USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Bu, Fransanın Azərbaycana “səlib yürüşü”dürmü?

Separatçıları dəstəkləyənlərin təxribatı nəticə verməyəcək


https://img.baki-baku.az/news/2023/09/photo_7941.jpg

Azərbaycan aprelin 23-də Laçın rayonunda – Ermənistanla şərti sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratdıqdan, öz ərazi bütövlüyünü bərpa etdikdən sonra ölkəmizə edilən siyasi təzyiqlərin miqyası genişlənib. Bu təzyiqlərin təşkilatçısı qismində, ilk növbədə, Ermənistan çıxış edir. 

Sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirən, əməldə isə bunun əksinə gedən baş nazir Nikol Pa­şinyan, hayların xarici işlər naziri Ararat Mirzoyan müxtəlif xarici dövlətləri, o cümlədən, beynəlxalq təşkilatları ölkəmiz əleyhinə təzyiq kampaniyasına cəlb etməyə çalışırlar. Bu prosesdə Ermənistanın əsas dəstəkçisi qismində öndə ge­dən Fransadır.

Sirr deyil ki, uzun əsrlər boyu Afri­kada sümürgəçiliklə məşğul olan, “qara qitə”dən indi də əl çəkməyən Fransa hazırda orada ciddi problemlərlə üzləşib və ağır duruma düşüb. Paris Afrika qitə­si ilə yanaşı dünyanın bir sıra bölgələ­rində, o cümlədən, Cənubi Qafqazda pozuculuq istiqamətində fəaliyyətindən əl çəkmir və situasiyanı gərginləşdirmək istiqamətində əməllərini davam etdirir. Fransa hazırda açıq və ardıcıl ermə­nipərəst siyasət yürüdür. Bu ölkə Avro­pa İttifaqındakı imkanlarından və başı Ukraynada müharibəyə qarışmış Rusi­yanın zəifləməsindən istifadə edərək Ermənistana hərbiləşmiş missiyanın göndərilməsinə müvəffəq oldu. Eyni zamanda, Paris diplomatik praktikada görünməmiş addıma imza atdı: Ermə­nistandakı səfirlik yanında əlavə hərbi attaşe təyin etdi. Həmin hərbi attaşenin əsas missiyası Ermənistana Fransanın öldürücü silahlarının tədarükünə nə­zarət etməkdir. Fransa bu kimi addım­larla danışıqlar prosesinə zərbə vurdu və Cənubi Qafqazda sülh prosesinə faktiki olaraq, kobud müdaxilə etdi. Gö­rünən odur ki, Fransa destruktiv plan­lardan əl çəkməyib və indi daha böyük planlar qurur. 

Fransanın əvvəllər də ermənipərəst siyasət yürütdüyü heç kəsə sirr deyil. Ancaq “Beşinci Respublika” əvvəllər ATƏT-in Minsk qrupunun həmsədri ol­duğu üçün ilk dövrlərdə iki ölkə arasında balansı az-çox qorumağa çalışırdı. Həm də Fransanın əvvəlki dövlət başçıları – Jak Şirak, Nikola Sarkozi, Fransua Ol­land indiki prezident Emmanuel Makron qədər birtərəfli mövqe tutmurdular. İndi isə rəsmi Paris Azərbaycana total hü­cuma keçib. Qeyd etdiyimiz kimi, bunun da əsas səbəbi Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi Zəfəri, mü­haribədən ötən 3 ilə yaxın dövr ərzində yeni-yeni qələbələr qazanmasıdır. Onlar bunu, sadəcə olaraq, qəbul edə bilmir­lər.

İndi isə Azərbaycanın Qarabağ iq­tisadi rayonunun erməni vətəndaşların yaşadığı hissəsində suverenliyini bərpa etmək istiqamətindəki ardıcıl səyləri, öz vətəndaşlarının ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatına yenidən inteqra­siyası yolunda inamla irəliləməsi Fran­sanı lap özündən çıxarıb. Başda prezi­dent E.Makron, xarici işlər naziri Ketrin Kolonna olmaqla, Fransa rəsmiləri san­ki ermənilərdən daha artıq erməni ol­maq uğrunda yarışa çıxıblar.

E.Makron avqustun 29-da Prezi­dent İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı regiondakı vəziyyət, Ağdam–Xankəndi və Laçın–Xankəndi yollarının açılması məsələsi müzakirə olunub. Makronun qaldırdığı məsələlər yetərincə cavablandırılıb və Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mövqeyi tam ifadə olunub. Dövlətimizin başçısı bildirib ki, Ağdam–Xankəndi yo­lunun istifadəsinə Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində ya­ratdığı və dəstəklədiyi qondarma rejim tərəfindən məqsədyönlü şəkildə süni əngəllər yaradılır, bundan siyasi mani­pulyasiya məqsədilə istifadə edilir.

