USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Separatçılar soydaşlarının taleyi ilə oynayırlar

Ölkəmizdəki xarici təmsilçilər Ağdam–Xankəndi yolunda buna əmin oldular


https://img.baki-baku.az/news/2023/09/photo_7939.jpg

Dünyanın heç bir siyasi, hərbi güc mərkəzi Azərbaycan dövlətini Qarabağın erməni azlığı ucbatından Konstitusiyasını dəyişməyə məcbur edə bilməz. 

Bu gün Azərbaycan dövləti beynəlxalq ermənipərəst siyasi təşkilatların, dairələrin siyasi-ideoloji şantajı, təzyiq kampaniyası ilə üzləşib. Amma son olaylar onu deməyə əsas verir ki, Azərbaycan ərazisində yaşayan ermənilərin reinteqrasiyası təşəbbüslərinə müdaxilə cəhdləri nəticəsiz qalacaq. Bakının tam şəffaf şəkildə beynəlxalq hüquq nor­maları çərçivəsində davranması Hayastanın siyasi cəhət­dən də tərksilah olunması demək olacaq.

Dünən Azərbaycanda akkreditə olunan dip­lomatik korpusun nümayəndələri və hərbi at­taşeləri Ağdama səfər ediblər. Onlar Ağdam–Xankəndi yolunda Azərbaycan QAC-ın ərzaq yüklərinin yerləşdiyi məntəqə ilə tanış olublar. 50-dən çox ölkə və beynəlxalq təşkilatdan 60-a yaxın şəxs, habelə xarici jurnalistlər əraziyə baxış keçiriblər. 

Onlara Azərbaycan Prezidentinin köməkçi­si, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən ətraflı məlumat verilib. 

Diplomatik korpusun nümayəndələri və hərbi attaşelər Ağdam–Xankəndi yolunda AzQAC-ın ərzaq yüklərinə baxış keçiriblər. Onlara məlumat verilib ki, hər birində 20 ton olmaqla iki yük ma­şınına yüklənmiş əla növ ərzaqlıq buğda unu 28 avqust 2023-cü ildə istehsal edilib. Bu da Bakı­dan Xankəndiyə göndərilən 40 ton unun köhnə və keyfiyyətsiz olması barədə erməni tərəfinin iddialarının əsassız olduğunu sübut edir. Daha sonra H.Hacıyev səfərlə bağlı sosial şəbəkədə paylaşım edib: “Xankəndidəki qeyri-qanuni re­jim tərksilah edilməli və aradan qaldırılmalıdır”. 

* * * 

Erməni separatçı terrorçular Azərbaycanın göndərdiyi ərzağın qəbulundan imtina etməklə, uzun müddətdən bəri bütün dünyaya yalan sat­dıqlarını etiraf etmiş olurlar. Əgər, Qarabağdakı erməni azlığı, doğrudan da acdırsa, deməli, ora göndərilən ərzağın hansı yolla və kimin tərəfin­dən göndərildiyinə əhəmiyyət verməməlidir. Bu, rəsmi Bakının erməni maskasını yırtması anla­mına gəlir.

Fəqət yırtılan, sadəcə, ermənilərin maskası olmayacaq. Avropada, eləcə də okeanın o ta­yındakı ermənipərəst siyasi dairələrin, o cümlə­dən, Fransa və Rusiyanın da ikiüzlü taktikaları üzə çıxıb. Rəsmi Paris Azərbaycanın Qarabağ bölgəsində ermənilərin “humanitar böhran” içə­risində çapaladığını iddia edir, prezident Makron isə az qala Xankəndidəki separatçı-terrorçula­rın vəkili statusunu icra edir. Fransa paytaxtının meri də bölgəyə “humanitar yardım” aksiyasına başçılıq edir.

Azərbaycan Xankəndiyə 40 ton un göndər­məklə indiki mərhələdə erməni-fransız siya­si şousunu ifşa etməyi bacardı. Bütün dünya gördü ki, “blokada”, “humanitar böhran” vay-şi­vənləri feyk-xəbərlərdən başqa bir şey deyil. Əgər Qarabağ erməniləri ac olsaydı, Bakının göndərdiyi ərzaq karvanının qarşısını kəsmək üçün Əskəranda barrikadalar qurmazdılar. On­ların səhnələşdirdiyi bu şounun əsas hədəfi Laçın yolundan əvvəlki kimi, nəzarətsiz şəkildə silah-sursat, mina, qaçaqmal daşımaq imkanı qazanmaqdır.

Ermənistan telegram-kanallarının yaydığı xəbərlərdə separatçıların Ağdam–Əskəran yolu­nun Əskəran ərazisindən keçən hissəsini blok­ladığı və Rusiya sülhməramlılarına məxsus yük maşınlarını da Ağdam istiqamətində hərəkətinə mane olduqları bildirilirdi.

Sülhməramlılarla əldə olunmuş razılaşma­ya görə, onlar Azərbaycan Qızıl Aypara Cə­miyyətinin gətirdiyi 40 ton unu öz maşınlarında Xankəndiyə və Qarabağın ermənilər yaşayan digər rayonlarına çatdırmalı idilər. Amma buna imkan verilməyib. Göründüyü kimi “aclıqdan məhv olan” ermənilər “Azərbaycan ununu” qə­bul etmək istəmirlər. 

* * * 

Son üç ilin tarixi sübuta yetirdi ki, nə ermə­ni-fransız ortaqlığı, nə də rus imperialist sse­nariləri Azərbaycanı tutduğu haqq yolundan döndərə bilməyəcək. Bunu isə bütün dünyaya təkrar bəyan edirik: Qarabağ suveren Azərbay­canın ayrılmaz tərkib hissəsidir. Və çox tezlik­lə Xankəndidə Azərbaycanın üçrəngli bayrağı dalğalanacaq. Azərbaycan vətəndaşlığını qəbul edib qanunlarımıza tabe olan ermənilər Qa­rabağda yaşamaq haqqı qazanacaqlar. Fərqli seçimə baş vuralar isə özlərinə başqa yaşayış yeri axtarmalı olacaqlar.

Yeri gəlmişkən, Parisin özü üçün normal və məqbul saydığı nəsnələr Bakının işinə heç ya­ramır. Çünki bizim ölkəmizdə işğalçı və terror­çu dövlətlə utancverici müqavilələr bağlamaq ənənəsi yoxdur. 

İ.HƏSƏNQALA




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Daxili siyasət