USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycanda separatçılığın izi-tozu da qalmamalıdır!

Bakı siyasi avantürizmin “kosmetik təmir” işləri ilə qane olmayacaq


https://img.baki-baku.az/news/2023/09/photo_7975.jpg?v=MjAyMy0wOS0wMiAxODoyNDowNA==

Arayik Arutyunyanın öz istefa qərarından əvvəl Samvel Şahramanyanı Qarabağdakı separatçı rejimdə oyuncaq “dövlət naziri” postuna təyin etməsi, Ermənistanın ictimai mühitində diskussiya doğurub. Erməni başbilənlər elə fon yaradırlar ki, sanki Arayikin istefası güzəştdir və Azərbaycan danışıqlar müstəvisində bunu nəzərə almalıdır. Mövcud xüsusda S.Şahramanyan amili üzərinə gəlinir. Bildirilir ki, o, ölkəmizin nümayəndələri ilə bu ilin martında Rusiya sülhməramlılarının Xocalıda yerləşən qərargahında keçirilmiş görüşdə iştirak edib. Azərbaycan rəhbərliyinə ünvanlanmış təxminən belə bir fikir də irəli sürülür: sizin üçün danışıq aparmağa münasib erməni lazım idisə, onu ortaya çıxardıq. Ruben Vardanyandan zəhləniz gedir, A.Arutyunyana nifrət edirsiniz, Şahramanyan gözünüzdə mənfi reputasiyalı biri deyil. Deməli, aydın olur ki, kompromisə getmək dedikdə bunu nəzərdə tuturlarmış. Bəs başqa məqamlar? Yazımızda onlardan da danışacaq və Ermənistan ictimai rəyindəki fikirlərə əsasən separatçıbaşının istefasının əsl səbəblərinə diqqət yetirməyə çalışacağıq.

* * *

Erməni siyasi isteblişmentinin, o cümlədən, hakim dairələrinin güzəşt ritorikasına əsaslanaraq vurğuladıqları daha bir məqam separatçı rejimdə təmsil olunanların hamısının istefasıdır. Yeri gəlmişkən, bunun anonsunu A.Arutyunyanın özü vermişdi. Belədə sual yaranır: yeni “dövlət naziri” Şahramanyan kimdir? Hər halda sıravi erməni deyil. 1978-ci il təvəllüdlü Samvel karyerası bütünlüklə Qarabağdakı separatçı rejimlə bağlı təhlükəsizlik xidməti generalıdır. “Dövlət naziri” postunadək isə xuntada “təhlükəsizlik şurasının katibi” vəzifəsini tuturdu. Yəni, loru dildə desək, Samvel, Qurgen, Ruben, Arayik bir bezin qırağıdır. Deməli, heç bir halda Ermənistanda kimsə Arutyunyanın gedişi ilə Qarabağ separatçıları daxilindəki yarpaq tökümünü konstruktivlik kimi qiymətləndirməməlidir. Nəhayət, ümumən, Bakının düzgün, səmimi mövqe tutacağına ümid bəslədiyi İrəvandır, nə “rəsmi Xankəndi” kimi təqdim olunan cinayətkar dəstədir, nə də oyuncaq “dövlət naziri” postunun yeni sahibi S.Şahramanyan.

* * *

Azərbaycan dövləti Qarabağ ermənilərinin reinteqrasiya təşəbbüsünü irəli sürüb. Bu təşəbbüs, eyni zamanda, dünyada erməni təəssübü çəkənlərə, hay-küy qoparanlara bir mesajdır. Digər tərəfdən, bu, bir xoş niyyət göstəricisi, məqsədyönlü fundamental yanaşmadır. Çünki ölkəmiz istəyir ki, Qarabağ erməniləri bölgədə yaşasınlar. Onların əcdadları ora köçmədilər, gəlmədilər, bu, başqa söhbətin mövzusudur. Tarixdə olan tarixdə qalır. Bu günlə yaşamaq lazımdır.