Dövlətimizin başçısı qeyd edib ki, Ermənistan və qondarma rejim Bey­nəlxalq Qırmızı Xaç Komitəsinin vasitə­çiliyi ilə Ağdam–Xankəndi yolu ilə yüklə­rin daşınması barədə əldə olunmuş ilkin razılaşmadan imtina edib. Həmçinin Ermənistan rəhbərliyi Azərbaycan tərəfi ilə razılaşdırmadan dövlət sərhədi is­tiqamətində humanitar təyinatlı olduğu­nu iddia etdiyi yüklər gətirib ki, burada məqsəd siyasi möhtəkirlikdir.

***

Fransanın Azərbaycanla bağlı hələ­lik son təxribatçı addımı paytaxt Parisin meri Ann İdalqonun rəhbərlik etdiyi, bir sıra regionların və departamentlərin rəhbərlərinin daxil olduğu dəstənin Qa­rabağa “humanitar yardım” aparmağa cəhd etməsidir. Ona görə təxribatçı addım yazırıq ki, avtomobil karvanının indiki şəraitdə Qarabağa daxil olması­nın qeyri-mümkünlüyü prosesdə iştirak edən hər kəsə gün kimi aydın idi. On­lar bunu bildikləri halda öz aləmlərində ölkəmizi ləkələmək, qarşıdakı dövrdə atmağa hazırlaşdıqları hansısa çirkin addımlara zəmin yaratmaq üçün Azər­baycan sərhədinədək gəldilər. Bu ad­dım fransız rəsmilərin xəbis niyyətlərinin daha bir göstəricisi oldu.

Dəstənin üzvləri Gorusda dayana­raq, orada mətbuat konfransı keçirdilər. Onlara Qarabağdan videokonfrans vasitəsilə hələ işğal dövründə heç bir ölkənin tanımadığı, tanımağa cürət et­mədiyi qondarma “dqr”in başçısı Ara­yik Arutyunyan da qoşuldu. Maraqlıdır, çoxmillətli Fransanın tərkibində hansısa etnik azlığın, məsələn sayı 1,4 milyon nəfər olan elzaslıların və lotaringiyalıla­rın, 1,25 milyonluq bretonların, sayı 300 min nəfərə çatan flamandların, 280 min nəfərlik korsikalıların, yaxud 250 minlik katalonların, 140 min nəfərlik baskların müstəqil dövlət yaratmaq istəyinə rəsmi Parisin münasibəti necə olardı? Əlbəttə, ritorik sualdır. Paris bu xalqların azadlıq arzusunu qan gölündə boğardı. Ermə­nistan, onu dəstəkləyənlər Qarabağ iqti­sadi rayonunda 120 min etnik erməninin yaşadığını iddia edir. Halbuki, Qarabağ­da ən yaxşı halda 20-30 min nəfər ya­şayır. Bəs Fransa sayı Qarabağ ermə­nilərindən qat-qat çox olan xalqlara niyə azadlıq vermir? Niyə yarım milyon kvad­ratkilometrdən böyük olan ərazisinin bir metrini də güzəştə getmir? “Beşinci Respublika”da ermənilərin də sayı az deyil. Müxtəlif məlumatlara görə Fransa ermənilərinin sayı 500 min nəfərədək­dir. Əgər Fransa ikinci erməni dövlətinin yaradılmasında belə maraqlıdırsa, qoy onu öz ərazisində yaratsın.

Bununla bağlı Prezident İlham Əli­yev vaxtaşırı çox məntiqli, tutarlı və sərrast fikirlər səsləndirir. Dövlətimizin başçısı hələ Vətən müharibəsi dövrün­də – 2020-ci ilin oktyabrın 4-də “Əl-Ərə­biyə” televiziya kanalına müsahibəsində deyib: “Onlar Azərbaycandan əl çəkmə­lidirlər, onlar regiondan əl çəkməlidirlər. Biz burada öz torpağımızdayıq. Bizim torpağımız işğal olunub. Əgər Fran­sa Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy onlar, demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara ver­sinlər. Qoy onlara müstəqillik versinlər. Qoy Korsikaya, basklara müstəqillik versinlər. Niyə onlar bizdən Qarabağ üçün müstəqillik tələb edirlər? Onların bunu bizdən tələb etməyə nə haqqı var? Onlar bu ittihamları dayandırmalıdırlar”.

***

Qeyd etdiyimiz mətbuat konfransın­da Ann İdalqo ilə yanaşı, İl-de-Frans regionunun vitse-prezidenti Patrik Ka­ram, Strasburq şəhərinin meri, ermə­ni əsilli Janna Barseqyan və başqaları anti-azərbaycan düşərgəsində birləşib ölkəmizə “hücum ediblər”.

