USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Vaşinqtondan Bakıya növbəti ədalətsizlik

ABŞ Dövlət Departamentinin son bəyanatından naftalin qoxusu gəlir


https://img.baki-baku.az/news/2023/09/photo_7974.jpg?v=MjAyMy0wOS0wMiAxODoxMTo1OQ==

Əslində, biz Ağ evin Ermənistan–Azərbaycan münaqişəsinə münasibətində hansısa yeni təmayülə şahidlik etməmişik. Son 30 ildə ABŞ bu qarşıdurmaya necə yanaşıbsa, indi də həmin siyasətini davam etdirir. Yəni, özünü “demokratiyanın beşiyi” sayan ölkə həmişə ermənipərəst mövqeyə söykənən ikili standartdan çıxış edir. Bunun bir çox səbəbləri arasında əsas kart kimi ABŞ-dakı erməni lobbisinin, pulla satın alınmış konqresmenlərin bu dövlətin obyektiv mövqe ortaya qoymasına imkan verməməsidir.

Ermənilərin kompakt yaşadığı Kaliforniyadakı elektoratın siyasi amil kimi müəyyən təsir gücünə malik olduğunu unutmamalıyıq. Üstəlik, Birləşmiş Ştatlarda geniş maliyyə resursları üzərində qurulmuş erməni təbliğat maşını fəaliyyət göstərir. Əlbəttə ki, bütün bu şəbəkə Dövlət Departamentinin xarici siyasət kursuna, Senatda qəbul olunan qərarlara təsir göstərmək iqtidarındadır.

ABŞ-ın Cənubi Qafqazda cərəyan edən proseslərə, xüsusilə Azərbaycanın həqiqətləri ilə bağlı bir sıra hallarda nümayiş etdirdiyi qeyri-adekvat mövqe, münaqişə tərəfləri kimi Bakı ilə İrəvana eyni gözlə baxması, şübhəsiz ki, Azərbaycan ictimaiyyətini qətiyyən qane etmir. Bu mənada işğalçı ilə işğala məruz qalanın tərəzinin eyni gözünə qoyulmasından, münaqişənin həllinə ədalətsiz yanaşmadan yaranan narazılıq tamamilə əsaslıdır.

Söhbət hansı blokadadan gedir?

ABŞ Dövlət Departamenti Bakıya yazılı bəyanat-müraciət ünvanlayıb. Dövlət Departamentinin sözçüsü Metyu Miller Bakıya ünvanladıqları bəyanatla bağlı şərhində bunları vurğulayıb: “Dağlıq Qarabağda (?) əhalinin layiqli həyat səviyyəsini təmin etmək üçün zəruri ərzaq, dərman və digər malların tədarükünün davamlı olaraq dayandırılması nəticəsində yaranan “humanitar vəziyyət”in pisləşməsindən dərin narahatlıq var. “Biz humanitar, kommersiya və sərnişin daşımaları üçün Laçın dəhlizinin dərhal açılmasına çağırışımızı təkrar edirik”.

Azərbaycan XİN Dövlət Departamentinin müraciətində öz əksini tapmış mülahizələrə siyasi cəhətdən kifayət qədər arqumentli və məntiqli cavab verib. XİN-in cavabında yer alan çağırışın hər bir bəndi üzrə dəqiq və konkret izahda bu gün Qarabağda mövcud durumun hansı səbəblərə görə və kimin təqsiri üzündən əmələ gəldiyi faktlarla ortaya qoyulub.

Metyu Miller daha sonra açıqlamasında bildirib ki, “Bakı rəsmiləri və Xankəndi nümayəndələri dərhal görüşüb Dağlıq Qarabağ (?) sakinlərinə humanitar yardımın çatdırılması ilə bağlı razılığa gəlməlidirlər”.

 Məsələyə münasibətini bildirən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyir ki, öz ərazimizdə blokadadan danışmaq yersiz və gülüncdür: “Bu, kökündən yanlış və cəfəng bir ifadədir. Azərbaycan Xarici İşlər Nazirliyi haqlı olaraq blokada iddiasını rədd edib. O ki qaldı, Bakı-Xankəndi dialoqu məsələsinə Azərbaycan buna hər zaman hazır olduğunu bildirib və Qarabağdakı erməni icmasına bu məqsədlə dəfələrlə çağırış edib. Buyurub gəlsinlər, oturub müzakirə edək, narazılıq doğuran məsələlərin həllinə birgə nail olaq. Amma bunun əvəzinə hay-küy qaldıraraq sərhəd qapımızı taybatay açmağımızı və bundan çirkin məqsədləri üçün istifadəyə davam etməyi arzulayırlar. Belə iddia və çağırışları özlərinə saxlasınlar. Azərbaycan bu cür təxribatçı fəaliyyətin qarşısından heç vaxt geri çəkilməyəcək, beynəlxalq qanunvericilik çərçivəsində bildiyi kimi hərəkət edəcək”.

