USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Fransa Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir

Ərazimizə daxil olmaq üçün, ilk növbədə, müvafiq icazə alınmalıdır


https://img.baki-baku.az/news/2023/09/photo_7976.png

Görkəmli şairimiz Mirzə Ələkbər Sabir bir zamanlar yazırdı ki, çalxalandıqca, bulandıqca zaman nehrə kimi, yağı yağ üstə çıxır, ayranı ayranlıq olur. Yazımızı Sabirin “Fisincan” şeirindən bir beyt gətirməklə başlamağımız təsadüfi deyil. Məsələ ondadır ki, vaxt ötdükcə Fransanın “humanitar məqsədlər üçün” Qarabağa aparmaq istədiyi “yardım karvanı” ilə bağlı əsl həqiqətlər də gün işığına çıxır.

Məlum olur ki, yükləri sərhədimizə doğru gətirən TIR-lar heç də Parisdən, yaxud Fransanın hansısa regionunun və departamentinin mərkəzindən yola salınmayıb. Çox böyük ehtimalla həmin yüklər maşınlara elə Ermənistanda doldurulub. Ümumiyyətlə, yük maşınlarının dolu olub-olmadığı məlum deyil.

Burada bir haşiyə çıxmaq istərdik. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin avqustun 29-da Qarabağda yaşayan ermənilər üçün göndərdiyi 40 ton undan ibarət humanitar yardım aparan iki TIR-ın qapıları açılaraq yüklər mediaya nümayiş etdirildi. Üstəlik, onların keyfiyyət sertifikatı Ağdam-Xankəndi yolunun girişindəki Əsgəran postunda Rusiya sülhməramlılarına təqdim edildi. Fransanın aparmaq istədiyi “humanitar yardım”la bağlı isə bu sözləri demək mümkün deyil. Ermənilər haray-həşir salmağa adətkərdə olublar. Bu məntiqlə yanaşdıqda onlar yük maşınlarının qapılarını taybatay açmalı, orada olanları nümayiş etdirməli idilər. Azərbaycanı hər məqamda qaralamağa çalışan haylar üçün bu fürsət lap göydəndüşmə idi. Ancaq onların bunu etməməsi yük maşınlarının boş olmasının daha bir sübutudur.

Digər tərəfdən, ötən sayımızda qeyd etdiyimiz kimi, Fransa rəsmiləri karvanın indiki şərtlər daxilində Qarabağa daxil olmasının qeyri-mümkün olduğunu çox yaxşı bilirdilər. Ən azı ortada Ermənistanın baş tutmamış təxribatı var. Belə ki, iyulun 26-da İrəvan da oxşar təxribata əl atmışdı. İyulun 25-də Moskvada Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən görüşdən bir gün sonra baş nazir Nikol Paşinyan hökumətin iclasında Qarabağa “humanitar yardım karvanı” göndərəcəklərini bildirmişdi. Bunun ardınca təxribatçı addım atılmış, karvan Qarabağ istiqamətində yola düşmüşdü. Ancaq Azərbaycan tərəfi qonşu dövlətin ölkəmizlə razılaşdırmadan atdığı bu təxribatçı addımın qarşısını almışdı. Qarabağa nə apardığı, ümumiyyətlə boş və ya dolu olduğu bilinməyən “Spayka” şirkətinə məxsus TIR-lar indiyədək Laçın yolunun girişində gözləməkdədirlər. İndi isə onların sırasına üzərinə fransızca yazılar yazılmış yük maşınları qoşulub.

Əgər fransızlar Qarabağdakı erməni əhaliyə yardım çatdırmaqda həqiqətən səmimi olsaydılar, bu məsələdə hay “bacı”larından ibrət götürərdilər.

Burada gündəmə gələn məsələlərdən biri də Fransanın Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri üzərində suverenliyini tanıyıb-tanımaması ilə bağlıdır. Rəsmi Paris Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Əgər tanıyırsa, gərək əvvəlcə sürücülər və yükləri müşayiət edən şəxslər üçün viza alardı. Fransa ilə Azərbaycan arasında viza rejimi mövcuddur. Viza olmadan Azərbaycan ərazilərinə necə daxil olacaqlar? Hətta sürücülər və onları müşayiət edən şəxslər Ağdam-Xankəndi yolundan keçəsi olsalar belə viza lazımdır. Azərbaycan ərazisinə istədikləri qaydada daxil olub çıxa biləcəklərini güman edən fransız rəsmiləri Fransa ərazisinə viza almadan daxil olmağı təsəvvür edə bilərlərmi? Görəsən, bu insanlar bizi nə hesab edirlər?