Baş verənlərlə əlaqədar olaraq Fransanın Azərbaycandakı səfiri Ann Buayon dünən Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı Parisin meri Ann İdalqo daxil olmaqla Fransanın bir neçə şəhərinin rəhbər şəxslərinin müşa­yiəti ilə “humanitar yük” adı altında “La­çın” sərhəd nəzarət-buraxılış məntəqəsi istiqamətinə nəqliyyat vasitələrinin gön­dərilməsi və həmin şəxslər tərəfindən Azərbaycana qarşı təxribatçı bəyanatlar səsləndirilməsi ilə bağlı XİN-in etiraz no­tası Fransa səfirinə təqdim edilib.

Fransa tərəfinin bu addımlarının Azərbaycanın daxili işlərinə birbaşa müdaxilə olmaqla yanaşı, ölkəmizin beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı qəsd olduğu vurğulanıb. Qeyd olunub ki, Ermənis­tanın yalan və manipulyasiya kampa­niyasına alət olan bu təxribatçı əməllər bölgədə vəziyyətin gərginləşməsinə yönələn və Fransa tərəfindən Ermənis­tanı revanşist mövqeyini davam etdir­məyə həvəsləndirən və son günlər daha da intensivləşən addımların növbəti nü­munəsidir.

Azərbaycan tərəfi, beynəlxalq hu­manitar yardımın göndərilməsi ilə bağlı beynəlxalq hüquqi çərçivəyə zidd ola­raq nümayişkaranə şəkildə Azərbaycan tərəfi ilə razılaşdırmadan, onun iradəsi­nin əksinə Azərbaycanın beynəlxalq ta­nınmış ərazisinə hər hansı bir ad altında yüklərin göndərilməsi cəhdini təxribatçı əməl kimi qiymətləndirib və buna qəti etirazı qarşı tərəfin diqqətinə çatdırılıb.

Azərbaycanın beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlü­yünə qarşı yönələn, regionda beynəlxalq aktorların fəal səyləri ilə irəlilədilən köv­rək normallaşma prosesini təhlükə altı­na alan addımlara son qoyulması Fran­sa tərəfindən təkidlə tələb olunub.

Göründüyü kimi, ölkəmiz hazırda ermənipərəst dairələrin siyasi təzyiqlə­ri ilə üz-üzədir. Azərbaycan prinsipial mövqeyini ortaya qoyub, geri addım at­maq barədə düşünmür. İndiyədək buna bənzər çox hücumlarla üzləşmiş dövlə­timiz dəqiq hesablanmış addımlarla bu təzyiq dalğasını da boşa çıxaracağına əmindir. Son günlər Azərbaycanın mü­dafiə mövqeyindən intensiv hücum tak­tikasına keçməsi də məhz bu hədəfə nail olmağa hesablanıb.

Yeganə HACIYEVA,
politoloq

– Parisin anti-Azərbaycan ad­dımları sadəcə, Fransa–Ermə­nistan müttəfiqliyi çərçivəsində dəyərləndirilməməlidir. Fransanın Azərbaycan üzərinə “gəlməsinin” başqa səbəbləri də var. Azərbay­can Qoşulmama Hərəkatının (QH) sədri kimi Fransanın dünyanın müxtəlif yerlərində yürütdüyü ne­okolonializm siyasətini ifşa edib. Azərbaycan neokolonializmdən əziyyət çəkən ölkələrin səsinə çev­rilib. Ölkəmiz QH çərçivəsində bir sıra təsisatlar formalaşdırıb. Bunlar hazırda işlək təsisatlardır və Afrika­ya müstəmləkəçi nəzərlərlə baxan istənilən dövlətin əleyhinədir. Fran­sa da cari anti-Azərbaycan addım­ları ilə ölkəmizi “cəzalandırmağa” çalışır. Ermənistandan istifadə et­məklə müəyyən təzyiq elementləri formalaşdırmağa cəhd edir.

Digər tərəfdən, Fransa–Azər­baycan münasibətlərində yaşa­nan gərginlik bu ölkənin Cənubi Qafqazdakı maraqları ilə bağlıdır. Paris şimal və cənub dəhlizlərin­dən istifadənin təhlükəli olduğu bir zamanda Ermənistandan istifadə etməklə aralıq dəhlizlərdə mövqe əldə etmək istəyir.

Üçüncü məqam isə Makronun özünün şəxsiyyəti ilə bağlıdır. Bu­rada daxildəki erməni diasporunun seçkidə Makrona verdiyi maddi və elektoral dəstəyi də nəzərdən qa­çırmaq olmaz. Bu dəstək Makro­nun qatı ermənipərəst addımlar atmasında mühüm rol oynayır.

Səxavət HƏMİD




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Səxavət HƏMİD