R.Musabəyov ABŞ-ın ikili standartlı yanaşmasının Azərbaycan üçün yenlik olmadığına diqqəti yönəldərək dedi: “Təəssüf olsun ki, ikili standartlar həm Avropa İttifaqına daxil olan dövlətlər, həm də Vaşinqton tərəfindən tətbiq olunur. Biz buna qətiyyən təəccüblənməməliyik. Bəli, ermənilərin orada güclü lobbisi var. Bu qüvvələr gizlətmədən xristian həmrəyliyi nümayiş etdirirlər”.

Humanitar böhranı kim yaradıb?

Azərbaycan XİN-in ABŞ Dövlət Departamentinin bölgədəki vəziyyətlə bağlı bəyanatına verilən açıqlamasında qeyd olunur ki, Azərbaycan tərəfinin erməni əsilli sakinlərin tələbatının ödənilməsi ilə bağlı təklifləri, o cümlədən Ağdam-Xankəndi yolundan istifadə ilə paralel olaraq, Laçın yolundan hərəkətin intensivləşməsi təklifini irəli sürməsinin, eləcə də gündəlik əsasda onlarca erməni sakinin Laçın sərhəd-buraxılış məntəqəsindən hər iki istiqamətdə keçməsi fonunda bölgədə “blokada” olması iddiaları əsassız və qəbuledilməzdir. İrəvanın və qondarma rejimin qeyri-qanuni şərtlər və bəhanələrlə razılaşmadan boyun qaçırmasını ABŞ Dövlət Departamentinin nəzərinə çatdırılan Azərbaycan XİN-in açıqlamasında xüsusi qeyd olunur ki, erməni sakinlərin bəzi nümayəndələrinin Azərbaycan ərazilərində yerləşən Rusiya sülhməramlı kontingenti vasitəsilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Ağdam-Xankəndi istiqamətinə göndərilmiş və hazırda Xankəndinə keçidi gözləyən yük maşınlarına mane olmaq istiqamətində səyləri və yolu bağlaması şəraitində bölgədə “gərgin humanitar vəziyyət” mövcudluğu iddialarını əsassız edir.

Bakının dialoq çağırışlarına cavab verməyən Xankəndidəki xunta rejiminə humanitar vəziyyətin daim gərgin qalması üçün göndərilən yardımdan da imtina etmək sərf eləyir. Çünki toxluq və sabitlik Qarabağın erməni sakinlərini reinteqrasiyaya həvəsləndirə bilər. Bu isə “dqr”-ın yenilənməyə hazırlaşan separatçı-daşnak başçıları ilə bərabər Rusiya sülhməramlıları üçün də heç arzuolunan sonluq deyil.

Politoloq Fikrət Sadıxov hesab edir ki, Avropanın aparıcı dövlətləri tərəfindən aparılan ikili yanaşma siyasəti ədalətsiz, qeyri-obyektiv bəyanatlar, təbii ki, nə faktlara, nə də reallığa əsaslanır: “Okeanın o üzündəkilər də yaxşı başa düşürlər ki, Azərbaycan Qarabağda etnik ermənilər üçün heç bir problem yaratmır. Hətta, onlar üçün Ağdam-Xankəndi yeni yolu açmışıq ki, humanitar yardımlar daşınsın. Eyni zamanda, ermənilər Laçın yolu ilə tam sərbəst şəkildə hər iki istiqamətdə hərəkət edirlər. Sadəcə olaraq ermənipərəst dairələr, qüvvələr ABŞ, Fransa kimi aparıcı dövlətlərdə o qədər böyük və güclüdür ki, hökumətlər onların təzyiqlərinə tab gətirə bilmirlər. Yəni təzyiq altına düşürlər. Birləşmiş Ştatlar kimi bir supergücün xarici diplomatiya idarəsinin əsl həqiqəti bilmədiyinə inanmıram. Buna şübhə də eləmirəm”.

F.Sadıxov Azərbaycanın heç bir kənar təzyiqlərdən çəkinməyəcəyini, özünün prinsipial və qəti mövqeyini bundan sonra da davam etdirəcəyinə əminliyini bildirdi.

Bakı sülhə sadiq, reinteqrasiyada israrlıdır  

“Azərbaycan Respublikası dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında bölgədə sülh, təhlükəsizlik və sabitliyin bərqərar olmasında, erməni sakinlərin ölkəmizin qanunvericiliyi çərçivəsində reinteqrasiyasında qərarlıdır”.

XİN-in Ağ evə cavab-açıqlamasında birmənalı şəkildə bildirilir ki, rəsmi Bakı Qarabağda yaşayan erməni sakinlərini dəfələrlə dialoqa dəvət etsə də, bu istiqamətdə görüşlərin təşkili ilə bağlı razılıq da əldə olunmamışdır. İrəvanın Xankəndidəki qondarma rejimi vasitəsilə qeyri-qanuni şərtlər və müxtəlif bəhanələr irəli sürərək görüşdən boyun qaçırması ABŞ tərəfinə yaxşı məlumdur.