İşğal dövründə Qarabağ tamamilə nəzarətdən kənar ərazi idi. Kim istəyirdi keçmiş Laçın dəhlizi vasitəsilə Qarabağa daxil olur, kim istəyirdi çıxırdı. Ermənilər dünyanın hər yerindəki dostlarını, lobbiçilərini Qarabağda qonaq edirdilər. Onlar da cənnət Qarabağda gəzib-dolaşır, yeyib-içir, foto-video çəkdirib bizə acıq verirdilər. Qarabağ daha nəzarətsiz ərazi deyil. Köhnə əyyamlar arxada qaldı. Zənnimizcə, bu yerdə Prezident İlham Əliyevin iyunun 23-də Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim etdikdən sonrakı çıxışından iqtibas gətirmək yerinə düşər: “Ancaq bununla bərabər, biz erməni vəhşiliklərini heç vaxt unutmamalıyıq. İşğal dövründə bizim şəhərlərimiz yerlə-yeksan edilmişdir. Tarixi abidələrimiz dağıdılmışdır. Bizim müqəddəs ocaqlarımız təhqir edilmiş və dağıdılmışdır. Bunu edən bizim mənfur qonşularımız idi. Buna göz yuman beynəlxalq aləm, beynəlxalq ictimaiyyət və indi hər gün Ermənistana baş çəkən rüşvətxor Avropa məmurları və deputatlarıdır. Onları bu ədalətsizliyə vadar edən nədir? İkili standartlar və rüşvət! Bunun başqa izahatı ola bilməz. Gedirlər, bizim sərhədimizə yaxın yerlərdə şəkillər çəkdirirlər, bizə hansısa mesajlar ünvanlayırlar. Hünərləri varsa gəlsin yaxınlaşsın bizim sərhədimizə. O vaxtlar artıq tarixdə qaldı. Yenə də onların ayağını biz qırdıq. Çünki İkinci Qarabağ müharibəsindən sonra biz bunu unutmamışıq. Bəzi Avropa ölkələrinin rəsmi nümayəndələri bizim ərazimizə, Xankəndiyə icazəsiz soxulmuşdular. Mən o vaxt demişdim ki, əgər bizim bundan xəbərimiz olsaydı, onları buraxmayacaqdıq. Bu gün də deyirəm, hünəriniz varsa gəlin, görək sonra axırınız nə olacaq?”

Bəli, Qarabağ beynəlxalq hüquqla da, tarixən də Azərbaycanın ərazisidir. Dünyanın bütün ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Hətta baş nazir seçildikdən az sonra Xankəndiyə gəlib, mərkəzi meydanda çıxış edib “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistanın baş naziri Nikol Paşinyan mayın 23-də Azərbaycanın Qarabağa daxil olmaqla ərazi bütövlüyünü tanıdığını bəyan edib. Bu baxımdan fransızlar da ölkəmizin ərazi bütövlüyünə hörmətlə yanaşmağı öyrənməlidirlər. Azərbaycan ərazisinə daxil olmaq üçün ilk növbədə rəsmi Bakıdan icazə alınmalıdır. Ancaq icazənin alınması belə Qarabağa hansısa ölkədən yüklərin gətiriləcəyi anlamına gəlmir. Azərbaycan 1990-cı illərin əvvəllərindəki xarici humanitar yardımlardan asılı ölkə deyil. Bu gün Azərbaycan güclü, qüdrətli dövlətdir. Ölkəmizin iqtisadi gücü Qarabağın erməni sakinlərinin ehtiyaclarını qarşılamağa imkan verir. İndi Azərbaycan dövlətinin olduğu yerdə hansısa ölkələrdən Qarabağa yardım gətirilməsinə ehtiyac duyulmur. Bunu ara qarışdıqmaqla məşğul olan fransızların sırğa edib qulaqlarından asmaları lazımdır.