Biz həmişə tarixə ona görə müraciət etmişik ki, kimlərsə təhrifçilik yolu tutub ondan avantürist niyyətlər gerçəkləşdirmək naminə faydalanmağa çalışır. Belələrinə bildirməliyik və bildiririk ki, ermənilər Qafqaza 1828-ci ildən sonra – Rusiya-İran müharibəsinin yekunlarına əsasən köçürüldülər. Məqsəd Azərbaycanla Osmanlı, yəni türk xalqları arasında xristian bufer zonası yaratmaq idi.

1918-ci ildə Ermənistan dövləti yarandı. O dövlət ki, əbədi və əzəli Azərbaycan torpaqları hesabına formalaşdı. Lakin erməni avantürizmi bununla kifayətlənmədi. Qarabağa da əl qoymağa çalışdı və qismən də buna nail oldu. 1923-cü ildə Azərbaycan SSR-in tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yarandı. Bütün hekayə budur. Ancaq bu hekayə heç cür əsas verə bilməzdi ki, Qarabağ ayrıca erməni dövləti kimi təqdim olunsun. İndi Ermənilər bu “təqdimatdan” kənar şəkildə bölgədə yaşamaq istəyirlərsə, anlamalıdırlar ki, DQMV Azərbaycan yurisdiksiyası əsasında yarandığı kimi, onun ləğvi də ölkəmiz tərəfindən həyata keçirildi və bu gün Dağlıq Qarabağ yox, Qarabağ iqtisadi rayonu var. Buyurub o rayonun daxilində yaşaya bilərlər.

Qarabağda yaşayacaq erməni heç bir halda özünü yüksək tutmamalıdır. Hesab etməməlidir ki, o, Azərbaycanın digər yerlərində yaşayan etniklərdən nə iləsə üstündür. Onun üstünlüyü Azərbaycan vətəndaşı kimi malik olduğu hüquqlarıdır. O hüquqlar ki, ölkəmizin pasportunu daşıyan hər bir fərdə aiddir. Azərbaycan dövləti reinteqrasiya dedikdə erməniləri həmin fərdlərdən biri kimi görmək niyyətini ortaya qoyur.

* * *

Başqa bir yandan, Azərbaycanın reinteqrasiya təşəbbüsü, əslində müvəqqəti xarakter daşıyır. İzah edək nə üçün? Uzun müddət Qarabağ erməniləri mərkəzi idarəçilikdən ayrı düşüblər. İşğal yaşanıb və onlar istər-istəməz avantürizmin əsirinə çevriliblər. Ayrı-ayrı qatı cinayətkarlar, müharibə caniləri bir yana, ölkəmiz toplumsal anlamda bu şəxslərin müqəssir olduqları mübahisəsinə girişmək istəmir, böyüklük, humanizm göstərir. Qarabağın erməni icmasının təmsilçiləri ilə görüş təşəbbüsü də humanizmin göstəricisidir. Yeri gəlmişkən, Qarabağda rus icması deyilən bir qurum da var. Bu icma, əslində, ölkəmizin böyük rus icmasının tərkib hissəsidir. Yəni, inteqrasiya təşəbbüsü onun təmsilçiləri üçün də keçərlidir.

Bəli, ölkəmizin məqsədi ötən müddətdə qırılmış bağı bərpa etmək, insanların tələbat və ehtiyaclarını öyrənmək, onlardan Qarabağın dirçəldilməsi üçün təkliflər almaq, həmin təklifləri dəyərləndirməkdir. Qarabağ Azərbaycandır və Azərbaycanda yaşayan hər bir şəxs öz məsuliyyətini anlayaraq, dərk edərək fəaliyyət göstərməlidir. Dövlət isə bu fəaliyyəti stimullaşdırmalıdır, daha asan variantlar axtarıb tapmalıdır ki, inkişaf getsin.