Əslində, Azərbaycan tərəfinin sülh, dialoq istiqamətində təkliflərinin Ermənistan tərəfindən davamlı olaraq rədd edilməsi vəziyyətin heç də humanitar deyil, əksinə, siyasi xarakter daşıdığını nümayiş etdirir.

“Sülh danışıqlarının ABŞ və Qərbdəki vasitəçiləri tərəflər arasında qarşılıqlı ərazi bütövlüyünün tanınmasını əsas götürərək, prosesin irəliləməsini bildirirlər. Yəni uğurları kimi təqdim edirlər. Amma Ermənistan rəhbərliyi “Qarabağ və anklavlar Azərbaycandır” bəyanatına hələ dəstək verməyib. Faktiki onlar Paşinyanı da çətin vəziyyətə salblar”. Bu sözlərin müəllifi, ABŞ-ın son bəyanatından naftalin qoxusunun gəldiyini söyləyən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri Fərhad Məmmədov Vaşinqtonun sülhyaratma vasitəçiliyinin belə yanaşma ilə davam edəcəyinə inanmadığını da dilə gətirdi: “Azərbaycanı təzyiq obyekti kimi seçməsi ABŞ üçün uğurlu siyasi qərar deyil. Son üç ilin təcrübəsi göstərib ki, belə diplomatik basqıların heç bir təsiri olmayacaq. Çünki Bakı addımlarını beynəlxalq hüquqa əsaslanaraq atır. Bəli, beynəlxalq sosial şəbəkələrdə Azərbaycana qarşı tənqidi fikirlər yazılır, elektron mediada səsləndirilir. Amma yenə də beynəlxalq hüquq müstəvisinə gələndə, ölkəmiziə qarşı hansısa təxribatçı addımı atmaq mümkün olmur. Axı Bakı siyasi gedişlərində ilk növbədə hüquqa əsaslanır. Diplomatiya ilə hüququn fərqi ondan ibarətdir ki, siyasətdə ən müxtəlif rəylər, fikirlər səsləndirilə bilər, hüquqda dəqiq çərçivələr müəyyən edilib ki, onlardan kənara çıxmaq mümkün deyil. Belə yanaşmada ABŞ-ın yeritdiyi siyasət ardıcıl və məntiqi görünmür”.

Xuntanın əsirinə çevrilənlərin aqibəti        

Bəli, Azərbaycanla təmaslarda Ağ ev rəsmiləri özlərini elə aparırlar ki, guya, bu ölkədəki anti-Azərbaycan mövqeli çıxışlar, yanaşmalar yalnız ayrı-ayrı konqresmenlərin lobbiçilik fəaliyyəti ilə bağlıdır. İntəhası, istər ABŞ Dövlət Departamenti, istərsə də bu ölkənin beynəlxalq təşkilatlardakı nümayəndələri, dövlətin qeyri-rəsmi ruporu kimi tanınan media qurumları mütəmadi şəkildə Azərbaycana qarşı qərəzli və ikiüzlü mövqedən çıxış edirlər.

Biz Vaşinqtonun ərazi bütövlüyü məsələsində Gürcüstana, Ukraynaya verdiyi dəstəyi heç vaxt Azərbaycana münasibətdə görmədik və eşitmədik. Onu da xatlırladaq ki, ABŞ-ın Azərbaycanda, sonra Gürcüstanda səfiri olmuş Ross Uilson on beş il əvvəl açıq şəkildə Rusiyadan qoşunlarını Gürcüstan ərazisindən çıxarmasını tələb edirdi. Amma, eyni zamanda, Krım, Abxaziya, Cənubi Osetiya separatçılarına sanksiyalar tətbiq edən Ağ ev o biri tərəfdən Bako Saakyan, Arkadi Qukasyan kimi daşnak-quldurbaşılara İrəvandakı səfirliyi vasitəsilə Birləşmiş Ştatlara səfərlər etmələri üçün vizalar təqdim edirdi.

ABŞ hərdən ərazi bütövlüyü məsələsini gündəmə gətirsə də, anklavlarla bağlı hələ də Ermənistana xəbərdarlıq etməyib, Naxçıvanın blokadası məsələsini nəzərə almayıb. Məgər bu yanaşmanın özü ikili standart nümunəsi deyilmi?

Sonda ABŞ Dövlət Departamentinin sözçüsü M.Millerin dediyi “humanitar yardım heç vaxt siyasi fikir ayrılıqlarının girovuna çevrilməməlidir” fikrinə qayıdaraq qeyd etməyi zəruri sayırıq ki, girova çevrilən ərzaq məhsulu deyil, Qarabağın erməni sakinləridir. Onlar Xankəndidəki separatçı-xunta rejiminin əsirliyində yaşayırlar. Hər şeydən göründüyü kimi,  deyəsən, onları bu əsirlikdən də Bakı azad edəcək. 

İmran BƏDİRXANLI




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

İmran BƏDİRXANLI