Səxavət HƏMİD

 

Ekspert rəyləri

Sahib MƏMMƏDOV, QHT sədri:

– Humanitar missiyanın arxasında siyasət dayanırsa, bu, artıq humanizmdən çıxır və siyasət olur. Fransanın məqsədi, doğrudan da, Qarabağda “aclıqdan əziyyət çəkən” erməni əhaliyə yardım aparmaq idisə, o zaman TIR-ların üzərində Azərbaycan dövlətinin ərazi bütövlüyü əleyhinə yazılar yazılmalı deyildi. İkincisi Fransa hakmiyyəti humanitar yük adlandırdıqları yükləri Azərbaycan ərazisinə keçirmək üçün əvvəlcədən razılaşma əldə etməli, sənəd rəsmiləşdirmələri (viza, beynəlxalq yükdaşımalara uyğun sığorta sənədləri, ərzaq və istehlak mallarının keyfiyyət sertifikatı və sair) aparmalı idi. Fransa yüklərin Azərbaycanın müvafiq qurumlarının müəyyən etdiyi marşrutla daşınmasına razılaşmalı idi. Ancaq Parisin məqsədi tamamilə başqadır. Elə ediblər ki, özünə hörmət edən dövlət bu yükləri suveren ərazisinə buraxmasın. Onların “humanitar yardım” təxribatına ən yaxşı cavab isə bizim Ağdam-Xankəndi yolu ilə yardım göndərməyimiz oldu.

Muxtar Mustafayev, Vəkillər Kollegiyasının üzvü:

– Həmin yüklərin daşındığı videolara mən də baxmışam. Yük maşınlarının üzərinə riyakarcasına “humanitar vəziyyətin pis olması” səbəbindən “Artsax”a aparıldığı yazılıb. Fransızların və ermənilərin məqsədi bəllidir. Onlar Azərbaycanın, guya, humanitar yükləri Qarabağa buraxmadığı, bölgənin erməni əhalisini “acından qırdığı” kimi beynəlxalq ictimaiyyətdə saxta rəy yaratmaq istəyirlər. Eyni zamanda, bundan sonrakı addımları üçün yararlanmaq niyyətindədirlər. Məlumat var ki, Fransa BMT Təhlükəsizlik Şurasında Azərbaycanla bağlı qərəzli qətnamənin qəbuluna hazırlaşır. Yüklərin Laçın yolunun girəcəyində qalmasından BMT TŞ-dəki müzakirələr zamanı əllərini gücləndirmək üçün istifadə niyyəti güdürlər. Bütün bunlar aydındır.

Ancaq buna qarşı bizim də ata biləcəyimiz addımlar var. Ola bilsin ki, bu maşınlarda heç bir yük yoxdur. Sadəcə olaraq, onlar görüntü yaratmaq üçün Azərbaycan sərhədinə gətirilib. Ancaq əgər TIR-lar dolu olmuş olsa belə, əvvəla, yüklərin haradan gəldiyi araşdırılmalıdır. Aydındır ki, onlar hava yolu ilə yox, hansısa ölkələrin ərazisindən keçməklə gəlib. Beynəlxalq yükdaşımanın bütün dövlətlər tərəfindən qəbul olunmuş şərtləri var. Yüklərin gömrük-yük bəyannamələri, yük-müşayiət sənədləri olmalıdır. Yüklər ərazisində olduqları ölkələrin gömrük orqanlarının nəzarətindən keçməlidir. Bu məsələ ciddi araşdırılmalıdır. Dərhal müvafiq qurumlar tərəfindən sorğular göndərilməli və məlumat tələb edilməldir. Media subyektlərində yayılan videolara baxdıqda yük maşınlarının bəzilərinin seriya nömrələrini görmək olar. Ölkələrə sorğu verilməlidir ki, bu yük maşınları sizin sərhədinizi nə vaxt keçib və yük-müşayiət sənədlərində son məntəqə hara nəzərdə tutulmuşdu? Onlara bildirilməlidir ki, Ermənistandan keçməklə Azərbaycan ərazisinə yüklərin daşınması qadağandır. Fransanın bu hərəkəti ölkəmizə qarşı törədilmiş böyük bir diversiyadır. Biz bunun qarşısını sərt şəkildə almalıyıq.




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Səxavət HƏMİD