Yəni, reinteqrasiya yalnız insanlara bağlı olan fiziki yox, həm də mütəhərrik iqtisadi prosesdir. O proses onsuz da gedəcək və gedir də. Bu gün işğaldan azad olunmuş bölgələrimiz böyük tikinti meydançalarını xatırladır. Ölkəmizdə Qarabağ Dirçəliş Fondu adlı qurum yaranıb. Bütün idarə, müəssisə və təşkilatlar tərəqqi və inkişafa aparan yola səlahiyyətləri çərçivəsində töhfə verirlər. Azərbaycan dövləti istəyir ki, Qarabağ erməniləri də töhfə versinlər, qarşısıalınmaz quruculuq hərəkatının tərkib hissəsinə çevrilərək, daha yaxşı və təminatlı yaşasınlar. Ona görə reinteqrasiya müvəqqəti xarakterlidir ki, biz daimi olaraq kimlərisə niyyətimizə, məqsədimizə inandıra, buna vaxt sərf edə bilmərik. Azərbaycan, obrazlı desək, irəliyə doğru gedən qatardı. O qatarda yer almaq lazım və faydalıdır, qatarın çarxına çomaq soxmaq isə faydasız və zərərlidir.

* * *

Azərbaycan adlı inkişaf qatarı tələb edir ki, ölkəmizin hər yerində olduğu kimi, Qarabağda dövlətimizin idarəçiliyi qurulsun və tam işlək hala gəlsin. Deməli, kimlərsə bölgədəki separatçılıq daxilində, belə demək mümkünsə, “kosmetik təmir” işləri aparmaqla, ümid etməsinlər ki, Azərbaycan məsələnin bu qoyuluşu ilə kifayətlənəcək. Habelə, Qarabağdakı avantürizmi dəstəkləyən Ermənistan hakimiyyətinin təmsilçiləri güman etməsinlər ki, xaricdəki havadarları həmin “kosmetik təmir”i ermənipərəstlik naminə fəaliyyət ritorikasına daxil etməyi bacaracaqlar. Onlar deyə bilməyəcəklər ki, Arayikin, Artakın, Qurgenin, ya qeyrisinin istefası konstruktivlikdir. Desələr də bunun xeyri olmayacaq.

Bəli, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev heç də əbəs yerə bildirmir ki, ölkəmiz öz ərazisində boz nəzarətsiz bölgənin olmasına dözmək niyyətində deyil. Bu deyim haqqında söz açdığımız “kosmetik təmir”in, Qarabağdakı separatçı rejim daxilindəki qurulan yarpaq tökümü ssenarisinin ölkəmiz üçün keçərsizliyinin təsdiqidir. Hikmət müəllim bildirir ki, qeyri-qanuni rejim buraxılmalı və tərksilah olunmalıdır.

Əlbəttə, bu gün Qarabağda sayı on minə çatan qeyri-qanuni erməni silahlı birləşmələri varsa, bu, o deməkdir ki, Arayikin gedib, Samvelin gəlməyinin, prinsipcə, heç bir əhəmiyyəti yoxdur. Bu gün Xankəndidə Azərbaycan Bayrağı dalğalanmırsa, deməli, yekun nəticə əldə olunmayıb. Ən əsası, bizim bu mövqeyimiz Ermənistan ictimai rəyində maksimalizm və Bakının iştahasının böyüklüyü kimi qiymətləndirilirsə, deməli, barəsində danışdığımız yarpaq tökümü ssenarisi, erməni avantürizminin növbəti oyunudur. Biz yaxşı bilirik ki, A.Arutyunyanın istefa qərarı ilə Qarabağdakı separatçılığın yalnız zahiri görünüşü gedir, daxili motivi saxlanılır. Separatçılıq tamamilə gömülməlidir.

Əvəz RÜSTƏMOV




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Əvəz RÜSTƏMOV