanı sıralayır?

Bu sayaq məsələlərdən yetərincə söz açmaq mümkündür. Əsas olan Miller və onun kimilərinin, eləcə də, bütövlükdə, ABŞ rəsmilərinin, ümumən isə Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi üzrə vasitəçilik missiyasını üzərinə götürmüş bütün tərəflərin sadaladığımız məqamları nəzərə almasıdır. Nəzərə alması və reallıqları olduğu kimi adlandırması. Belə olmadıqca, nöbbətçi bəyanatlar sıralandıqca Cənubi Qafqazda sülhün təminatına dair fikirlər sabun köpüyündən o yana keçməyəcək. Əksinə, qeyri-səmimi yanaşma erməni avantürizminin illüziya bataqlığını bir qədər də dərinləşdirəcək. Bu dərinləşmənin “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı ilə doğurduğu müharibə reallığını bütün dünya yaxşı görüb. Yenə də müharibə görmək istəyirlərsə, millerlər danışsınlar, ortalıqdan çıxmasınlar.

 

Ə.CAHANGİROĞLU




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Əvəz RÜSTƏMOV